Təbliğat və Maarifləndirmə

Təbliğat və Maarifləndirmə

1.Sovet-alman müharibəsi 22 iyun, gecə saat 4.15 dəqiqədə başlanıb.
2. Müharibə 1418 gün davam edib.
3. Müharibə nəticəsində SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavodu, 65 min kilometr dəmiryol xətti, on minlərlə sosial obyektləri dağıdılıb.
4. Ümumilikdə, Sovet İttifaqına 2.6 trilyon rubl ziyan dəyib və bununla da ölkə öz maddi sərvətlərinin üçdə birini itirib.

5. Müharibə ilə bağlı ən dəhşətli faktlardan biri Ukrayna ilə bağlıdır. Almanlar Ukraynanın 334 yaşayış məntəqəsini sakinləri ilə birlikdə yandırıb.

6. Digər dəhşətli bir fakt isə Leninqradın 872 gün mühasirədə qalmasıdır. Mühasirə zamanı 800 mindən artıq insan aclıqdan və soyuqdan ölüb.

7. Müharibədə 27 milyon sovet vətəndaşı həlak olub. Bu gün Rusiyada bu rəqəmin 43 milyon olduğu iddia edilir.

8. 41-45 müharibəsinin ən ağır döyüşlərindən biri müharibənin gedişatını dəyişən Stalinqrad uğrunda gedən döyüşlər olub. 17 iyul 1942-ci ildən başlayan hərbi əməliyyatlar 2 fevral 1943-cü ilə qədər davam edib. Bu döyüşlərdə 470 min hərbçi SSRİ tərəfdən, 300 min nəfər isə Almaniya tərəfdən həlak olub.

9. Müharibədə iştirak etmiş 2 milyon nəfərin taleyi bu günə qədər də məlum deyil.

10. Müharibə illərində SSRİ-də 120 min təyyarə, 90 min tank, 360 min top, 300 min minamyot istehsal olunub.

11. İkinci dünya müharibəsi zamanı alman qoşunları ümumi itkilərinin 70 faizini SSRİ ərazisində veriblər. Ümumilikdə isə Almaniya tərəfdən 7 milyon nəfər müharibə qurbanına çevrilib.

12. Müharibədə göstərdikləri şücaət və qəhrəmanlıqlara görə 7 milyon nəfər müxtəlif orden və medallara layiq görülüb. Onlardan 11633 nəfər Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif olunub.

13. 1945-ci ildə Berlində keçirilən hərbi əməliyyat öz miqyasının böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Həmin əməliyyatda hər iki tərəfdən 3.5 milyon adam, 52 min hərbi sursat, 7750 tank və 11 min təyyarə iştirak edib.

14. Ginnesin rekordlar kitabına düşməsə də, Moskva uğrunda gedən döyüşlərdə bu rəqəm ikiqat çoxdur - 7 milyon.

15. Sovet-alman müharibəsində SSRİ tərəfdən 700 mindən artıq qadın iştirak edib. Onlardan 80 mini zabit olub. Bu qadınlardan 84 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

16. Zərurət yarananda müharibədə yetkinlik yaşına çatmayan uşaqlar da iştirak edib. Onlardan 5 nəfəri, 14 yaşlı Leonid Qolikov və Saşa Çekalin, 15 yaşlı Marat Kazey, Valya Kotik və Zina Portnova Sovet İttifaqı Qəhrəmanı adını alıblar.

17. Müharibənin başlanması ilə bağlı ilk məlumatı İosif Stalinə Georgi Jukov telefon vasitəsi ilə verib. Xəbəri eşitdikdən sonra bir neçə dəqiqə telefon dəstəyində susan Stalinin ilk əmri Siyasi Büro üzvlərinin Kremlə toplaşması ilə bağlı olub.

18. Stalinin imzaladığı Dövlət Müdafiə Komitəsinin 562 saylı 22 avqust tarixli qərarı ilə 1 sentyabr 1941-ci il tarixdən başlayaraq ön xəttdə olan ordu hissələrinin döyüşçüləri və komandir heyəti hər gün 100 qram miqdarında 40 dərəcəlik araqla təmin edilib. Təkcə 1942-ci ilin dekabr ayında 5 milyon 691 litr araq istifadə olunub.

19. Müharibə illərində kütləvi informasiya vasitələrinin nümayəndələri cəbhələrdə böyük fəallıq göstərərək peşə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibə zamanı 1500 nəfər müxbir döyüş bölgələrində həlak olub.

20. 17 iyul 1944-cü ildə Moskvaya 57 min 600 nəfər alman hərbi əsiri gətirilib. Əsirlər Moskvanın mərkəzi küçələrindən marşla keçirilib. Cərgələrin önündə isə 20-dən artıq alman generalı dayanıb.

21. Sovet-alman müharibəsi 1945-ci ilin mayın 8-də Berlinin Karlhorst qəsəbəsində yerləşən hərbi məktəbin yeməkxanasında Vermaxtın sözsüz və tam kapitulyasiyası ilə bağlı aktın imzalanması ilə sona çatıb. SSRİ tərəfdən akta marşal Georgi Jukov imza atıb. Akt Avropa vaxtı ilə 22.43-də imzalanıb. Moskva vaxtı ilə isə artıq mayın 9-u saat 00.43 olub. Elə bu səbəbdən də Qələbə günü məhz bu tarixdən elan edilib.

22. Dövlət Müdafiə Komitəsinin qərarı ilə Moskvada, Qırmızı meydanda Qələbə paradı 24 iyun 1945-ci ildə keçirilib. Stalinin şəxsi təşəbbüsü və əmri ilə paradı marşal Georgi Jukov qəbul edib, parada komandanlıq isə marşal Konstantin Rokossovskiyə həvalə olunub.

23. 1948-ci ildən 1965-ci ilə qədər, 17 il ərzində 9 May adi iş günü sayılıb və bayram təntənələri keçirilməyib. Yalnız 1965-ci ildə Leonid İliç Brejnevin təşəbbüsü ilə 9 May rəsmi bayram kimi qeyd olunmağa başlayıb və iş günü sayılmayıb.

24. Hazırda sovet-alman müharibəsinin başlandığı gün, 22 iyun tarixi rəsmi olaraq Rusiya Federasiyasında vətən müdafiəçilərinin anım günü kimi qeyd olunur.

İlham Cəmiloğlu


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.