"Hindular türkdürmü?

"Hindular türkdürmü?

Səsli tarix
APA TV-nin "Səsli tarix" layihəsinin növbəti buraxılışı Amerikanın yerli xalqlarının, hinduların etnik mənşəyi ilə bağlı mübahisələrə həsr olunub. Bir zamanlar hinduların mənşəcə türk olması iddiaları ciddi qəbul olunmurdusa, elmin inkişafı, xüsusilə antropoloji, arxeoloji, filoloji və etnoqrafik tədqiqatlar bu iddiaların əsaslı olduğunu ortaya qoyur. Proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədli tamaşaçıları hinduların türk olmasına dair iddiaların lehinə olan arqumentlərlə tanış edir, "Hindular türkdürmü?" klassik sualına cavab verməyə çalışır.

Amerikanın kəşfi: Vikinqlər, yoxsa Biruni?

Amerika qitəsinin kəşfindən sonra Avropada yeni nəzəriyyələr meydana çıxdı. İddia olundu ki, Amerikanı 10-11-ci əsrlərdə vikinqlər kəşf edib. Bu iddia vikinqlərin Qrenlandiyaya çıxması ilə ilə izah olunur. Ola bilər, Labrador cərəyanı, Qofstrim Qrenlandiyaya hansısa 1-2 dənə norman gəmisini aparıb. Bu səbəbdən onlar Amerikanın kəşfini öz adlarına yazırlar. Amma bizim tarix dərsliklərində yazılanda ki, avropalıların Amerika qitəsi ilə tanışlığında vaxtilə Yaxın və Orta Şərqdə fəaliyyət göstərmiş alimlərimizin böyük rolu olub, bu lağla qarşılanır. Yerin kürə şəklində olmasını iddiasını irəli sürən Biruninin, yaxud dövrünün mükəmməl xəritələrini hazırlamış Nəsrəddin Tusinin Amerikanın kəşfində rolu barədə danışanda bu, qeyri-ciddi qəbul olunur. Bu, ilk növbədə, özümüzün özümüzə verdiyimiz "dəyərdir". Bəzən çox təəssüf ki, hansısa tarixi hadisə ilə bağlı avropalının dediyini əlimizdə şüar tuturuq, lakin öz tarixçilərimizin dediklərinə lağlağı ilə yanaşırıq. Bu, təbii ki, çox pis bir tendensiyadır, pis təmayüldür. Avropalılar, hətta Amerikanın kəşfini vikinqlərin Qrenlandiyanın “kəşfi” ilə bağlayırlarsa, biz dünyanın kürə şəklində olması, bir xətt üzrə getdikdən sonra həmin nöqtəyə gəlib çıxılması ideyasını avropalılara verdiyimiz halda, niyə bu uğurumuzu danmalıyıq?

Altaylar və Sibirdən Amerikaya kütləvi köçlər

Amerikanın məskunlaşma tarixi üst paleolit dövründən, yəni təxminən 30-20 min il öncədən götürülür. O dövrün coğrafi xəritəsi ilə indiki coğrafi xəritə arasında xeyli fərqliliklər var. Məsələn, bəzi alimlər hətta vaxtilə Avstraliyanın, Asiyanın, eyni zamanda Avropanın bir hissəsinin vahid bir kontinentdə birləşdiyini, Qondvana adında bir materikin olduğunu yazırlar. O vaxt bizim Berinq boğazı adlandırdığımız yer quru sərhəddi olub. Və güman edilir ki, 25-20 min il bundan öncə həmin Berinq boğazı vasitəsilə Cənubi Altaydan və Sibir ərazisindən ora kütləvi şəkildə köçlər olub.

Hindli, yoxsa hindu?

Amerika qitəsinə quru yolla köç edənlərin etnik mənşəyi həmişə mübahisə mövzusu olub. Üst paleolit dövründə irqlər formalaşmağa başlasa da, hələ linqvistik dil ailələri formalaşmamışdı. O zaman Şimali və Cənubi Amerikanın bitişik olduğu böyük arealda məskunlaşma uzun müddət sürmüşdür. Məskunlaşan tayfalara biz ümumilikdə hindular deyirik. Bu da Xristofor Kolumbun Hindistana qısa yol axtarması, nəticədə Amerika qitəsinin yerli əhalisini hindlilər hesab etməsindən doğan yanlışlıqdan irəli gələn addır. Təbii ki, Kolumbun Hindistan haqqında, yerli əhalinin onların geyimi, məişəti, danışıqları haqqında o qədər də çox məlumatı yox idi. Ona görə də Amerikanın yerli əhalisinin hindlilər olduğunu düşünürdü. Ona görə bugünkü Avropa dillərində həmin əhalinin adları “indeyetslər” deyə keçir. Biz isə onları hindlilərdən ayırmaq üçün hindu deyə adlandırırıq.

