Təəsüf doğurur....

 

Möhtərəm prezidentimiz öz çıxışlarında dəfələrlə vurğulayıb ki, müasir dövrdə hər şeyi elm, savad, bilik və təhsil həll edir. Bu baxımdan təbiidir ki, məktəblərdə şagirdlərin bilik səviyyəsi, müəllimlərin hazırlıq dərəcəsi böyük rol oynayır. Şagirdlərin hazırlığı məsələsində isə dərsliklərin kamilliyi məsələsi xüsusilə böyük önəm kəsb edir. Bu baxımdan 2015-ci ildə "Çaşıoğlu" nəşriyyatı tərəfindən Hamlet Əliyevin, Nizami Heydərovun, Elnur Hüseynovun, Şəhla Quliyevanın və Səxavət Zeynalovun müəllifliyi ilə çapdan çıxan ümumtəhsil məktəblərinin VII sinifləri üçün "Ümumi tarix" dərslikləri xüsusilə diqqəti cəlb edir. Belə ki, üç bölmədən ibarət olan haqqında söz gedən dərslikdə hər bir bölmənin əvvəlində şagirdləri tədris olunacaq mövzulara hazırlamaq üçün müvafiq və qeyri-müvafiq şəkillər verilir və onların hansı dövrlərə aid olduğu soruşulur. Təbii ki, belə şəkillər hələ müvafiq mövzular tədris edilməzdən əvvəl şagirdlərdə ilkin təsəvvür yaradır ki, bu da sonradan onların şagirdlər tərəfindən mənimsənilməsini asanlaşdırır. Bundan başqa, tarixləri araşdırılacaq ölkələr dünya xəritəsində nömrələnmiş şəkildə verilib, bu ölkələrdə ilk dəfə nələrin kəşf olunması haqqında isə ayrıca suallar qoyulub. Təbiidir ki, bu suallara cavab tapmaq da şagirdlərdə tədris ediləcək mövzular, ölkələr haqqında ilkin təsəvvür yaradır ki, bu da son nəticədə tədris ediləcək mövzunun onlar tərəfindən daha yaxşı qavranılmasına səbəb olur. Hər bir mövzunun əvvəlində isə haqqında söz gedən əsas məsələlər, proseslər haqqında böyük, məşhur şəxsiyyətlərin söyləmiş olduqları fikirlər çox qısa, yığcam şəkildə verilib ki, bunlar da yenə şagirdlərdə tədris ediləcək mövzu haqqında ilkin təsəvvür yaratmaqla həm əqli hücum, həm də motivasiya rolunu oynayır. Bundan başqa, hər bir tədris olunacaq mövzunun əvvəlində yenə də şagirdlərdə müvafiq paraqraf haqqında ilkin təsəvvür yaratmaq üçün şəkil, xəritə, açar sözlər verilib ki, bunlar da ümumilikdə dərsdə əqli hücum rolunu oynayır. Qeyd edilənlərdən başqa hər bir bölmənin əvvəlində haqqında söz gedən dövrə aid olan bütün məzmun xətləri üzrə çox maraqlı araşdırıcı suallar verilib ki, bunlar da hər bir müəllimə səriştəlik dərəcəsindən asılı olmayaraq şagirdlərdə danışılan məsələlər haqqında anlayış yaradır. O da qeyd olunmalıdır ki, kitabın içindəki hər bir mövzunun şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün müvafiq qaynaq və mənbələrdən şagirdlərin müzakirəsi üçün kiçik də olsa parçalar verilib. Belə mənbə və qaynaq parçalarının müzakirəsi isə təbii ki, şagirdlərdə məntiqi təfəkkür prosesini daha da dərinləşdirir, nəticə etibarı ilə onların daha iti düşüncəli və dərrakəli olmalarına səbəb olur. Bu isə, şübhəsiz ki, son nəticədə şagirdlərin daha geniş və əhatəli biliyə sahib olmaları ilə yekunlaşır. Orta əsrlər dövrünə aid bu dərsliyin müsbət cəhətlərindən biri də öz əksini onda tapıb ki, burada haqqında söz gedən hər bir ölkənin dünyanın siyasi xəritəsindəki yeri ayrıca göstərilib. Beləliklə, şagirdlər dərsə başlamazdan əvvəl öyrənəcəkləri ölkənin, eləcə də onun yaxın qonşularının dünyanın siyasi xəritəsində harada yerləşdiyini bilirlər. Deyilənlərdən başqa hər bir mövzuya aid müxtəlif yad dillərdə olan termin və sözlərin şagirdlər tərəfindən yaxşı dərk edilib başa düşmələri üçün lüğətdə verilib ki, bunların da xüsusilə böyük rolu var. Kitabın müsbət cəhətlərindən danışarkən onu da qeyd etmək yerinə düşər ki, burada tədris ediləcək demək olar ki, hər bir mövzuda, müxtəlif ölkələrin ayrılıqda çox yığcam, qısa şəkildə həm daxili, həm də xarici siyasəti, eləcə də elm və mədəniyyəti müvafiq rəngli, al-əlvan, gözoxşayan şəkillərlə verilib ki, bunların da şagirdlərin dərsi mənimsəmələrində çox böyük rolu var. Şagirdlərdə keçiləcək mövzular haqqında ilkin təsəvvür yaratmaq üçün hər bir paraqrafın əvvəlində ən azı beş sözdən ibarət açar sözlər verilib ki, bunların da xüsusilə böyük əhəmiyyəti var. Belə ki, bu sözlər də həmçinin öz növbəsində şagirdlərdə tədris ediləcək mövzu haqqında ilkin təsəvvür yaradır ki, bu da şagirdlərin dərsi daha