Yeni Solona ehtiyac var.....

Yeni Solona ehtiyac var.....

Əziz həmkarlar! Hörmətli oxucular!
Təhsilimizə kurikulum adlı sənəd daxil olduqdan sonra bir çox yeniliklər də tətbiq edilməyə başlandı. Bu yenilikləri, yeni konsepsiyanı ilk olaraq onu hazırlayanlar gördü. Kurikulumun hansı bəhrə verəcəyini analiz etdilər. Bu proqramın mənimsənilməsi üçün Dünya Bankından kreditlər də alındı. O zaman Misir Mərdənovun başçılıq etdiyi komanda araşdırma aparmaq üçün bir neçə istiqamətdə beynalxalq təcrübələrin öyrənilməsinə start verdi. Qısa zamanda ABŞ, Fransa, İngiltərə, Braziliya, Yaponiya, Pribaltika ölkələrinin və s. təhsil siyasətini öyrənmək üçün qruplar müəyyənləşdirildi. Xaricdə təlim keçib gəlmiş mütəxxəssislər, beynəlxalq təlimçilərlə birlikdə öyrəndiklərini ölkəmizdə tətbiqinə başladılar. Yüzlərlə təlimçi-müəllimlər hazırlandı. Əsasən Bakı Avropa məktəbində aparılan təlimlərə sonradan Təhsil Problemləri İnstitu da qoşuldu. Nazirliyin seçdiyi mütəxxəssilər fənlər üzrə yeni proqramın standartlarını hazırladılar. Yeni təhsil tələbləri Nazirlər Kabineti tərəfindən təsdiq olundu. Bütün ölkədə 1-4-cü sinif müəllimləri üçün təlimlər başlandı. 10 günlük təlimlər kurikulumu mənimsətməsə də, onun necə olduğunu görsətdi. Təlimdə olanlar ilk günlərdə bəyənməsələr də, təlimin sonunda bəyəndikləri məqamları qeyd etməyə başladılar. Bəs təlimdə təlimçilər nəyi öyrədirdilər?
1) yeni interaktiv təlim modellərini
2) dövlətin tələblərini-standartları, onun reallaşdırılması yollarını
3) qiymətləndirmənin yeni mexanizmlərini
4) yeni kurikulum əsasında yazılacaq dərsliklərin funksiyasını
5) fənn proqramlarının, illik və gündəlik planlaşdırmaların tərtibatını
6) resurların əhəmiyyətini və s.
Sonralar bu proses yuxarı siniflərə də tətbiq olundu. Ölkə müəllimlərinin demək olar ki, 90% müəllimləri təlimlərdən keçdilər. Bu arada nazirimiz dəyişdirildi. Yeni Nazir cənab Mikayıl Cabbarov kurikulumun əhəmiyyətini görərək, onu nəinki qüvvədə saxladı, hətta inkişaf etdirdi. Yeni nazir bir sıra sahələrdə yenidənqurmalar apardı. Müəllimlərin işə qəbul olunması sistemi yeniləndi: bu arada Mikayıl müəllimə bunun üçün təşəkkür borcluyuq və o, bu məsələ ilə bağlı rüşvətə demək olar ki, son qoydu. Artıq bilik və bacarığı olan hər kəs müəllim ola bilərdi. Nazir direktorların işə qəbulu sistemini təkmilləşdirdi. Alqışlar!.. Gənclərə direktor olmaq şansı yaratdı. Təlim keçən müəllimlər direktor olmağa başladılar. Mikayıl müəllimin bacara bilmədiyi, ümumiyyətlə yaxın dura bilmədiyi sahə isə DƏRSLİK siyasəti oldu. Bu sahə kurikulumdan əvvəl necə idisə, Mərdanovun və Cabbarovun zamanında da eyni qaldı. Ancaq Mərdanovun hazırlatdığı, Cabbarovun qüvvədə saxladığı dərslik konsepsiyası nədənsə “kağız parçası” kimi saxlandı. Yeni konsepsiyada olan VARİATİVLİK nə üçün qüvvəyə minmədi? Nə üçün dərslik siyasəti hər nazirin dövründə müəyyən nəşriyyatlarla həyata keçirildi? Dərsliklər tenderə çıxarılır, lakin tendr sadəcə görüntüdür. Tenderdən keçməyən dərsliklər haqqında fikir bildirilmir, qüsurları nəinki ictimaiyyətə, heç müəlliflərin özünə belə açıqlanmır. Mikayıl müəllim tenderin nəticəsinin ədalətli olduğunu nümayiş etmək üçün qalib dərslikləri online ictimai müzakirəyə çıxardı. Yaxşı addım adlandırmaq olardı, ancaq nə üçün bütün iştirakçı dərslikləri ictimai müzakirəyə çıxarmadılar? Qalib dərsliyi siz seçdiniz. Xalq isə sizin seçiminizin ədalətli olduğunu görmədi. Buraxın, hansı dərəcədə ədalətli iş apardığınızı xalq da görsün. Əgər gizlədilirsə demək ki, nəticədə