I Şah Abbas Səfəvi

 

I Şah Abbas Səfəvi

 

 


Şah Məhəmməd Xudabəndənin hakimiyyətinin son dövrü və I Şah Abbasın hakimiyyətə gətirilməsi
XVI əsrin son rübündə Şah İsmayılın yaratdığı və Osmanlı imperiyasının sərhədlərindən Hindistana qədər uzanan böyük Səfəvi dövləti ağır böhran içində idi. Taxt-tac az qala kor, iradəsiz və zəif xarakterli Şah Məhəmməd Xudabəndənin əlində idi. Dövlətə faktiki rəhbərliyi onun arvadı Məhdi Ülya ləqəbli Xeyr ən-Nisə bəyim və oğlu, osmanlılar üzərində bir sıra parlaq qələbələr qazanmış bacarıqlı sərkərdə Həmzə Mirzə edirlər. Onlar demək olar ki, tam müstəqil olan və bir-birləri ilə daima qanlı düşmənçilik yeridən əmirlərin – qızılbaş tayfaları başçılarının üzərində özlərinin mərkəzi idarəçiliklərini qurmaq üçün uğursuz siyasət yeridirlər.
Xəzinə talanmış, xalq soyulmuşdu. Ölkədə vəziyyətin ağırlığından istifadə edən Osmanlı imperiyası və Krım tatarları tez-tez Şirvan və Azərbaycan üzərinə yürüşlər edirlər. Aparıcı qızılbaş əmirləri ilə Məhdi Ülya arasındakı münasibətlərin gərginləşməsi də qüvvələri müdaxiləçilərə qarşı səfərbər etməyə maneçilik törədir. Şahın xanımını türk əmirlərinin hüquqlarını tapdamaqda və rəhbər vəzifələrə fars əyanlarını irəli çəkməkdə ittiham edirlər. Nəhayət, zara gələn əmirlər sui-qəsd təşkil edərək, Məhdi Ülya və onun anasını elə hərəmxanada qətlə yetirir və yenidən ölkənin tamhüquqlu sahiblərinə çevrilirlər.
Bu zaman Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas Mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə ittifaqa girərək, Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir. Üsyançılar Əliqulu xan Şamlını özlərinin başçısı – "xanlar xanı" elan edirlər. Bunun da cavabında Qəzvindəki şah tərəfdarı olan əmirlər Əliqulu xanın valideynlərini və onun mənsub olduğu Şamlı tayfasının nümayəndələrini qətlə yetirirlər. Bundan sonra 1581-ci ildə Xorasan əmirləri şahzadə Abbası şah elan edirlər. Şamlı və Ustaclı tayfaları arasında mübarizə kəskinləşir və Mürşüdqulu xan Ustaclı bu mübarizədən qalib çıxır.
Bu vaxt Qəzvində faktiki hökmranlıq Həmzə Mirzənin əlində idi. O, Osmanlı türklərinin və Krım tatarlarının da bir neçə hücumunu dəf etmişdi. 1585-ci ildə osmanlılar Təbrizi ələ keçirirlər. Şəhərdəki binaları, məscidləri, sarayları yerlə-yeksan edir, əhalini süngüdən keçirirlər. Çiçəklənən Təbriz Yaxın Şərqdə özünə tay-bərabər tanımayan bir ictimai-mədəni mərkəzdən ölü şəhərə çevrilir.
Həmzə Mirzənin siyasətindən narazı qalan qızılbaş sərkərdələri ona sui-qəsd hazırlayıb, Xoydan olan bir erməninin əli ilə Həmzəni aradan götürürlər. Bu hadisə 10 dekabr 1586-cı ildə, Gəncə yaxınlığında, böyük Azərbaycan şairi Nizaminin indiki məqbərəsi yerləşən ərazidə osmanlılarla aparılan sülh danışıqları zamanı baş verir. Şahzadənin ölümündən və saraydakı başıpozuqluqdan istifadə eləyən osmanlılar hücumlarını genişləndirərək, az qala bütün Azərbaycanı işğal edirlər. Eyni zamanda özbəklər də Xorasan üzərinə yeriyirlər və Şah Məhəmməd Xudabəndə onların qarşısına çıxmalı olur.
Bundan istifadə edən Abbas Mirzə özbəklərlə döyüşün qızğın çağında Qəzvini tutaraq, özünü şah elan edir. Ahıl yaşlarında olan atasını da inandırır ki, onun xeyrinə taxt-tacdan imtina etməsi məsləhətdir.

