Aşşurbanipal

 

Aşşurbanipal

Assuriya  padşahı  b.e.ə. 669-635-ci  illərdə  Assuriyanın  möhkəmlənməsi  naminə  Misir ,elam və  Babil  padşahlıqlırı  ilə  hərbi  və  diplomatik  mübarizə  aparıb.Tarixə  qədim  yazılı  abidələri  toplayan  padşah  kimi  daxil  olub.

 

       Aşşurbanipal  Assuriyanın  ən  son  qüdrətli  padşahı  olub.Arxeoloqlar  tərəfindən  1849-1850-ci  illərdə  Sarqonidlər  sülaləsinə  aid  dövlət  arxivlər nin  və  kitabxanaların  açılması  ilə  bu  padşahın  siyasəti  və  şəxsiyyəti  haqqında  yetərincə məlumat  veriblər. Mixi yfzıları ilə yazılmış kitablar, Assuriyanın dövlət və eyni zamanda diplomatiya sahələrinə aid çoxlu material verir.

      E.ə.669-cu ildə padşah Asarxaddon oğlu Aşşurbanipala –Assuriya taxt-tacını, digər oğlu Şamaş-Şumukinə isə Babil taxt-tacını verir. Yəgin ki, Aşşurbanipal atası, ciddiyyəti və hökmranlığı ilə seçilən nənəsi-Nakianın sevimlisi olub. Məhz buna görə də onu Assuriya taxt-tacının varisi elan edirlər. Daha sonra o, hər iki şahlıq üzərində hökmranlıq etmək hüququ alır.

      Aşşurbanipal taxta çıxana qədər, adət-ənənəyə uyğun olaraq kəşfiyyat dəstəsinə və inşaat işlərinə rəhbərlik edirdi. Onu Assuriya padşahlarından ən ziyalısı saymaq olar. O, uşaqlıqda  ox atmaq, və cəng arabasını sürməklə yanaşı, Assuriya,Babil elm və ədəbiyyatının əsasını təşkil edən mixi yazını da öyrənib.

      Aşşurbanipalın padşahlığı dövrü, Assuriya əleyhinə təşkil olunmuş müttəfiqlərnən mübarizə şəraitində keçmişdi. Aşşurbanipal çox bacarıqlı bir diplomat idi. Lakin bu Aşşurbanipala digər Assuriya padşahları kimi zalım olmağa mane olmurdu. Siyasi məqsədinə çatmaq üçün o, təkcə intriqalara can atmırdı, eyni zamanda əlverişli olmayan rəqiblərini də öldürtdürürdü.

     Aşşurbanipalın hakimiyyətinin ilk illərində Assuriya padşahlığı üçün beynəlxalq vəziyyət sabit idi.O, iki müstəqil ada dövlət olan –Tir və Arvad şəhərlərini itaət altında saxlayırdı. Təqribən e,ə, 665-ci ildə Lidiya padşahı Giges, kimmerlərə qarşı mübarizədə onlara kömək etməyi , Aşşurbanipaldan xahiş etdi. Assuriya padşahına buna bənzər təklif, Tavr dağında yerləşən Tabal padşahlığından da gəlmişdi.

    Assuriyanın Misirlə münasibətləri o qədər də yaxşı deyildi. Burada Aşşurbanipalın aqressiv siyasəti, bu dövrdə hakimiyyətdə olan Efiopiya sülaləsinin fironlarının güclü müqavimətinə qarşı yönəlmişdi.Onlardan da ən inadcılı Taharka idi.

    Assuriya ordusunun Taharkanı Misirdən qovmasına baxmayaraq, firon çox da uzağa getməyərək, Nil çayının əks tərəfinin sahilində düşərgə saldı. Şimal ərazilərinin hökmdarları  və onların içərisində xüsusi nüfuzu ilə seçilən, Səis və Memfis şəhərlərinin hakimi Nexo Taxarka  ilə danışıqlara girdi. Ancaq Aşşurbanipalın  adamları Nexonu əsir tutaraq, Assuriyaya göndərirlər. Assuriya sarayında Nexo çox böyük hörmət və ehtiramla qarşılanır. Padşah ona bahalı pal-paltar, qızıldan hazırlanmış qılınc, cəng arabası, at və qatır hədiyyə verir. Əlbəttə o, bunu təsadüfi  olaraq etmirdi. Aşşurbanipal Misirdə nüfuzlu Assur qrupu yaratmaq istəyirdi. Bu məqsədlə o, Nexonu buraxdı. Nexo özünün Misirli dostlarının və Assur dəstəsinin köməyi ilə Taxarkaya qalib gələrək, Misir taxt-tacına sahib olur. Aşşurbanipal Misir padşahı kimi himayəçisini (Nexonu) tanıyır. Lakin hər ehtimala qarşı Nexonun yanında Assuriyalı canişin təyin edir.

