ONU TANIYIRIQMI?

ONU TANIYIRIQMI?


Onu tanıyırıqmı? - Qarabağ şikəstəsinin sözləri və musiqisinin müəllifi, “Müqəddəs Georgi” ordeni almış yeganə türk xanımı Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa.
Ağabəyim ağa 1780-cı ildə Şuşada anadan olmuşdur. Geniş ədəbi biliyə malik olan xanımın müəllimi atasının vəziri Molla Pənah Vaqif idi. Gözəlliyi, diplomatiya məharəti, həm də istedadı ilə bütün Qarabağda məşhur olan Ağabəyim ağa öz dövrünə görə gözəl təhsil almışdı. Ərəb, fars, ingilis və fransız dillərini mükəmməl bilirdi. Bütün bunlar xanımın sonrakı taleyində mühüm rol oynamışdır. Onun haqqında yazıçı Yusif Vəzir Çəmənzəminli özünün “İki od arasında” romanında məlumat vermişdir. Yazıçı həmçinin Ağabəyim ağanın öz əmisi oğlu Məmməd bəyə olan məhəbbəti barədə də söhbət açmışdır. Yusif Vəzir Çəmənzəminli İbrahimxəlil xanın saray həyatını dərindən bilirdi. Çünki, yazıçının atası Məşədi Mirbaba Mirabdulla oglu Şuşa bəylərindən olmaqla yanaşı həmçinin İbrahimxəlil xanın vəziri idi.(Yeri gəlmişkən Vəzirov soyadı da məhz bu vəzifəyə bağlı olaraq irsən ötürülmüşdür). Yusif Vəzir Çəmənzəminlinin yazdığına görə Ağabəyim ağanın bir xan qızı kimi həyatı qayğısız keşmişdir. Bu qayğısız illərdə onun sirdaşı dayəsi Nazlı bəyim olmuşdur. Ağabəyim ağa həmçinin Xurşid Banu Natəvanın bibisi idi.
Qacarın ölümü ilə dəyişən həyat
1797-ci ildə Qarabağ növbəti dəfə Ağa Məhəmməd şah Qacarın hücumuna məruz qalır. Qacar bu dəfə I yürüşündən fərqli olaraq Şuşanı tutur. Lakin qələbə sevinci uzun çəkmir. Sui qəsd nəticəsində öldürülür. Hakimiyyətə İranda Fətəli şah keçir. İki dövlət arasında münasibətlərin daha da kəskinləşəcəyindən ehtiyat edən İbrahimxəlil xan Ağa Məməmməd xanın cənazəsini İrana yola salır. Şah bundan razı qalır və İbrahim xana qılınc hədiyyə göndərir. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahim xana öz qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini söyləyir. İbrahim xan bu nigaha razılaşır və 1801-ci ildə qızını 200-dən çox xidmətçisi ilə birlikdə Tehrana göndərir.

Tehranda Şah sarayında
Deyilənlərə görə Ağabəyimağa şah sarayına daxil olarkən Fətəli şahın qarşısında baş əymir. Bundan qəzəblənən şah ona şahın hüzurunda olduğunu xatırladır. Cavabında isə Ağabəyim ağa deyir:
-Mən özüm də şah qızıyam.
Ümumiyyətlə çox qürurlu bir xanım olan Ağabəyim ağa qısa zamanda biliyi və gözəlliyi ilə şah sarayında hörmət qazanır. Öz vətənindən ayrılmaq istəməyən xanımın buradakı həyatında, yazdığı şeirlərində hər zaman bir nisgil, qəm qüssə hiss olunurdu. Onun könlünü şad etmək, üçün Fətəli şah Tehranda Vətən bağı adlı bir bağ saldırır. Şuşada bitən çiçəkləri buraya əkdirən şah bağbanı da Şuşadan gətirir. Ağabəyim ağa gəzintiyə çıxarkən öz vətənini xatırlıyaraq belə yazır:
“Vətən bağı” al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

