Azərbaycanda sosial-iqtisadi vəziyyət.

Azərbaycanda sosial-iqtisadi vəziyyət.
 

XVIII əsrin birinci yarısında Azərbaycanda sosial-iqtisadi vəziyyət. XVII əsrin sonu-XVIII əsrin əvvəllərində dərin iqtisadi və sosial böhran keçirən Səfəvi dövlətinin xəzinəsi boşalır. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən bəzi bəylərbəyilər və başqa iri feodallar müstəqilliyə can ataraq tabe olmaqdan imtina edirlər.

 

         1716-cı ildə Rusiya çarı I Pyotr tərəfindən Səfəvi dövlətinə səfir göndərilən A.L.Volınski Azərbay­andakı vəziyyət haqqında belə yazır: «Səfəvilər dövlətinin taxıl anbarı hesab edilən Azərbaycanda tarlalar 7 il ərzində əkilməmişdir, ölkədə aclıq hökm sürür. Dövlətin ağır xərclərini vergilər hesabına ödəyəcəyini ümid edən şah hökuməti bu işi qaydaya salmaq məqsədi ilə əhalini  yenidən siyahıya aldı. Həmin müddətdə əhalinin təkcə özü deyil, əmlakı da siyahıya alındı».

         1699-1702-ci illərdə bu tədbirlərin görülməsi nəticədə ölkədə toplanan vergi və mükəlləfiyyətlərin artmasına, bu da öz növbəsində xalqın var-yoxdan çıxmasına səbəb olur. Toplanan vergilərin çox az hissəsi xəzinəyə göndərilir, qalanı isə yerli hakimlər tərəfindən mənimsənilir. Belə bir şəraitdə Səfəvi dövlətinin bir çox bölgələrində olduğu kimi, Azərbaycanda da xalqın mübarizəsi yenidən alovlanır, şah hakimiyyətinə və yerli əyanlara qarşı müqavimət hərəkatı güclənir.

         İlk kütləvi xalq çıxışı 1707-ci ildə Car-Bala­kəndə başlayır. Bu çıxış çox çətinliklə yatırılır. Daha sonra Təbrizdə və Muğanda çıxışlar olur. 1711-ci ildə Car-Balakən camaatı yenidən silaha əl atır. Şamaxı şəhərinə hücum edən  üsyançılar bəylərbəyinin qoşu­nunu məğlub edərək özünü də öldürürlər. Səfəvi şahı Sultan Hüseyn (1694-1722) Keyxosrovu Şirvana yeni bəylərbəyi təyin edir.

         Tezliklə Muğan əhalisi də mərkəzi hakimiyyətdən üz döndərir. A.L.Volınski yazır ki, «onlar şahın nümayəndələrini qovaraq yerli əyanlardan birini özlərinə hakim seçdilər, şah qoşununu isə darmadağın etdilər».

         Azərbaycanın cənubunda və şimal-şərqində, habelə cənubi Dağıstanda da Səfəvi hakimiyyətinə qarşı ciddi çıxışlar baş verir. 1709-cu ildə Təbrizdə sənətkarların və şəhər yoxsullarının da silahlı çıxışları başlayır. Tezliklə bu mübarizəyə kəndlərin də əhalisi qoşulur. 1709-1715-ci illərdə Sovucbulaq və Muğanda kəndli çıxışları geniş vüsət alır.

         Elə bu illərdə Şirvan feodal zülmünə qarşı mübarizənin mərkəzinə çevrilir. Şirvan üsyançılarının ilk addımı uğursuz olur. Müşkür mahalının Dədəli kəndindən olan Hacı Davud xalq hərəkatına rəhbərlik edir. Üsyançılar Dərbənd, Şirvan və Xudata hücum edirlər. 1719-cu ildə mərkəzi hakimiyyətin və yerli hakimlərin birləşmiş hərbi qüvvələri hərəkatı yatırır. Hacı Davud həbsxanaya salınır.

         Az sonra həbsdən qaçan Hacı Davud 1720-1721-ci illərdə yenidən üsyançılara rəhbərlik etməyə başlayır. Şirvanda və Dağıstanda hakimiyyəti ələ almaq məqsədi güdən Hacı Davud kömək üçün Rusiyaya müraciət edir. Lakin Rusiyanın mənafeyinə uyğun olmadığından onun müraciətləri cavabsız qalır.  Vəziyyəti belə görən Hacı Davud qüvvələri toplayaraq Qazıqumuq  hakimi Surxay xanla birləşib 1721-ci ilin avqustunda  Şamaxıya hücum edir. Ciddi müqavimətlə qarşılaşmayan üsyançılar şəhər əhalisinin köməyi ilə Şamaxını ələ keçirirlər. Bu zaman Şamaxıda alver edən xarici tacirlərlə yanaşı, rus tacirlərinə də böyük ziyan dəyir, bəziləri isə öldürülür. Bundan sonra  Hacı Davud və Surxay xan Azərbaycanın başqa vilayətlərinə hücum edirlər. Lakin onların bu cəhdi uğursuz olur.

         1722-ci ildə əfqanlar İsfahan yaxınlığında Səfəvi ordusunu məğlub edirlər. İsfahan mühasirəyə alınır. Tezliklə şəhərə daxil  olan əfqanlar Sultan Hüseyn başda olmaqla bütün Səfəvi xanədanını həbs edirlər. Şahın böyük oğlu Təhmasib Astrabada qaçmağa imkan tapır və burada özünü II Təhmasib adı ilə şah elan edir (1722-1732).

         Mərkəzi hakimiyyətin devrilməsi müstəqil Azərbaycan dövlətinin yaradılmasına imkan versə də bu tarixi şəraitdən istifadə olunmur. Bunun başlıca səbəbi ayrı-ayrı vilayətlər arasında əlaqələrin zəifliyi olsa da, qonşu dövlətlərin müdaxiləsi də burada mühüm rol oynayır. Artıq bu zaman Osmanlı və Rusiya dövlətləri Qafqazda hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 may 2013 11:37
    azerbaycan her cur seriti ile etrafdakilari qiciqlandirir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.