Cavad xan

Cavad xan

Cavad xan Ziyadoğlu Qacar


Qacarlar nəslinin Azərbaycan xalqına bəxş etdiyi görkəmli dövlət xadimlərindən biri də Cavad xan Şahverdi xan oğlu Qacardır . O, cəmi 57 illik ömür sürmüş Gəncə xanlığının sonuncu xanı idi.
Cavad xan Gəncə bəylərbəyisi Kəmaləddin Şahverdi sultan Ziyad oğlunun nəvəsi, müstəqil Gəncə xanlığının banisi Şahverdi xan Ziyadoğlunun (1747-1760) oğlu idi. Qacarlar Səfəvi dövlətinin qurulmasında fəal iştirak etdiyi üçün onlar uzun müddət Qarabağ və Çuxursəd bəylərbəyiliklərinə başçılıq etmiş və bu hüququ irsən bir-birinə ötürmüşlər. Ziyadoğlular köklü nəsil olmaq etibarilə həmişə Azərbaycanın dövlətçilik ənənələrinə sadiq qalmış, Azərbaycanın qərb torpaqlarının erməni-gürcü təcavüzündən qorunmasında mühüm rol oynamışlar. Məhz Muğan qurultayında da Ziyadoğlular Qarabağ tayfaları ilə birlikdə Səfəvi sülaləsinin hakimiyyətinə son qoyulmasına və Nadirin şah seçilməsinə qarşı çıxmışdılar.
Cavad xan

