26 iyun - Azərbaycan Milli Ordusunun yarandığı gündür

Ordu (lat. armare — silahlandırmaq mənasında işlənir) — dövlətin Silahlı Qüvvələrinin əsas hissəsidir.
Tariximizdə şanlı səhifələr çoxdur. Bunlardan biri də milli ordumuzun yarandığı gündür. 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi. 1918-ci il mayın 28-də yeni yaranmış bir dövlət üçün, xüsusən Cənubi Qafqazdakı ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq bu addımın əhəmiyyəti böyük idi. General Səmədbəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olunmuşdu. Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək və bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı.Eləcə də Bakı erməni sovet hökumətinin nəzarəti altında idi. Belə bir şəraitdə ölkənin ərazi birliyini, müstəqilliyini müdafiə etmək üçün güclü ordunun yaradılması dövlətin birinci dərəcəli vəzifəsi idi. Ordu quruculuğu proqramının həyata keçirilməsində Azərbaycan Demokratik Respublikasının hökuməti bir sıra çətinliklərlə üz-üzə gəlirdi. Azərbaycanlılar hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağrılmır, yalnız hərbi vergi verirdilər. Elə bu səbəbdən Azərbaycanda böyük hərbi hissələr və kifayət qədər hərbi silah yox idi. O vaxt yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı polku var idi. 1918-ci ilin iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradıcılığına başlandı. O vaxt Orduda 24 min süngü, 6 min piyada, suvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma var idi. Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi ki, "Sırada eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbaycanca salamlaşması — bir sözlə "salam", cavabı isə "əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. 1918-1920-ci illərdə türk və rus zabitlərinin köməkliyi ilə piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ildə Bakıya gəlmiş ingilis jurnalisti Skotlend Liddel yazır: Bakıya çatdım.Hər yerdə yol boyu yeni qurulmuş Azərbaycan ordusunun əsgəri ilə qarşılaşdım. Hamısı hərbi salam verirdi. Mən təəəcüb içində idim. Bu mənim son 2 ildə gördüyüm adamlar deyildi. Bunlar yeni adamlar idi.İntizamlı gənc və qüvvətli əsgərlər idi.Məhz qurulmuş bu ordunun sayəsində Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə ərazisində öz hakimiyyətini bərqərar edə bilmiş və ölkəmizi erməni quldurlarından təmizləmişdi. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyulmuşdu. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilmişdir. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 26 iyun 2016 10:08
    Çox maraqlı məqalədir. Mətanət xanım təşəkkür edirik sizə. Milli ordu günümüz mübarək olsun!

  2. 27 iyun 2016 22:06
    Mətanət xanım maraqlı məqaləyə görə təşəkkür edirəm.

  3. 28 iyun 2016 21:56
    buyurun.siz sağ olun

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.