problem var. Maraqlısı da odur ki, dərsliklərin qiymətləndirilməsinə seçilmiş ekspertlər, xəbərləri ola-ola özlərini “kullandılar”. Hər iki nazirin dövründə dərslik siyasəti üz qaramıza çevrildi. Keçən ilki “xəritə qalmaqalı” isə kulminasiya oldu. Hər kəs gördü, ekspertiza necə keçir. Hətta bu günlər də davam edən müzakirələrdə müəllimlər dərsliklərin ləğv olunmasını tələb edir. Yüzlərlə səhvlər, yanlış konsepsiya, fərqli faktlar və s. tənqid edilir. Dərsliklər ümumiyyətlə pedaqoji tələblərə cavab vermir. Nə üçün? Müəlliflərin pedaqoji stajı yoxmu? Xeyr, var! Sadəcə onların əksəriyyəti kurikulum sinifləri ilə işləməyiblər. Kurikulum üzrə dərslik hazırlanması təlimlərindən keçməyiblər. Bildiyini və bacardığını yazmaq kurikulum tələbi deyil, dostlar. Qanun var, qayda var, tələb var. Ancaq təəsüflər olsun ki, bütün bunlar pozulur və göz yumulur. Səbəb? İnhisarçılıq. Ən sadə isbat. Qanunda Variativlik var. Bu o deməkdir ki, eyni zamanda bir neçə dərslik işıq üzü görməlidir və məktəblərə paylanmalıdır. Müəllimlər öz istəklərinə uyğun dərsliyi seçir və onu sinifdə tədris edir. Dünyanın bir çox ölkələrində belədir. Qonşu Rusiyada (hansı ki, təhsilimizn təkmilləşdirilməsində onun təcrübəsindən geniş istifadə olunur) bir məktəbdə eyni siniflərdə, hər hansı bir fənn üzrə, birində bir dərslik, digərində başqası istifadə olunur. Qəbulları da normal keçirilir, Vahid imtahan mərkəzləri mövcuddur. Bizdə bu təcrübəni seçdik, qanunda yazdıq, ancaq tətbiq etmədik. Nə üçün? İnhisarlıq. İnhisar da eyni sahənin bir mərkəzdə toplanması deməkdir. Yəni hər hansı bir dərslik biri var bütün ölkə üçün çap olunsun, bir də var ki, hər hansı bölgə üçün. Düşünürəm məni anladınız.
Əlqərəz.....Bütün bu vəziyyətdən çıxış yolu kimi ümid yeni NAZİRİMİZƏ olacaq. Artıq təhsillə bağlı cəmiyyətdə iki qrup formalaşır. Birincilər “azlar” – dərsliyi qəbul edənlər və onu müdafiə edən müəlliflər. İkincilər “çoxlar” – dərsliyi məktəbdə tədris edən müəllimlər, şagirdlər və onların valideynləri. Nədənsə belə mənzərə mənə e.ə. 7-ci əsrdə Qədim Afinada yaranmış vəziyyəti xatırlatdı. Bildiyiniz kimi, bu zaman Afinada azad əhali iki yerə ayrılmışdı: aristokrat və demosa. Bütün hakimiyyətə malik olan aristokratlar demos üzərində hakim idi. Demos isə hüquqsuz idi, hətta borclarına görə qula çevrilə bilərdi. Bu vəziyyət o qədər demosu cana yığmışdı ki, artıq vəziyyətlə barışmaq istəmirdilər. Aristokratlar isə güzəştə getmək istəmirdi. Ancaq böyük xaos yarana biləcəyini görən Solon adlı aristokrat güzəştə getməyin ən doğru qərar olduğunu söylədi. Eyni xalqın nümayəndələrini barışdırmaq qərarına gələn Solon islahatlar keçirdi. Demosun nəinki borclarını ləğv etdi, hətta onlara borca görə qul olmağı qadağan etdi, gələcəkdə də bu halın təkrarlanmasına qadağa qoyuldu, borca görə qul olanlar dərhal azad olundu. Demos vətəndaşlıq hüququ aldı. Bir sözlə artıq dövləti vətəndaşlar birlikdə idarə edəcəkdi.
İndi isə, əziz oxucular. Bizim ölkə vətəndaş cəmiyyətinə əsaslanan dövlətdir. Şükürlər olsun ki, bizdə belə hal yoxdur. Ancaq müqayisəni təhsildəki vəziyyətə gətirsək “azlarla” “çoxların” müzakirəsinə..... o zaman çıxış yolu ölkəmizə yeni Solonun – yeni Təhsil Nazirimizin gəlməsində görəcəyik. İnşallah yeni Nazir “çoxların” rəyini nəzərə alar, tenderdə haqsız rəqabətə görə qurban olan dərslikləri yenidən qiymətləndirər, haqsız dərsliklər dərhal ləğv olunar və gələcəkdə belə işlərin təkrarlanmaması üçün yaşıl işıq yandırar....Uğurlar!


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.