Hinduların kütləvi qırğına məruz qalmasının səbəbi: qul olmaq istəmədilər

Hinduların kimliyini bilmək üçün, onların antropoloji, bioloji və sosioloji pasportuna göz atmaq lazımdır. Amerika avropalılar üçün kəşf olunandan sonra avropalılar oranı müstəmləkə obyektinə çevrildi. O dövrün avropalıların özləri də etiraf edirlər ki, Amerikaya gedən hər bir gəminin içərisində mütləq keşiş və əsgər olardı. Keşiş Amerikaya əlində xaç, ürəyində qızıl hərisliyi ilə gedirdi. Əsgərlərin məqsədi isə daha çox ərazi ələ keçirmək idi. Nəticədə hindular görünməmiş əzab-əziyyətə məhkum oldular, kütləvi qırğınlarla üzləşdilər. Təbii ki, hinduların kütləvi qırğınlara məruz qalmasının öz səbəbləri vardı. O dövrdə artıq avropalılar Afrika ilə geniş şəkildə tanış olmuş, zənci qullarından istifadə etməyə başlamışdılar. Lakin hinduları qul etmək mümkün olmadı. Ona görə də onları kütləvi şəkildə qırmağa başladılar. Bu gün demokratiyanın beşiyi adlandırılan ABŞ-da həmin dövrlərdə öldürülmüş bir hindunun qiyməti ilə öldürülmüş koyotun (canavarın) qiyməti eyni idi. Hökumət bir hindu öldürənə bir dollar verirdi.

Hindular kimdir: yəhudi, melaneziyalı, yoxsa türk?

Amerikanın kəşfindən sonra hinduların etnik mənşəyi ilə bağlı bəzi elmi nəzəriyyələr meydana çıxmağa başladı. Bu nəzəriyyələrdən biri hinduların mənşəcə yəhudi olması ilə bağlı idi. Meksika ərazisinə gələn köçürülmüş köçkünlər içərisində yəhudilər də vardı. Məsələn, onlar belə bir nəzəriyyə yaymışdılar ki, bunlar İsrail övladlarının 13-cü qəbiləsidir. Və guya bu səbəbdən hindular da yəhudi kökənlidir. Sonradan bu nəzəriyyə, bu iddia həqiqətə uyğun gəlmədiyinə görə darmadağın edildi. Bundan sonra Amerika qitəsinin Melaneziya vasitəsilə məskunlaşması ideyası irəli sürüldü. İddia olundu ki, hindular Avstraliya, Yeni Zelandiya, Malayziya və bu kimi regionlardan gələrək Amerika qitəsində məskunlaşıb. Bu, Korrean adlı alimin ideologiyası idi. N.Vitsen deyə bir alimin isə XVIII əsrdə Niderlandda çap olunmuş kitabı var. Vitsen iddia edir ki, hindular əslində birbaşa Sibir və ya Altay tatarlarıdır.

İrqi formalaşdıran 3 amil: təcrid, adaptasiya, mələzləşmə

İstənilən fikrə münasibət bildirmək üçün insanın özü mövzunu araşdırmalıdır. Elm belədir ki, onu birtərəfli təmayüllə müəyyən etmək mümkün deyil. Ona görə daha yaxşı olardı hinduların antropoloji görünüşü haqda məlumat verək. Bir çox elmi ədəbiyyatlarda amerikanoid deyə bir irq haqqında danışılır. Və bütün hinduların hamısı o irqə aid edilir. Təbii ki, burada bir yanlışlıq ola bilər. Niyə? Çünki iqlim şəraitinə görə insanda müəyyən adaptiv əlamətlər meydana çıxır. İstənilən bir irqin, irqi tipin formalaşması üçün 3 mühüm amil var: Birincisi, həmin insan toplusunun təcrid olunması, yəni təcrid olunma nəticəsində insanlarda fərqli antropoloji görünüş meydana çıxa bilər. İkincisi, adaptasiya, yəni təbiətə uyğunlaşmadır. Üçüncüsü isə metizasiya, yəni mələzləşmədir. Hindular bu prosesin üçünü də keçiblər. Lakin hinduların ilk görünüşləri, yəni avropalılarla tanışlığa qədərki dövrləri barədə ancaq bu bölgədə yaranmış mədəniyyətlərdən dövrümüzə qədər gəlib çatan şəkillər vasitəsilə fikir yürüdə bilərik.

