Heydər Əliyev- Naxçıvan dövrü

_ Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti.

Moskvada ciddi təqiblər, nəzarət altında yaşayan fərdi pensiyaçı Heydər Əliyev 1990-cı ilin iyul ayında Vətənə - Azərbaycana - Naxçıvana qayıtdı. Naxçıvan əhalisi onu böyük ruh yüksəkliyi ilə qarşılayır, ona böyük ümid bəslədiklərini bildirir, milli adət-ənənəyə görə ayağının altında qurbanlar kəsilirdi.
1991-ci il sentyabrın 4-də Naxçıvan MR Ali Məclisinin sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR-nın xalq deputatı Heydər Əlirza oğlu Əliyevi Ali Məclisin sədri seçdi. Heydər Əliyevin sədrliyi ilə işini davam etdirən Milli Məclisin sessiyası Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Respublikası prezidentinin seçkilərinin dayandırılması haqqında yekdilliklə qərar qəbul etmişdir. Bəzi qüvvələr Azərbaycan prezidenti seçkilərinin Naxçıvan Muxtar Respublikasında dayandırılmasını onun Azərbaycandan ayrılmaq cəhdi kimi qələmə verməyə çalışırdılar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası bildirirdi ki, belə hərəkətlər Muxtar Respublikaya qarşı irticaçı mövqe tutan Azərbaycan televiziyasının və Azərbaycanın Kommunist rəhbərliyinin təşkil etdiyi təxribatdır. Qəbul edilən qərarda Azərbaycan televiziyası və radiosunun rəhbərliyindən özünün bütün informasiya kanalları vasitəsi ilə Ali Məclisin bu qərarını elan etməsini və Naxçıvan Muxtar Respublikasının Ali Məclisindən və əhalisindən üzr istənilməsini tələb edirdi.Heydər Əliyev bu barədə sentyabrın 6-da Azərinforma xüsusi bəyanat da göndərmişdi.Bəyanatda Azərbaycanın Kommunist rəhbərliyinin Muxtar Respublikaya qarşı qərəzli, təxribat xarakterli mövqeyinin səbəbləri açıqlanır və ona obyektiv qiymət verilirdi. Heydər Əliyev «Azərbaycan Respublikasının kommunist rəhbərliyini Muxtar Respublikanın ali qanunvericilik orqanının fəaliyyətinə və sakinlərinə təzyiq göstərməyə, demokratik prosesləri boğmağa» çalışmaqda təqsirləndirir və bu qanunsuz hərəkətlərə qarşı etirazını bildirirdi.
Heydər Əliyev bütün Azərbaycandakı siyasi vəziyyətlə məşğul olur, eyni zamanda 20 Yanvar faciəsinə hərtərəfli hüquqi-siyasi qiymət verilməsinə xüsusi diqqət verirdi. Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Məclisi noyabr ayının 21-də qəbul etdiyi qərarda 20 Yanvar faciəsini işğalçı siyasət və düşünülmüş hərbi təcavüz kimi qiymətləndirir və BMT-nin İnsan Hüquqları Bəyannaməsinin kobud şəkildə pozulması faktı hesab edir. Qərarda SSRİ-nin və Azərbaycanın siyasi rəhbərliyinin 20 Yanvar faciəsinə görə birbaşa məsuliyyət daşıdıqları göstərildi. Sənəddə, həmçinin bundan sonra 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd edilməsi qərara alınaraq, Azərbaycan SSR Ali Sovetindən xahiş edilirdi ki, yanvarın 20-si hər il Azərbaycanda milli matəm günü kimi qeyd olunsun.
Azərbaycan SSR xalq deputatı Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də keçirilən birinci sessiyasında iştirak etdi. Heydər Əliyev DQMV-də yaranmış gərgin vəziyyətin köklərini açıb-göstərdi: «Uzun sürən erməni təcavüzünün qarşısını almaq üçün İttifaq dövləti, birinci növbədə şəxsən M.S.Qorbaçov və respublika rəhbərliyi tərəfindən qəti tədbirlər görülməmişdir .3 ildir ki, Azərbaycan SSR Ali Sovetinin sessiyasında DQMV-də vəziyyət haqqında ətraflı, dərin, lazımi səviyyədə məsələ müzakirə olunmayıb, səmərəli tədbirlər görülməyib». Heydər Əliyevin bu çıxışı mühüm əhəmiyyətli bir tarixi sənəddir.
