Bir daha dərsliklər haqqında...

Bir daha dərsliklər haqqında...

Nə üçün dərslik siyasətində tendr qaydaları pozulur?
Nə vaxta kimi müsabiqə şərtlərini pozan dərsliklər qəbul olunacaq?
Tendr şərtlərini hazırlayanlar nə üçün onun reallaşmasına nəzarət etmir?

Bir neçə gündən sonra Azərbaycan Respublikasında növbəti “Bilik günü” qeyd ediləcək və bununla da 2017-2018-ci tədrisi ili start götürəcəkdir. Yeni təhsil proqramı (Kurikulum) əsasında təhsil alan şagirdlər artıq 10-cu sinifə qədəm qoyacaqdır. Bu şagirdlər Kurikulum adlanan yeni təhsil konsepsiyasının ilk qaranquşlarıdır. Ölkədə gedən təhsil islahatları demək olar ki, onların üzərində quruldu. Onlarla bərabər bu siniflərdə dərs keçəçək müəllimlərdə böyük sınaqlara məruz qaldı. Lakin müəllimlər “öyrəşdiyi” sistemi bu siniflərdə də tətbiq etməkdə davam etdilər. Yeni konsepsiya ancaq bir sıra fədakar müəllimlər tərəfindən qismən olsa belə həyata keçirildi. Hər il bu “qaranquşlar” üçün bütün fənlər üzrə yeni dərsliklər yazıldı. Maraqlıdır ki, yeni konsepsiyaya görə bu dərsliklər dövlət standartları əsasında tərtib olunmalı idi. Dövlətin cəmiyyət adından məktəbə verdiyi bu sifarişlər – standartlar, cəmiyyətin yetişməkdə olan gənc nəsildə görmək istədiyi faydalı keyfiyyətlərin minimum parametrləri kimi qəbul olunmuşdu. Lakin çox böyük təəsüflə bildirək ki, ölkəmizdə nəşr edilən dərsliklərin böyük qismi standartlara söykənmir, bu dərsliklərin müəllifləri sovet təhsil sisteminin hökmranlığından çıxa bilməyərək, “öyrəşdiyi” üslubla yeni dərslik hazırladılar. Dövlətin hazırladığı standartlar isə sadəcə “kağız parçası” olaraq qaldı. Yeni dərsliklər ənənəvi üslubda yazıldığından müasir tələblərə demək olar ki, cavab vermədi. Müəllimlər təəssüf hissi ilə etiraf edirlər ki, mövcud dərsliklərdəki materiallardan bacarıq və vərdişlər formalaşdıran tapşırıqlar tərtib etmək, onlara dünyaya uşaq gətirməkdən qat-qat çətin gəlir.
Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil sistemində dərslik siyasəti” adlı sənəddə qeyd edilən məsələlər bu günə kimi həyata keçirilmir. Variativlik kimi mütərəqqi yanaşma burada əks olunsa da, ona riayyət olunmur. Nədənsə bu sənədi geniş ictimai müzakirəyə çıxarmağa və tətbiq etməyə Nazirlik tələsmir. Görəsən, nə üçün? Bu sual pedaqoji ictimaiyyətın yaradıcı kəsimini hələ də düşündürür.
Bu ilin əvvəlində 2017-2018-ci tədris ili üçün 10-cu sinif dərslikləri tendr əsasında seçildi və ictimai müzakirəyə çıxarıldı. Tenderdə müvafiq keçid balını toplayan dərsliklər Nazirliyin saytında (trims.edu.az) yerləşdirildi. Lakin çox təəsüflə qeyd edək ki, onların arasında keçid balını toplamayan dərsliklər də var idi. Dərslik müsabiqəsinin ədalətsiz aparılması elə ilk olaraq buradan bəlli oldu. Keçid balını toplamayan dərsliklər yenidən işlənib ekspertlər tərəfindən dəyərlənərək keçid balını toplamalı və daha sonra ictimai müzakirəyə çıxarılmalı idi. Əgər bu proses baş vermədisə, sual doğurur hansı məntiqlə keçid balını toplamayan dərslik sistemdə yerləşdirildi. Nə üçün digər keçid balını toplamayan dərslikləri də ictimai müzakirəyə çıxarmadılar?
İndi isə gələk əsas məsələyə.....
