İŞARƏLƏRİN TARİXİ ABİDƏLƏRİ

İŞARƏLƏRİN TARİXİ ABİDƏLƏRİ

 

İŞARƏLƏRİN TARİXİ ABİDƏLƏRİ

Yazı meydana gələnə qədər minilliklər boyu insanlar arasında yalnız şifahi ünsiyyət mövcud olmuşdur. İlk əlifba yarandıqdan sonra danışıq səsləri yazıda hərflər vasitəsilə işarə olunmağa başlandı. Bu səslərin köməyi ilə sözlər, cümlələr yazıldı. Beləliklə, yazılı nitq meydana gəldi. 
Lakin şifahi nitq təkcə danışıq səslərindən ibarət deyil. Doğrudur, insan danışarkən fikrini, ilk növbədə, sözlərlə, cümlələrlə ifadə edir. Bununla belə, intonasiyanın, vurğunun, pauzanın və s. əhəmiyyəti də az deyil. Yazıda bütün bu köməkçi funksiyaları xüsusi işarələr – durğu işarələri yerinə yetirir. 
Durğu işarələri mətnin daha asan qavranılmasına, səsli oxu zamanı düzgün ifadəsinə kömək edir. Lakin bu işarələr əlifba ixtira olunduqdan çox sonralar yaranmışdır. İlkin dövrlərdə yazıda nəinki durğu işarələri, heç sözlər arasında boş məsafə də olmurdu. Belə mətni oxumağın nə qədər çətin olduğunu təsəvvür edirsinizmi? 
Yazı prosesinin özü də çətin iş idi. Mətnlər xəttatlar tərəfindən köçürülürdü. Bir kitabın köçürülməsi bəzən bir neçə ilə başa gəlirdi. Belə ki tabları oxuyanların sayı da məhdud idi. 
Kitab çapının meydana gəlməsi və daha geniş oxucu kütləsini əhatə etməsi mətnlərin daha anlaşıqlı, rahat oxunuşlu olması zərurətini yaratdı. Bunun üçün, ilk növbədə, sözləri, cümlələri bir-birindən ayırmaq lazım idi. İlk zamanlar mətndəki sözləri bir-birindən yazı xəttinin mərkəzində nöqtə qoymaqla ayırırdılar. Sonralar nöqtə əvəzinə kiçik boşluq saxlamağa başladılar, nöqtə isə cümlənin bitdiyini bildirirdi. Daha sonra cümlənin ilk sözünün böyük hərflə yazılması da mətnin oxucular tərəfindən daha asan qavranılmasına kömək edirdi.
Halbuki durğu işarələrinin hər birinin dildə öz yeri və maraqlı tarixi var. Məsələn, sual işarəsi latın dilində "sual” mənası verən "quaestio” sözündən yaranmışdır. Əvvəllər sual cümləsinin sonunda bu sözün qısaldılmış formasını – "qo” yazırdılar. Sonra "q” hərfini "o”nun üzərində yazmağa başladılar. Nəhayət, bu yazılış indiki sual işarəsinə çevrildi. 
Nida işarəsi də latın dilindən alınıb. Cümlənin sonunda yazılan və latın dilində sevinc, heyrət bildirən "İo” nidası analoji yolla dəyişikliyə uğrayaraq müasir nida işarəsinə çevrildi. 
Bu iki durğu işarəsinin mətndə yaratdığı məna çalarları çox zəngindir. Onların vasitəsilə maraq, şübhə, tərəddüd, təəccüb, heyrət, etiraz, sevinc, kədər və s. ifadə oluna bilir. Hələ "?!”, "!!!” işarələrinin cümləyə qatdığı emosional rəngləri demirik! Bu işarələrin məna tutumu elə böyükdür ki, bəzən sözsüz də insanın fikrini çatdıra bilir. Kitab səhifələrinin kənarında hansısa oxucunun qoyduğu sual və nida işarələri həmin insanın zövqü, düşüncə tərzi, hətta xarakteri haqqında müəyyən təsəvvür yaradır. 
Böyük fransız yazıçısı Viktor Hüqo haqqında söylənilən əhvalat durğu işarələrinin malik olduğu ifadə imkanları baxımından maraqlıdır. Çox ciddi adam olan Hüqo hərdən zarafat etməyi sevərmiş. Növbəti kitabı çapdan çıxdıqdan sonra o, satışın necə getdiyini bilmək üçün naşirə məktub göndərir. Kağızda yalnız sual işarəsi – "?” yazılmışdı. Hazır cavab naşirin cavabı da çox qısa olur: boş kağızın ortasında nida işarəsi – "!”. 
Yazıda ən çox işlənən durğu işarələrindən biri də vergüldür. Bu işarənin yaranma tarixi haqqında bir neçə fərziyyə var. Bunlardan biri ərəb dili ilə bağlıdır. Ərəblər yazıda vergülü əvəz edən "və” bağlayıcısından geniş istifadə edirdilər. Ərəb dilində bu söz yazıda bir işarə ilə – " و” (vav) hərfi ilə ifadə olunur, çünki bu dildə saitlər yazılmır. Orta əsrlərdə ərəb dili, bu dildə yazılmış bədii və elmi əsərlər nəinki Şərqdə, hətta Avropada da geniş yayılmışdı. Ərəb dilindəki "və” bağlayıcısının qrafik işarəsi çox sadə olduğundan, güman etmək olar ki, naşirlər ondan vergül kimi istifadə etməyə başlamışlar. 
Deyilənə görə, sonralar ərəblər özləri də bu işarəni vergül kimi qəbul edəndə "və” bağlayıcısı ilə səhv salmamaq üçün onu tərsinə yazmağa başladılar: " ”. Amma, əslində, ərəb dilində vergülün tərsinə yazılmasının çox sadə səbəbi var. Bu dildə mətnlər, bizim adət etdiyimiz kimi, soldan sağa deyil, sağdan sola yazıldığı üçün bəzi durğu işarələri də tərsinə yazılır. 
Mətnlərin məzmun və təyinatına uyğun olaraq yazıda durğu işarələri ilə yanaşı, müxtəlif işarələrdən istifadə edilir. Bu işarələr fikrin daha aydın, qısa və lakonik ifadəsinə xidmət edir. Hər hansı elmi mətni oxuyub dərk etmək üçün hərfləri tanımaq kifayət deyil. Həmin elm sahəsində işlənən xüsusi işarələrin də mənasını bilmək lazımdır. Elmin, texnologiyanın sürətli inkişafı, informasiya bolluğu ilə xarakterizə olunan müasir dövrdə belə işarələrin sayı da günbəgün artır.
Dilrüba Cəfərova






Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 yanvar 2015 16:50
    Sağolun Ülviyyə xanım......

    --------------------

  2. 17 yanvar 2015 16:52
    tesekkur eziyyete hormet winked

  3. 18 yanvar 2015 11:37
    Bu haqda bilmirdim.Təşəkkürlər!!!

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.