yaxşı başa düşmələrinə və uzun müddət yadlarında saxlamalarına imkan verir. Dərsliyin müsbət cəhətlərindən danışarkən belə bir cəhəti də qeyd etmək yerinə düşər ki, hər bir paraqrafın sonunda şagirdlərin uzun müddətə yadlarında saxlamaları üçün vacib olan müvafiq şəxsiyyət, yer, mədəniyyətə aid termin və sözlər onların internetdə tapmaları üçün ayrıca "Axtarın" termini adı ilə verilib. Şübhəsiz ki, şagirdlərin müxtəlif mövzulara aid belə terminləri internetdə ayrıca axtarıb tapmaları gələcəkdə onların müstəqil şəkildə tədqiqat işləri aparmaq üçün zəruri olan vərdiş və xüsusiyyətlərin yaranmasına səbəb olur. Hər bir mövzunun sonunda haqqında söz gedən hadisənin zaman oxu üzərində göstərilməsi də, təqdirəlayiq hal kimi göstərilməlidir. Belə ki, müxtəlif rənglərlə verilən zaman oxu və müxtəlif hadisələrin verildiyi çərçivənin şagirdlərin yaddaşında uzun müddət qalmasına səbəb olur. Haqqında söz gedən dərsliyin müsbət cəhətlərindən biri də özünü onda göstərir ki, qədim tarixə malik bir sıra ölkələrin - Ərəb xilafətinin, Çinin, Hindistanın, Səlcuq, Osmanlı, Teymuri imperatorluqlarının tarixinə aid ən vacib, maraqlı, uzun müddət yadda saxlanılmalı hadisələr "Öyrənin" başlığı ilə ayrıca verilib. Dərsliyin zənnimcə ən orijinal, müsbət cəhətlərindən biri də türk xalqlarının tədrisinə aid hissədə özünü göstərir. Belə ki, dərslikdə "Yeni türk dövlətləri" adlı bölmədə Hun, Bulqar, Oğuz, Uyğur və Qıpçaq türklərinin özlərinin də, böyük bir ağacın budaqları kimi necə ayrı-ayrı hissələrə bölünmələri göstərilib. Digər səhifədə isə Mərkəzi Asiya dövlətlərinin ayrı-ayrı rənglərlə verilməsi, onların fonunda isə üzərində Oğuz xanın təsviri olan Türkmənistanın pul vahidi - 100 manatın şəklinin verilməsi xüsusilə güclü təəssürat yaradır. Belə güclü təəssürat yaradan əyani vəsaitlərin, rəngli şəkillərin verilməsi isə ayrı-ayrı mövzuların, fakt və hadisələrin (xüsusilə türk xalqlarının kök və budaqlarının ayrıca verilməsi ilə onların hər birinin ayrı-ayrılıqda) uzun müddət yadda qalmasına səbəb olur ki, bu da tədrisin qarşısında duran ən vacib məsələlərdəndir. Bu dərsliyin müsbət cəhətlərindən danışarkən hər bölmənin sonunda "Özünüzü yoxlayın" başlığı altında şagirdlər üçün nəzərdə tutulan müxtəlif orijinal tapşırıqlar xüsusilə diqqəti cəlb edir. Belə ki, burada ayrı-ayrı ən vacib, aparıcı mövzulara aid bir-birinə çox yaxın, oxşar məlumatları bildirən cümlələr verilib ki, onların arasından düzgün olanlarını seçmək, şagirdlərdən kifayət qədər dərin bilik tələb edir. Bundan başqa burada keçilmiş bölmənin müxtəlif paraqraflarına aid müxtəlif açar sözlər verilib ki, onların vasitəsi ilə şagirdlərdən A4 vərəqi həcmində kiçik hekayə yazmaq tələb olunur. Heç şübhəsiz ki, bu da həmçinin şagirdlərdə keçdikləri bölmədə olan paraqraflara aid ətraflı, dərin biliyin yaranmasına səbəb olur. Bütün yuxarıda sadalanan müsbət cəhətləri ilə bərabər dərslikdə təbiidir ki, bəzi çatışmazlıqlar və nöqsanlar da var. Belə ki, bir çox paraqraflar həddən artıq ixtisarlar, sıxlaşdırmalar üzündən ən vacib məlumatlardan məhrum olub. Hesab edirəm ki, bu dərəcədə ixtisar yolverilməzdir. Bundan başqa bəzi şəkillər tam uğurlu alınmayıb. Amma ən mühüm şərt olan dərslikdə nə qədər yer tutub. Halbuki o şəkillərin əvəzinə şagirdlərə nə qədər bilik vermək olardı. Məsələn, dərsliyin 40-cı və 41-ci səhifəsində "Qaraxanlılar" və "Qəznəlilər" paraqrafları o qədər ixtisar olunub ki, az qala TQDK-nın təsdiq etdiyi rəsmi Dövlət Proqramının tələbi ilə şagirdlərin bilməli olduqları bir çox məlumatlar dərslikdən çıxarılıb. Amma, ümumiyyətlə götürdükdə kitabın çap olunması hesab edirəm ki, ölkəmizdə dərsliklərin hazırlanması istiqamətində irəliyə atılan çox böyük bir addımdır. Belə gedərsə, yaxın gələcəkdə daha sanballı, elmi tutumlu, müasir dövr təhsilinin tələbinə kifayət qədər yüksək səviyyədə cavab verən dərslikləri görə biləcəyimizə ümidliyəm.

 

 

İlqar Abdullayev,

 

Nərimanov rayonu, MLK-nın tarix müəllimi, "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi, əməkdar müəllim.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.