Yaxşı tarix dərsliyini necə yazmaq olar?

Yaxşı tarix dərsliyini necə yazmaq olar?


Yaxşı tarix dərsliyini necə yazmaq olar?

Aydın Allahverdiyev Bakı, 29.07. 2011.

Dərsliklər – xüsusən də ictimai fənn dərslikləri cəmiyyətin maraqlarına xidmət edən təlim prosesinin mühüm komponentini təşkil edir. Biliyin əsasən dərsliklərdən alındığı bizim tipli dövlətlərdə cəmiyyətin gələcəyi bir cox hallarda həmin dərsliklərdə aşılanan ideyalardan birbaşa asılı olur. Bu dərsliklər əsasında bütöv nəsillər yetişir. Bu səbəbdən uzun sürən müstəmləkə əsarətindən qurtulmuş xalqlar dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi təhsilə və onun əsas komponentlərindən olan dərsliklərin yazılmasına xüsusi diqqət yetirirlər. Lakiin təəssüf ki, təcrübəsizlik, emosionallıq və qərəzli stereotiplərin mövcudluğu bu dərsliklərin əksəriyyətini qüsurlu edir. Bizim dərsliklər də istisna təşkil etmir. Əgər cəmiyyətimizin gələcəkdə sosial qarşıdurma, milli və dini ədavət, həmçinin əxlaqsısliq girdabında boğulmasını istəmiriksə, bu gün təhsilimizə xüsusi qayğı göstərməklə yanaşı, həm də dərslik və proqramların tərtibinə son dərəcə ciddi, həssas və məsuliyyətlə yanaşmalıyıq.
Bilik vermək və qabiliyyətlər formalaşdırmaq bütün ölkələrdə təlimin başlıca məqsədlərini təşkil edir. Bəs, onda inkişaf etmiş ölkələrdə təlim prosesi bizdəkindən nə ilə fərqlənir? Təhlil göstərir ki, təlimin keyfiyyəti o ölkələrdə yüksək olur ki, a) nəzəriyyədən praktikaya gedən yol daha qısadır və ya təlimdə aktual empirik biliklərə üstünlük verilir; b) təhsilin müxtəlif pillələri arasında dəqiq funksional bölgü aparılmışdır; c) mövcud dərsliklər, proqramlar və təlim üsulları maksimum bu funksiyaların reallaşmasına xidmət edirlər. Nəzərə alsaq ki, orta məktəbdə təlimin başlıca məqsədini şagirdlərin müxtəlif sahələrdə bilik, bacarıq və vərdişlərini aşkara çıxarmaq, onları qabiliyyətlərinə və cəmiyyətin tələblərinə uyğun peşələrə istiqamətləndirmək, həmçinin bu peşələrə yiyələnmək üçün zəruri olan minimum (maksimum- ali məktəblərdə verilir) bilik, bacarıq və vərdişləri formalaşdırmaq təşkil edir, onda aydın olar ki, tarixi fakt və hadisələrlə yüklənmiş, yaxud onların xeyli ixtisar olunduğu kiçik həcmli dərsliklər heç də hələ yaxşı dərsliklər demək deyildir. Bəs, onda yaxşı tarix dərsliyi nədir? O, necə yazılmalıdır ki, cəmiyyət tərəfindən qəbul olunmuş olsun? Müasir beynəlxalq və keçmiş sovet təcrübəsinin müqayisəli təhlili göstərir ki, ”yaxşı tarix dərsliyi” cəmiyyətin tələblərinə uyğun meyarlar əsasında yazıldıqda cəmiyyət tərəfindən qəbul oluna bilər. Zənnimcə bu meyarlar aşağıdakılardır:
- Konsepsiya və tarixi paradiqma: Dərsliyin konsepsiyası və paradiqması cəmiyyətin strateji hədəflərini nəzərə almaqla Nəyi öyrətməli?, Nə üçün öyrətməli? və Necə öyrətməli? suallarına aydın cavab verməli, dəyişən cəmiyyətdə yaşamağı və dəyişməyi bacaran sosial məsuliyyətli insan yetişdirməyə xidmət etməlidir. Dərslikdə təbliğ edilən ideyalar Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmamalıdır.
- Faydalılıq, tətbiqilik: Dərslik uşaqlara həyatda lazım ola biləcək faydalı biliklər verməli, onlara qazandıqları biliyi yaradıcı tətbiq etmək bacarıqları aşılamalıdır. Dərslik yetişməkdə olan gənc nəslə davamlı insan inkişafı konsepsiyasına uyğun ətraf mühitə qayğıkeş münasibətin və təbii sərvətlərdən səmərəli istifadə etməyin vacibliyini təlqin etməli, sosial məsuliyyətli, fəal və yaradıcı insana cəmiyyətin ən qiymətli sərvəti kimi yanaşmağı öyrətməlidir.
- İnkişafetdiricilik: Materiallar hadisələrin xronoloji ardıcıllığı gözlənilməklə sadədən mürəkkəbə, asandan çətinə doğru yerləşdirilməli, informasiya yükünün həcmi və mürəkkəbliyi təhsilin pillələri və səviyyələrinə uyğun olaraq tədricən artmalıdır.
- İnteqrativlik: Təqdim olunan materiallarda fənlərarası və fəndaxili əlaqələr gözlənilməlidir. Onlar bağlı olduqları fənn və mövzularla nəinki ziddiyyət təşkil etməməli, əksinə, şagirdi həmin fənləri və mövzuları öyrənməyə stimullaşdırmalıdlırlar. Mətnlər ensiklopediya məqalələrini xatırlatmamalı, mövzulararası rabitə təmin olunmalı, fikirlər bir-birini tamamlamalıdırlar.
