NADİR ŞAH ƏFŞAR

NADİR ŞAH ƏFŞAR

 

NADİR ŞAH ƏFŞAR
1736-cı ilin martında Suqovuşan qurultay (mənbələrdə Böyük Gənəşmə) toplandı. Mənbələrin verdiyi məlumata görə qurultay üzvlərinə öz doğma Azərbaycan türkcəsində müraciət edən Nadir xan gündəlikdə iki məsələnin – yeni şah seçkisinin və Azərbaycan türklərinin Cəfəri məzhəbinə keçməsinin durduğunu bildirdi. 
Nadir şah elan edildi. Nadir şahın xan elan edilməsi ilə Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Anadolu və Azərbaycan türkləri arasında məzhəb ayrılığı məsələsini aradan qaldırmaq məqsədilə Nadir şah 1517- ci ildən İslam xəlifəsi hesab edilən Osmanlı sultanının yanına elçilər göndərərək Cəfəriliyi sünnülüyün 4-cü qolu kimi təsdiq etməyi xahiş etdi.Lakin xudpəsənd Osmanlı sultanı Azərbaycan hökmdarının bu xoş məramını rədd etdi. Muğan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxan Ziyadoğlular adı ilə məşhur olan Gəncə xanları Qarabağın 32-lər, Kəbirli və Cavanşir tayfaları Xorasana sürgün edildilər. Qarabağ məliklikləri Gəncə bəylərbəyliyinə tabe edildi. Nadir şah Şirvan, Qarabağ, Çuxursəd və Təbriz bəylərbəyliklərini birləşdirərək, Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı.
Bu bölgünün mərkəzi Təbriz, hakimi isə Nadir şahın qardaşı İbrahim xan oldu. Vəzifələri seçilənlər arasında əfşar-türk tayfalarından olanlar üstünlük təşkil edirdi. Nadir şah hakimiyyətinin ilk dövründə vergi toplanması işini qaydaya salmaq üçün yeni vəzifə bölgüsü apardı. Nəticədə dövlətin gəliri xeyli artdı. Şahın əmri ilə rəiyyətin də hərbi qulluğa çağrılmasına başlanıldı.
Nadir Əfşarın Muğanda tacqoyma mərasimində iştirak etmiş bütün vassalları kimi Teymuraz da valilik etdiyi Qaxetə döndü. Tiflis xanı Əlimirzə Teymurazın özünü həddindən artıq iddialı aparmasından narahat olaraq, 1737 – ci ilin yayında onu Qoridə həbs etdirdi və yenidən Nadir şahın yanına göndərtdirdi. Nadir şah Qəndəhara yürüşü zamanı Teymurazı da özü ilə götürdü. Qəndəharı tutandan sonra Nadir şah Teymurazdan qızını və oğlunu onun yanına göndərməsini tələb etdi. Teymuraz qızı Qatevanı və oğlu İraklini Qəndəhara – Nadir şahın yanına çağırdı. Qatevanı qardaşı oğlu Əliqulu xanla evləndirən Nadir şah, İraklini isə özü ilə Hindistana yürüşə apardı.
Nadir şahın ölkədə olmamasından istifadə edən narazı qüvvələr Azərbaycanın şimal-qərb bölgəsində qiyam qaldırdılar. Dağıstandan kömək alan üsyançılara Xəlil və Divanə İbrahim başçılıq edirdi. Üsyanı yatırmağa gələn Nadir şahın qardaşı İbrahim xan öldürüldü. Mənbələrin yazdığına görə İbrahim xan dincələrkən ləzgi casusları onu tanımış və ehtiyatsız davranan Azərbaycan bəylərbəyini uzaqdan tüfəng gülləsi ilə qətlə yetirmişdilər. Şahın oğlu Rızaqulu Mirzə ləzgilərin qiyamını yatırmaq üçün əvvəl Əmiraslan xanı, sonra Mirzə Şəfi xanı göndərdi. Qiyamlar yatırılırdı. Lakin XVIII əsrin 40-cı illərində Azərbaycanın şimal-şərqində qiyamlar o qədər gücləndi ki, Hindistan səfərindən zəfərlə qayıdan Nadir şah qiyamçılara qarşı yürüşə özü başçılıq etdi. 1741-ci ildə Ərdəbilə gələn Nadir şah Teymurazı yanına çağırdı və ona ordu verərək XVII yüzilliyin sonlarında Cara yerləşmiş ləzgilərin qiyamını yatırtmağı tapşırdı. Ləzgilərin qiyamını yatırdan Nadir şah onların əsir tutulan qadınlarını əylənmələri üçün qızılbaş döyüşçülərinə payladı. Bundan sonra dərbənd keçidini daha da möhkəmləndirən Nadir şah burada qulluq edən Borçalı atlılarını və Kartli döyüşçülərini evlərinə buraxdı. Gürcülərə başçılıq edən Givi Amilaxvara isə vəkil rütbəsi verildi. Lakin Givi Qaxetə gəldikdən sonra Teymuraza Nadir şaha qarşı çıxmağı tövsiyə etdi.Teymurazdan rədd cavabı alan Givi bu dəfə Tiflis xanı Əlimrzəyə guya Teymurazın şaha qarşı çıxmaq istədiyini bildirdi. Dağıstana – ləzgilər üzərinə yürüşə hazırlaşan Tiflis xanı Qaxet valisindən Tiflisə gələrək onunla birlikdə yürüşə getməsini əmr etdi. Lakin Teymuraz, xana Qaxetə gəldikdən sonra onunla birlikdə hərəkət edəcəyini bildirdi. Bundan qəzəblənən Əlimirzə xan ordu göndərərək Saqareconu tutdu və Nadir şaha Teymurazın xəyanət etdiyini bildirdi. Teymuraz Nadir şahın mərdliyinə sığınaraq özü onun yanına – Dərbəndə getdi. Teymurazın bu hərəkətini bəyənən Nadir şah Teymurazdan arvadı Tamarı da Dərbəndə gətirməyi əmr etdi. Onları bir neçə gün yanında saxlayan Nadir şah Teymurazla arvadı Tamara bahalı hədiyyələrlə yenidən Qaxetə yola saldı. Dağıstandan keçən Teymuraz Telaviyə gəldi. Nadir şahın Mosul və Bağdad ətrafında Osmanlı ilə yenidən toqquşduğunu eşidən Astrabad, Şiraz və ləzgilər tərəfindən qızışdırılan şamaxılılar mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdılar.
Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu kimi qələmə verən yalançı şahzadə I Sam Mirzə Qazıqumuxlu Surxay xanın köməyi ilə Yeni Şamaxını tutdu. Nadir şahın oğlu Nəsrullah Mirzə başda olmaqla qızılbaş qoşunu Kür çayı sahilində ləzgiləri haqladı və son nəfərinə qədər qırdı. Nəsrullah Mirzə yalançı şahzadənin burnunu və qulaqlarını kəsdirmişdi.
1743-cü ilin son rübündən etibarən mərkəzi hakimiyyətə qarşı qiyama Ərdəbildən Şirvana gəlmiş növbti yalançı şahzadə - II Sam Mirzə başçılıq etməyə başladı. Ona Qazıqumuxlu Surxay xanın oğlu Məhəmməd xan kömək edirdi. Bu zaman Osmanlılarla vuruşan Nadir şah Osmanlılarla sülh bağlayıb diqqəti Azərbaycandakı üsyanları yatırmağa yönəltdi. Nəhayət onun oğlu Nəsrullah Mirzənin qoşunu 1743-cü ilin noyabrında Ağsu yaxınlığında Şahbağı adlı yerdəki döyüşdə II Sam Mirzəni məğlub etdi. Məhəmməd xan Dağıstana, II Sam Mirzə isə Qaxetə qaçdı. II Sam Mirzəni həbs edən Qaxet valisi Teymuraz onu Bərdəyə – Nəsrullah Mirzənin düşərgəsinə göndərdi. 1743-cü ilin dekabrında II Sam Mirzənin bir gözünü çıxartdıran Nəsrullah Mirzə onu eşşəyə mindirərək, Qarsa göndərdi ki, «orada meydana çıxan yalançı «qardaşı» Səfi Mirzə ilə görüşsün». Lakin II Sam Mirzə yolda öldü.