Cavad xanın anası Şərəf Cahan bəyim də əsli-nəcabətli bir nəslə mənsub idi. Cavad xanın iki arvadı olmuşdur: birincisi sadə kəndli qızı Şükufə xanım, ikincisi isə Şəki xanının bacısı Bəyim xanım idi.
Şahverdi xanın vəfatından sonra Gəncə xanlığında sabitlik pozulmuşdu. Hakimiyyət uğrunda qardaşlar arasında gedən mübarizədən istifadə edən Qarabağ xanı İbrahimxəlil xan və Kartli-Kaxetiya çarı II İrakli əlbir olaraq Gəncədə hakimiyyəti ələ keçirmiş və oraya öz adamlarını hakim təyin etmişdilər. Nəticədə ikihakimiyyətlilik yaranmışdı. II İraklinin məqsədi isə daha uzaq idi. O, Rusiya himayəsindən istifadə etməklə Gəncə xanlığının ərazisini Kartli-Kaxetiyaya birləşdirmək istəyirdi. Onun bu niyyətini gürcü aznaurlarından birinin II İraklinin arvadı Darecana yazdığı məktubdan da aydın görünürdü. Məktubda deyilirdi: “Ruslar Gürcüstana gələn zaman söz yox ki, Gəncəyə də baş çəkəcəklər. Bu zaman Gəncə qalası və cəbbəxanası bizim əlimizə keçəcəkdir. Ruslar gedəndən sonra isə Gəncə bizim olacaqdır”.
II İraklinin bu niyyətini başa düşən İbrahimxəlil xan diplomatik manevr işlətdi və Gəncə əhalisinin şəhərdəki gürcü qarnizonuna qarşı üsyanını təşkil etdi. Nəticədə gürcü hakimi Gəncədən qovuldu, Ziyadoğluların hakimiyyəti bərpa olundu. Cavad xan (1786-1804) Gəncə xanı idi.
Cavad xan öz soy-kökünə dönük çıxmadı. Ağa Məhəmməd xan Qacarın Tiflis yürüşündə iştirak etdi. Məqsədi isə Azərbaycanın qərb torpaqlarına dinclik və rahatlıq verməyən, Qazax, Şəmşəddil və Borçalı ərazilərini işğal altında saxlayan II İraklinin cəzalandırılmasında iştirak etmək idi. Qacar Cənubi Qafqazı tərk etdikdən sonra Gəncə xanlığının vəziyyəti yenidən ağırlaşdı.
İbrahimxəlil xan isə səhvə yol verərək Cavad xanla deyil, II İrakli ilə birləşməyi üstün tutdu. Onlar yenidən bir ittifaqda Gəncə üzərinə yürüş etdilər. Cavad xan nahaq qan tökülməməsi naminə onların irəli sürdüyü şərtləri yerinə yetirməyə məcbur oldu: İbrahim xana xərac verməli, öz yaxın adamlarından birini onun yanına girov göndərməli və Qacarın yürüşü zamanı özü ilə gətirdiyi 400 nəfər gürcü əsilzadəsini geri qaytarmalı idi.
Ağa Məhəmməd şahın Cənubi Qafqazı tərk etməsindən istifadə edə Rusiya general Valerian Zubovun başçılığı ilə buraya qoşun göndərdi. Bakı, Şəki, Dərbənd və Şamaxı xanlıqları təcavüzə məruz qaldılar. Vahid milli siyasətin yeridilməməsi, milli birliyin olmaması səbəbəindən bu xanlıqlar istilaçılara güclü müqavimət göstərə bilmədilər. Bu zaman Azərbaycanın şimal torpaqlarında ən real hərbi-siyasi qüvvə Qarabağ xanlığı idi. İbrahimxəlil xan isə Rusiya himayəsini qəbul etməyi Ağa Məhəmməd şaha tabe olmaqdan üstün tutdu.
İki yol ayrıcında qalan Cavad xan yenə də əhalini qırğına vermək istəmədi. Rusların Qafqazdakı bu hakimiyyətini müvəqqəti hesab edərək üzdə itaət etməyə razılıq verdi. Bununla da Ağa Məhəmməd şahın qəzəbinə tuş oldu. Qacarın ikinci yürüşü zamanı həbs olunub Şuşa qalasına salındı. Lakin onun bu addımı hansı zərurətdən atdığını gözəl anlayan Qacar öz soydaşını öldürmək fikrində deyildi.
Rusiya imperatriçəsi II Yekaterinanın ölümü Cavad xanın əl-qolunu açdı. O, Gürcüstana verilmiş Azərbaycan torpaqlarını geri qaytarmağı tələb etdi. Gürcüstandakı rus qoşunlarının komandanının bu məsələyə müdaxilə cəhdi uğursuzluqla nəticələndi. Cavad xanın siyasi müdrikliyi və ağıllı tədbirləri onu geri çəkilməyə məcbur etdi. Kartli-Kaxetiya çarı XII Georgi vaxtilə Nadir şah tərəfindən onlara verilmiş Qazax, Şəmşəddil və Borçalı torpaqlarının Gəncə xanlığına qaytarılmasına razılıq verməyə məcbur oldu.
Kifayət qədər uzaqgörən və ehtiyatlı olan Cavad xan xilas yolunu yalnız milli birlikdə görürdü. Bu birlik isə xanlıqlararası münasibətlərin nizamlanmasından keçirdi. Çətinliklə də olsa, Cavad xan buna da nail oldu.
Çox təəssüf ki, Cənubi Qafqazda sonradan hadisələr başqa cür cərəyan etməyə başladı. Daxili xəyantəkarların əli ilə Ağa Məhəmməd şahın qətlə yetirilməsi Rusiyanın əl-qolunu açdı. Rusiya imperatoru I Aleksandr Cənubi Qafqazın, o cümlədən Azərbaycanın şimal torpaqlarının işğalına girişdi. Bu işdə onun əsas köməkçisi gürcü mənşəli knyaz Sisianov oldu.
Yaxınlaşmaqda olan işğal təhlükəsini duyan Cavad xan ehtiyat tədbirləri gördü. Yollar nəzarət altına alındı. Xəyanətkar erməni əhalisi sərhədlərdən uzaqlaşdırıldı. Lakin bunlar kifayət deyildi. Yenidən I Pyotr zamanındakı hərbi gücünü bərpa etmiş Rusiyanın silahları qarşısında kiçik bir xanlıq təkbaşına nə edə bilərdi?
Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hərbi-siyasi hadisələr fonunda öz fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. Siyasi portretinin əsas cizgilərindən birini də məhz onun hadisələrin arxasınca sürünməsi deyil, əksinə siyasi iqlimə çox güclü təsir göstərmək bacarığı təşkil edirdi. Yaxınlaşan təhlükə qarşısında Azərbaycan xanlarının, Şimali Qafqaz və Gürcüstan hakimlərinin vahid cəbhədə çıxış etmək meyillərindən məharətlə istifadə edən Cavad xan antirusiya koalisiyası yaratmağa çalışır, hətta buna müəyyən qədər müvəffəq də olur. Gəncə, Qarabağ və Şəki xanları, Qaraqaytaq usmisi, Tarku şamxalı və Tabasaran maysumu, gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Lakin həlledici anda Cavad xana heç kim kömək etmir və o, qorxunc düşmən qarşısında təkbətək qalır.
Qədim zamanlardan üzü bəri Gəncə Azərbaycan üçün həmişə mərdlik, basılmazlıq simvolu, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdığı məkanlardan biri olmuşdur. Cavad xanın geniş ərazili, təpədən-dırnağa qədər dövrünün mükəmməl silahları ilə silahlanmış bir imperiyanın təklif və hədələrinə yalnız döyüşlə cavab verməsi nə ötkəm xan inadkarlığından, nə də öz hakimiyyətini qoruyub saxlamaq istəyindən irəli gəlirdi. Bu Cavad xanın boya-başa çatdığı Gəncə mühitindən, xalqa, dövlətçiliyə, mənsub olduğu soy-kökə sadiqliyindən irəli gəlirdi.
Cavad xan