Heydər Əliyev göstərdi ki, ölkədə yaranmış vəziyyətin günahkarları hakimiyyətdə olan Kommunist Partiyasının Mərkəzi Komitəsi, o cümlədən partiya və dövlət hakimiyyətini ələ keçirmiş Qorbaçovdur.
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında Dağlıq Qarabağ haqqında danışmaqla Azərbaycan tarixi üçün daha bir həqiqəti aşkar etdi. Azərbaycan torpaqlarının tarixən ermənilər tərəfindən işğal edilməsi faktlarını meydana çıxardı. Hələ 1918-ci ildən Ermənistan Respublikasının Azərbaycan torpaqlarının fasilələrlə ələ keçirməsi nəticəsində Azərbaycan ərazisi 1918-ci ildəki 114 min kvadrat kilometr sahədən 1990-cı ildə 86 min kvadrat kilometrədək azaldığını qeyd etdi. Heydər Əliyev torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərdi. Heydər Əliyev sessiyada təklif etdi ki, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın, hansı dövrdə nə qədər torpaq sahələri verilib, müəyyən olunsun.
Heydər Əliyev çıxışının sonunda belə bir taleyüklü, tarixi əhəmiyyət daşıyan məsələ üzərində dayandı: «...bizim sessiyamız Ermənistanı necə bir təcavüzkar dövlət kimi adlandırmalıdır. Biz bu barədə qərar qəbul etməliyik. ...bunu bütün dünyaya bəyan etməliyik.»
Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı, Avropa Şurası PA-nın sədr müavini millət vəkili İlham Əliyevin böyük səyi nəticəsində Ermənistanın Avropa Şurasının sənədlərində işğalçı dövlət kimi qeyd etdirilməsinə nail olundu.
Heydər Əliyevin çıxışı iqtidarda olanlar və bir çox deputatlar tərəfindən, necə deyərlər, top-tüfənglə qarşılandı, Heydər Əliyevi «ittiham» etməyə, böhtanlar atmağa başladılar. M.Quliyev Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə fəaliyyətini yoxlamaq haqqında komissiya yaradılması təklifini verdi. Bu şantaja cavab olaraq Heydər Əliyev tələb etdi ki, «deputatın qanuni hüquqları pozulmamalı və onun statusuna hörmət edilməlidir». Parlamentdə komissiya yaradılması haqqında təklif qəbul edilmədi.
Sessiyada müzakirə olunan problemlərdən biri də SSRİ-nin saxlanıb-saxlanmaması haqqında məsələ idi. Heydər Əliyev referendumda iştirak etməyin əleyhinə çıxdı. Lakin Ali Sovetin sessiyasında Azərbaycanın referendumda iştirak etməsi səs çoxluğu ilə qəbul edilmişdi. Naxçıvan Muxtar Respublikası iştirak etmədən martın 17-də Azərbaycanda saxta yolla SSRİ-nin saxlanması barədə referendum keçirildi.SSRİ-nin saxlanması üzrə keçirilən saxta referendumda Naxçıvan Muxtar Respublikası seçicilərinin cəmi 20 faizi iştirak etmişdir ki, bunların da əksəriyyəti muxtar respublika ərazisində xidmət edən hərbi qulluqçular və onların ailə üzvləri idilər. Qeyd etmək lazımdır ki, milli azadlıq hərəkatına ilk vaxtlar rəhbərlik edən Azərbaycan Xalq Cəbhəsi sonralar öz mövqeyini zəiflətdi. İqtidar və AXC liderləri 1990-cı il mayın ortalarında məşvərət şurası yaratdılar. Məşvərət Şurasının razılığı ilə Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 19-da Prezident vəzifəsi təsis etdi. İyulda Ali Sovetə keçirilən seçkilərdə «demblok» 360 deputat mandatından cəmi 30-nu qazandı.Hərəkatda rəhbərlikdə yeni liderə böyük ehtiyac var idi.
Heydər Əliyevin Naxçıvana gəlməsi Azərbaycanın azadlıq mübarizəsində, müstəqillik uğrunda mübarizəsində böyük əhəmiyyəti oldu. Onun sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan parlamentinin sessiyası Muxtar Respublikasının adından «Sovet Sosialist» sözlərini götürdü. «Ali Sovet» sözünü «Ali Məclis» sözü ilə əvəz etdi. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağını özünün dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Qərarda deyilirdi: «İlk Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsis edilsin. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi - dövlət gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin».
