QORİ SEMİNARİYASINDA

QORİ SEMİNARİYASINDA

QORİ SEMİNARİYASINDA AZƏRBAYCAN ŞÖBƏSİ NECƏ AÇILDI

1876-cı ildə Gürcüstanın Qori şəhərində Qafqaz xalqlarının uşaqlarının təhsil alması üçün seminariya açılmışdı. Burada xristian uşaqlar “padşah xərci”nə oxuyurdular. Lakin müsəlmanlardan da istəyən olsa idi, öz xərcinə uşaqlarını seminariyada oxuda bilərdi. Dövrünün görkəmli ziyalıları - Tiflisdə fəaliyyət göstərən Şərq dilləri üzrə baş mütərcim Mirzə Fətəli Axundzadə və Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə Qori seminariyasının nəzdində Azərbaycan bölməsi açmaq xahişi ilə Qafqaz canişini Mixail Romanovun qəbuluna gedirlər. Nə qədər yalvar-yaxar etsələr də, dil töksələr də, canişin yola gəlmir. Deyir ki, şöbə açsalar da, oxuyan olmayacaq. M.F.Axundzadə həmin dövrdə Rusiyada və dünyada böyük zəka sahibi kimi şöhrət tapmış azərbaycanlı alim və ziyalıların adlarını çəkməyə başlayır. Mirzə Cəfər Topçubaşovu, Həsən bəy Zərdabini, Abbasqulu ağa Bakıxanovu, Mirzə Kazım bəyi xatırladır. Şəmistan Nəzirli “Qoridən gələn qatar” kitabında yazır: “Mirzə Fətəli Peterburq Universitetinin fəxri doktoru Mirzə Kazım bəy azərbaycanlıdır, bizim həmyerlimizdir”, - deyəndə canişinin sifətində heyrətə bənzər təəccüb yarandı. Bundan ruhlanan Mirzə Fətəli həmyerlisi haqqında daha ətraflı danışmağa başladı. “Mirzə Kazım bəy təkcə RUSİYA ELMLƏR AKADEMİYASININ müxbir üzvü deyil, o həm də Londonda BÖYÜK BRİTANİYA və İRLANDİYA KRAL CƏMİYYƏTİNİN üzvüdür. Kopenhagendə ŞİMALİ ANTİKVARİLƏR KRAL CƏMİYYƏTİNİN üzvü seçilmişdir. Üç dəfə Demidov mükafatını almışdır”. Bu söhbətlər sonda seminariyanın nəzdində Azərbaycan şöbəsinin açılması ilə nəticələndi.

QORİ SEMİNARİYASINDA

YAXŞILIQ İTMİR
(“Qoridən gələn qatar” sənədli povestindən)

XIX əsrin ortalarında Qazaxda günəmuzd fəhlə işləyən iranlı Məmmədəli ağır zəhməti bahasına əlinə yaxşı maya salır. Bu zəhmətkeş hambal özünə on yeddi otaqlı bir imarət tikdirir. Əsrimizin əvvəllərində doğma vətəni İrana köçüb getmək istəyən Məmmədəli evini hərraca qoyur. Sözsüz ki, hər kişi belə bir əzəmətli mülk ala bilməzdi. Qazaxda iki pullu, qızıllı kişi Məmmədəlinin mülkünü almaq üçün müştəri düşür: Qıraq Kəsəməndən İsrafil ağa və Kosalardan Məşədi İbrahim. Onu da deyək ki, Qaçaq Kərəmlə qatı düşmən olan İsrafil ağa öz dövrünün böyük xeyriyyəçisi olmuşdur.
Şahidlər, mülk sahibi və alıcılar bir yerə yığışıb binaya qiymət qoyurlar. Əvvəlcə İsrafil ağa yüz qızıl verir, mülk sahibi başını bulayır. Məşədi İbrahim yüz əlli qızıl təklif edir. İsrafil ağa isə iki yüz. Mülk sahibi yenə razılaşmır... Nə isə, məzənnə belə-belə qalxır. Məşədi İbrahim “beş yüz qızıl”, - deyib dayanır. İsrafil ağa dinmir. Ağanın və mülk sahibinin susduğunu görən Məşədi İbrahim oğlu Müseyibi yanına çağırıb deyir: “Bala, qaç evə, anana de, kalça gönünün arasında nə qədər qızıl varsa, versin, götür, gəl”.
Qızıllar gələnə qədər heyətdən səs-səmir çıxmır. İsrafil ağa inanmırmış ki, Məşədi İbrahimdə bu qədər qızıl olsun. Müseyibin gətirdiyi qızılları görən İsrafil ağa xeyir-dua verir:
- Məndən keçdi. Allah xeyir versin, Məşədi İbrahim, - deyir, - sağlıqla yaşayasan.
Qori seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüləndə səxavətli, xeyirxah niyyətli Məşədi İbrahim öz şəxsi mülkünü seminariyanın direktoru Firidun bəy Köçərliyə bağışlayır. Bu, səbəbsiz deyildi.
1914-cü ildə hərtərəfli maddi imkanı olan səxavətli maarifpərvər Məşədi İbrahim oğlu Müseyibi Qoriyə aparıb seminariyaya qəbul etdirir. İlk dəfə görüşüb tanış olduğu Firidun bəy Köçərli ilə dostluğun binasını qoyur. Təəssüf ki, ipə-sapa yatmayan, dəliqanlı gənc Müseyib il yarım oxuduqdan sonra seminariyanı atıb Qazaxa qayıdır. Vaxtını Kürdə balıq tutmaqda, çöldə dovşan ovunda, eyş-işrətdə keçirir.
Məşədi İbrahim isə oğlunun bu bivec hərəkətlərinə yanıb-yaxılırmış. O, Qazaxdan və onun kəndlərindən bir neçə kasıb, kimsəsiz uşağa maddi cəhətdən kömək edib Qori seminariyasına oxumağa göndərir. Oğlundan bir şey çıxmayacağını görən Məşədi İbrahim kimsəsizləri oxutmaqla təsəlli tapır.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.