Müəllimlərin qiymətləndirilməsi ilə bağlı......

Müəllimlərin qiymətləndirilməsi ilə bağlı......

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlara artıq başlanılıb. SİA-nın xəbərinə görə, bu məqsədlə, bu gün Bakı şəhərinin ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib.Görüş zamanı məktəb direktorları Sınaq Qiymətləndirilməsinin əsas məqsəd və mahiyyəti barədə məlumatlandırılmış və sualları cavablandırılıb. Bununla yanaşı paytaxtın 12 rayonu üzrə ümumtəhsil müəssisələrində dərs deyən müəllimlərlə də yerlərdə görüşlərin keçirilməsinə və onların da Sınaq Qiymətləndirilməsi barədə məlumatlandırılmasına başlanacaq.Nəzərinizə çatdıraq ki, Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.

Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə ən çox verilən suallar

• Sual: Sınaq Qiymətləndirmədə kimlər iştirak edəcək?
• Cavab: Sınaq Qiymətləndirmədə Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər və analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər
(digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla) iştirak edəcəkdir.
• Sual: Sınaq Qiymətləndirmədə kimlər iştirak etməyəcək?
• Cavab: Qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəkdir.
• Sual: Sınaq qiymətləndirmənin attestasiyadan fərqi nədir?
• Cavab: Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə sınaq xarakter daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Effektiv və harmonik təhsil mühitini yaradılması təhsilalanlara əldə etdikləri biliklərin tətbiq etməsi üçün çox vacibdir. Bu mühitin yaradılması dünya təcrübəsində də istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və bacarıqlarının vaxtaşırı monitorinqindən keçir.
• Və ən əsası, attestasiyadan aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılır, SQ-də isə belə hal mövcud deyil. 
• Sual: SQ-də hamı iştirak etməlidirmi?
• Cavab: Bütün müəllimlər bu qiymətləndirmə prosesindən keçməlidir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsinin təmin olunmasına şərait yaradan SQ səriştəli təhsilverənin karyera inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan təhsilverənlərin bu qiymətləndirmə prosesindən keçməsi onların karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üçün vacibdir. 
• Sual: SQ nəyə xidmət edir?
• Cavab: SQ müəllimlərin peşəkar inkişaf istiqamətlərini, onların karyera inkişafını müəyyənləşdirir, nəticəyönümlü əməkhaqqı sistemini stimullaşdırır, təhsilverənin daim öz bilik və bacarıqlarını artırması üçün münbit şərait yaradır. Bu proses eyni zamanda təhsilverənlərin attestasiyasına hazırlıq xarakteri daşıyır. 
• Sual: SQ-dan keçən müəllimlər üçün stimullaşdırıcı tədbirlər nədən ibarət olacaq? Bu tədbirlər müəllimlərin SQ-dən keçməsi üçün kifayət qədər cəlbedici olacaqmı?
• Cavab: SQ prosesində yüksək nəticələr əldə edən müəllimlər maddi və mənəvi stmullaşdırılması nəzərdə tutulur. Bu prosesin attestasiyaya hazırlıq mərhələsi kimi bir növ "əsas döyüşqabağı məşq” olduğunu və təkmilləşmə məqsədilə zəif yerlərin müəyyənləşdirilməsi üçün əsas vasitə olmasını nəzərə alaraq, cəmiyyət tərəfindən müsbət qarşılanacağına ümid edirik. Gələcəkdə bu tip qiymətləndirmənin nəticələrindən təhsilin keyfiyyətinin artırılmasında istifadə olunacaqdır.
• Sual: SQ-dan keçmək üçün yaş həddi müəyyənləşibmi? Bütün müəllimlər bu prosesdən keçməlidirmi?
• Cavab: Hazırda Bakı şəhərində Təhsil Nazirliyi sisteminə daxil olan, müəllimlik fəaliyyəti ilə məşğul olan hər kəs qiymətləndirmədən keçməlidir.
• Sual: SQ nə zaman keçiriləcək?
• Cavab: Təhsil nazirinin müvafiq əmrinə əsasən SQ-nın iyun ayında keçirilməsi nəzərdə tutulub.
