İlk azərbaycanlı tibb bacısı-Nigar Şıxlinskaya

İlk azərbaycanlı tibb bacısı-Nigar Şıxlinskaya

 

 Əliağa Şıxlınski ilə tanışlıq

        Nigar xanımın atası Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbzadə, Əliağanın anası Şahyəmən xanımla (Şair Molla Vəli Vidadinin nəvəsi) əmioğlu-əmiqızı idilər. Əliağa bəy 1865-ci il aprelin 23-də Qazax qəzasının Qazaxlı kəndində, doğulmuşdu. Nigar xanım ondan 6 yaş kiçik idi - 1871-ci il oktyabrın 10-da Tiflisdə ziyalı ailəsində dünyaya göz açmışdı. Anası Səadət xanım da Tiflisdəki Qafqaz Qadınları Xeyriyyə Cəmiyyətinin fəxri sədri idi. Nigar xanım ilk təhsilini evdə almışdı, sonra 1889-cu ildə Tiflis Nəcib Qızlar İnstitutunu qızıl medalla bitirmişdi. O, fransız və rus dillərində sərbəst danışırdı, ərəb və fars dillərini də əla bilirdi. Atası - məşhur din xadimi idi və qızının həyatında xüsusi rolu olmuşdu. Onun zəngin kitabxanası sayəsində Nigar xanım İran klassiklərini, Azərbaycan şairlərini oxumuş, ərəb dili və ərəb ədəbiyyatını, fars dili və fars ədəbiyyatını dərindən öyrənmişdi.Fransız dilini mükəmməl bilirdi.

    Əliağa Şıxlınski də ilk vaxtlar Nigar xanımın atasından təhsil almışdı.Əliağanın atası 1876-cı ildə -11 yaşında Əliağanı götürüb Tiflisə, qohumu Hüseyn Əfəndigilə gəlir. O vaxtdan Əliağa "tamamilə Mirzə Hüseyn Əfəndinin himayəsinə” keçir. Özü sonralar belə yazır: "Mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyətə borcluyam”. Əvvəl Tiflis Hərbi Gimnaziyasında oxuyur, sonra Sankt-Peterburqda Mixaylovski Artilleriya Məktəbinə daxil olur, məşhur artilleriyaçılardan dərs alır. Məktəbi bitirəndən sonra da böyük uğurlara imza atır, artilleriya bilicisi kimi tanınır. Bu artıq o zaman idi ki, Port-Artur döyüşünə hələ 4 il qalırdı..Hansı ki,bu döyüş onu dünyaya tanıdacaqdı

 

İlk azərbaycanlı tibb bacısı-Nigar Şıxlinskaya

 


 

 Ayrılıq

       Nigar xanım  Əliağa bəylə hələ Əliağanın Peterburqda oxuduğu illərdə məktublaşırlar. Müfti də, yəni Nigar xanımın atası məsələdən xəbərdarmış.  Hamı - bütün Şıxlinskilər ailəsi də bu sevgidən xəbərdarmış.Lakin....sən saydığını say,gör fələk nə sayır? Bu zaman Qazax qəzasına milliyyətcə acar  knyaz Məmməd bəy Palavandovu hakim təyin edirlər.O, Nigarın atası Hüseyin Əfəndi ilə dost idi. Çox keçmir Məhəmməd bəy Nigar xanımı Oğlu Dərviş bəyə istəyir. Nigarın anası Səadət xanım nə qədər deyirsə ki, qız bibisioğluna istəklidir, qonaqlar əl çəkmirlər. Və bir gün....Hüseyin Əfəndi qızını Dərviş bəyə verməyə razı olur. Şıxlınskilərə isə belə deyir Şıxlınski hərbçidir və o istedadlı olmasına baxmayaraq "şələsi dalındadır” bu gün bu şəhərdə, sabah bir başqa şəhərdədir, daim səfərdədir, bu səbəbdən də qızımı gavurların arasına qoymaram. Bundan sonra Əliağa 1908-ci ilə qədər Tiflisə geri dönmür.

