“Qadın qiyamı”

“Qadın qiyamı”

Şimali Azərbaycanda ilk “Qadın qiyamı” 1916-cı ildə Bakıda baş verib. (Foto: Arxa fon, sağ tərəfdə Qızıllı kilsə görünür)
Səbəb Bakıda alverçilərin yaratdığı süni qiymət artımı olub. Sonradan aparılan istintaqa görə, Bir qadın Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu da vurub dağıdır və başlayır tapdalamağa. Dükançı qadına əl qaldırmaq istəyəndə, qadınlar bir-birnə dəstək verməklə başlayırlar qarışıqlıq salmağa. Bir qadın olur 100, hücum edib başlayırlar meyvə, tərəvəz, baqqal, çörəkçi, qəssab dükanlarını dağıtmağa.
2-ci gün artıq meydanda minlərlə qadın var idi. 3 gün ərzində onlar 116 ərzaq, 70-ə qədər parça, paltar, geyim mağazasına və anbarına basqın edib talan ediblər. Qadınlar qarşılarına çıxan alverçiləri, otel müdürlərini, pristavları hətda onları evə çağıran ərlərini belə meydanda döyüb əzirmişlər. Həmən iğtişaşlarda 64 nəfər qiyamçı qadın, ayaq altında qalan uşaqları həyatını itirmiş. Bir o qədər hökumət məmurları, polis və soldat öldürülmüşdür.
Martınovun yazdığı raportda “Qadın qiyamı” zamanı şəhərə 2 milyon 957 min manat ziyan dəydiyi göstərilirdi. (o dövr üçün bu fantastik rəqəmdir, günümüzün milyardlarıdır)
Orxan Vəliyev



“Qadınlar qiyamı” haqda Manaf Süleymanovun məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim kitabında oxumuşam. Müəllif Bakıda 1916-cı ildə belə bir qiyam baş verdiyini yazır.Bu qiyamın iştirakçıları əsas etibarı ilə qeyri-millətlərdən olan qadınlar olub.Hüquqsuz vəziyyətdə yaşayan azərbaycanlı xanımların belə bir qiyam qaldırmağı da məntiqə yatmırdı.Manaf Süleymanov kitabında bir neçə tarixi sənədə, o cümlədən Bakı qalabəyisi Martınovun raportuna istinad edir.Amma altı cildlik Azərbaycan tarixinin müvafiq cildində bu haqda heç nə yazılmayıb.Mən hadisəni Manaf müəllimin kitabındakı kimi təqdim edirəm.Və düşünürəm ki, bu hadisə geniş şəkildə tədqiq edilməlidir.

