8-ci sinif Azərbaycan tarixi

8-ci sinif Azərbaycan tarixi


Orta ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadə olunan “Azərbaycan tarixi” (“Təhsil” nəşriyyatı, Bakı-2015), dərsliyi barədə ümumiləşmiş qeydlər Bakı ş., 72 saylı məktəb-liseyın tarix müəllimi
Aydın Allahverdiyev

İllik tədris yükü 68 saat nəzərdə tutulan dərslik formal olaraq 29, faktiki isə 39 paraqrafdan ibarətdir. Bunun səbəbi 12,13 və 18-ci paraqrafların dünya təcrübəsində tətbiq olunan, lakin Azərbaycan üçün ənənəvi olmayan I, II, III və s. kimi hissələrə ayrılmasıdır. Ancaq müəlliflərin bu bölgünü hansı prinsipə əsaslanaraq və nə üçün (təlimə verdiyi fayda baxımdan) apardıqları aydın deyil.
Dərsliyin bütün paraqrafları fənərciklərə ayrılmış, müxtəlif tipli sual və tapşırıqlarla təchiz olunmuşdur. Lakin təəssüf ki, sual və tapşırıqların tərtibi zamanı çoxlu üslub qüsurlarına yol verilmiş, bir sıra hallarda pedaqoji normalar pozulmuş və MMV-də tövsiyə olunan alt standartların tələbləri nəzərə alınmamışdır. Əksər paraqraflarda mövzuya motivasiya xarakterli girişlə başlanmış, ancaq bu pozitiv üslub bütün paraqraflarda gözlənilməmişdir.
Ümumən 200 səhifədən ibarət olan dərsliyin hər paraqrafı 5-6 səhifədən ibarətdir. Bu, şagird üzərinə düşən informasiya yükünün bərabər paylanması baxımından çox əhəmiyyətlidir. Eyni zamanda, əvvəlki tarix dərslikləri ilə müqayisədə, burada faktoloji məlumatlar nisbətən azdır. Lakin təəssüf ki, bu dərslikdə də tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələrinin, sinxronluğunun, qanun və qanunauyğunluqlarının şərhinə deyil, ənənəyə uyğun olaraq, müxtəlif tarixi fakt və hadisələrin konstatasiyasına üstünlük verilmişdir. Tarixi faktların paraqraflar üzrə paylanmasında da disproporsiyalar mövcuddur. Məsələn: §1 və 3-də əsr, il, ay və gün formasında 23 (!), §2 və 4-də isə 6-7 xronoloji fakt verilmişdir. Nəticədə, dərslikləri qiymətləndirmə meyarlarında verilmiş 1.4. Tədris vahidlərinin və materiallarının sadədən mürəkkəbə doğru ardıcıllığının təmin olunması tələbi pozulmuşdur.
Dərslik mündəricat, ön söz, 111 şəkil və illüstrasiya, 20 xəritə, mətni mənimsəməyə yardım etmək məqsədilə tərtib olunmuş 9 sxem, 34 tarixi mənbə və “Bunu bilmək maraqlıdır” başlıqlı məlumat bazasına malikdir. Paraqraflarda istifadə olunmuş şərti işarələrin izahı və mündəricat dərsliyin əvvəlində verilmişdir. Bu da təlim zamanı kitabla işləməyi xeyli asanlaşdırır. Paraqrafların adı nisbətən yığcam tərtib edilmişdir. Bu, mövzunu jurnala qeyd edərkən daha az vaxt itkisinə səbəb olduğundan, təqdirəlayiqdir. Bəzi paraqrafların adı motivasiya baxımından uğurlu seçilmişdir. Lakin təəssüf ki, bu əksər paraqraflar üçün səciyyəvi deyildir.
Yeni təlim standartaları əsasında tərtib olunmuş digər dərsliklərindən, həmçinin orta ümumtəhsil məktəblərinin 8-ci siniflərində istifadə edilən “Ümumi tarix” dərsliyindən fərqli olaraq, bu dərslikdə mövzulara aid açar sözlər verilməmişdir.
Dərslikdə fənn kurikulumundakı bütün məzmun standartlarının reallaşdırılmasına cəhd edilmişdir. Lakin tədris vahidlərində həm əsas, həm də alt standartların tətbiqi nisbəti kəskin şəkildə pozulmuşdur.