I Şah Abbas Səfəvi

 

 

I Şah Abbasın mərkəzi hakimiyyəti möhkəmlətməsi
Taxtda möhkəmlənməmiş təzə şah 12.000 nəfər müsəlmanlığı qəbul etmiş gürcünü sarayda işə götürür və hərbi və mülki inzibati idarəçiliyin islahatına başlayır.
Hadisələrin iştirakçılarından biri Oruc bəy Bayatın yazdığına görə, "elə birinci gün, yeni hökmdara sədaqət andiçməsi mərasimi bitən kimi I Şah Abbas əmr etdi ki, ertəsi gün bütün xanlar və qoşun başçıları silahsız, mülki geyimdə saraya gəlsinlər. Şah onlarla Divan, yaxud Dövlət şurası təşkil etmək barədə məsləhətləşmələr aparmaq istəyir. Səhəri gün hamı əmrə müntəzir olarkən şah Abbas özünün gürcülərdən ibarət qvardiyasına tapşırır ki, sarayın və onun qarşısındakı meydanın bütün giriş və çıxış qapılarını bağlasınlar. Sonra şah yığışanlara belə bir sualla müraciət edir: "Öz şahzadəsini qətlə yetirən adam hansı cəzaya layiqdir?" hamı bir ağızdan belə rəy söyləyir ki, şahzadəsini qətlə yetirmiş təbəə öldürülməlidir. Bu hökm çıxarılan kimi, şah Abbasın işarəsi ilə gürcülər bir göz qırpımında içəridə olan qəsdçilərin boğazına çökür və nizələrə keçirilmiş 22 baş sarayın pəncərələrindən çölə çıxarılır ki, xalqa görk olsun. Bu dəhşətli səhnə ən özündən deyən adamlarda da qorxu və vahimə doğurur." Bundan sonra on beş yaşı təzəcə tamam olmuş hökmdar hökumət naibi vəzifəsinə iddia eləyən Mürşidqulu xan Ustaclını da qətlə yetirərək, ölkədəki bütün hakimiyyəti qətiyyətlə öz əlinə alır.
Ancaq hələ əsas mübarizə qabaqda idi. Azərbaycan osmanlıların işğalı altındaidi. Xorasan, Mərv, Herat, Məşhəd və Nişapur şəhərləri özbəklər tərəfindən tutulmuşdu. Ölkənin daxili vilayətləri mərkəzi hakimiyyətin tabeçiliyindən çıxıb. Bütün bunların qarşısını almaqdan ötrü şah Abbas ilk növbədə əmr verir ki, qızılbaş əmirlərinin imtiyazları azaldılsın və fars mənşəli mülki bürokratların mövqeləri isə möhkəmləndirilsin. Sonra o, bir sıra hərbi və mülki islahatlar keçirir. Lakin bir çox tarixçilərin fikirlərinin əksinə olaraq, bizim zənnimizcə, şah Abbasın dövründə ölkədə aparılan farslaşdırma siyasətinin əhəmiyyətini şişirtməyə dəyməz. Ən əvvəl ona görə ki, bir çox Avropa səyyahlarının da yazdıqları kimi, Azərbaycanda türk (Azərbaycan) dili dövlət dili statusunda qalırdı. Oruc bəy Bayat yazırdı: "İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və sayılan və bizdə də böyük nüfuza malik olan 32 nəcabətli sülalə var". Lakin adlarını sadalayanda məlum olur ki, bu sülalələrin hamısı türk-Azərbaycan mənşəlidir. Bunların arasında Ustaclı, Şamlı, Əfşarlar, Türkmanlar, Bayatlar, Təkəli, Xarmandalı, Zülqədərli, Qacarlar, Qaramanlı, Bayburtlu, İspirli, Oryat, Çauşlu və başqalarını göstərmək olar. Hərbçilərin və saraya yaxın əyanların da rütbələrini