1916-cı ilin əvvəlində Bakıda ən vacib ərzaq mallarının qiyməti xeyli bahalanmışdı. Altı nəfər möhtəkir ət ticarəti məqsədilə sindikat yaratmışdı. Bu sindikat Türkmənistandan qoyun gətirib, bazarlarda baha qiymətə satırdı. Həmin dəstə 1915-ci ilin dekabrında yüz əlli min baş qoyun alıb Hacı Dadaş Hüseynovun gəmilərində Bakıya daşıyır və Puta stansiyasındakı Baxça deyilən yerdə saxlayırdılar. Qoyunların hər birini əvvəllər 16-17 manata, 1916-cı ildə isə daha baha qiymətə satırdılar.Un, düyü, çörək, ət, toyuq, yumurta, göyərti və başqa ərzaq malları bahalanırdı. Dükançılar malları gizlədir, müştəriləri incidir və soyurdular.Qiymət bahalandıqca, ərzaq azaldıqca kasıbların səbr kasası dolurdu. 1916-cı ildə, fevralın 14-də Bakıda aclıqdan cana gələn qadınların güclü çıxışı - məşhur «Babiy bunt» - arvadların qiyamı baş verdi. Bu, Zaqafqaziyada qadınların ilk çıxışı idi.Üç gün davam edən və bütün şəhəri bürüyüb əhalini ayağa qaldıran iğtişaş və qarışıqlığa xırda bir əhvalat səbəb olmuşdu. Bir qadın Aleksandro-Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu da vurub dağıdır və başlayır tumu tapdalamağa. Elə buna bənd imiş kimi, qonşuluqdakı Bazar (Hüsü Hacıyev) küçəsindəki yüzlərlə arvad başlayırlar qarışıqlıq salmağa, hücum edib meyvə, tərəvəz, baqqal, bəzzaz, çörəkçi, qəssab dükanlarını talan etməyə. Qarışıqlıq Quba (Füzuli) meydanında və Balaxanı (Basin) küçəsindəki dükanlara da sirayət edir. Səbzəbazardakı taxta budkaları dağıdıb yandırırlar. Arvadlar, yeniyetmələr bazar-dükanı dağıdırlar.Hadisə yerinə atlı polis və yanğın dəstələri göndərilirsə də, izdihamın öhdəsindən gələ bilmirlər. Polis birinci gün atəş açmağa cəsarət etmir. Polismeyster və onların əlaltılarının bütün cəhdləri boşa çıxır. Arvadlar və uşaqlar su boçkalarını və yanğın maşınlarını araya alırlar. Yanğınsöndürən nasosu işə salmaq mümkün olmur. Həyəcana gəlmiş izdiham polis nəfərlərini daşa tutur. Aleksandro-Nevski ticarət cərgələri və Bazar küçəsindəki mağazaları talan edib dağıdandan sonra izdiham ətraf küçələrə hücum edir və qabaqlarına çıxan ərzaq anbarlarını dağıtmağa başlayır; iki dəstəyə bölünüb şəhərin zəngin mağazalarına hücum edirlər.Bu neçə min nəfərlik arvad seli «Metropol» (Nizami muzeyi) mehmanxanası olan yerdə, polis və atlı kazak dəstələrinin gözü qabağındaca başlayırlar zəngin mağazaların vitrinlərini və qapılarını sındırmağa. Rəhimov və Fərhadovun mağazalarını bir anda talan edirlər. Sonra da başqa mağaza və anbarlara daraşırlar. Qadınların bu dəhşətli, əqlə sığmayan qiyamı gecəyarıya qədər davam edir.İkinci günü, fevralın 15-də qadınlar böyük un, düyü və qənd mağazalarını, Skoblevin, Çolaq Ağabala Quliyevin və Qlazovun nəhəng dəyirmanlarını, un anbarlarını, «Rus» və «Samalyot» gəmiçilik şirkətlərinin müxtəlif çeşidli mal anbarlarını talan edirlər. Ac-yalavac qadınlar, qız və oğlanlar şəhərdə 116 ərzaq, 70-ə qədər parça, paltar, geyim mağazasına və anbarına basqın etmişdilər. Gözlənilmədən belə bir məzəli əhvalat da baş vermişdi; bir dəstə qadın həyət tərəfdən «Metropol» mehmanxanasının restoranına girib yemək tələb etmişdi. İstədikləri o dəqiqə yerinə yetirilmişdi. Nahar edib bayıra çıxan tox qadınlar qapıda rast gəldikləri şişman pristavı qamarlayıb hırıldaya-hırıldaya o qədər atıb tutmuşdular ki, kişinin ürəyi getmişdi.Ayın 16-da olan qarışıqlığı təsvir etmək mümkün deyil. İki gün əvvəl olub-keçənlər, bütün bunlarla müqayisədə heç nə