Sarayda o, böyük hörmət qazanır və şah sarayında Ağabacı və ya Şahbanu ləqəbi ilə tanınır. Ağabəyim ağa burada gözəlliyi ilə ad qazandığı kimi, yüksək nitq mədəniyyəti ilə də şöhrət qazanmışdı. O, İranın siyasi-mədəni həyatı ilə maraqlanan ilk qadınlardan hesab edilir. Həmçinin tarixçilər Fətəli şahın şahlıq illərindən, saraydaxili münaqişələrdən bəhs edərkən Ağabəyim Ağanın həyatından da yazırlar. Onun əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına çalışması barədə də fikirlər qeyd olunur. Məsələn, tarixçilərin qeydlərində Ağabəyim ağanın “Sarı Aslan” ləqəbli İrəvan xanı Həsən xanın əsirlikdən azad etdirməsi barədə məlumatlar vardır. İngilis, fransız dillərini bildiyinə görə Ağabəyim ağa Avropa sarayları ilə məktublaşmışdır. 1811-ci ildə o, Napaleon Bonaparta məktub göndərmişdi. Rusiya çariçası, I Aleksandın xanımı ilə məktublaşmışdı . Bu zaman Rusiya çariçası Ağabəyim xanıma bu şəkildə məktub göndərmişdi: “Ey bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci zöhrəsi, tale ulduzu olmuşsunuz”.
1812-ci ildə İngiltərə səfiri Ser Qor Ouzli İranda danışıqlar aparırdı. Səfirin xanımı da ölkənin birinci xanımı ilə görüşmək istəyir. İngilis səyyahı-diplomatı Ceymz Moriyer bu görüşü belə təsvir edir: “Kraliça Ağabacının taxtda oturduğu böyük saraya girməsi üçün səfirin xanımına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı.Saraydakı görüşdə səfirin xanımı Ağabacı ağaya İngiltərə kraliçası adından bir ənbər — qiymətli ətir hədiyyə edir”. Həmçinin İngiltərə kralı I Georq İranda səfərdə olarkən ağlına, kamalına görə Ağabəyim ağaya “Müqəddəs Georgi” ordenini təqdim etmişdir. Ağabəyim ağa bu mükafatı alan yeganə türk xanımıdır.

Şeirləri ruhundan qidalanır
Ağabəyim Ağanın “Tuti” təxəllüsü ilə şeirlər yazdığını qeyd edirlər. Onun farsca şeirləri “Divani-Baci” adı ilə tanınır. Həmçinin qeyd olunur ki, Qarabağ Şikəstəsinin də müəlifi məhz Ağabəyim ağadır.
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Deyilənlərə görə Fətəli şah özü də şeir yazarmış. Amma Şahbanu bu şeirləri sevməzmiş. Şah bir gün şeir dəftərini Ağabəyimə verir və hansı şeiri bəyənməzsə üzərinə barmağını qoy deyir. Lakin dəftəri oxuyan Ağabəyim ağa dəftəri çevirib əlini dəftərin üzərinə qoyur. Şah bundan çox qəzəblənir. Lakin onun biliyi qarşısında geri çəkilir.

Müəmmalı ölüm
Həyatının sonuna yaxın Ağabəyim Ağanın sarayı tərk edərək Qum şəhərində yaşadığı bildirilir. Atası İbrahimxəlil xanın və ailə üzvlərinin Qarabağda ruslar tərəfindən amansızlıqla qətlə yetirilməsindən dərin üzüntüyə düşdüyü qeyd olunur. O, hətta rusların Qafqazdan çıxarılmasını arzu edirdi. Deyilənlərə görə məhz bu mövqeyinə görə 1831-ci ildə zəhərlənərək öldürülmüşdür. Qəbri Qum şəhərindədir.

yazını yazarkən Qarabağnamə, Yusif vəzir Çəmənzəminlinin 2 od arasında romanından və bir də internetdən topladığım məlumatlardan istifadə etmişəm


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.