Tanımadığımız qadınlar

Tanımadığımız qadınlar

 


 

Tarixdə tanımadığımız qadınlar haqqında nə bilirik?Onlar haqqında məlumatımız varmı.Tarixinfo vasitəsilə Azərbaycanın Almaniyada yaşamış ilk xeyriyyəçi qadını Mehparə xanım Tağızadə və öz gözəlliyinə görə "Qafqazın qızılgülü" adlandırılmış Kərimət xanım haqqında oxuduğum məlumatları sizlərlə bölüşmək istərdim.


Mehparə Tağızadəmaraqlı ömür yolu keçib, Almaniyada ilk xeyriyyəçi azərbaycanlı qadın kimi tanınıb.Əslən Şuşadan olan Mehparə xanımın atası Heydərqulu Mirzə Qacar nəslindən olub.  Sankt-Peterburqda hərbi təhsil alıb, sonra çar qvardiyasında qulluq edib. Heydərqulu Mirzənin beş övladı - Rəna, Rəhimə və Mehparə adlı qızları, Abbas Mirzə və Əhməd Mirzə adlı oğlanları olub. Mehparə xanım Heydərqulu Mirzənin üçüncü qızı olub.O,  1891-ci il fevralın 28-də Şuşa şəhərində doğulub.  Amma uşaqlıq və gənclik illəri atasının işlədiyi Sankt-Peterburq şəhərində keçib, orada qızlar gimnaziyasını bitirib. Doğma ana dilindən əlavə rus, alman, fransız və fars dillərini mükəmməl bilib. Eyni zamanda musiqi təhsili alıb. Fortepianoda gözəl ifa etməyi bacarıb. Hər il yay fəslində Şuşaya, ata-baba yurduna gələrmiş. O, burada zəngin iş adamlarından olan Məhəmməd Tağızadə ilə tanış olur.Mehparənin nənəsi Əzət xanım elçilərə belə deyir: "Bizim qızımız müasir dünyagörüşlü qızdır. O, müasir həyata alışıb. Məhəmməd Tağızadə onunla ailə qurmalı olsa, bu həyat tərzini davam etdirməlidir”. Məhəmməd Tağızadə onun qarşısına qoyulan şərtlərə əməl edəcəyinə söz verir. Beləliklə, onlar 1911-ci ildə ailə qururlar. Sonra Tiflis şəhərinə köçürlər. O, Mehparənin adına Tiflisdə böyük bir malikanə və bağ evi alır. Bir məsələni də qeyd edək ki,  Məhəmməd Tağızadənin böyük ticarət şəbəkəsi olub. O, Qafqaz, İstanbul və London arasında qiymətli daş-qaş, xalça və parça ticarəti aparıb, özünün fabrikləri olub. Onlar bir müddət Tiflisdə yaşayırlar. Sonra işlə bağlı Bakıya köçürlər.1920-ci ildə Azərbaycanda sovet hökuməti qurulduqdan sonra onların vəziyyəti çətinləşir. Yeni hökumət bütün zəngin adamlar kimi, onların da var-dövlətini əllərindən alır. 1929-cu ildə onlar ailəliklə Almaniyaya köçürlər, Berlində yaşamağa başlayırlar. Mehparə xanım burada fəal ictimaiyyətçi kimi ad çıxarır, türk-azərbaycanlı diasporu arasında təşkilati iş aparır. 1931-ci ildə Berlin Türk Xanımlar Klubunu yaradır. Berlin Elm və Sənət Cəmiyyətinin, Şərq İslam Cəmiyyətinin, Şərq Asiya Cəmiyyətinin, Berlin İslam Cəmiyyətinin və Qırmızı Xaç Təşkilatının üzvü olur. Almaniyada fəal bir təşkilatçı və xeyriyyəçi kimi tanınır. Bu fəaliyyətinə görə Qırmızı Xaç Təşkilatının "Ləyaqət” ordeni ilə təltif olunur. O, tez bir zamanda tanınıb və rəsmi dairələrin diqqət mərkəzində olub. Alman, türk və iranlı zəngin iş adamları bu təşkilatçı xanımın xeyriyyəçilik fəaliyyətinə dəstək verirlər. O özü də müxtəlif ölkələrin səfirlikləri, xüsusilə Türkiyə səfirliyi ilə sıx əlaqələr qurur. II Dünya müharibəsi illərində və müharibədən sonra Türkiyə Cümhuriyyətinin bir sıra mədəniyyət tədbirləri Mehparə xanımın evində qeyd olunur. Həyat yoldaşı Məhəmməd Tağızadənin maddi yardımı ilə təşkil edilən bayram tədbirlərində Türkiyə səfiri Kəmaləddin Sami paşa, yüksək vəzifəli alman diplomatları və İran səfiri yaxından iştirak edirlər. İrandakı Pəhləvi xanədanının sonuncu baş naziri doktor Əmini Berlinə hər gəlişində ziyafətlərə Mehparə xanımı dəvət edir. Belə tədbirlərdə Mehparə xanımın dəyərli fikirlərinə, təklif və məsləhətlərinə böyük önəm verilib.O, Almaniyada ictimai xadim kimi geniş tanınıb. Hətta diplomatik bülletenlərdə onun adı "Qacar xanədanının Almaniyada yaşayan yeganə şahzadəsi” şəklində qeyd olunub. Bir xeyriyyəçi kimi çox fədakar və qayğıkeş olub. Ehtiyac ucundan ona edilən bütün müraciətlərə həssaslıqla, diqqətlə yanaşıb. Bayram şənliklərində təşkil etdiyi ziyafətlərə müxtəlif dinlərə mənsub adamları qonaq çağırıb. Eyni zamanda onların bayramlarında da yaxından iştirak edib. Mehparə xanım 98 il ömür yaşayıb. Murad, Maqsud və Mənsur adlı oğlanları olub. 1989-cu ildə Berlində vəfat edib. Şəhərin ailə qəbiristanlığında dəfn olunub.                  "Qafqazın qızılgülü” adlandırılmış məşhur xanım kimdir? XIX əsrdə gözəlliyinə, cazibədarlığına görə bütün çar Rusiyası ərazisində "Qafqazın qızılgülü” adı ilə tanınan Kərimət xanım, sonuncu İlisu sultanı Daniyal sultanın qızı, Şeyx Şamilin ikinci oğlu Qazı Məhəmmədin həyat yoldaşı olub. Bir neçə il öncə onun qəbrinin yerini müəyyənləşdirmək mümkün olub. Şəki şəhərinin qədim qəbiristanlıqlarında qəbirüstü epiqrafik abidələri tədqiq etməklə məşğul olan ekspedisiya bir neçə il öncə öz işini uğurla başa vurub. Kərimət xanımla bağlı mövcud olan tarixi faktlar maraq kəsb etdiyindən onun dəfn olunduğu yerin dəqiqləşdirilməsi qərarına gəlinib. Sözü gedən məsələ ilə bağlı təşkil edilmiş ekspedisiyanın işinə ərəbşünas mütəxəssislər, filoloqlar və sair mütəxəssislər cəlb edilib. Şəkinin qədim qəbiristanlıqlarından birində ekspedisiya üzvləri tərəfindən Kərimət xanımın qəbri aşkarlanıb. Tarixçi C. Soltanovun qeydlərinə görə Şeyx Şamil çar Rusiyasına təslim olduqdan sonra (26 avqust 1859 – cu il) Kərimət xanım Şamilin ailə üzvlərindən biri kimi Kaluqada sürgün həyatı yaşayıb və öyrəşmədiyi iqlim şəraitinin təsiri ilə vərəm xəstəliyinə tutulub. O, çar Rusiyasının ən məşhur həkimlərinin ciddi səylərinə baxmayaraq 1862-ci il mayın 4-də Kaluqada vəfat edib. Doğulub boya-başa çatdığı tarixi Zaqatala dairəsinə hədsiz məhəbbət bəsləyən Kərimət xanım ölüm ayağında tarixi Zaqatala dairəsində, İlisuda dəfn olunmasını xahiş edib. Kərimət xanımın Kaluqada xəstələnərək vəfat etməsi imperator II Aleksandrı təsirləndirib. İmperatorun göstərişi ilə Kərimət xanımın cənazəsi dörd bir yanı aypara – ulduz nişanları ilə bəzədilmiş, xüsusi sarkofaqa qoyularaq atası Daniyal sultanın sürgün həyatı keçirdiyi Nuxaya göndərilib və burada Daniyal sultanın iştirakı ilə dəfn edilib. Hətta Rusiya imperiyası qarşısında xüsusi xidmətləri olan generallar Qafqaz müharibəsində həlak olduqda cənazələri Rusiyaya göndərilmir, onları həlak olduqları yerdə dəfn edirdilər. Eyni zamanda çar Rusiyasının hakim dairələri Qafqazdakı məmurlarına göstəriş vermişdilər ki, Kərimət xanımın cənazəsinin İlisu da daxil olmaqla tarixi Zaqatala dairəsinin heç bir yerində dəfn olunmasına icazə verilməsin. Çar Rusiyasının məmurları qorxurdular ki, cənazə Zaqatala dairəsində dəfn olunarsa, Kərimət xanımın qəbri əhalini çar Rusiyası əleyhinə səfərbər edən növbəti bir simvola çevrilə bilərdi. Bu üzdən də Kərimət xanım Nuxa ərazisində dəfn edilmişdi.



Kərimova Mətanət. Oğuz

Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.

 






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 avqust 2014 17:46
    Canim ELAY,cox maraqlidir.Ve heqiqeten de bilmeye ehtiyac duydugumuz melumatlardir.Twk love love love

  2. 25 avqust 2014 17:47
    Cox sagoolun,minnetdaram.dogurdan day maraglidi.

    --------------------

  3. 25 avqust 2014 17:50
    Melumat üçün çox sağolun

    --------------------

  4. 25 avqust 2014 18:15
    ELAY, zehmet deyil se deye bilersen, meqalinin evvelindeki sekil Mehpare xanimin seklidir,Kerimet xanimin yoxsa basqa xanimin?Evvelceden tesekkurler.

  5. 26 avqust 2014 11:28
    Hörmətli Poli, yazının əvvələindəki şəkil Mehparə xanımın şəklidir.Lakin, siz yazını yükləyib baxsanız orada Kərimət xanımın da şəklini görə biləcəksiniz.

  6. 26 avqust 2014 11:52
    Cox sag ol,ELAY.Ele indi yukledim.Tesekkurler.

  7. 26 avqust 2014 23:08

    Heddinden artiq maraqli  idi.Cox sag olun.


    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.