NADİR ŞAH ƏFŞAR

 

Nadir şah göstərdiyi xidmətə görə Ararvi vilayətini də Teymurazın idəarəçiliyinə verdi və onu «dövlət - şərik» titulu ilə təltifləndirdi. 1744-cü ildə Borçalıya soxulmaq istəyən Ahıska paşası Usubun darmadağın edilməsində Teymurazın oğlu,Nadir şahın yetirməsi olən İrakli qızılbaşlara misilsiz xidmətlər göstərdi. Yuxarıda adını çəkdiyimiz Givi Amilaxvar Osmanlının köməyinə arxalanaraq Nadir şahın vassalı olan Teymuraza və onun oğlu İrakliyə qarşı çıxdı. 1744-cü ildə qızılbaş ordusu tərəfindən Suram qalasında mühasirəyə alınan Givi təslim oldu. Göstərdikləri xidmətlərinə görə Nadir şah Teymurazı Kartliyə, onun oğlu İraklini isə Qaxetə hakim təyin etdi.
Osmanlı dövləti ilə müqavilə bağladıqdan sonra Ahıskaya sonra isə Bərdəyə gedən şah qışı orada keçirməyi qərara aldı.
1747-ci ilin iyununda sui-qəst nəticəsində Nadir şah Əfşar öldürüldü. Nadir şah öldürüldükdən sonra onun qurduğu nəhəng Əfşar imperatorluğu xırda dövlətlərə parçalandı.Təkcə Azərbaycan ərazisində 20- ə qədər irili-xırdalı «dövlət» yarandı.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 sentyabr 2015 18:08
    ЕLА!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.