Göründüyü kimi müəlliflər standartları reallaşdırarkən mədəniyyət və məkanla bağlı məsələlərə daha az diqqət yetirmişlər. Ən çox diqqət yetirilən Zaman standartındakı 1.1.1. alt standartına isə cəmi bir dəfə müraciət olunmuşdur. Ümumiyyətlə, 15 alt standartdan 7-sinə digərləri ilə müqayisədə xeyli az (1-3 dəfə) diqqət ayrılmışdır. Standartların reallaşdırılması səviyyəsindəki bu cür kəskin nisbət pozuntularının olması, şagird qabiliyyətlərinin hərtərəfli inkişafına mənfi təsir göstərdiyindən, yolverilməzdir.
Dərslikdə təlim materiallarının müasirliyi, elmiliyi, dəqiqliyi və mötəbərliyi prinsipi əsasən gözlənilmisdir. Lakin bəzi mövzularda tarixi fakt və hadisələrin ifadəsi zamanı yol verilən texniki və üslub qüsurları, həmçinin rast gəlinən fikir ziddiyyətləri qeyd olunan prinsipin müəyyən mənada həm də, pozulmasına səbəb olmuşdur. Məsələn: §2, səh.19-da Hörmüzün liman və boğaz olması ilə bağlı mətnin müxtəlif hissələrində fərqli fikirlərin verilməsi, yaxud §3, səh.20-də giriş mətnində artıq köhnəlmiş “Ön Qafqaz” ifadəsindən istifadə olunması, yenə orada, Hörmüzün geri alınması ilə bağlı səh.22-də xəritədə verilmiş məlumatla, səh.24-dəki məlumatın bir-birini təkzib etməsi, yaxud §5, səh.32-də 3-cü abzasda Rusiyanın Volqa çayı sahillərini və Xəzər dənizi hövzəsini guya XVII əsrdə işğal etməsi ilə bağlı verilmiş fikir və s. bu kimi faktlar dediklərimizi təsdiq edən nümunələrdəndir.
Təqdim olunan mövzularda dərsliyə verilən didaktik tələblər qismən ödənilmişdir. Burada Azərbaycan tarixində iz qoymuş müxtəlif tarixi şəxsiyyətlərin və hadisələrin nümunəsində şagird şəxsiyyətinin formalaşdırılması istiqamətində müəyyən addımlar atılmış, milli dəyərlərimizi əks etdirən bəzi faktlar verilmişdir. Lakin təəssüf ki, sosial təcrübə baxımdan gənc nəsil üçün örnək ola biləcək, onları düşündürəcək situasiyalara dərslikdə demək olar ki rast gəlinmir. Bu dərslik də sovet dövründə olduğu kimi avtoritar üslubda yazılmış, bütün yardımçı materiallar, o cümlədən sual və tapşırıqlar da yalnız müəllif fikrinin təsdiqinə və möhkəmləndirilməsinə istiqamətlənmişdir. Alternativliyə yol verilməməsi, mövcud dərsiliyin informativ xarakterli olub, daha çox hafizə yönümlü təlimə xidmət etməsini şərtləndirmişdir. Bunu isbat etmək üçün istənilən paraqrafa, xüsusən də tarixi qaynaqların verildiyi mövzulara nəzər salmaq kifayətdir.
Təqdim olunan mövzularda fəndaxili inteqrasiya müəyyən qədər gözlənilsə də, fənlərarası inteqrasiyaya çox az diqqət yetirilmişdir. Yalnız 20-ci paraqraf bu mənada müəyyən istisna təşkil edir. Qeyd etdiklərimiz MMV-də verilən tematik planlaşdırma sxemində və mövzular üzrə tövsiyələrdə də (5-6-cı mövzular istisna olamqla) öz təsdiqini tapır. Dərslikdə davamlı inkişaf konsepsiyasına uyğun dəyərlərin (ətraf mühitə qayğıkeş münasibət, təbii sərvətlərdən səmərəli istifadə və s.) təbliğinə də az diqqət yetirilmışdir. Təəssüf ki, bu yeni və son dərəcə aktual olan düşüncə tərzinin yetişməkdə olan gənc nəslə aşılanması üçün dərslikdə yadda qalan hər hansı bir örnək verilməmişdir.