Amerikada yüksək mədəniyyət yaratmış üç xalq - asteklər, inklər, mayyalılar

Məsələn, avropalılar, indiki Amerikaya gedənə qədər orada yüksək mədəniyyət yaratmış 3 əsas xalqın adı çəkilir - asteklər, ink tayfaları, mayyalılar. Bunların ikisi indiki Meksika ərazisinə, yəni tenoçiçilan mədəniyyətinə uyğun gəlir. İnk mədəniyyəti isə indiki Çili ərazisi boyunca, yəni And dağları boyunca yayılan yüksək bir mədəniyyət idi. Lakin avropalılar bu mədəniyyətləri vəhşicəsinə dağıtdılar. Konkistadorlar, məsələn, Pissaro, Kortes bu mədəniyyətin çoxunu məhv etdi. Amma adı çəkilən xalqlar özünəməxsus mədəniyyət yarada bilmişdilər. Düzdür, əksəriyyəti metalla tanış deyildilər, hətta əmək alətlərinin, hətta bıçaqların çoxu daşdan düzəldilirdi. Hindular o zaman dəmirlə, atla, odlu silahla tanış deyildilər. Bir mühüm məqam da var - o zaman Amerika qitəsində qrip xəstəliyi yox idi. Buna görə də avropalılar gəldikdən sonra qitədə yayılan qrip xəstəliyi on minlərlə hindunu məhv etdi.

Hindular: monqoloid, yoxsa avropoid?

Bir çox antropoloji təsnifatlarda hindular monqoloid irqinə aid edilir. Lakin hindular monqoloid irqindən fərqlənən çoxlu əlamətlərə malikdir. Birinci növbədə, dərilərinin rəng fərqliliyi. Hinduların dərisi sarı deyil, qırmızımtıl rəngə çalır. İkincisi, monqoloidlər üçün xas olan epikantusa onlarda rast gəlinmir. Epikantus gözün daxili bucağını örtən qırışdır. Klassik monqoloid əlaməti olan epikandus hindularda demək olar ki, müşahidə edilmir. Digər tərəfdən hinduların sifət enliliyi klassik monqoloidlərdə olduğu kimi o qədər enli deyil. Üçüncüsü, boy ölçüsüdür. Məsələn, klassik monqoloid irqinə məxsus əhali ucaboylu deyil, lakin hindular ucaboydurlar. Burun quruluşuna gəldikdə, monqoloidlərin nisbətən, enli və yastı burunları olduğu halda, hindularda donqar və düz burun müşahidə edilir. Bu isə göstərir ki, həmin hindu dediyimiz xalqlar əslində monqoloid irqinə mənsub deyillər.

Hindu-türk oxşarlıqları: şamanizm, Bozqurd kultu, oxşar sözlər

Necə ki, biz əvvəlki verilişlərimizdə Altay xalqları ilə bağlı danışanda qeyd eləmişdik ki, indiki Altay ərazisində yaşayan qədim əhali monqoloid irqinə mənsub olmadığı kimi, hundular da monqoloid irqinə mənsub deyildilər. Və görünür Vitsen məhz bu nəzəriyyəni əsas götürərək qeyd edirdi ki, hindular Cənubi Altaydan və Sibirdən köçmüş tatarlardır. O öz iddiasını həm də hinduların inancları ilə izah etməyə çalışırdı. Çünki hinduların içərisində indinin özündə də şaman kultu ağırlıq təşkil edir. Sibir şamanları ilə Amerika şamanları arasında isə elə bir fərqlilik yoxdur. Hətta şaman təbilinin düzəldilmə texnologiyasına qədər eynidir. Sonra inanc kultunda Bozqurdun xüsusi yer tutması. Məsələn, nutra qəbilələri içərisində kulvana adəti var. O kulvana adəti hindularla indiki Sibir xalqları arasında birbaşa əlaqə qurmağa imkan verir. Bununla bağlı bəzi skeptik nəzəriyyələr meydana çıxır. Məsələn, bəzi alimlər belə güman edirlər ki, həqiqətən də, bunlar elə Çingiz xanın vaxtında Amerikaya köç etmiş tatarlardır. Yəni, XIII yüzillikdə gedən tatarlar da ola bilər. O zaman Berinq boğazını keçməyə texniki imkanlar da var idi, ən azı qayıqla keçə bilərdilər. Ən qəribəsi odur ki, mayyalıların mədəniyyətini tədqiq edərkən maraqlı məqamlarla rastlaşmaq mümkündür. Məsələn, mayyalılar ailəyə “ail” deyirlər, yəni türk xalqlarında “ailə” deyildiyi kimi. Knozorovun yazdığına görə, mayyalıların kult obyekti "akjılan"dır. Knozorov bunun rusca tərcüməsini “belaya zmeya” kimi verir. Yəni mayyalılar ağ ilana sitayiş ediblər. Bilirik ki, ağ ilan monqollar tərəfindən qayı boyuna verilən addır, "qayı" elə monqol dilində "ağ ilan" mənasını verir.