Asan keçməyən illər

       İllər ötdü. Bu illər Nigar xanım üçün heç də asan keçmir. 1902-ci ildə Nigar xanımın əri sərxoşluqdan ölür. Onların yeganə oğlu isə uşağın əmisi tərəfindən gəzmək adı ilə evdən çıxarılır və oradan Türkiyəyə aparılır. Deyilənlərə görə onlar yolda tif xəstəliyindən vəfat edirlər. Nigar xanım sevimli oğlunu bir daha görmür. Keçən bu illər ərzində Əliağanın şöhrəti hər yana yayılır. O, Port Artur qəhramanı kimi şöhrət qazanır. Bu artıq o illər idi ki, Şıxlınskini "Artilleriyanın allahı” adlandırırlar. 1908-ci ildə Peterburqda çar sarayında Port Arturun müdafiəsində rəşadət göstərmiş hərbçilərin mükafatlandırılması mərasimi olur. Əliağa Şıxlınski əlində çəlik nisbətən axsayaraq öz mükafatını almaq üçün çara yaxınlaşır. Çar generalın əlini sıxaraq deyir:

-Hörmətli general,cəbhədən qayıdan əsgərdən soruşmazlar ki, ayağınız nədən axsayır? Amma sağalmadığınızı görürəm. Şıxlınski cavab verir.

-Əlahəzrət çar ayağımdan Port Arturun müdafiəsi zamanı yaralandım. Lakin sağalmır. Həkimlər bu yaranın yalnız mineral sularda sağalacağını qeyd edirlər.

-O zaman sizə Müqəddəs Georgi ordeninin 4 dərəcəsini verməklə yanaşı xərcləri 6 ay dövlət xəzinəsindən ödənilməklə Yesuntikidə müalicə almaq imkanı yaradıram. O, burada 2 ay müalicə olunur və ayağı tamamilə sağalır. Müalicəsi bitdikdən sonra Qazağa qayıdır.

Yenidən qarşılaşma..

Onun görüşünə bütün el-oba gəlir. Bir gün Tiflisdən Nigarın böyük qardaşı Bahadır Qayıbov da gəlir və Əliağanı evlərinə qonaq çağırır. Qonaqlığa gedən Şıxlınski Nigarı burada yenidən görür və burada nədən olduğunu soruşur. Ona Nigar xanımın ərinin sərxoşluqdan vəfat etdiyini və bir övladı olduğunu, Övladının isə əmisi tərəfindən Türkiyəyə aparıldığı, lakin ondan başqa xəbər alınmadığını deyirlər. Şıxlınski Həmin anda qərar verir "Nigarla evlənəcəm”.Onu Nigar xanımla evlənmək fikrindən daşındıra bilmirlər. O mənim ilk sevgimdir!..İllərdir onun ucbatından evlənmədim...” deyə cavab verir. Beləliklə 1909-cu ildə onların evlilik həyatı başlayır. Düz 22 illik evlilik həyatı.

İlk Şəfqət bacısı Nigar xanım

Nigar xanım ağlı, biliyi, dünyagörüşü ilə görkəmli sərkərdənin, doğrudan da, həyat dostu olur. Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın başçılıq etdiyi xəstəxana o qədər məşhurlaşıbmış ki, ora "Şıxlinski xəstəxanası” deyirlərmiş. O, həmçinin1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi. Bundan başqa 1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  "Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların  haqlarını qoruyurdu. 
   1918-ci ildən Ə.Şıxlinski Qafqaza qayıdır. Bakıya qayıtdıqdan sonra Nigar xanım "Yeni fikir” qəzetində Azərbaycan ədəbiyyatına, dilinə aid məqalələr yazır. "Dilimizdə olan ərəb, fars sözlərini mümkün qədər əvəz edib Azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz dilimizdə Azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda izahlarla işlətməliyik” deyə yazılmış məqalələri çapdan çıxır.

   Əbədi ayrılıq

1931-ci il avqustun 15-də generala ağır itki üz verir - Nigar xanım vəfat edir... Qeyd edək ki, Nigar xanımın anası Səadət xanım qızından bir il öncə dünyasını dəyişmişdi. Həm anasının ölümü, həm də bircə oğlunun Türkiyədə itkin düşməsi Nigar xanımı sarsıtmaya bilməzdi. "Mənim hər şeyim: həm səadətim, həm də səhhətim onunla getdi”. Ə.Şıxlinski "Xatirələrində” belə yazır. "Bir yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə görünmədi”. "Mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günü ilə hesablayın” - bütün bunlar generalın dediyi sözlərdir. 1931-ci il Şıxlınski üçün ağır il kimi yadda qalır o həm həyat yoldaşını həm də 47 illik dostu, silahdaşı Səməd bəy Mehmandarovu itirir. Bu iki əziz insanın ölümü Şıxlınskiyə çox pis təsir göstərir. Şıxlınski özü isə Nigar xanımdan 11 il sonra vəfat edir. Bu 11 il ərzində isə hər cümə axşamı günündə Nigar xanımın qəbrini ziyarət edir. Generalın 4 vəsiyyəti var və bu 4 vəsiyyətin dördündə də qeyd edir ki, məni sevimli Nigar xanımın yanında dəfn edərsiniz.  Əliağa Şıxlınskinin Nigar xanıma həsr etdiyi "Ey Sevdiyim Dilruba”, "Ana və onun əziz Nigarına” adlı şeiri var. Şeirlər o qədər incə ruhla yazılıb ki,istər istəməz bir hərbiçinin qələmindən çıxmasına inanmaq çətindir. Amma bu həqiqətən də belə idi.Şair qəlbli general və onun zəngin dünyagörüşə malik xanımına yazdığı bu şeirlər o qədər gözəldir ki,hətda  Üzeyir Hacıbəyov "Ey sevdiyim,ey dilruba” şeirinin 2 bəndinə romans bəstələmişdir. Əliağa Şıxlınski də elə Nigar xanımın vəfat etdiyi ayda 1942-ci ilin avqust ayında vəfat edir və Nigar xanımla yanaşı dəfn olunur.