Mövzularda gender bərabərliyi gözlənilməmiş, etnik mənsubiyyət və dini inanclarla bağlı məsələlərdə həssas yanaşma təmin olunmamışdır. Dərslikdə cəmi iki qadının- Tuti Bikə və II Yekaterinanın adının çəkilmiş, yalnız bir qadının (Tuti Bikənin) və bir qızın (yönləndirici sual işarəsi) şəkli verilmişdir. Ölkəmizə hücum edən yadellilərdən bəhs edərkən, onların sərvət hərisliyindən daha çox, dini mənsubiyyətləri qabardılmış, birgə yaşadığımız qardaş xalqların etnik mənsubiyyəti məsələsində mübahisəli və həssas məqamlara yanaşmada korrektlik pozulmuşdur.
Dərslikdə müəllim və şagirdlərə 433 sayda müxtəlif tipli sual və çalışmalar təqdim olunmuşdur. Onların bir qismi sərbəst sütunda, bir qismi mətnin içərisində, digərləri isə paraqrafın sonundakı “Sual və tapşırıqlar” bölməsində verilmişdir. Qeyd olunan pərakəndəlik təlim zamanı müəyyən çətinliklər yaradır. Qabaqcıl dünya təcrübəsində olduğu kimi onların tipinə və xarakterinə görə qruplaşdırılıb bir yerdə verilməsi, zənnimcə daha yaxşı olardı. Təqdim olunan sual və tapşırıqların çoxu şagirdlərin yaş səviyyəsinə uyğundur. Onların bir qismi həm də yaradıcı xarakter daşıyır. Ancaq buna baxmayaraq, verilən çalışmaların əksəriyyəti qapalı tiplidir və şagirdi yalnız idrak taksonomiyasının I (Bilmək) səviyyəsində yoxlamağa imkan verir. Təəssüf ki, bəzi sual və tapşırıqların tərtibi zamanı üslub qüsurlarına yol verilmiş, bəzilərində isə pedaqoji normalar pozulmuş və ya MMV-də tövsiyə olunan alt standartların tələbləri nəzərə alınmamışdır. Məsələn: §3, səh.24-də yuxarıda verilmiş sualda çap xətasından qaynaqlanan elmi səhv var. Şah I Abbas “XVIII əsrin 20-ci illərində” deyil, XVII əsrin 20-ci illərində osmanlılara qarşı növbəti əməliyyatlara başlamışdır, yaxud §4, səh.30-da verilmiş sual və tapşırıqların heç biri MMV-də tövsiyə olunan alt standartları reallaşdırmağa istiqamətlənməmişdir və s. Pedaqoji normaların pozulmasına isə ən çox tədqiqat və motivasiya suallarında rast gəlinir. Məsələn: §5, səh.20, 2-ci sual: Avropa ölkələri öz məqsədlərinə çatdılarmı? (hansı?), §9, səh.52, 2-ci sual: Osmanlı dövləti Rusiyanın planlarına (hansı?) necə mane oldu?, yaxud §9, səh.52, 2-ci sual: Osmanlıların siyasəti ruslardan nə ilə fərqlənirdi? (nə vaxt? harada?) və yaxud §11, səh.64, 1-2-ci suallar: Bu məsul vəzifəni kim öz üzərinə götürdü? Səfəvi dövlətinin ərazilərini azad etmək üçün o nə etdi? və s.
Dərslikdə cəmiyyətin humanistləşməsi baxımdan son dərəcə əhəmiyyətli olan inklüzivliyin təmin olunması üçün materiallar (bir neçə sual və tapşırıq istisna olmaqla) demək olar ki, yoxdur. Halbuki biz bu gün siniflərdə sağlamlıq imkanları məhdud olan uşaqlarla da işləyirik. Differensial təlim üçün materiallar isə təəssüf ki, sual və tapşırıqlar səviyyəsindən kənara çıxmır.
Dərslikdə tarixi inkişafın qanun və qanunauyğunluqları, tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələri, onların əhəmiyyətinin müəyyən edilməsi ilə bağlı məsələlər zəif işıqlandırılmışdır. Bu, həm də fənn kurikulumundakı əsas məzmun standartlarında “Tarixi nəziriyyə” standartının nəzərdə tutulmaması ilə bağlıdır.