• Sual: Qiymətləndirmə hansı ixtisaslar üzrə aparılacaq və neçə sualdan ibarət olacaq?
• Cavab: Qiymətləndirmə 19 ixtisas üzrə və 80 sualdan (40 ixtisas, 20 metodika, 20 kommunikativ sual) ibarət olacaq.
• Sual: SQ-nın nəticəsi nə qədər müddət üçün keçərlidir?
• Cavab: Bu proses tədqiqat xarakteri daşıdığından etibarlılıq müddətindən söhbət gedə bilməz.
• Sual: Müəllimlərin peşəkarlıq səviyyəsi hansı meyara əsasən müəyyən ediləcək?
• Cavab: Müəllimlərin peşəkarlıq səviyyəsi ixtisas bilikləri, metodiki bacarıqlar və kommunikativ qiymətləndirmənin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Burada hər bir bölmə üzrə verilən cavablara fərdi yanaşılacaq. 
• Sual: Əgər bir müəllim üzrlü səbəbdən qiymətləndirmədə iştirak edə bilməzsə, onun üçün yenidən bu prosesdə iştirak etmək imkanı yaradılacaqmı?
• Cavab: Müəllimlərin bu prosesdə iştirakının zəruriliyini nəzərə alaraq, qiymətləndirmə tarixlərinə yaxın müddətdə onların yenidən SQ-da iştirakı üçün şərait yaradılacaq.
• Sual: Cavablar üzrə orta bal necə müəyyənləşdiriləcək?
• Cavab: SQ imtahan olmadığı üçün burada orta bal anlayışı yoxdur.
• Sual: Nəticələr nə zaman, necə və kim tərəfindən elan olunacaq?
• Cavab: Nəticələr qiymətləndirmədən 3 gün sonra BŞTİ tərəfindən ümumtəhsil məktəblərinə göndəriləcək.
• Sual: Qiymətləndirmə İKT vasitəsilə aparılacaq? 
• Cavab: Qiymətləndirmə yazılı test vasitəsilə aparılacaq.
• Sual: Qiymətləndirmə necə saat davam edəcək?
• Cavab: Qiymətləndirmə 2 saat davam edəcək. 
• Sual: Sınaq qiymətləndirmədə fəxri ad və mükafata layiq görülənlər, "Əməkdar müəllim”lər və "Ən yaxşı müəllim”lər üçün güzəştlər nəzərdə tutulubmu?
• Cavab: Bununla bağlı heç bir güzəşt nəzərdə tutulmayıb və bu müəllimlərin SQ-də öndə gedərək nümunə olmalarını gözləyirik.
• Sual: SQ-də obyektivlik necə qorunacaq?
• Cavab: Monitorinqin keçirilməsi üçün hər cür şərait yaradılacaq.
• Sual: SQ müəyyən müddətdən bir baş verən birdəfəlik proses olacaq, yoxsa bu proses fasiləsiz aparılacaq?
• Cavab: Bu tip qiymətləndirmələrin mütəmadi keçirilməsi nəzərdə tutulur.
• Sual: SQ-dan keçmiş müəllimlər üçün təlimlər əsasən hansı istiqamətləri əhatə edəcək? İxtisasartırma fəaliyyətinə tələbat kütləvi hal alarsa, bunu təmin etmək üçün kifayət qədər resurs varmı?
• Cavab: Bu, fərdi xarakter daşıyır və hər bir müəllimin göstəricilərindən asılı olaraq dəyişəcəkdir. İxtisasartırma kursları dövlət və özəl təhsil müəssisələrində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə keçiriləcək.
• Sual: SQ-dan iştirak edən və yüksək nəticə göstərən müəllimlər necə qiymətləndiriləcək?
• Cavab: SQ-nin nəticələrinə görə, müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər.
• Sual: SQ-də zəif nəticə göstərən müəllimləri nə kimi tədbirlər gözləyir?
• Cavab: SQ-dən keçməmə anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməmişdir. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcəkdir. 
• Sual: Rus sektorunda tədris edən müəllimlər hansı dildə testdən keçəcək?
• Cavab: Müəllimlər tədris etdikləri dildə Qiymətləndirmədən keçəcək.
• Sual: Suallar hansı mövzularda olacaqdır?
• Cavab: Suallar tədris proqramına uyğun tərtib edilir və müəllimlərin şagirdlərə dərs dedikləri mövzulardandır.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 iyul 2014 04:46
    Salam. Ibtidai  sinif  muellimlerine  duwen  test  numunelerini  verseydiniz  cox  yaxwi  olardi.

  2. 5 fevral 2015 22:11
    Salam. Tarix fənnindən düşən test nümunələrini necə əldə etmək olar. no

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.