Hindular: türk geni və dolixokefallıq

Başqa bir şeyi də qeyd edək. Hindular eyni dil ailəsində danışmırlar. Yəni, burada həddən artıq çox dil ailələri var. Məsələn, alqonkin-vakaş dil ailəsi var, xokasiu var, atapask var, sonra mogikanlar, delavarlar var. Müstəmləkəçilər daha çox onların təsərrüfat həyatları ilə maraqlandıqları üçün hinduları əsasən maddi təsərrüfat tiplərinə görə bölürlər, çox vaxt dil ailəsinə görə bölmürlər. Və hindu tayfalarının böyük bir qismi türk dillərinin, yəni Altay-Ural dillərinin mənsub olduğu aqqlyutinativ sistemdə danışırlar. Antropologiya elmi də hinduların mənşəyi ilə bağlı maraqlı nəticə ortaya çıxarıb. Genetik R+1 qaploqramması Amerika hindularında da müşahidə edilir. Baş quruluşuna gəldikdə, dolxokefallığa meyllilik Amerika hindularında da izlənilir.

Dəmiri tanımayan, amma piramida inşa edən xalq

Hindularla bağlı irticaçı nəzəriyyələr də var. Hətta deyirdilər ki, bunlar Adəmlə Həvvanın törəmələri deyillər. Bu isə təbii ki, onların kütləvi şəkildə qırğınına xidmət edən bir fikir cərəyanıdır. Amerika hindularını aşağı mədəniyyətin təmsilçisi saya bilmərik. Nə olsun ki, onlar dəmirlə tanış deyildilər, onlar odlu silahla tanış deyildilər? Bu “mədəniyyətsiz” sayılan hindular piramidalar inşa etmişdilər. O piramidaların sirləri hələ də açılmır. Aborigen olmağına aborigendirlər, sadəcə o xalqları hindu adı altında ki, birləşdiririk deyə köç məsələsi arada itir. Hinduların aborigen olmadığını isbatlamaq üçün neçə institutlar işləyib, lakin bu, təsdiq olunmayıb. Amerikada yerli, aborigen olmayan oraya gedən ispanlar, portuqallar, ingilislərdir. İndiki ABŞ-ın ərazisi o zaman İngiltərədə ağır cinayətlər törətmiş adamlar üçün sürgün yeri idi. İslahedilməz caniləri ora sürgünə göndərirdilər. Təbii ki, həmin cinayətkarlar da yerli hindu əhalisinə qarşı xoş davranmırdılar. Nəticədə hinduların xeyli hissəsi məhv edilib. Elə tayfalar var ki, ümumiyyətlə, məhvə məruz qalıb. Fenimor Kuperin “Sonuncu mogikan” əsəri hamımızın yadındadır. Qəribə burasıdır ki, bu qırğınlara nə cür haqq qazandırmaları hələ də sual altında qalır.

Hindu və türk məişətində oxşarlıqlar

Məişət oxşarlıqlarına gəldikdə, bizim dilimizdə fərsiz kişini evə buraxmamaq məsələsi var. Çox qəribədir ki, eyni şeyi Amerikada da, irokezlər arasında da müşahidə edilir. Uzun illər irokezlər arasında yaşamış amerikalı etnoqraf Morqanın müşahidələri çox maraqlıdır. Onun sözlərinə görə, ovaçira deyilən ümumi evlər olurdu və adam ovaçiranın içərisində yad qəbilədən evlənmişdisə, avtomatik irokez qəbiləsinə aid olurdu, yəni milliyyəti ana xətlə hesablanırdı. Əgər kişi yarıtmaz kişi idisə, ovda uğursuz idisə, ümumiyyətlə, həyatda uğursuz idisə, o bir gün gəlib görsə idi ki, onun mokasini, paltarı ovaçiradan qırağa qoyulub, dinməz-söyləməz onu götürüb, davasız-şavasız çıxıb getməli idi. Bu isə onlarda daha çox ana xaqanlığının olmasını göstərir.