bildirən sözlər təmiz türk mənşəlidir: Misal üçün, xan, bəylərbəyi, qızılbaş, qullar, eşik ağasıbaşı, qorçu, qorçubaşı, yasavul, kanuqibaşı, çalçıbaşı və başqaları. Azərbaycan hələ də ölkənin aparıcı inzibati vahidi sayılır və Azərbaycan hakimi taxt-tacın varisi, eyni zamanda ordunun baş komandanı hesab olunurdu. Demək mümkündür ki, Səfəvilər dövləti Azərbaycan dövləti olmaqdan çıxmaq üzrədir, lakin şah Abbasın yaratdığı Səfəvi İranı daha artıq bir dərəcədə türk-qızılbaş dövləti (Məmləkəti-qızılbaş) olaraq qalmaqdadır.
Qəzvində möhkəmləndikdən sonra şah Abbas özünün çoxsaylı yürüşlərindən birincisinə çıxır. Qısa bir müddətdə Xorasanı özbəklərdən təmizlədikdən sonra o, doğma Azərbaycanı azad etməyə can atır. Ancaq bunun üçün vaxt lazım idi. 1590-cı ildə həmin məqsədlə şah Abbas Osmanlılarla sülh müqaviləsi imzalayır. Bu vaxta qədər onun səyləri ilə işğal altında olan torpaqlarda üsyankar hərəkətlərin qarşısı müvəqqəti olaraq alınır. Misal üçün, osmanlılarla müqavilə bağlanan ərəfədə Məhəmməd xan Ziyadoğlu Qacarın başçılığı altında qızılbaş qacarlar Qarabağı tutur və Gəncəni mühasirəyə alırlar. Osmanlıların xahişi ilə şah Abbas onları dilə tutaraq, Gəncəni mühasirədən çıxarır.
Sülh müqaviləsinə əsasən, ölkənin böyük bir hissəsi, o cümlədən, Şirvan, Qarabağ, Təbriz və ona yaxın ərazilər osmanlılarda qalırdı. Şah Abbas öz tabeçiliyində qalmış torpaqları vahid bir inzibati ərazi kimi ümumilikdə "Azərbaycan" adlandırırdı. XVI əsrin tanınmış tarixçisi İskəndər bəy Münşinin yazdığı kimi, şah Abbas Səfəvilərin irsi malikanələri olan torpaqların vüqarlı adı Azərbaycanı qoruyub saxlamışdır. Azərbaycanın paytaxtı Ərdəbil elan olunur. Azərbaycanın birinci bəylərbəyisi isə 1592-ci ildə Zülfüqar xan Qaramanlı təyin olunur. Nəhayət, bundan sonra şah Abbas özü təntənəli şəkildə Ərdəbilə girir. 1598-ci ildə şah Abbas ölkənin paytaxtını nisbətən mərkəzdə yerləşən İsfahana köçürür.
Dövlətin ərazi bütövlüyünün bərpas
Elə bu zaman da ona xəbər çatır ki, özbəklər Məşhədi tutaraq, 40 mindən artıq sakini qılıncdan keçirmişlər. Şah Abbas qoşun toplamaq üçün vəsait çatmadığını görüb, özünün iki gözəl qızıl və gümüş camını əritdirib, pul kəsməyi əmr edir və deyir: "Mənim kor atam şah Xudabəndə tez-tez təkrar edərdi: hər cür qələbəni ancaq yaxşı ödənc müqabilində qazanmaq olar." 1603-cü ilin 14 sentyabrında şah Abbas Təbrizin azad edilməsi üçün hərbi kompaniyaya başlayır. On dördcə günün içərisində bu gənc sərkərdə osmanlıların gözləmədiyi bir vaxtda öz qoşunlarını İsfahandan Təbrizə yeridir. Yol boyunca Əmirgunə xan Ağcaqoyunlu-Qacar və Zülfüqar xan Qaramanlının qoşunları da ona qoşulur. Onlar Təbrizə yaxınlaşanda şəhərin əhalisi üsyan edir ki, bu da şah Abbasın şəhəri, bir ay sonra isə qalanı tutmasına şərait yaradır. Osmanlı qoşunlarını Təbrizin qərbinə qovan şah Abbas öz ordusunu Araz çayına doğru yönəldir. Naxçıvan və Culfa döyüşsüz təslim olur. Az sonra üsyana qalxan Ordubad da onlara qoşulur. Şah Abbasın birinci vəziri ordubadlı Hətəm bəyin tövsiyyəsi ilə Ordubad bunun müqabilində bütün vergilərdən azad edilir.
