Şirvanşah 1-ci İbrahim

Şirvanşah 1-ci İbrahim

Şeyx İbrahimin hakimiyyəti illərində Şirvan güclü və müstəqil dövlət idi. Qonşu ölkələrin feodalları kömək üçün tez-tez Şirvanşaha müraciət edir və ona sığınırdılar. Şeyx İbrahim qonşu ölkələrlə, Gürcüstanla, bir sıra iri yaşayış məntəqələrini öz nüfuzuna tabe etdiyi Dağıstanla müttəfiqlik və dostluq münasibətləri saxlayırdı. I Şeyx İbrahim zamanında Dərbənd və mahalı, Cənubi Dağıstanın Samur vadisindəki kənd və icmaları Şirvanın siyasi asılılığında idi.Şeyx İbrahimin fərmanı ilə XIV əsrin sonu – XV əsrin əvvəllərində Axtı, Miskinçi, Doqquzpara, Mükrək, Kürə kəndlərinin, Xakül-Məkə, Xınalıq, əl-Fiy, əl-Məzə qalalarının idarə olunması qaytaq usmisinin (hakiminin) oğlu Məhəmməd bəyə həvalə edilmişdi. Şirvanın vassalı Məhəmməd bəyin nəsilləri sonralar da həmin ərazini, habelə Kurax və Təbərsəranı idarə etmişlər. Şirvanla Dağıstan arasında əlaqələr daha əvvəllərdə də mövcud olmuşdur. Şirvan hakimləri hərbi əməliyyatlar və təhlükə zamanı Cənubi Dağıstanda, xüsusilə Təbərsəranda gizləndikləri kimi, Dağıstanın feodal hakimləri də Şirvanşahın yanında sığınacaq tapırdılar. Şeyx İbrahim qaytaq usmisinin Şirvana qaçmış oğlunun məsləhəti ilə Teymura könüllü surətdə itaət göstərməklə özünün bütün torpaqlarını qoruyub saxlaya bilmişdi.
Qızıl Orda xanı Şadi bəy onu məhv etmək istəyən Cumci əmiri Yedigeydən yaxasını qurtarmaq üçün Dərbəndə qaçmışdı. O, Şirvanşah İbrahimin yanında pənah taparaq Şirvanda ölmüşdür. Yedigeyin Şadi bəyin ələ verilməsini tələb etməsinə baxmayaraq, İbrahim buna məhəl qoymamışdir. Görkəmli dövlət xadimi, cəsur sərkərdə və mahir diplomat olan İbrahim Şirvanı güclü və müstəqil dövlətə çevirə bildi. Qara Yusifdən vassal asılılığı kağız üzərində qalmış, Şirvan üçün praktik əhəmiyyətə malik olmamışdır.
Dərbənd əvvəlki kimi Şirvanşaha məxsus idi. Bunu Dərbənddəki aşağıdakı kitabə də təsdiqləyir: "Xalqların ixtiyar sahibi olan əzəmətli sultan Şeyx İbrahimin – Allah onun hökmranlığını əbədi etsin – hakimiyyəti zamanında..."
Sultanı İbrahimin adı daha iki kitabədə də çəkilir: onlardan biri – Abşeronun Maştağa kəndindəki Birə Arğutay məscidinin portalındakı kitabə h.817 (1414/5)-ci ilə, ikincisi – Bakının İçərişəhər hissəsindəki Xacə Əmir şah məscidinin qapısı üzərindəki kitabə h.818 (1415/6)-ci ilə aiddır: "Sultan Şeyx İbrahimin oğlu sultanın dövründə".
Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvanın şəhər və kəndlərində qala binaları, məscidlər, karvansaralar, ovdanlar tikilmişdi. Ehtimal ki, Bakıdakı Şirvanşahlar sarayının tikintisinə də Şeyx İbrahimin vaxtından başlanılmışdır. Tanınmış şairlər və alimlər Şirvanşıhın sarayında yaşayırdılar. Hökmdar onlara səxavətlə hədiyyələr verir, hamilik edirdi. Dövlətşahın verdiyi məlumata görə məşhur fars şairlərindən biri – Katibi Turşizi Şirvanşahların saray şairi Bədr Şirvani ilə görüşmək üçün Şirvana gəlmişdi. Şeyx İbrahim bir şeirə görə Katibi Turşiziyə 10000 qızıl dinar bağışlamışdır. Sonralar Katib Turşizi özünün savadlı və səxavətli hamisi Şirvanşah Şeyx İbrahimi tərk edərək, heç bir diqqət və qayğı görmədiyi Qara Yusifin saray şairi olmasına acı-acı təəssüflənmişdir. Şeyx İbrahimin hakimiyyəti dövründə şəhər mədəniyyətinin, incəsənət və poeziyanın dirçəlişi müşhaidə edilir. XV əsrin əvvəllərindən Şirvanşahlar dövlətinin 100 ilə yaxın davam edən müstəqillik və inkişaf dövrü başlayır.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 iyul 2012 19:34
    Hormetli istifadeciler ! Gunka xanum ! Size teshekkur edirem vallah bu son gunler bashim telimlere qarishib sayta meqale vere bilmirem amma Siz hec bunu hiss etdirmisiniz sadece her birinizden bir ricam olacaq calishin redakte oluhnmush meqaleler veresiniz yani ozunuzu burada jurnalist gozu ile qorun Bashqa saytdan qoturseniz onda ssilkasiuni yazin mki bu hansi saytdandir Yox redakte etsez buna ehtiyac yoxdur Bir daha teshekkur edieem Azerbaycan tarixi ile baqli meqaleler ucun ise ayrica boyuk SAQOL deyirem Azerbaycan namine irelileyek !

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.