Naxçıvanda keçirilən demokratik tədbirlər bütün Azərbaycan üçün nümunə olmuşdu. Demokratik qüvvələrin tələbi ilə Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də keçirilən sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı - «Azərbaycan SSR» adı dəyişdirilərək, «Azərbaycan Respublikası» adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq edildi.Tarix Heydər Əliyevin uzaqgörənliyini tezliklə təsdiq etdi - SSRİ dağıldı.1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin sessiyası «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa edilməsi haqqında» Bəyannamə qəbul etdi. 1991-ci il oktyabrın 16-18-də Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya aktın layihəsinin müzakirəsi keçirildi. Gərgin şəraitdə keçən müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı» qəbul olundu. Müzakirə oktyabrın 18-nə kimi davam etdi. Müzakirələrdə belə bir fikir də irəli sürülmüşdü ki, Azərbaycan xalqı dövlət müstəqilliyi məsələsinə öz münasibətini referendum yolu ilə bildirməlidir. Yalnız bir aydan sonra, 1991-ci il noyabrın 15-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə respublika referendumunun keçirilməsi haqqında» Ali Sovet qərar vermişdi.Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının dövlət himnini, 1993-cü ilin yanvarında isə dövlət gerbini təsdiq etdi. 1991-ci il dekabrın 5-də Naxçıvan MR Ali Məclisi qərar verərək həmin il martın 17-də SSRİ-nin qorunub saxlanması ilə əlaqədar Azərbaycanda keçirilən referendumun nəticələrini saxta elan etdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiyasının «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»nı qəbul etməsi Naxçıvanda yüksək əhvali-ruhiyyə ilə qarşılandı. Bu münasibətlə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev «Həyat» qəzeti redaksiyasına teleqram göndərmişdi. Teleqramda deyilirdi: «Naxçıvan Muxtar Respublikasının əhalisi 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»nın qəbul edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu tarixi hadisə kimi qəbul edir...Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər».
AXC-nin apardığı yararsız kadr siyasəti Naxçıvanda daxili vəziyyəti kəskinləşdirmişdi. Azərbaycan Respublikası daxili işlər nazirinin Bədən Tərbiyəsi İnstitutunu bitirmiş, daxili işlər orqanlarında heç bir təcrübəsi və səriştəsi olmayan, AXC-nin fəal üzvü, S. Mustafayevin Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri təyin edilməsi bölgədaxili münasibətlərin gərginləşməsinə və qarşıdurmaya gətirib çıxartdı. Naxçıvan MR Ali Məclisinin sessiyasında Naxçıvan MR daxili işlər naziri təyin edilməsi haqqında məsələyə baxıldı və səs çoxluğu ilə qəbul edilmədi. 1992-ci il oktyabrın 24-də AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişi cəhdi göstərildi. Muxtar Respublikanın televiziya şirkətini, texniki istismar rabitə idarəsinin elektrik mərkəzini, Daxili İşlər Nazirliyini tutdular. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Xalq Cəbhəsinin rəhbərlərindən öz qanunsuz hərəkətlərinə son qoymağı, tutduqları yerləri boşaltmağı tələb etmişdi. Lakin bu müsbət nəticə verməmişdi. Belə şəraitdə Naxçıvan MR Ali Məclisinin qarşısında izdihamlı mitinq keçirildi. Mitinq iştirakçıları Heydər Əliyevlə həmrəy olduqlarını bildirir, silahlı dəstələrdən Daxili İşlər Nazirliyinin və teleradio verilişləri komitəsinin binasını boşaltmağı tələb edirdilər. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 25 oktyabr tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 1992-ci il oktyabrın 24-də Naxçıvan Xalq Cəbhəsi və onun silahlı qüvvələri tərəfindən işğal olunması, bu dövlət orqanlarının işinin bir neçə saat ərzində iflic vəziyyətinə salınması və beləliklə, bütün əhaliyə mənəvi zərbə vurulması Naxçıvan Muxtar Respublikasında dövlət çevrilişi kimi qiymətləndirilmişdi. Məclis AXC silahlı qüvvələrinin üç gün ərzində tərksilah olunması haqqında qərar qəbul etdi. Naxçıvanda Heydər Əliyevin siyasəti və təşkilatçılığı nəticəsində xalq dövlət çevrilişi cəhdinin qarşısını ala bildi.