Güclü surətdə möhkəmləndirilmiş İrəvanı tutmaq isə heç də asan olmur. Şəhərin mühasirəsi 1603-cü ilin 16 noyabrında başlanır. Şah Abbas məşhur Azərbaycan topçusu Bahadur xan Topçubaşının tökdüyü iri çaplı toplardan ilk dəfə burada istifadə edir. Son yüz il ərzində ilk dəfə Səfəvi ordusu hücum edir, Osmanlılarsa müdafiə olunmağa başlayır. Azərbaycan ordusunun başında öz qarşısına şah İsmayıl Xətainin yaratdığı nəhəng Səfəvi dövlətini bərpa etmək vəzifəsi qoymuş on altı yaşlı gənc, ağıllı, çevik, cəsur və şərəfli bir sərkərdə dururdu. İrəvan qalası yalnız bir ildən sonra alınır. Bu vilayətin idarəsi Əmirgunə xan Ağcaqoyunlu-Qacara, Naxçıvan isə Maqsud sultan Kəngərliyə tapşırılır. Bundan sonra Gürcüstan da I Şah Abbasdan vassal asılılığını qəbul edir.
İndi Qarabağ və Şirvanın azad olunması qalırdı. Qarabağ bəylərbəyliyinə Hüseyn xan Müsahib Qacar təyin olunmuşdu. Osmanlıların əsas qüvvələri ilə döyüş hələ qabaqda idi. Qarşıdakı həmin döyüşün ölkənin taleyi üçün önəmli əhəmiyyət daşıdığını başa düşən şah Abbas Səfəvilərin ənənəvi taktikasını – "yandırılmış torpaq" taktikasını seçir. Ancaq bu dəfəki öz miqyası və qəddarlığı ilə indiyə qədər edilənlərin hamısını geridə qoyur. Osmanlılarla Şirvanı ayıran nəhəng bir ərazi boşaldılır, şəhərlər təmizlənir, əhali isə İranın mərkəzi rayonlarına köçürülür. Dağıdılan şəhərlər arasında Culfa, Naxçıvan və İrəvan da vardı. Cəlaloğlu Sənan paşanın başçılıq etdiyi türk orduları İrəvana girəndən sonra ərzaqsız və yatacaqsız qalıb, yenidən Vana dönürlər. Və elə bu zaman şah Abbasın qoşunları Van üzərinə yürüş edərək, Cəlaloğlunun dəstələrini pərən-pərən salırlar. İndi də burada yandırılmış torpaq siyasəti yeridilir.Salmasdan Təbrizəcən 250 kilometrlik bir ərazi boş bir düzəngaha çevrilir. Buna baxmayaraq, Cəlaloğlu yenidən 100 minlik nəhəng bir ordu toplayıb, Təbriz üzərinə yeriyir. 1605-ci ilin 7 noyabrında Sufiyan kəndi yaxınlığında (Sufiyan döyüşü) şah Abbasın apardığı ən iri döyüşlərdən biri baş verir. Onun hərbi istedadı da burada özünü parlaq bir şəkildə büruzə verir. Bütün əməliyyatlara şəxsən rəhbərlik edən şah əsas və ehtiyat qüvvələri elə bölüşdürür ki, rəqibin üstün saylı ordusunun öhdəsindən gələ bilsin. Bundan başqa o, gözlənilməz hərbi fəndlər işlədir. Bütün bunların sayəsində həddən artıq qənimət, o cümlədən 100-ə qədər ağır top ələ keçirilir.