Hinduların türk olması ilə bağlı indi Türkiyədə güclü araşdırmalar aparılır. Miçiqan Universitetinin, Kaliforniya Universitetinin türk əsilli professorları var xeyli tədqiqatlar aparıblar. Lakin eyni zamanda elə türk müəlliflər də var ki, ümumiyyətlə, hindularla türklər arasında hər hansı bağlılığı inkar edirlər. Təbii ki, bu nihilizm lazım deyil. Yəni, istənilən halda, lap heç türk olmasın, ən azından nivx şamanı ilə atapask şamanının, preridə yaşayan hinduların davranış tərzi, həyat tərzi bir-birinə oxşayırsa, deməli əlaqə var. Elə sözlərimizi götürək. Məsələn, dədəyə biz də dədə deyirik, hindular da dədə deyir. Suya yu deyirlər, yeməyə aş köz deyirlər, yəni közün üstündə bişirilən yemək. Bizlərdə də yeməklərin əksəriyyəti o vaxt köz üstündə bişirilirdi. Burada qeyri-adilik yoxdur. Sonra yatağa yatqu deyirlər. Deməli bu sözlərimiz onların dilində qalıb. Hətta keçən əsrin 90-cı illərində hindu tayfaları içərisində göy gözlü, sarışın və dilləri türk dilinə yaxın olan bir qəbilə də tapılmışdı. Nədənsə, sonradan o qəbilə haqqında susdular.

Xaç və qızıl hərisliyinin qurbanı olan torpaqlar

Təbii ki, Şimali Amerikada, Cənubi Amerikada yaşayan bu tayfaların hamısının eyni xalqdan törədiyini söyləmək çətindir. Yəni, istənilən halda bir qarışıq var. Məsələn, bugünkü Amerika əhalisinin özünü metis, mulat, sambo deyə ayırırıq. Hindu ilə ağ dərili insanın nikahından törəyən uşağa metis deyilir, zəncilərlə ağların nikahından mulat törəyir, hindularla qara dərili əhalinin nikahından isə sambolar törəyir.XIX əsrin 70-ci illərində hinduların azadlıq mübarizəsi uğrunda adını çəkdiyim bu metislər, sambolar da təşkilatlanmışdı. Amma təəssüf ki, onların böyük bir qismi kütləvi şəkildə rezervasiyalara qovuldu. Rezervasiya sürgün yeri idi, insanın yaşaması üçün orada hətta su belə tapılmırdı. Susuzluqdan o qədər çox hindu qırılmışdı ki. Çox təəssüf ki, bəzən Osmanlı dövlətinə xəyanət edən ermənilərin bir yerdən başqa yerə köçürülməsi soyqırım adlandırılır, o bölgənin yerli əhalisinin, hinduların kütləvi şəkildə qırılması, rezervasiyaya köçürülməsi “mədəni tədbir” kimi dəyərləndirilir. Avropalılar Amerikaya gedəndə əllərində xaç, ürəklərində qızıl hərisliyi idi, Amerika hindularının ayaqları altında isə torpaqları idi. İndi o torpaqlar olub avropalıların, hinduların isə əlində xaç var.

Hindular: sivilizasiyanın formalaşmasında yaxından iştirak etmiş xalq!

İnsan ən çox tədqiq etmədiyi şeydən çəkinir. Hinduların tədqiqi bu gün təkcə, dünya tarixşünaslığında deyil, eyni zamanda türkologiyada da öz mütəxəssislərini gözləyir. Və təbii ki, o mütəxəssislər daha yaxşı olardı ki, sözlərlə yox, kiminsə yazdığı kitablarla yox, birbaşa hinduların içərisində yaşayıb, onların məişətini, adət-ənənəsini öyrənsin. Baxmayaraq ki, hindular qırğınlara, assimilyasiyaya məruz qalıb, hər halda müəyyən şeylər onlarda mütləq qorunub saxlanıb. Və Amerika hindularına o qədər də vəhşi, yabanı demək düzgün deyil. Məsələn, Avropa onları dəmirlə, atla, qriplə tanış etdisə, bugünkü Amerika hinduları Avropaya az qala bizim ikinci qidamızı təşkil edən kartofu, bəzi adamların gündəlik həyat tərzində istifadə etdikləri tütünü, hamımızın istifadə etdiyi şokoladı, yəni kakaonu, qarğıdalını, paxlalı bitkilərin əksəriyyətini bəxş etdilər. Buna görə də hindular da dünya sivilizasiyasının tərkib hissəsi kimi dünya sivilizasiyasının formalaşmasında yaxından iştirak etmiş bir xalq kimi qəbul olunmalıdır.

Videoya bax


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.