idi. Çay təki axan, dəniz kimi dalğalanan arvadlar əllərinə keçənləri gecə yarıya qədər daşıyıb aparır, polisə və atlı kazaklara daş yağdırırdılar. Qadınların qiyamı yalnız ayın 17-də yatırıldı. Cəza dəstələri amansızcasına hücuma keçmişdi. Polis və kazaklara əmr edilmişdi ki, patron əsirgəməsinlər.Fevralın 14-də qarışıqlıq başlayanda qalabəyi Martınov şəhərdə yox imiş. Arvadları sakitləşdirmək əməliyyatına Qafqaz canişininin sərəncamı ilə Bakı general-qubernatoru rəhbərlik edir. O da şəhərdə hərbi qüvvənin azlığına görə (270 nəfər piyada, 160 nəfər isə atlı soldat varmış) heç nə edə bilməyib. Bakıya təcili surətdə polis və əsgəri hissələr gətirilir; Tiflisdən, Petrovskdan (Mahaç-Qala), Dərbənddən, Yelizavetpoldan (Gəncədən), Teymurxanşuradan (Buynaksk) yüzlərlə polis və atlı kazak gətirilir. Əlahiddə Qafqaz ordusundan da güclü qoşun, top-topxana gətirilmişdi. Bakıya qayıdıb əməliyyata şəxsən rəhbərlik etməyə başlayan Martınovu da arvadlar daşa basmışdılar. Onun əmrilə Skoblev dəyirmanını təzədən dağıtmaq istəyən arvadlara soldatlar 4 dəfə, Kaspi (l. Şmidt) küçəsindəki böyük şərab anbarına hücum edən arvadlara 2 dəfə yaylım atəşi açırlar.Atlı kazaklar Qaraşəhər körpüsünün yanında 1.000 nəfərlik arvad izdihamını pərən-pərən edib qovanda 4 adam öldürülür və atın ayaqları altında uşaq qalıb məhv olur. Merkuri (Şaumyan), Petrovsk (Neftçilər prospekti), Lebedinsk, Birjevoy (Üzeyir Hacıbəyov) və başqa küçələrdə kazaklar və polislər dəfələrlə yaylım atəşi açmışdılar. Əməliyyat Martınovun tərtib etdiyi plan üzrə aparılmışdı. Bakı şəhər rəisliyinin təhrif edilmiş məlumatına görə 64 nəfər adam iğtişaş vaxtı ölüb və yaralanmışdı; onlardan 30 nəfəri fevralın 14-də (bir ölən, 29 yaralanan), 17 nəfəri fevralın 15-də (bir ölən, 16 yaralanan), 17 nəfəri ayın 16-da (7 ölən, 10 yaralanan). Deyilənlərə görə, ölüb-yaralananların sayı çox imiş, hökumət məmurlarından polis və soldatlardan da xeyli ölən və yaralanan vardı.Martınovun yazdığı raportda qadınlar qiyamı zamanı şəhərə 2 milyon 957 min manat ziyan dəydiyi göstərilirdi. Neft sənayesi sahibkarları və bütün mürtəce əksinqilabi ünsürlərin əl- ələ verib polis və qoşun hissələrinin köməyilə qan bahasına yatırılan ac-yalavac qadın və yeniyetmələrin bu qeyri-mütəşəkkil çıxışı zəhmətkeşlərin gözünü daha da açdı.Bakıda baş verən bu gözlənilməz, qeyri-adi hadisə bütün Qafqazda əks-səda yaratdı və tezliklə başqa şəhərlərdə də arvadların çıxışlarına şərait yaratdı. Mübarizəyə qalxan qadınlar şallaq və güllələrdən qorxub tərksilah olmamışdılar. Onlar Bakı tacirlərinə, mağaza, anbar və dəyirman sahiblərinə ultimatum verib belə bir bəyannamə ilə müraciət etmişdilər: «Siz ey rəhmsiz qan içənlər, yaddan çıxarmayın ki, belə bir «qadın tufanı» bir də gələ bilər. O daha dəhşətli, daha amansız və qəzəbli olacaq. Heç bir qüvvə qabağımızı kəsə bilməyəcək. Bütün dükanlar və mağazalar, anbar və dəyirmanlar dağılıb yerlə-yeksan olacaq. Qan içənləri öldürəcəyik. Hamınız məhv olacaqsız».Arvadlar peyğəmbər kimi hər şeyi sanki əvvəlcədən duyublarmış. Düz bir il sonra daha böyük hadisələr baş verdi. Fevral inqilabı üç yüz illik Romanovlar xanədanını, çar mütləqiyyətini alt-üst elədi, 1917-ci il martın 2-də Bakı qəzetləri istibdadın devrildiyi barədə şad xəbəri səhifələrində iri hərflərlə çap etdilər. Fevral burjua-demokratik inqilabı qalib gəlmişdi.
Müəllif: Qan Turalı



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.