Müəlliflər tərtib etdikləri mətni dil və üslub cəhətdən mümkün qədər sadələşdirməyə çalışmış, yeni söz və anlayışları xüsusi şriftlə fərqləndirərək, izahını vermişlər. Lakin təəssüf ki, fikirlərin təkrarlanması, onlar arasında rabitəsizlik, yaxud ziddiyyətlərin olması dərsliyin ən çox rast gəlinən qüsurlarındandır. Dərsliyin digər qüsurlardan biri də dil qaydaları ilə bağlıdır. Bəzi mətnlərdə dil qaydaları pozulmuş, bəzən durğu işarələri unudulmuş, bir sıra hallarda isə sadə və anlaşıqlı ifadə olunması mümkün olan cümlələr mürəkkəb və dolaşıq yazılmışdır. Məsələn, §1, səh.12, 2-ci abzasın sonuncu cümləsi dil qaydalarına görə: “1585-ci ildə, Sufiyan döyüşündə qüvvələri az olan qızılbaşlar geri çəkildilər”- kimi yazılmalı, §3-də giriş mətninin 4-cü cümləsindəki “... təhrik edərək...” ifadəsindən sonra vergül işarəsi qoyulmalıdır. §7, səh.43, 2-ci abzasda yazılmış: “Bu dövrdə Şirvanın böyük bir hissəsində həm şah, həm də yerli feodalların zülmünə qarşı qalxan silahlı üsyan dalğaları geniş vüsət almaqda idi.”(121 işarə)- cümləsini daha sadə və anlaşıqlı formada belə ifadə etmək olardı: “ Bu dövrdə Şirvanda şahın və yerli feodalların zülmünə qarşı üsyanlar genişlənməkdə idi.” (75 işarə)
Dərslikdə şagirdin söz ehtiyatının artırılması üçün müəyyən iş görülmüş, mətn daxilində və xüsusi ayrılmış yerlərdə ümumən 27 yeni anlayışın izahı verilmişdir. Onlardan 6-sı məkanla, 1-i çəki sistemi ilə bağlıdır.Yeni anlayışların əksəriyyəti (səh.146-da verilənlər istisna olmaqla) xüsusi işarə və şriftlə fərqləndirilmişdir. Lakin bir illik təlim dövrü üçün nəzərdə tutulan, 39 mətn və 200 səhifədən ibarət bir dərslikdə cəmi 27 yeni anlayışın verilməsi, zənnimcə şagirdlərin söz ehtiyatının sürətli inkişafı üçün yetərli deyildir .
Şagirdlərin təlim materiallarını daha yaxşı mənimsəməsinə yardım etmək məqsədi ilə dərslikdə 111 illüstrasiya verilmişdir. Onların çox az bir qismi orijinaldır. Yəni xüsusi olaraq bu dərslik üçün hazırlanmış və bu vaxtadək heç yerdə istifadə olunmamışdır. Təəssüf ki, bəzi əvvəlki dərsliklərdə olduğu kimi, burada da şəkil, xəritə və sxemlərin heç biri (səh 27-dəki şəkillər istisna olmaqla) nörələnməmişdir. İllüstrasiyaların bir qismində şəkilaltı informasiya çatışmır. Məsələn: səh.32-də 1-ci şəkil, səh.50-dəki şəkil, səh.105-də, sağda aşağıdakı (?) şəkil və s. Səh.172-dəki şəkil isə təsvir olunan hadisənin qışda (fevralda) baş verdiyini yadda saxlamağa yardım etmir. Bəzi illüstrasiyaların solğun və qarışıq (səh.176-177) çəkilməsi, bir qisminin isə yerində olmaması mətnin səmərəli mənimsənil-məsinə mənfi təsir göstərir. (səh.43-dəki şəkillər, səh.172-dəki şəkil və s.) Bəzi görkəmli tarixi şəxsiyyətlərin təsvirləri ifadəlik və cəlbedicilik baxımdan uğurlu seçilməmişdir. (səh.15, 41 və s.)
Dərslikdə mövzuların mənimsənilməsinə yardım edən 20 müxtəlif xəritədən istifadə edilmişdir. Onların əksəriyyəti şərti işarələrlə təchiz olunmuşdur. Verilmiş coğrafi obyektlərin adı aydın oxunur. İstifadə olunmuş rənglər yorucu deyil. Lakin təəssüf ki, müəyyən çatışmazlıqlar burada da mövcuddur. Məsələn: səh.13-də döyüş yerlərini və paytaxt şəhərlərini bildirən şərti işarələr verilməmişdir; səh.22-də həm döyüş yerlərini və paytaxt şəhərlərini bildirən şərti işarələr verilməmiş, həm də Portuqaliyadan geri alınmış ərazi səhvən 1620-ci il (1622-ci il olmalıdır) göstərilmişdir; səh.111,114 və s. xəritələrdə isə ümumiyyətlə şərti işarələr verilməmişdir.