- Tənqidi təfəkkürün inkişafı, kreativliyin (yaradıcılığın) stimullaşdırılması: Dərslik demokratik üslubda tərtib olunmalı (multiperspektivlık), problem situasiyalar, illüstrasiya, tarixi mənbə, sual və tapşırıqlar alternativ düşüncəyə zəmin yaratmalı, şagirdi tənqidi düşünməyə, yaradıcı axtarışa həvəsləndirməlidirlər.
- Multiperspektivlık: Dərsliyin tarixi fakt və prosesləri müxtəlif aspektdən qiymətləndirməyə imkan verən alternativ məlumat bazası (illüstrasiya, sxem, mənbə, internet resurslar göstəricisi və s.) olmalıdır.
- Həssaslıq: Dərslik cinsi, irqi, etnik, dini və s. sosial qruplar arasında ayrı seçkilik və ədavət təbliğ etməməli, mümkün qədər gender bərabərliyi gözlənilməlidir. Pozitiv sosial təcrübə, milli və ümumbəşəri dəyərlər təqdim olunan materialların məzmununun ana xəttini təşkil etməlidir.
- Dil və üslubiyyət: Əsas meyarllardan biridir. Dərsliyin dili və materialın həcmi şagirdin yaş səviyyəsinə uyğun olmalı, ona dərsiklə müstəqil işləmək imkanı yaratmalıdır. Dərslikdə qrammatik və üslub səhvlərinin olması, qeyri ədəbi ifadələrdən istifadə edilməsi də yolverilməzdir. Hadisələr maraqlı və anlaşıqlı dildə şərh olunmalı, yeni anlayışların izahı mütləq verilməlidir.
- Mötəbərlik və elmilik: Bu keyfiyyət dərslikdə elmi baxımdan mübahisə doğurmayan, ən son, dəqiq (yoxlanılmış) və etibarlı (mənbəyi göstərilən) məlumatların verilməsini nəzərdə tutur. Bu meyarın pozulması dərsliyin yararsızlığına dəlalət edir.
- Metodiki aparatın rəngarəngliyi və materialların şagirdin yaş xüsusiyyətlərinə uyğunluğu: Dərslik fənni mənimsəməyə yardım məqsədi güdən muxtəlif mənbə, xronologiya, lüğət, sxem, xəritə, illüstrasiya və s. kimi didaktik materiallarla təchiz olunmalıdır. Onlar məzmununa görə bir-birini təkrar etməməli, həm mətni anlamağa yardımçı olmalı, həm də onu tamamlamalıdırlar. İllüstrasiyalar dərsliyin ümumi həcminin 1/3-dən az olmamalıdır. Sual və tapşırıqlar elmi-pedaqoji normalara uyğun tərtib edilməli, şagirdi verilmiş problem situasiyaları həll etməyə stimullaşdırmalıdır. Sual və tapşırıqlar şagirdlərin yaş xüsusiyyətləri, meyil, maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif tipli (qapalı, açıq və s.) və səviyyəli (asan, orta, çətin) tərtib olunmalıdır. Onlar, eyni zamanda cəmiyyətin tələblərinə (məzmun standartlarının tələblərinə) uyğun hazırlanmalı, gənc nəsildə faydalı bacarıq və vərdişlər formalaşdırmağa xidmət etməli, məzmununa, tipinə və ya səviyyəsinə görə qruplaşdırılaraq sistemli şəkildə təqdim olunmalıdır.
- Strukturun dəqiqliyi, istifadənin asanlığı: Dərsliyə “Ön söz” yazılmalı, mövzular bölmələrə, fəsillərə və paraqraflara, paraqraflar isə fənərciklərə (yarımbaşlıqlara) ayrılmalıdır. Mündəricat dərsliyin əvvəlində verilməlidir. Dərslikdən istifadə qaydaları, istifadə olunmuş şərti işarələrin izahı da öndə göstərilməlidir. Paraqrafların adı mümkün qədər yığcam tərtib olunmalı, oxucu marağını stimullaşdırmalıdır. İllüstrasiyalar nömrələnməli, mənbəyi göstərilməli, altındakı məlumat bazası qısa və aydın yazılmalıdır. Paraqraflar xəritə ilə təchiz olunmalı, xəritələrdəki məlumatlar dəqiq və aydın ifadə edilməli, miqyas və istifadə olunmuş şərti işarələrin izahı göstərilməlidir. Dərsliyin həm də ümumiləşmiş terminlər lüğəti, xronologiyası və mənbə (resurslar) siyahısı olmalıdır.
- Şriftlərin yaş standartına uyğunluğu, qiraətin idarə edilməsi: İstifadə olunmuş şriftlərin növü, ölçüsü və sətirarası intervallar şagirdin yaş səviyyəsinə uyğun olmalı, əsas başlıqlar, fənərciklər, əhəmiyyətli fikirlər, yeni anlayışlar, sənədlər, sual və tapşırıqlar və s. dərsliklər üçün məqbul sayılan şrift qarnituru çərçivəsində vahid üslub gözlənilməklə fərqləndirilməlidir.
- Dizayn və davamlılıq: Dərslik ciddi, cəlbedici və istifadəyə davamlı olmaqla yanaşı, həm də vahid dizayn üslubuna malik olmalı, istifadə olunmuş rəng kompozisiyaları şagirdlərdə pozitiv zövq formalaşdırmalıdır. Dərsliyin üz qabığının dizaynı onun məzmununu və ya konsepsiyasını ozündə əks etdirməlidir.
- Müasir informasiya mənbələrindən istifadə imkanı: Dərslik şagirdi müxtəlif internet resurslarından və CD-lərdən istifadəyə stimullaşdırmalı, yaxud bu imkanı yaratmalıdır.
- Kurikulum standartlarına uyğunluğu: Dərslik təhsilin hər pilləsi üçün nəzərdə tutulan
bütün məzmun standartlarının bərabər səviyyədə reallaşdırılmasına imkan yaratmalıdır.
Bu meyarın ödənilmədiyi dərslik istifadəyə qəbul edilmir.


