Azərbaycaın qərb torpaqları Osmanlıların hakimiyyəti altında. İstanbul müqaviləsindən sonra Osmanlı qoşunları 1724-cü ilin yayında Salmas, Xoy və Mərəndi tuturlar. Osmanlı sərkərdəsi Abdulla paşa Təbrizi mühasirəyə alır. Bu vaxt Ərdəbildə olan Şah II Təhmasibin Təbrizin müdafiəsi üçün göndərdiyi xüsusi dəstə osmanlıları geri çəkilməyə məcbur edir. Həmin ilin sentyabrında əhalisinin hamısı türklərdən ibarət olan İrəvan qalası, Naxçıvan və Ordubad şəhərləri, eləcə də Qazax və Borçalı elləri könüllü surətdə Osmanlı hakimiyyətini qəbul edirlər.
Rus qoşununun Dərbənd, Bakı və Salyanda, rus donanmasının isə Xəzərdə olması Cənubi Qafqazda hərbi-siyasi vəziyyətə təsir göstərir. Həm bu səbəbdən, həm də xristian əhalinin müqaviməti üzündən osmanlıların irəliləməsi xeyli ləngiyir.
Yadelli işğalçıların zülmündən yaxa qurtarmaq üçün 1723-1725-ci illərdə və sonralar Azərbaycanın şimal-qərb bölgəsinin əhalisi türklərə müraciət edərək təkidlə onlardan kömək istəyir. Rusiyanın yerlərdə əlaltısı olan ermənilər isə, I Pyotrla sıx əlaqə saxlayır, Cənubi Qafqazın, o cümlədən, Azərbaycanın digər bölgələrinin işğalında ona kömək göstərəcəklərini vəd edirdilər. 1724-cü ilin may-avqust aylarında ermənilər kömək üçün I Poytra və Bakıda olan rus komandanlığına məktubla müraciət edirlər. Lakin xristian mənşəli əhalinin müqaviməti Osmanlı qoşununun sürətini azaltsa da, onun qarşısını ala bilmir. Osmanlılar yavaş-yavaş Azərbaycanın içərilərinə doğru irəliləyirlər.
1725-ci ilin mayında Osmanlı qoşunları yenidən Təbriz şəhərini mühasirəyə alır, iyulda isə şəhəri qismən zəbt edirlər. Buradan Gəncəyə doğru hərəkət edən qoşun avqust ayında Gəncəni tutaraq Qarabağa doğru irəliləyir. Nəhayət 1725-ci ilin sonlarında Osmanlı əsgərləri, İstanbul müqaviləsinə görə Osmanlı işğal dairəsinə daxil olmayan Ərdəbil şəhərini tuturlar. Bu münasibətlə İstanbulda atəşfəşanlıq keçirilir.
İstanbul müqaviləsindən sonra Azərbaycanın böyük bir hissəsini ələ keçirən Osmanlılar Azərbaycanın qalan hissəsini, Dağıstanın və Səfəvilərin Xəzəryanı bölgələrini də ələ keçirmək üçün ciddi hazırlağa başlayılar.
İşğal olunmuş Azərbaycan ərazilərində osmanlılar yeni idarə üçulu tətbiq edirlər. Səfəvilər dövründə mövcud olan inzibati idarə bölgüsü saxlanılmaqla, Azərbaycan ərazisi hərbi inzibati vahidlərə-vilayətlərə və bəylərbəyiliklərə bölünür. Hərbi əməliyyatlar zamanı vilayətlərdə iri hərbi-inzibati, habelə siyasi və maliyyə işləri sultan tərəfindən təyin edilən sərəsgərin əlində cəmləşir. Bir qədər kiçik bölgələri idarə etmək sancaqbəyilərə, naiblərə və kətxudalara həvalə olunur.
Azərbaycanın Kürdən şimaldakı torpaqları isə xüsusi status alır. İstanbul müqaviləsinə əsasən bu ərazidə Osmanlı dövlətinə hərbi qüvvə saxlamağa icazə verilmirdi. Həmin bölgə yerli hakimlər tərəfindən idarə olunurdu. Buna görə də Əli Sultan «paşa» titulu alaraq Şəki hakimi təyin edilir. Ərəş və Qax da bu cür idarə sisteminə keçirilir.
Osmanlılar strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Gəncə, Təbriz və Ərdəbil şəhərlərinin möhkəmləndirilməsinə böyük diqqət yetirir, hərbi əməliyyatlar zamanı dağılımış abidələri bərpa etməklə yanaşı, yeni memarlıq abidələri də inşa edirlər.
Osmanlılar Azərbaycanda aqrar münasibətlərin xarakterində yeni köklü dəyişikliklər edə bilmirlər. Əvvəlki torpaq mülkiyyəti formaları saxlanılır. Osmanlılara müqavimət göstərən yerli feodallara məxsus torpaqlar alınaraq dövlət mülkiyyətinə qatılır. Osmanlı hakimlərinin tərəfini saxlayan torpaq sahiblərinin hüquqları isə qüvvədə qalır. Bundan əlavə, dövlət tdarəsinə keçən torpaqlar Osmanlılara xidmət edən yerli feodalların şərti mülkiyyətnə verilir, bəylik və ağalıq adlandırılır.
Bu dövrdə Azərbaycanın çox yerlərində ərzaq qıtlığı müşahidə olunmağa başlyır. Hər yerdə taxılın qiyməti qalxır. Əhalinin müharibədən zərər çəkdiyini nəzərə alan Osmanlı dövləti 1725-1728-ci illərdə Cənubi Qafqazda qismən yumşaq vergi siyasəti tətbiq edir. Gömrükxanalarda gömrük və rəhdari, rəsmi kapan (tərəzi xərci) adlanan vergilər alınır, əhalinin güzəranını yaxşılaşdırmaq məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir.
Osmanlı hakim dairələri bəzən vergilərin və gömrük xərclərinin toplanmasını müqaitəyə, yəni iltizama da verirdilər. Naxçıvan dəftərləri adlanan maliyyə sənədlərindən məlum olur ki, Osmanlılar qadınları, uşaqları, qocaları, şikəstləri, xəstələri, habelə zehni əməklə məşğul olanları vergidən azad etmişlər. Bəhs edilən dövrdə Azərbaycanda Səfəvi və Osmanlı ölçü, çəki və pul vahidlərindən istifadə olunmuşdur.
Rəylərin sayı:.