§13-II, III, IV və V mövzular cüzi istisna təşkil etməklə dərsliyin tərtibatında vahid dizayn üslubu əsasən gözlənilmiş, dərsliyin üz qabığı onun məzmununa uyğun tərtib olunmuşdur.
Dərsliyin bütün müsbət və mənfi cəhətlərinin təhlili, sonda bizi iki əsas suala cavab vermək zərurəti qarşısında qoyur. 1) Dərslik müstəqil təlimə imkan verirmi? 2) Dərslik interaktiv təlimə zəmin yaradırmı? Zənnimcə 1-ci sualın cavabı “Yox!”, 2-ci sualın cavabı isə “Cüzi”dir.


Yükləmək ücün qeydiyyatdan keçin!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 mart 2016 19:43
    Çox sağolun ki bu qədər zəhmət çəkib qeydləri hazırlamısız. Inşalla eşidilmək diləyilə…

  2. 21 mart 2016 20:23
    Hörmətli Anar Turan, əvvəla münasibət bildirdiyiniz üçün təşəkkürümü bildirir, Sizi və bütün tarix.infoçuları Bahar bayramı münasibətilə təbrik edir, Aralıq dənizindən Sakit okeanadək yayılmış bütün türk Ellərinə həqiqi Hürriyyət, Müsavat və Məşrutə, Rifah və Tərəqqi arzulayıram! Böyük mütəfəkkirimiz A.Bakıxanov yazırdı ki, Avropanın Asiyadan üstünlüyü bir çoxlarının düşündüyü kimi tale və ya təsadüfdə deyil, maarifdədir! Doğrudan da təlim prosesinin vacib komponentlərindən olan dərsliklərimiz illərdir ki, təhsilimizin sağalmayan dərdinə, irinli yarasına çevrilib. Bunun qeyd etdiklərinizlə yanaşı, bir sıra digər səbəbləri də var. Əsas səbəbi isə zənnimcə, meydanda ürəyi Vətən və Millət üçün yanan maarifçilərin deyil, sərvət və şöhrət hərisi olan işbazların at oynatmasıdır. Nəticə göz qabağındadır! Səhv mətnlər ensiklopediyasına çevrilmiş dərsliklərimizdən danışanda yadıma rəhmətlik Molla Nəsirəddinin bir lətifəsi düşür: XIII əsrdə Elxani ulus hakimlərindən biri şəhərdə silahla gəzməyi qadağan edən fərman verir. Məmurlar da adəti üzrə "baltanı kökündən vuraraq" silah adı altında camaatdan bütün kəsici-deşici alətləri yığmağa başlayırlar. Fərmanın bu axmaq icrasına etiraz edən Molla Nəsirəddin iri bir behbudu (əyri xəncər) qurşağına taxaraq, şəhərə çıxır. Darğa onu saxlayıb, qurşağındakı silahı təhvil verməyi tələb edir. Molla isə qurşağındakının silah deyil, alət olduğunu və onunla kitablardakı qələtləri (səhvləri) düzəltdiyini söyləyir. Əsəbiləşən darğa: "A kişi, məni dolamısan?!.. Bu boyda xəncərlə də qələt düzəldərlər?"-deyir. Molla : "Eh, rəhmətliyin nəvəsi, kitablarımızda elə qələtlər var ki, heç balta ilə də düzəlmir!"-deyə təmkinini pozmadan cavab verir. Qoy, Allah Millətimizi savadsız həkimdən, rüşvətxor hakimdən, ziyankar alimdən, əxlaqsız molladan və bunları yetişdirən riyakar müəllimlərdən qorusun! Amin!

  3. 28 mart 2016 19:37
    Hörmətli Aydın müəllim inanirsiz ki A.Bakıxanovun "Avropanın Asiyadan üstünlüyü tale və ya təsadüfdə deyil, maarifdədir" fikrini mən hər gün dərsdə işlədirəm. Siz mənim ür
    yimdən xəbər vermisiz. O ki qaldı şərhimə borcumdur...

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.