İlk baxışda bizə elə gələ bilər ki, bu tələbləri ödəyən dərslik ərsəyə gətirmək qeyri-mümkündr. Lakin bu yalnız ilk baxışdan belədir. Belə dərslıklər mövcuddur. Demokratik mühit, qiymətləndirmədə şəffaflıq, sağlam rəqabət və əməkdaşlıq şəraiti (“feodal nərdivanı” yox!), eyni zamanda yaxşı maddi stimul olarsa (“feodal mükəlləfiyyəti” yox!), 2-3 ilə cəmiyyəti ən azı 5 il irəli apara biləcək yaxşı tarix dərslikləri yazmaq mümkündür. Deyirlər ki, hər bir cəmiyyətin xəstə və ya sağlam olduğunu göstərən əsas simptomlardan biri onun qocalara və uşaqlara olan münasibətidir. Bu səbəbdən təhsilə və onun əsas komponentlərindən biri olan dərsliklərə qayğı və məsuliyyətlə yanaşmağımız, əslində elə cəmiyyətimizin uşaqlara qayğı və məsuliyyətlə yanaşmasıdır. Atalar: “Nə tökərsən aşına, o da çıxar qaşığına!”-demişlər. Deməli, yetişməkdə olan gənc nəslin gələcəkdə biz qocalara olan münasibəti də, bu gün dərsliklərdə onlara hansı keyfiyyətləri aşılamağımızdan asılı olacaqdır.



Yükləmək ücün qeydiyyatdan keçin!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.