Quduz rus generalı P.Sisianov başa düşürdü ki, Azərbaycan torpaqlarının işğal yolu Gəncə xanlığından keçir. Ona görə də bütün diqqətini bu istiqamətə yönəltmişdi. Cavad xanın mərd, ötkəm, cürətli və müstəqillik sevən bir hökmdar olduğunu da yaxşı bilirdi. Ona görə də, əvvəlcədən ehtiyat tədbirləri görür, yollar arayır, planlar cızırdı. General-mayor Lazarevin 9 yanvar 1803-cü il tarixli məktubu isə onun üçün göydəndüşmə oldu. Lazarev iki nəfər erməninin məlumatına əsaslanaraq yazırdı: “Bütün Gəncə erməniləri rus ordusunun Gəncəyə gəlməsini səbirsizliklə gözləyirlər. Çünki müsəlman dininin bütün qanunları onları sıxışdırmaqla hədələyir. Gəncə xanının ehtiyat tədbiri yalnız ondan ibarətdir ki, onun əmrilə hər gün Şəmkirədək 10 nəfərlik süvari mühafizə dəstəsi yola nəzarət edir”. Sisianov sevinirdi. Artıq arxadan zərbə endirəcək qüvvə də tapılmışdı. İndi qalırdı Cavad xanı yola gətrimək.
Hiyləgər general əvvəlcə diplomatiyaya üstünlük verdi. 1803-cü il 25 fevral tarixli birinci məktubunda ona iltifatla yanaşır, Rusiya himayəsinə keçmək üçün dilə tuturdu. O, yazırdı: “...Sizin şərafətli etimadınızın... ən gözəl zəmanəti o olardı ki, xahişimizi nəzərə alaraq yüksək mənsəbli böyük oğlunuz Uğurlu ağanı əmanət kimi Tiflisə göndərərdiniz. O, burada ləyaqətinə və mənsəbinə müvafiq əlverişli ehtiram və hörmət sahibi olacaqdır. Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı-seçkiliyin olmayacağı barədə xeyirxah vədimizin əməli timsalı kimi qəbul edəcəyəm”.
Cavad xan