Şah Abbas sarayda qonaq qəbul edərkən Çehel Sütun sarayındakı təsvir
Həmin qələbədən dərhal sonra Qarabağa yeriyən şah Abbas Gəncə qalasını mühasirəyə alır. Qalanın mühasirəsi 1606-cı ilin yayına qədər, düz dörd ay davam edir. Hüseyn xan Mühasib Qacarın yerinə Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ hakimi təyin olunur. Bundan sonra şah Abbas qoşunlarını Lori, Dmanisi (əsgi adı Dumanlı) və Tiflisə yeridərək, Şirvana doğru hərəkət edir. Şamaxı yarım il mühasirədə saxlanır. Bu vaxt Bakı və Dərbənd əhli üsyana qalxaraq, osmanlı qarnizonlarını dağıdır. Beləliklə, 1607-ci ilin ortalarında şah Abbas çoxdankı arzusunu həyata keçirib, bütün Azərbaycanı azad edir. Bundan başqa şərqi Kürdüstan, Ermənistan və Gürcüstan da I Şah Abbasın əlinə keçir.
Osmanlı tarixçisi İbrahim Pəçəvi həyəcanla yazırdı: "Beləliklə, islam döyüşçülərinin 10-12 ildə əldə etdikləri hər şey itirildi. Bu allahsız şah ikicə ildə hər şeyi döyüşlə əlimizdən aldı."
Osmanlılar itirdikləri ərazilərin əldən çıxması ilə barışmaq istəmir və 1590-cı il müqaviləsinə qayıtmaq tələbi qoyurdular. Bu isə 1612-ci ildə bağlanmış yeni sülh sazişi imzalanana qədər fasiləsiz müharibələrə gətirib çıxarır. 1612-ci il sazişinə əsasən, mövcud sərhədlər tanınır. Faktiki olaraq, osmanlılar şah Abbasın tutduğu torpaqlardan əl çəkirlər.
Bundan sonra şah Abbas Gürcüstana hücum çəkib, onun şərqini talan edir, 30 min nəfər dinc sakini isə əsir götürür. Bunun cavabında 100 minlik türk ordusu Qafqaza yollanır. Özünün ənənəvi taktikasına uyğun olaraq, şah Abbas Qarabağ bəylərbəyisi Məhəmməd xan Ziyadoğlu Qacara əmr göndərir ki, Gəncə qalası dağıdılsın və onun iqamətkahı Tiflis qalasına köçürülsün. Şah Abbas açıq döyüşdən yayınaraq osmanlı ordusunun arxa cəbhə ilə əlaqələrini qırmaqla kifayətlənir. Aclığa və baş alıb gedən epidemiyaya dözə bilməyən osmanlılar 1616-1617-ci ilin qışında böyük itkilər verərək, geri çəkilirlər. O biri il Xəlil paşa osmanlılar və Krım tatarlarından ibarət çoxsaylı ordusu ilə Təbrizə, sonra isə Ərdəbilə hücum çəkir. Şah Abbas əhalisini irəlicədən köçürdüyü hər iki şəhəri döyüşsüz tərk edir.
İndiyəcən hər dəfə irimiqyaslı döyüşdən yayınan şah Abbas nəhayət, Sınıq körpü adlanan yerdə (Sınıq körpü döyüşü) düşmənlə üzləşmək qərarına gəlir. Uzun müddətli yerdəyişmələrdən yorulmuş osmanlılar və Krım tatarları darmadağın olurlar. Osmanlı ordusunun komandanı Həsən paşa döyüşdə öldürülür. Bundan sonra osmanlılar 1618-ci ilin sentyabrında növbəti dəfə sülh sazişi bağlamağa məcbur olurlar. Bu sülh də uzun çəkmir. Bu dəfə şərti şah Abbas pozur. 1622-1623-çü illər ərzində şah Abbas İraqi-Ərəbin Bağdad, Kərbəla, Nəcəf, Mosul, Kərkük kimi iri şəhərlərini və Gürcüstanda Ahalsıxı tutur. Üstündən bircə il keçməmiş vaxtilə şah Abbasın öz yanında yaxşıca hərbi hazırlıq görən Georgi Saakadze Səfəvilərlə mübarizəyə qalxır. Saakadzenin qoşunları şərqi Gürcüstanı azad edir, sonra isə Gəncəni tutaraq, dağıdırlar. Şah bu üsyanı yatırmaqdan ötrü iri bir qoşun göndərir və həmin qoşun 1625-ci ilin 30 iyununda Gümüşlü adlanan yerdə (Gümüşlü döyüşü) gürcülər üzərində qələbə çalır. Şah Qarabağ hakimi Məhəmməd Qulu xan Ziyadoğlu Qacarı qorxaqlıq göstərdiyinə görə hakimlikdən kənarlaşdırır.
Şah Abbas 1629-cu ilin 19 yanvarında Mazandaran vilayətinin Əşrəf şəhərində 58 yaşında vəfat edir.

I Şah Abbas Səfəvi

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 mart 2013 17:13
    Bu gozel ve qeliz melumatlara gore tesekkurler. fellow

  2. 17 mart 2013 17:57
    melumatlara gore cox tessekurler smile

  3. 13 aprel 2013 19:24
    shah Abbasa aferin. Sefevi dovletinin itrilmish qudretini berpa etdi. Onun herbi-inzibati islahatlari olkeni xilas etdi.

  4. 18 aprel 2013 18:53
    men bu belgilerden oqeder uzagamki

  5. 5 noyabr 2013 19:46
    maraqlidir.oxudum

  6. 24 yanvar 2014 18:31
    Hamsini oxuya bilmedim cox sagolun

  7. 24 yanvar 2014 19:44
    TAW KAFA esas wah abbasin islahatlarini,,boyuk surgun siyasetini ve mahiyyetini bilsen mence mence bes eder :)

    --------------------

  8. 28 noyabr 2014 12:29
    Sağ olun.Çox maraqlı idi.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.