Gəncənin işğalı və Gəncə əhalisinin muqavimeti

Gəncənin işğalı və Gəncə əhalisinin muqavimeti

 




Azərbaycanın Quba, Qarabağ və Lənkəran xanlıqları kimi mərkəzi hakimiyyətə tabe olmaq istəməyən və separatist siyasət yürüdən bəzi feodal hakimləri – xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə Rusiyaya müqavimət göstərə bilməyəcəklər. Odur ki, Rusiyanın guya onların istiqlaliyyətini qoruyacağı barədə verdiyi yalançı vədlərə uyaraq, öz xanlıqlarını bu yolla qoruyacaqlarını zənn edərək, rus himayəsini qəbul etməyə meyilli idilər. Mərkəzi hakimiyyətə qarşı çıxmayan Gəncə və Bakı xanları isə cənubdan gələcək köməyə ümid edərək, tam əks mövqe nümayiş etdirirdilər.
Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Bu siyasətin keçiricisi general Sisianov Car-Balakən bölgəsinin ələ keçirilməsinə böyük önəm verirdi. Çünki bu ərazi rus qoşunlarının Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Car-Balakəndə yerli əhalinin müqaviməti ilə rastlaşdı. Gürcüstanda antirus, iranpərəst dairələrə başçılıq edən və öz hakimiyyətinin bərpasına çalışan gürcü şahzadəsi Aleksadr isə silahlı dəstəsi ilə Cara gəldi. Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general Qulyakov heç bir hərbi ehtiyac olmadan Balakəni yandırdı. Martın 29-da Car fəth olundu. 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı
Sazişin şərtlərinə görə, carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq verməli, öz ərazilərində rus qoşunlarının yerləşdirməli idilər. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. Lakin camaatın iradəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz qaldılar. Qanlı döyüşdə carklılar üstünlük qazanıb qələbə çaldılar. Rus qoşunlarının salamat qalmış hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü.
1803-cü ilin martında müqavimət göstərmiş adamların əfv olunması barədə carlıların xahişini rədd etmiş Sisianovun şəxsi hərəkəti Carda baş vermiş hadisələrdə az rol oynamadı. O, nəinki əfv etmədi, əksinə öz məktubunda yerli xalqı həqarətlə "kafir əclaflar” adlandırdı və belə dedi:
"Dinsiz alçaqlar! Mən sizi çox dilə tutdum, siz isə dağıstanlıları çağırdınız, sonra da ürəklənib elə bir şey yazdınız ki, ləyanətimə toxunur. Siz doğru deyirsiniz, mən gürcüyəm, amma nə ağızla bunu yazmağa cəsarət edirsiniz? Mən Rusiyada doğulmuş, orada böyümüşəm, ruhum da rus ruhudur. Gözləyin qoy gəlib ora çıxım, onda evlərinizi deyil, sizin özünüzü oda yaxacaq, cocuq və qadınlarınızın içalatını çəkib çıxardacağam."
Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqaviməti davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular.
Car-Balakən bölgəsinin fəthindən sonra qonşu İlisu soltanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu, Soltanlıqda 40-cı illərin ortalarınadək soltan öz torpaqlarının daxili idarəsində hakimiyyətini qoruyub saxlamışdı.
Azərbaycanın, Dağıstan və bugünkü Gürcüstan əraziləri də daxil olmaqla, bir hissəsinin Rusiya tərəfindən işğalı Qacar hökumətinin və Türkiyənin, eləcə də bölgədə öz maraqları olan İngiltərə və Fransanın dərin narahatlığına səbəb oldu. Təbii ki, ən çox narahat olan Azərbaycanın özü idi. Çökməkdə olan səltənətin (imperatorluğun) taxt-tacına yiyələnən, fəqət mərkəzi hakimiyyəti möhkəmləndirməyə nail ola bilməyən Qacar hökuməti mövqelərini gücləndirməkdə olan Rusiyanın hərbi uğurları qarşısında aciz görünürdü. Buna baxmayaraq şah Güney Qafqaz sərhədlərində 70 minlik qoşun cəmləşdirə bildi. Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə sahil istehkamları qurulmuşdu. Fətəli şah Qacar itirilmiş torpaqları geri qaytarmağa hazırlaşaraq, öncə Tiflis və Gəncə ilə həmsərhəd olan bütün xanlıqları mərkəzi hökumətə tabe etmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu şimala göndərməyi qərara aldı, Avropa kralları və imperatorlarına məktubla müraciət edərək kömək istədi.
Gəncənin işğalı və Gəncə əhalisinin muqavimeti