Cavad xan kimi ehtiyatlı və ağıllı bir adam da heç Sisianovun yağlı vədinə inanardımı? Ona görə də Sisianova ehtiyatlı və ikibaşlı cavab məktubu yazdı.
Məktubu alan Sisianov başa düşdü ki, daş qayaya rast gəlib. Yağlı vədlərlə Cavad xanı yola gətirmək mümkün deyil. Ona görə də 1804-cü ilin oktyabrında güclü qoşunla Azərbaycan sərhədlərinə yaxınlaşdı. Tezliklə Sisianov Şəmkirə çatdı və noyabrın 29-da Cavad xana belə bir məzmunda məktub göndərdi: “...Əgər təslim olmaq istəmirsinizsə onda İsmayıl, Oçaqov, Varşava və başqa şəhərlərin başına gələn fəlakətlərə hazır olun. Əgər ertəsi gün günortaya kimi cavab gəlməzsə, qiyamət qopacaq. Gəncənin üzərindən tufan kimi keçib getməklə, sözümə necə əməl etməyimin şahidi olacaqsan!”
Məşvərət məclisini toplayan Cavad xan Sisianovun məktubu ilə onları tanış etdi. Yekdilliklə qərara alındı ki, düşmənə sərt cavab verilsin. Ertəsi gün Sisianova bu məzmunda cavab məktubu göndərildi: “...Əgər sən mənimlə savaşa başlamaq istəyirsənsə, mən hazıram. Döyüş istəyirsənsə, döyüşək. Sənin təklifini qəbul etməyəcəyim təqdirdə mənə bədbəxtlik vəd edirsən. Ancaq mən bədbəxtliyin sənin özünü Peterburqdan təqib edib buraya sürüklədiyinə inanıram”.
Belə cavab gözləməyən Sisianov bir qədər tərəddüd etsə də, Cavad xana hədə-qorxu ilə dolu məktublar göndərməkdə davam edirdi. Hər dəfə də ondan qətiyyətli cavablar alırdı. Cavad xanın kömək üçün qonşu xanlıqlara müraciəti isə cavabsız qalırdı. Onu daha çox hiddətləndirən Qacar şahı Fətəli şahın qorxaqlığı idi. Əgər Fətəli şah ona kömək göstərsə idi, xan rusların cənuba gedən yolunu həmişəlik kəsərdi. Gəncənin itirilməsinin Azərbaycan, eləcə əd İran üçün nə kimi nəticələr verəcəyini Fətəli şah dərk etmirdi.
Sisianov son məktublarının birində belə yazırdı: “Mən şəhəri alacağam, səni biabırcasına edam edəcəyəm”. Cavabını isə belə almışdı: “Sən mənim meyitimi divarın üstündə tapa bilərsən”
Sisianov da boş dayanmırdı. Əzmkar xanı yenə bilməyəcəyini görüb I Aleksandra məktubu-məktuba calayırdı. Ondan hərbi kömək istəyirdi. Nəticədə yardım gəlib çatdı. Dağıstan alayları Tiflisə çatıb onun sərəncamına verildi. Sisianov dekabrın əvvəlində böyük hərbi qüvvə ilə Gəncə üzərinə yeridi. Bir neçə gündən sonra Gəncəyə çatıb onu mühasirəyə aldılar. Qala fasiləsiz olaraq top atəşinə tutuldu. Memarlıq abidələri, evlər, saraylar dağıntılara məruz qalırdı. Rus qoşunları içərisində olan şahidlərdən biri yazırdı: “ Su boruları insan cəsədləri ilə dolmuşdu, şəhər sakinləri məcbur olub bu sudan içirdilər. Xəstəlik tüğyan edirdi. Buna baxmayaraq, Cavad xan təslim olmurdu”.

Sis
Cavad xan
ianov yeni-yeni hədə qorxulu məktublarla yanaşı şirnikləndirici təkliflər də göndərirdi. Cavad xan isə sarsılmaz qaya kimi diz çökmürdü.
Sisanovun Cavad xana ünvanlanmış sonuncu, 29 dekabr 1803-cü il tarixli məktubunda deyilirdi: “Qalanı xoşluqla vermək meylinzin olmadığını görüb axırıncı dəfə təslim şərtlərini sizə göndərməyi özümə borc bilirəm... Məktubuma təcili cavab istəməyim isə heç də o demək deyildir ki. Mən düşmənimi nökər, qul hesab edirəm. Bu, ona görədir ki, insanlar arasındakı qarşılıqlı hörmətə riyaət olunmalıdır: yəni mən Sizin məktubunuza həmin gün cavab verirəmsə, əvəzində Siz də belə hərəkət etməlisiniz. Buna görə də ümidvaram ki... sabah günortadan qabaq məktubumun cavabını ala biləcəyəm”.
Məktubda daha sonra təslim şərtləri irəli sürülür: “Gəncə şəhərinin təslimi aşağıdakı maddələrlə qəbul edilə bilər:
Cavad xan Gəncəli tabeliyindəki bütün əhali ilə birgə Ümumrusiya padşahının təbəəliyinə and içir;
Qala tamamilə təmizlənir və ora rus qoşununun topları, hərbi sursatı yerləşdirilir;
Cavad xan Gəncəli Rusiya imperiyasının tabeliyində olaraq əvvəlki ixtiyarla öz ərazisini idarə edir və Rusiyaya ildə 20 min manat xərac verir. Bu maddələri imzalayan zaman 1804-cü ildə həmin məbləği təcili ödyəir;
Qaladakı və Şəmşəddil yolundakı ordunu ərzaqla təmin edir;
Şəmşəddilin və onun əyalətinin əhalisini sıxışdırmaq olmaz, çünki onlar artıq Gürcüstan hökumətinin idarəsinə keçirlər.
Yuxarıdakılara sədaqətlə əməl etmək üçün Cavad xan Gəncəli öz oğlu Hüseynqulu ağanı Gürcüstanın baş idarəedicisinin yanında həmişəlik qalmaq üçün əmanət verir”.
Bu cür təhqiramiz şərtləri vətənpərvər və igid Cavad xanın qəbul etməsi mümkün deyildi. Ona görə də o, Sisianovun bu şərtlərini qətiyyətlə rədd etdi.


