AVROPADA MULTIKULTURALIZMIN TARIXI

 AVROPADA MULTIKULTURALIZMIN TARIXI

AVROPADA MULTIKULTURALIZMIN TARIXI
Qərbin multikulturalizm ideologiyasının formalaşmasında III mərhələ kimi XX əsrdə Avropa ölkələrinin həyata keçirdiyi miqrasiya siyasətini fərqləndirmək olar. Məlum olduğu kimi, ikinci dünya müharibəsindən sonra Avropa ölkələrinin sürətli iqtisadi artımı daxili işçi qüvvəsini bir neçə dəfə üstələyirdi. Əhalinin yaşlaşması və qitədən kənar ölkələrdə ucuz işçi qüvvəsinin bolluğu Qərb dövlətlərinin keçmiş müstəmləkə ölkələrindən miqrasiyanı təşviq etməsi ilə nəticələndi. Bu zaman hər bir Avropa dövləti öz keçmiş imperiya təbəələrinə üstünlük verirdi. Tarixi bağlılıq, dil, mədəni faktorlar miqrasiya axınları üçün həlledici amil sayılırdı. Misal üçün, Britaniyada Hindistan və Pakistandan, Fransada fransızdilli Afrika ölkələrindən, Hollandiyada Karib hövzəsi müstəmləkələrdən miqrantlar çoxluq təşkil edirdi. Əslində keçmiş imperiyalar bu miqrasiyanı təşviq edirdilər və bunun üçün müxtəlif təşkilatlar da yaratmışdılar. Britaniyanın başçılığı ilə Millətlər Birliyi (54 ölkə), Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı (56 ölkə), İspaniyanın lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin Birliyi (9 ölkə) keçmiş müstəmləkə əhalisinə siyasi-iqtisadi maraqlar müqabilində miqrasiya üçün əlverişli şərait yaradırdı.
Bu mərhələdə multikulturalizm müstəmləkələrdən gələn yeni sakinlərin Qərbin vahid dəyərlər sisteminə daxil olması və miqrantların assimilyasiyasına yönəlmiş ideologiyaya xidmət edirdi. Lakin hadisələr göstərdi ki, Qərbin müstəmləkə siyasəti həmin dövrdən əks effekt verməyə başladı. Vaxtilə Avropalıların qanlı-qadalı işğalçılıq siyasətindən fərqli olaraq miqrantlar Avropada səssiz-səmirsiz məskunlaşmaqla bu məkanı "işğal” etməkdədirlər. Fərqli mədəniyyət daşıyıcılarını universal modelə tam uyğunlaşdırmaq mümkün olmadı və bu prosesi təbii də qarşılamaq lazımdır.
Qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr də bu mərhələdən başlayaraq səslənməyə başladı. Amerikan modelindən fərqli olaraq "Köhnə qitə”də mozaik cəmiyyət yaratmaq mümkün olmadı. Burda əsas səbəb olaraq dominant etnosun yalnız öz mədəni və dini dəyərlərinə üstünlük verməsini göstərmək olar. Qərbin gözündə yeni gələn miqrantlar mühacir qəbul edən cəmiyyətin yeknəsəq tərkib hissəsi olmalıdır. Onların fərqli davranış və ya əxlaq normaları Qərb dəyərləri ilə uyğun gəlmədiyi üçün qəbuledilməzdir. Lakin hətta ikinci və üçüncü nəsil miqrantların uyğunlaşma problemləri və dini ənənələri saxlaması multikultural siyasətdə nəyinsə çatışmadığını göstərdi.
Avropanın əksər ölkələrində hadisələrin belə axarına hazır deyildilər və buna görə də miqrantlara münasibətdə aqressivlik müşahidə olunur. Əslində "Köhnə qitə” indiyədək heç vaxt bu qədər yeni sakinlə qarşılaşmamışdı. XX əsrin əvvəllərində miqrantların ilk dalğası daha çox siyasi mühacirlər idi. Həm kəmiyyət, həm də təfəkkür tərzi baxımından hazırkı işçi emiqrantlardan tamamilə fərqlənən siyasi mühacirlər Qərb mədəni dəyərlər sisteminə daxil olmaqda heç bir problemlə qarşılaşmadı. Hətta bu təbəqənin əksər hallarda II nəsildən sonra milli identiklik xüsusiyyətlərini itirdiyi və Qərb cəmiyyətinə tam inteqrasiya olunduğu müşahidə olunur. Paralel olaraq gedən assimilyasiya da öz yerində. Ona görə də II dünya müharibəsindən sonra kütləvi xarakter daşıyan işçi miqrantlara ilk vaxtlar həmin münasibət bəslənilirdi.
Almaniyanın kansleri Angela Merkel etiraf edir ki "1960-cı illərdə biz xarici işçi qüvvəsini Almaniyaya dəvət edəndə elə bilirdik ki, onlar qayıdıb gedəcəklər. Lakin bu baş vermədi və bizim multikulturalizm siyasətimiz isə iflasa uğradı”.
Fransanın keçmiş Prezidenti Nikola Sarkozi də multikulturalizmin məğlubiyyətə uğramasında aparılan yanlış siyasəti deyil, fərqli mədəniyyət daşıyıcılarını, xüsusən də İslam həyat tərzini ittiham edir. O, bildirirdi ki, "əgər insan Fransaya gəlirsə o, fransız xalqının bir hissəsi olmalıdır, əgər bunu istəmirsə burda ona yer yoxdur. Fransızlar öz dəyərlərinə yenidən baxmaq fikrində deyillər, insanların küçələrdə ibadət etməsini, qızların məktəbə getməsinin qadağan edilməsini, qadın və kişilərin bərabərliyinə dair dəyərləri itirmək istəmirlər”. Mühafizəkar bəyanatdır və kimlərinsə fransız dəyərlərinə zorla müdaxiləsi həqiqətən də yolverilməzdir. Lakin görəsən yəhudilərin Fransada yalnız XIX əsrin sonlarında vətəndaşlıq hüququ qazandığını nəzərə alsaq, mənşə etibarı ilə yəhudi olan cənab Sarkozi bu bəyanatı 100 il əvvəl də verərdimi?
Beləliklə qeyd etməliyik ki, hazırda həyəcan təbili vurulan multikulturalizmin böhranı Qərb ölkələrinin yanlış siyasətinin nəticəsidir. İqtisadi vəziyyətdən asılı olaraq xaricdən işçi qüvvəsinin dəvət edilməsi və sonradan həmin miqrantlara qarşı göstərilən ayrı-seçkilik multikultural dəyərlərə bir araya sığmır.

AZƏRBAYCAN RESPUBLIKASI PREZDENT YANINDA DOVLƏT IDARƏCILIK AKADEMYASI : MENECMENT :
RUSLAN ZEYNALZADƏ
ƏLİ QULİYEV


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.