General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi. O, 11 topu olan piyada batalyonu, 3 eskadron və 2 kazak yüzlüyündən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyakin komandanlıq edirdi. Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quluqobu adlı yerdə, rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. 1804 - cü il yanvar ayının 3- ü, orucluq bayramı günü qəhrəman Gəncə əhalisi öz igid sərkərdələri Cavad xanın başçılığı ilə, təkbaşına rus imperiyasının işğalçı ordusuna qarşı mübarizəyə başladı. Digər xanlar daxili çəkişmələr və düşmənçilik nəticəsində Cavad xanın köməyəinə gəlmədilər. Onlar öz ərazilərində oturuaraq gözləməyi qərara aldılar və bununla da Gəncənin işğalına və özlərinin sonrakı faciələrinə şərait yaratdılar.
Qüvvələr nisbəti qeyri bərabər olmasına baxmayaraq gəncəlilər qəhramanlıqla müdafiə olunurdular. Çar qoşunu sayca Cavad xanın qoşunundan 10 dəfə çox idi. 20 minlik rus qoşununa qarşı 2 min gəncəli qəhrəmanlıqla vuruşurdu. Cavad xan, Tağı və Həsən adlı iki oğlu, Mahmud və Bağır adlı iki qardaşı və 2 minə qədər əsgər Gəncənin müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldular.
Tarixçi Rəşid bəy Ismayılov gəncəlilərin qəhrəmanlığı barədə yazırdı:
"…Gəncəlilər həqiqətən şir kimi müqavimət göstərir, rusların üzərinə dolu kimi güllə, daş və ox yağdırırdılar. Əsgərləri görmək qəsdilə gəncəlilər yapıncıları neftlə isladıb onlara qarşı atırdılar. Topların sədası, güllələrin vıyıltısı, qalanın içindən çıxan ah – nalə ərşə dayanmış, ətrafa dəhşətli vahimə salmışdı… Qala bürclərindən birində Cavad xan topun üzərinə qalxaraq əlində siyrmə qılınc rusların hücumunu fövqəladə dərəcədə mətanətlə dəf edirdi."
Rusiya tarixçisi A.Kaspari özünün "Pokorennıy Kavkaz" (SPb, 1904) kitabında gəncəlilərin ölüm-dirim savaşından yayınmadıqlarını bildirir:
"Xanın ölümü duyulunca Gəncə qüvvətlərinin mənəviyyatı sarsıldı; beləliklə, savaş ruslar tərəfindən qazanılmış oldu. Savaş şəhər içinə keçirildi. Gəncəlilər şəhəri ev-ev müdafiə edirdilər. Buna görə çox ağır tələfat verdilər".
Cavad xanın qəhrəmanlığını ruslar özləri də etiraf edirdilər. Məsələn, rus qoşunlarının baş komandanı markiz Pauliççi Abbas Mirzəyə 20 fevral 1812 – ci il tarixli məktubunda yazırdı:
"Mərhum Cavad xanın qohum – əqrəbasına rast gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri müdafiə edərək əlində silah həlak olmuşdur. Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən olanların hamısına azadlıq verdim ki, Persiyaya köçsünlər."
Çar höküməti döyüş bitən günü, 1804 – cü il yanvarın 3 – də Imperatorluq zərbxanasında Gəncənin alınmasında iştiraka görə döş medalı təsis edildi. Minillik tarixi olan Gəncənin adı dəyişdirilərək, ona I Aleksandrın arvadı Yelzavetanın şərəfinə Yelzavetopol adı verildi. Yeni qaydaya görə Gəncə sözünü dilinə gətirən hər bir kəs bir qızıl cərimə ödəməli idi. Gəncə qırğınıdan məmun qalan I Aleksandırın Sisianova 5 fevral 1804 – cü ildə göndərdiyi məktubda deyilirdi:
"…Asiya qürur qarşısnda güzəştə getmək pis olardı və belə bir örnək o ölkənin başqa hakimlərini də dikbaşlığa gətirərək… sizə tapşırılan planın yerinə yetirilməsində sonralar çətinlik doğura bilərdi".
Cavad xanın böyük oğlu Uğurlu xan 1804 – cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da məğlub olub Irana getməyə məcbur oldu. O, 1826 – cı ildə Abbas Mirzənin və yerli əhalinin köməkliyi ilə yenidən Gəncəyə qayıtsa da 40 gündən sonra yenidən şəhəri tərk etməli oldu. 1826 – cı il sentyabrın 13 – də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən sonra o, azadlıq əldə edərək, Qacarların əlində qalan torpaqlara keçə bildi.
Gəncənin tutulması və Rusiyanın getdikcə Azərbaycanın içərilərinə doğru irəliləməsi Qacar hökumətini qəti tədbir görməyə məcbur edirdi. İtirilmiş mövqelərini bərpa etmək istəyən Qacarlar öz ərazilərində Rusiya imperiyasının hökmranlıq etməsi ilə heç cür barışa bilmirdi. Beynəlxalq durum çökməkdə olan Azərbaycan səltənətinin Rusiya işğalına qarşı çıxması üçün şərait yaradırdı. Rusiya çarlığı indiyə qədər Mərkəzdən heç bir yardım ala bilməyən xanlıqlara qarşı savaş aparır, onları ələ keçirərək yerli xalqı kölə halına salır, ələ keçirdiyi torpaqları bütöv bir etnik toplum, etnik birliyi olan bir torpaq kimi özünə qatmır, Balkanlarda
olduğu kimi dövlət qurumları yaratmırdı. Əksinə, Azrbaycanın tərkib hissəsi olan Tiflis və ətraf ərazilər hesabına sayca az olmalarına rəğmən xristian gürcülər qondarma bir etnik ərazi vahidi yaratmağa çalışırdı. Bu isə müsəlman türk torpaqlarının hüquqsuz bir müstəmləkə kimi imperiyanın sömürgə sisteminə qatılması demək idi.


 


Fətəli şah hələ Gəncə təhlükədə olarkən Cavad xanın köməyinə göndərmək üçün güclü silahlı bir orduya malik olmadığına görə çarəsiz qalıb ətrafdan kömək istədi. Fətəli şahın ordusu 7 aydan sonra Tehrandan Rusiya qoşunları ilə vuruşmaq üçün Azərbaycana tərəf yola düşdü. Bu orduya cəsur sərkərdə, o zaman cəmi 15 yaşı olan Azərbaycan hakimi, şahzadə Abbas Mirzə rəhbərlik edirdi.
Gəncənin işğalı və Gəncə əhalisinin muqavimeti



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 dekabr 2014 11:53
    Təşəkkürlər,Günel.Uğurlar......

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.