Yeni qəbul olunmuş 10-cu sinif “Ümumi tarix” dərsliyi. Nazirliyinin ekspertlərinin keçid balını toplamayan dərsliklər arasından seçib yerləşdiyi bu dərslik Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət standartlarını kobud sürətdə pozmuşdur. Tam orta təhsil pilləsi üçün nəzərdə tutulmuş X siniflər üçün “Ümumi tarix” dərsliyi Ən qədim zamanlardan – XVI əsrin sonlarına qədərki dövrü əhatə etməli olduğu halda, qalib seçilmiş dərslik XVIII əsrin sonlarına qədərki dövrü əhatə etmişdir. Bunu faktlarla isbat edək. Qəbul olunmuş dərslik:
1. IV fəsildə Yeni dövrün başlanğıcı kimi verilmiş ad dövlət standartlarına ziddir (3.1.1. Cəmiyyətin inkişafının kapitalizimə qədərki dövründə dövlətlərin (Afrika ölkələri, Asiya, Avropa və Amerikanın aparıcı dövlətləri) yaranması və inkişafı prosesini, geosiyasi dəyişiklikləri izah edir). 10-cu sinif standartından göründüyü kimi bu dərslik kapitalizmə qədərki dövrü əhatə etməlidir. Ancaq nədənsə müəlliflər bu fəsildə İngiltərə burjua inqlabı, Fransa burjua inqlabı, Amerika burjua inqlabı, Osmanlı imperiyası, Çin, Hindistan, Mərkəzi Asiya XVII-XVIII əsrlərdə, Mədəniyyət mövzusu da kapitalizm dövrünü qələmə almışdılar. Maraqlıdır ki, ekspertlər necə bu boyda kobud müsabiqə şərtlərinin pozulmasını görməmişdilər və ya bunu qəbul etmişdilər. Göründüyü kimi dərslikdəki bu mövzular demək olar ki, 5 məzmun xəttinin hər birini pozmuşdur. Belə çıxır ki, Nazirliyinin xüsusi seçimlə seçilmiş ekspertləri yeni təhsil konsepsiyasından (Kurikulum) xəbəri yoxdur.
2. Dərsliyin üz qabığında Bastiliya qalasının alınması səhnəsi verilmişdir ki, bu artıq yuxarıda sadalanan faktlarla verilməməsini təsdiq edir.
3. 10-cu sinif Ümumi tarix fənni üzrə 4.1.1. Şəxsiyyət Məzmun xətti üzrə alt-standartı açıq aşkar qeyd edir:
• Tarixi şəxsiyyətləri (II Ramzes, Hamurapi, II Kir, I Dara, İsgəndər, Yuli Sezar, Konstantin, Attila, Məhəmməd Peyğəmbər, Böyük Karl, Alp Arslan, Çingiz xan, II Mehmet Fateh, Əmir Teymur, Sultan Süleyman Qanuni, Şah İsmayıl, I Təhmasib, IV İvan) mənsub olduqları dövlətlərin mənafeyi baxımından qiymətləndirir.
• Oxucuları müqayisə apara bilmələri üçün eyni zamanda 11-ci sinif Ümumi tarix fənni üzrə eyni Şəxsiyyət Məzmun xətti üzrə 4.1.1 alt-standartını da təqdim edirəm: Tarixi şəxsiyyətləri (I Pyotr, Corc Vaşinqton, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar, I Napaleon, I Aleksanadr, Avraam Linkoln, Franklin Ruzvelt, Vladimir Lenin, İosif Stalin, Mustafa Kamal Atatürk, Sun Yatsen, Şarl de Qoll, Konrad Adenauer, Turqut Özal, Mao Tszedun, Cəvahirləl Nehru, Heydər Əliyev) mənsub olduqları ölkələrin daxili və beynəlxalq həyatına təsiri baxımından qiymətləndirir.
• Qalib seçilmiş dərslikdə I Pyotr, Corc Vaşinqton, III Səlim, Nadir şah, Ağa Məhəmməd şah Qacar, I Napaleon və adları standartda çəkilməyən, lakin yeni dövrün digər tanınmış şəxsiyyətləri haqqında geniş yazılmışdır. Hörmətli ekspertlər siz bu boyda pozuntunu görmədinizmi? Açığı artıq inanmaq güc ki, siz ümumiyyətlə dövlət standartları ilə tanışsınız.