Cavad xan

Cavad xanın təslim olmadığını görən Sisianov şəhərə hücum əmrini verdi. 1804-cü il yanvarın 3-də soyuq bir gecə qaranlığında ruslar qala üzərinə hücuma keçdilər. Hücumçu dəstələrə general-mayor Portyagin və polkovnik Koryagin başçılıq edidilər. Güclü top atəşinin açdığı Qarabağ darvazası tərəfdən açdığı yarıqdan qalaya doluşan əsgərlər inadlı müqavimətlə qarşılaşdılar.
Cavad xan əlində qılınc qala divarlarının üstündə düşmənlə igidliklə vuruşurdu. Böyük itiki verən ruslar geri çəkildilər. İkinci həmlə də uğursuzluqla nəticələndi. Səhərin şəfəqini müdafiəçilər uğur sevinci və nərələri ilə qarşıladılar. Ruslar hücum istiqamətini dəyişdilər. Alınmaz hesab olunan Tiflis qapılarından nərdivanlar vasitəsilə divara çıxdılar. Cavad xan bu tərəfdən hücum gözləmirdi. O, düşməni qarşılamaq üçün dərhal ora yollandı. Amansız döyüş başlandı. Cavad xan Portyaginin üzərinə hücum etdi. Podpolkovnik Simonoviç əsgərlərlə birlikdə yetişməsə idi, Cavad xan generalı o dünyaya göndərəcəkdi.
Azərbaycan tarixçi-salnaməçisi Rəşid bəy İsmayılov yazırdı: “Gəncəlilər həqiqətdə şir kimi müqavimət edir, rusların üzərinə dolu kimi güllə, daş və ox yağdırırdılar. Əsgərləri görmək qəsdilə gəncəlilər yapıncıları neftlə isladıb onlara qarşı atırdılar. Topların sədası, güllələrin vıyıltısı, qalanın içindən çıxan ah-nalə ərşə dayanmış, ətrafa dəhşətli vahimə salmışdı”.
Qalanın iki bürcü artıq rusların əlinə keçmişdi. Şəhər müdafiəçilərinin qüvvələri aza¬lır, top güllələri tükənirdi. Ancaq Cavad xan insanı heyrətdə qoyan bir məharətlə əldə qı-lınc döyüşürdü. Onun geri çəkilmək, aradan çıxmaq imkanı olsa da, buna yol ver¬mirdi. Nəhayət düşmən Cavad xanı öldürməyə müvəffəq oldu. Müdafiəçilə sarsıldılar. Lakin döyüş davam edirdi. Gəncəlilər hər bir evi, hər məhəlləni inadla müdafiə etsələr də, məğlub oldular. Bəs Cavad xanın səhvi nədə idi? Sayğısızlıq edib erməniləri şəhərdən qovmamaqda idi bu səhv. Belə ki, ruslar hücuma keçən kimi ermənilər Tiflis qapılarını onların üzərinə açmışdılar. Bu namərdlər əhalini susuzluğa düçar etmək, yolxucu xəstəlikləri yaymaq üçün mal-qaranı kəsib qanın şəhərə gələn syua axıdırdılar.
Rusların şəhərdə törətdiyi amansızlığı, erməni xəyanətkarlığını rus tarixçisi Dubrovin də təsdiq edərək yazırdı: “Şəhərin bir yerində qan lap sel kimi axırdı. 500-ə qədər tatar məsciddə gizlənmişdi... Bir nəfər erməni bizim əsgərlərə xəbər çatdırdı ki, onların içində bir neçə Dağıstan ləzgisi var. Ləzgi adının dilə gətirilməsilə məsciddə olanların ölümünə işarə verildi”.
Cavad xan oğlu Hüsenyqulu ağa ilə birlikdə Sisianova vəd etdiyi kimi qala divarları üzərində həlak oldu. Gəncənin bu faciəsi Aşıq Həsənin aşağıdakı qəmli misralarının yaranmasına səbəb oldu:
Bayraqları bürc üstündə qurdular,
Qoca, uşaq hamısını qırdılar.
O zaman ki, Cavad xanı vurdular,
Sanasan qırıldı beli Gəncənin.
İşğalçı ordunun Gəncədə törətdiyi fəlakətləri Sisianov özü də etiraf edirdi. O, Rusiya imperatoru I Aleksandra 5 fevral 1804-cü il tarixli məktubunda yazırdı: “...Asiya qüruru qarşısında güzəştə getmək pis olardı və belə bir örnək o ölkənin başqa hakimlərini də dikbaşlığa gətirərək... Sizə tapşırılan planın yerinə yetirilməsində sonralar çətinlik doğura bilərdi”.
Cavad xan