Azərbaycanda siyasi şəraitin ağırlaşması, respublika rəhbərliyinin səriştəsizliyi, daxili çəkişmələrin artması nəticəsində respublikanın dövlət müstəqilliyi üçün təhlükə yaradırdı. 1992-ci il oktyabrın 16-da Azərbaycanın bir qrup ziyalısı Heydər Əliyevə müraciətlə, Yeni Azərbaycan siyasi partiyası yaradılması və onun bu partiyanın fəaliyyətində iştirak etməsini xahiş etdilər. Heydər Əliyev oktyabrın 24-də ziyalıların müraciətinə cavab verdi. Noyabrın 5-də Yeni Azərbaycan Partiyası təşkilat komitəsinin yığıncağında Heydər Əliyev təşkilat komitəsinin sədri seçildi. Noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi. Konfransda YAP-ın proqram və nizamnaməsi qəbul edildi. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının əsas məqsəd və vəzifələrini belə şərh edirdi: «Yeni Azərbaycan - parlament tipli partiyadır və qəbul etdiyi proqramına uyğun olaraq aşağıdakıları özünün məqsədləri hesab edir: Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi; milli, dini və dil mənsubiyyətlərindən asılı olmayaraq, bütün vətəndaşlarının bərabər hüquqlara malik olduğu sivilizasiyalı, demokratik, hüquqi dövlət yaradılması. Lakin ön planda Azərbaycanın qarşısında duran ən mühüm və təxirəsalınmaz problemlərin həlli dayanır - hər şeydən əvvəl, respublikanın geniş miqyaslı xarakter almış müharibə vəziyyətindən çıxarılması, Qarabağ probleminin həll olunması, habelə ağır sosial-iqtisadi böhranın dəf edilməsi».
Naxçıvan MR Ali Məclisinin sədri Naxçıvanı erməni təcavüzündən qorumaq sahəsində böyük işlər görürdü. 1992-ci il mayın 18-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ərazisinə Ermənistan tərəfindən hərbi hücum təşkil edilmiş, toplardan və başqa silahlardan atəş açılmaqla hərbi təcavüz başlanmışdı. Naxçıvan üçün ağır imtahan idi. İtkilər olmuşdu, dağıntılar var idi. Hadisə başlayan kimi Heydər Əliyev təcili olaraq Ali Məclisin iclasında müzakirə keçirdi, hücum başlandığı ilk gündən dünya ictimaiyyətinə, televiziya ilə respublika əhalisinə müraciət etdi. Müraciətin sonunda Heydər Əliyev demişdi: «Bir daha Naxçıvan əhalisinə bildirmək istəyirəm ki, narahat olmasınlar, bizim öz torpağımızı qorumağa qüdrətimiz var və bütün imkanlardan istifadə edib Naxçıvan Muxtar Respublikasında əminamanlığı təmin edəcəyik».
Ağır günlərdə 1992-ci il mayın 28-də Sədərəkdə Araz çayı üzərində salınmış Naxçıvanla Türkiyə arasında körpünün rəsmi açılışı oldu. Heydər Əliyev həmin körpünü «arzu və ümidlərin körpüsü» adlandırmışdı. Körpünün açılışı münasibəti ilə Naxçıvana gəlmiş S.Dəmirəl körpünün açılışını Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yeni dövrünün başlanğıcı adlandırdı.Dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin yaradılmasında Heydər Əliyevin böyük tarixi xidməti olmuşdur. Belə ki, Ali Məclisin 1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik Günü elan olundu, həmin günün hər il bayram edilməsi nəzərdə tutuldu.
Azərbaycan Respublikasının paytaxtında siyasi vəziyyət böhran içərisində idi. 1993-cü il iyunun 4-də Gəncə şəhərində hökumət qüvvələri ilə Surət Hüseynovun silahlı dəstələri arasında hərbi toqquşma baş verdi. AXC-Müsavat iqtidarı ölkədə baş verən təhlükəli proseslərin qarşısında aciz qalıb, kömək üçün Heydər Əliyevə müraciət etdi. Heydər Əliyev Azərbaycanın gələcəyi naminə, xalqın təkidli tələbi ilə iyunun 9-da Bakıya gəldi və fəal iş aparmağa başladı. 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Parlamentdəki ilk çıxışında Heydər Əliyev Ali Sovetin Sədri kimi qarşıda duran bir çox vəzifələr haqqında danışdı. Onların sırasında dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi; Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi; ölkədə demokratik inkişaf və siyasi plüralizmə nail olunması; dövlət quruculuğu prosesində demokratik prinsiplərin və qanunculuğun təmin edilməsi; bazar iqtisadiyyatı sisteminin formalaşdırılması və inkişafı məsələsini xüsusi qeyd etmək lazımdır.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.