4. Qalib dərslik ənənəvi şəkildə yazılmışdır. Ənənəvi dərsliklərin ssenarisi əsasında. Qeyd edim ki, tendr şərtlərinə görə əvvəlki illərdə nəşr edilmiş dərsliklərin mövzusu yeni proqrama salınması yolverilməzdir kimi qeyd olunmuşdur. Ancaq burada da görürük ki, qalib seçilmiş dərslik buna əməl etməmişdir, ekspertlər də buna göz yummuşdur. Dərslik başdan ayağa əvvəlki mövzuların təkrarıdır. Hansı məntiqlə 10-cu sinif şagirdləri artıq eyni qaydada aşağı siniflərdə (6, 7 və kobud səhvlər 8-ci siniflərdə) tədrisini keçdikləri mövzuları yenidən öyrənməlidilər. Əgər şagirdlər 6-cı sinifdə Qədim Misir dövlətini öyrənibsə, onun nə vaxt yarandığını, hansı hökmdarlar tərəfindən idarə edildiyi və s. bunu yenidən eyni tərzdə keçmək nə dərəcədə məqsədəuyğundur. O, zaman dövlət bu qədər vəsait ayırır yeni dərsliklər üçün. Şagirdlər aşağı siniflərdə öyrəndiyi bu mövzuları həmin kitabları vasitəsi keçməsi niyə mümkün olmasın bu halda? Qonşu Türkiyə, Rusiya, Avropa, ABŞ və s. ölkələrdə eyni bizim bu sistəmdən istifadə olunur. Yəni onlarda artıq müəyyən siniflərdə tarix fənninin tədrisini başa vuran şagirdlər yuxarı siniflərdə həmin mövzulara artıq sivilizasiyalı yanaşma ilə öyrənirlər. Ümumiləşdirmələr aparılır, praktiki işlər çoxalır, şagirdlərin bacarıqları müxtəlif formalarda yoxlanılır. Ancaq qalib dərslik 80 faiz demək olar ki, hafizəyə yönəlmiş məlumatlardan istifadə etmişdir, şagirdlərin daha çox biliklərini yoxlayan mövzulara üstünlük verilmişdir. Nazirlyinin ekspertləri bunu görmədilərmi?
5. İctimai müzakirə zamanı artıq ekspertizadan keçmiş bu dərsliklə bağlı kifayət qədər irad və təkliflər irəli sürülmüşdür. Bu iradlar əsasən elmi səhvlər, redaktə xarakterli məsələrlə bağlı olmuşdur. Müəlliflər təbii ki, bu köməkdən yararlana bilmişdilər. Qeyd edim ki, bu günə kimi qalib dərslik haqqında bu istiqamətdə fikir irəli sürmədik. Çünki tenderdə dövlət standartını pozmuş dərsliyin qalib seçilməsi artıq qəbulolunmazdır. Xüsusi olaraq onu da deyim ki, standartlar Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır. Konstitusiyanın 42-ci maddəsinin V bəndində yazılır ki, dövlət minimum təhsil standartlarını müəyyən edir. Deməli, hər bir fənn üzrə dövlətin müəyyən etdiyi standartlar, əslində icrası vacib olan normativ hüquqi aktlar sırasına daxildir və onların pozulması Azərbaycan Respublikası Konstitusiyasının müvaviq maddəsi ilə (maddə 80) məsuliyyətə səbəb olmalıdır. Ekspertlər bunları da görmədimi?
6. Təhsil Nazirliyinin Qiymətləndirmə meyarlarının 1.1. bəndinə görə əgər, dərslikdə fənn kurikulumunun bütün məzmun standartlarının reallaşma səviyyəsi təmin olunarsa o, 10 balla qiymətləndirilir. Belə çıxır ki, müsabiqəyə təqdim olunmuş “Ümumi tarix” dərsliyində 5 əsas məzmun xəttindən biri və ya 12 alt standartdan dördü reallaşmadıqda belə, ekspertlər bu dərsliyə qeyd olunan meyar üzrə müəyyən bal verə bilərlər. Əslində isə bu absurddur. Çünki, həm dövlət, həm də qeyri-dövlət sektoru özünün kadrlara olan təlabatını, onların standartlara uyğunluğunu ölçməklə təmin edir və bu məqsədlə müxtəlif səviyyəli imtahanlar keçirir. Nəticələri standartlara uyğun olmayan kadrlar təlabatı ödəmədiklərindən, işsiz qalırlar. Bu isə dövlətin vergi ödəyicilərindən alıb təhsilə ayırdığı milyonların havaya sovrulması deməkdir. Ona görə də standartları pozmaqla yazılmış dərsliklərin müsabiqəyə qəbul olunması yolverilməzdir.
Həm müəlliflər, həm də ekspertlər arasında sovet dövrünün stereotiplərilə düşünənlərin mövcudluğu belə bir nəticə əldə olunmasına səbəb oldu. Bu bəla ilə mübarizə aparmaq üçün dünya təcrübəsi öyrənilməli və yayılmalı, dərsliklərdə variativliyə keçilməlidir. Qalib gəlib-gəlməməsindən asılı olmayaraq, dövlət standartlarını pozmayan və minimum keçid balının 50%-dən çoxunu toplamış bütün dərsliklərin geniş ictimai müzakirəyə çıxarılması zənnimizcə, ekspertlərin məsuliyyətini artırardı, şəffaflığı təmin edər, rəqabət mühitini sağlamlaşdırar və qısa zamanda dərsliklərin keyfiyyətinin yaxşılaşmasına səbəb olardı.





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.