Cavad xanın qəhrəman qadını Bəyim xanım bu böyük itkini böyük mətanətlə qarşıladı. Onun sarsılmazlığı və yenilməzliyi hətta daşqəlbli rus generallarını belə heyrətə salmışdı. Gəncənin işğalında iştirak etmiş rus generalı Koryaginin gündəliyi buna şəhadət edir. O yazır: “əgər Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o, qəhrəman tatar xanının, qəhrəman zövcəsinin qılıncından salamaq qalmayacaqdı. Əsgər araya girmiş, endirilmiş qılınc ona dəymişdir... Bu hadisədən sonra Sisianov dərhal çölə çıxmış, lakin rəngi qaçmışdı. Mən tatar xanının arvadının əynində çərkəzi paltar, belində xəncər və əlində ərinin qılıncını gördüm. Qılınc tanış idi. Onun zəhmli əri, o qılıncla mənə zərbələr endirmişdir, xan qılıncı atraksionlar kimi oynadırdı, daha doğrusu, elə bil rəqs edirdi. Mən, onun “oyununa” dözə bilmədiyimi hər dəqiqə hiss edirdim və buna görə də əsgərlərdən birini məni əvəz etməyə çağırdım və özüm“ oyunundan” çıxdım...
Biz qalanı zəbt etmişdiksə də, bu tatar qadını özünü qalib kimi aparırdı və əmr etdi ki, onun otağından çıxaq. Sözlərimi başa düşməsəm də, əl işarəsindən işin nə yerdə olduğunu anladım. O, nə ərinin, nə də oğlunun meyitləri üzərində ağalmırdı. Yanaqlarında bir qətrə də olsun göz yaşı görmədim. Ağlayanlar saray adamları imiş... ”.
Cavad xan öz ölümü ilə ölümsüzlüyünə imza atdı. Onun igidliyi dillərdə dastan oldu, əfsanələşdi. Sonradan Qafqaza baş komandan təyin olunmuş markiz Pauliççi Gəncəyə gəlir. Cavad xanın ailəsi ilə görüşür. O. Qacar taxt-tacının vəliəhdi Abbas Mirzəyə 20 fevral 1812-ci il tarixli məktubunda yazırdı: “Gürcüstanı və ona birləşən vilayətləri idarə etməyə başlayarkən mən Yelizavetpolda mərhum Cavad xanın qohum-əqrəbasına rast gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O. Şəhəri müdafiə edərək, əlində silah həlak olmuşdur. Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən olanların hamısına azadlıq verdim ki, İrana köçsünlər”. Bu işğalçı rus generallarından birinin etirafıdır.
Gəncə xanlığı ləğv olundu. Həmin gün Sankt-Peterburqdakı imperatorluq dəftərxanasında Gəncənin alınmasında iştirakına görə medal kəsildi. Gəncənin tarixi adı dəyişdirildi və imperatorun arvadının şərəfinə Yelizavetpol adlandırıldı. Gəncə sözünü işlədənin bir qızıl cərimə olunması barədə fərman da verildi. Gəncənin itirilməsi digər Azərbaycan xanlıqlarının da taleyində faciəli rol oynadı. Rusiya digər xanlıqların da işğalına girişdi.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 19 yanvar 2019 17:00
    cox xosuma gelddi

    [/s][s]

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.