Urmiya xanlığı

Urmiya xanlığı
 

Urmiya xanlığı

 

Azərbaycanın cənub torpaqlarında yaranmış böyük xanlıqlardan biri də Urmiya xanlığı olmuşdur. Mərkəzi Urmiya şəhəri olan bu xanlıq Xoy, Marağa xanlıqları və Osmanlı imperatorluğu ilə həmsərhəd idi. Urmiya xanlığı da digər xanlıqlar kimi inzibati cəhətdən mahallara bölünürdü. Xanlıqda Mərgəvər, Tərkəvər, Sumay, Ənzəli, Sulduz, Nazlı, Urmiya və s. mahallar mövcud idi. Urmiya xanlığının əsasını Əfşar türk tayfasından olan, Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar (1747-1763) qoymuşdur. Fətəli xan xanlığın ərazisini genişləndirmək siyasəti yeridir. Birləşdirmə siyasətinə Təbrizi ələ keçirməklə başlayan Fətəli xan xanlığın paytaxtını buraya köçürür. Bu tədbir strateji əhəmiyyət daşıyırdı. Çünki Təbrizdən digər vilayətlərlə əlaqə saxlamaq və onlara nəzarət etmək imkanı daha real idi. Təbriz Azərbaycanın cənub torpaqlarının Fətəli xanın hakimiyyəti altında birləşdirilməsində bir növ mərkəz rolunu oynayırdı. Fətəli xanın bu siyasəti onu Zənd tayfasının nümayəndəsi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu mübarizə aparmaq üçün ittifaq yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı azərbaycanlılarından ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir. Birləşmiş qüvvələr Urmiya ordusunu geri oturdur.

Xorasanın cənubunda möhkəmlənmiş Kərim xan Zənd 1752-ci ilin sonunda Urmiya xanlığı üzərinə yürüş edir. Miyana ətrafındakı döyüşdə  Fətəli xana məğlub olan Kərim xan Fars vilayətinə qaçır. Onu təqib edən Fətəli xanın qüvvələri Qəmşə adlı yerdə zəndləri yenidən ağır məğlubiyyətə uğradırlar. Kərim xanın qardaşı İsgəndər xan əsir alınaraq edam edilir. Bu zaman Şimali İranda möhkəmlənmiş Məhəmmədhəsən xan Qacar da mərkəzi hakimiyyət uğrunda mübarizəyə başlayır. O, 1755-ci ilin yazında zəndlər üzərində qələbə çalır və İsfahanı ələ keçirir. Kərim xan Şiraza qaçır.

Məhəmmədhəsən xan cənub istiqamətində Ərdəbil və Lənkəran xanlıqlarının ərazilərindən, eləcə də Muğan düzündən keçərək Qarabağa hücum edir. Şuşanın bir aylıq müvəffəqiyyətsiz mühasirəsindən sonra geri çəkilən Məhəmmədhəsən xan əvvəlcə Təbrizi, sonra isə Urmiyanı tutur. 1759-cu ildə Məhəmmədhəsən xan öldürülür. Bundan istifadə edən Fətəli xan Təbrizə qayıdır və yenidən birləşdirmə siyasətini davam etdirir. 1759-cu ilin yayında Qarabağ xanlığı üzərinə yürüş Pənahəli xanın siyasi asılılığı qəbul etməsi ilə nəticələnir. Məhəmmədhəsən xanın ölümündən sonra İranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd isə yenidən fəallaşır. 1760-cı ilin payızında Azərbaycanın cənubuna hücum edərək Təbrizi mühasirəyə alır. Lakin bu mühasirə uğursuz olur. 1761-ci ildə yenidən hücuma keçən zəndlər Qaraçəmən döyüşündə məğlub olurlar. Bu qələbə Fətəli xanı arxayınlaşdırır. Bundan istifadə edən Kərim xan Zənd güclü ordu ilə yenidən hücuma keçərək Urmiya şəhərini mühasirəyə alır. Bu işdə bir sıra Azərbaycan xanları onun müttəfiqi olurlar. Urmiya qəhrəmanlıqla müdafiə olunsa da, 1763-cü ilin ortalarında süqut edir. Fətəli xan əsir alınır. Kərim xan Urmiyanın idarəsini Rüstəm bəy Əfşara tapşıraraq geri qayıdır. Bu zaman Azərbaycan tarixi üçün ibrətamiz olan "Şiraz qonaqlığı” adlı hadisə baş verir.

1763-cü ildə baş vermiş bu hadisə Azərbaycan tarixinin kədərli hadisələrindən biri olub, xalqımızın gələcək tarixində faciəli rol oynayır.  Bir sıra xanları özünə müttəfiq etməklə Fətəli xan Əfşarı aradan qaldırmağa nail olan Kərim xan Zənd yeni bir hiyləyə əl atır. Öz müttəfiqlərini qələbəni bayram etmək bəhanəsi ilə Şiraza qonaq aparır. Bu barədə tarixçi-salnaməçi Mirzə Adıgözəl bəy belə yazır: "Kərim xan Fətəli xanı da özü ilə bərabər götürüb mərhum Pənah xanla Darülelm Şiraza hərəkət edir. Yolda, İsfahan yaxınlığında, Fətəli xanla Kərim xan Zəndin qardaşı İsgəndər xanın vuruşduğu yerə gəlib çatırlar... Kərim xan Fətəli xandan soruşur: "Bu mənzili tanıyırsanmı, bu necə yerdir?» Fətəli xan da çəkinmədən cavab verib dedi: «Bəli, bu haman hərb meydanı və qorxulu mənzildir ki, İsgəndər xanın ömrünün günəşi burada batmışdır”. Kərim xan bu münasibətsiz cavabdan qəzəblənir... Dərhal Fətəli xanı axirətə, öz qardaşı İsgəndər xanın yanına göndərir”.

Kərim xan "qonaqlıq” adı ilə Azərbaycan xanlarını vətənlərindən uzaqlaşdırır. Onlar bir növ girova çevrilirlər. "Şiraz qonaqlığı” nəticəsində Qarabağ və Qaradağ xanlıqları bir müddət Kərim xan Zənddən asılı vəziyyətə düşürlər. Girov götürülmüş Azərbaycan xanları Kərim xanın çalışmasına baxmayaraq "qonaqlığın” gözqamaşdırıcı görünüşünə aldanmırlar. Müxtəlif yollarla buradan çıxmağa çalışaraq, xanlıqlarla əlaqələrini bərpa edirlər. Bir sözlə, "Şiraz qonaqlığı” istənilən nəticəni vermir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 23 avqust 2012 20:53
    maraqliydi

  2. 4 may 2013 17:21
    twkr edirem

  3. 23 noyabr 2013 21:53
    QARAQOYUNLU HAQQİNDA BİLMEK İSTİYİREM.

  4. 13 yanvar 2014 20:48
    Təşəkkür edirəm. Cavad xanlığı haqqında bilmək istəyirəm.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.