 

İlk azərbaycanlı tibb bacısı-Nigar Şıxlinskaya

 Ey Sevdiyim,ey dilruba

Ey sevdiyim,ey dilruba,

Səbrim qərarımsan mənim.

Səd mərhaba, səd mərhaba

Nə türfə yarımsan mənim.

Görən səni ey nazənin,

Deyər: pəh-pəh səd afərin!

Dünyada mislin yox yəqin,

Əcəb dildarımsan mənim!

Gözəl zahirdə surətin,

Gözəl batin,təbiətin.

Gözəl hər işdə qeyrətin,

Namusum,arımsan mənim.

Mənim baharda bülbülüm,

Mənim qızılca sünbülüm.

Gülşənlərdə zərif gülüm,

Bağlarda barımsan mənim.

Səni ziyarət eylərəm,

Sənə ibadət eylərəm.

Həm çox sədaqət eylərəm.

Çün sən Nigarımsan mənim.

Mən aşiqin adı Əli,

Verdin bu dərsi bilməli.

Eşqindən olmuşam dəli,

Sən ahu zarımsan mənim.


Ana və obub əziz....

 

Dənizin üstündə bir ulduz yandı,

Dalğalar vuruldu işartısına.

Oxudu,ağladı, qəmli dayandı,

Yalnız əzabları qalmışdı ona.

Kədərli qayalar, dumanlı sahil,

Gecənin qoynunda inləyirdilər.

Fikirli dayanıb onlar elə bil,

Qəmli dalğaları dinləyirdilər.

Fəryada dönmüşdü dənizin səsi,

Ulduzlar sularda yırğalanırdı.

Tənha məhəbbətin qəmli nəğməsi,

Qaya qulaqlarda sırğalanırdı.

O uzaq göylərin dərinliyində,

Sözlü dodaq kimi səyridi ulduz.

Həsrət mənzilində, əzab dilində,

Sanki öz dərdini deyirdi ulduz.

O mavi göylərdən silinməyib iz,

Uzaq bir həsrətin ağrısı qalıb.

Kədərlə dinləyir göyləri dəniz,

 

Hıçqırır, inləyir, gözləri dolub.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 aprel 2015 23:06
    Mətanət məllimə çox gözəl bir tarixi istiqamət alıbsız. Tarixi şəxsiyyət qadınlarımızı işıqlandırmaqla şagirdlərimizin həvəsini artırırsız..Yorulmayasız.....5+

  2. 4 may 2015 13:01
    Çox sağ olun ki, siz bu sayt vasitəsilə bizə bu şəraiti yaratmısınız.

  3. 10 may 2015 11:06
    Saqolun Mətanət müəllim gözəl məqalədir

    --------------------

  4. 16 may 2015 05:49
    Təşəkkürlər!

  5. 23 may 2015 20:55
    Hörmətli Mətanət xanım, tarixdə izi olan qadınlarla bağlı növbəti yazınızı oxudum. Çox bəyəndim. Xüsusən də Ə.Şıxlinskinin Nigar xanıma yazdığı şeirləri də məqaləyə əlavə etdiyiniz üçün Sizə minnətdaram. Açığı, bu ciddi və dəmir xarakterli generalın belə zərif və kövrək duyğulara malik olduğunu təsəvvür eləmirdim. Sayənizdə təkcə Nigar xanımı deyil, həm də tanıdığımı güman etdiyim Ə.Şıxlinskini də yenidən kəşf etdim. Çox sağ olun!!!
    Yeni yaradıcılıq uğurları arzusu ilə Aydın Allahverdiyev

  6. 25 may 2015 19:19
    Aydın müəllim yazdıqlarımı oxuduğunuz və dəyərləndirdiyiniz üçün çox sağ olun.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.