     Bununla belə, Assuriyanın əsas düşməni Elam dövləti idi. Aşşurbanipal vaxt qazanmaq məqsədilə onlarla dostluq münasibəti qurmaq istəyirdi. Ancaq Elam bu cəhdlərə etinasız yanaşaraq, Cənubi Mesopotamiyada Assuriya əleyhinə başlayan üsyanlara dəstək verirdi.

    B.e.ə. 663-ci ildə Aşşurbanipalın cənuba doğru yürüşü uğurlu olmadı. Tezliklə naməlum səbəblərdən Elam padşahı və üsyan başçıları ölür. Görünür burada Assuriya padşahının intriqaları öz işini görür. Elamda sülalələr arasında mübarizə başlayır. Aşşurbanipal gələcək siyasi oyunlarda istifadə etmək məqsədilə, Elam taxt-tacına iddiası olan bir neçə nəfərə sığınacaq verir.

     B.e.ə. 655-ci ildə Assuriya padşahı kəskin zərbə alır: Misir gözlənilmədən müstəqilliyini özünə qaytarır. Nexonun oğlu Psametih Assuriya hökmdarına xəyanət edir. O, Liviya və Yunan  muzdlu əsgərlərinin köməyi ilə Assuriyadan ayrılır. Aşşurbanipal Elamla münaqişədə olduğu üçün, ona qarşı qoşun göndərə bilmir.

    B.e.ə. 653-652-ci illərdə Aşşurbanipalın qardaşı Babil padşahı Şamaş-Şumukin qardaşının əleyhinə qalxır. Şamaş-Şumukin Babil əyanları ilə qohum idi. Eyni zamanda Assuriyada güvənə biləcək tərəfdarları var idi. O, Babildə güclü ordu yaradaraq, babil və xaldey əyanlarını da öz tərəfinə çəkdi. Şamaş-Şumukin ərəb şeyxləri, aramey tayfaları və Midiya ilə gizli saziş bağlayır. Şübhəsiz bu sazişdə Misir və Elam da böyük rol oynayır. Babil Assuriya əleyhinə yönəlmiş –beynəlxalq saziş və siyasi intriqalar mərkəzinə çevrilir.

    Şamaş-Şumukinin hərbi hazırlığından xəbər tutan Aşşurbanipal onu qəsbkar adlandıraraq, müharibəyə hazırlaşır. Assuriya padşahı Babilin əhəmiyyətini başa düşürdü. Qədim ticarət və mədəniyyət şəhərinin tam tabe olması, onun iki düşmən ölkə olan Misir və Elama qarşı mübarizədə əl-qolunu bağlayırdı.

    Assuriya əleyhinə yaranmış koalisiya çox, təhlükəli görünürdü. Ona görə də Aşşurbanipal mübarizəni çox ehtiyatla aparırdı. Assuriya padşahı yaxşı başa düşürdü ki, hərbi əməliyyatların (müharibənin) nəticəsi, İkiçayarasının- Babil və Nippur kim zəngin və məşhur şəhərlərindən, qonşu Elam padşahlığından asılıdır. Ona görə də, o, diplomatik kanallardan istifadə etməyə başlayır. Adı çəkilən şəhərlərə, padşah arxivində saxlanılan aşağıdakı məzmunda məktub göndərir: «Mən sağ-salamatam. Sizin ürəyiniz hər zaman sevinc hissi ilə dolsun. Mənim yalançı qardaşım tərəfindən sizə verilən boş sözlərə əsasən, mən sizə müraciət edirəm. O, sizə nə deyibsə, mən hamısından xəbərdaram. Onun bütün sözləri cəfəngiyyatdır. Ona heç nədə inanmayın. Mən öz allahlarım olan Aşşur və Marduka and içirəm ki, qardaşım tərəfindən mənim əleyhimə söylənilən hə kəlmə nifrətə layiqdir. Mən öz ürəyimlə fikirləşərək, öz dilimlə sizə deyirəm ki, o. Hiyləgər və alçaq hərəkət edərək, sizə bildirmişdir ki, guya mən «məni sevən babillilərin adını öz adım kimi rüsvay edirəm». Mən belə sözlər eşitməmişəm. Mənim tərəfimdən qurulmuş, sizin assuriyalılarla dostluq və müstəqilliyimiz mən ehtimal etdiyimdən də daha böyükdür. Onun yalanlarına bir dəqiqə belə qulaq asmayın. Nə mənim önümdə, nə də bütün dünya qarşısında təmiz adınızı ləkələməyə qoymayın». Allah qarşısında ağır günah törətməyin. Mənə məlumdur ki, sizi daha nəsə narahat edir: «Tutaq ki, biz onun əleyhinə qiyam qaldırmışıq. Onda o, bizi özünə tabe edərək, vergilərin miqdarını artıracaq». Axı bu vergilər ancaq adlarına görədir. Əgər siz mənim düşmənimin tərəfini tutsanız, onda bunu onun sizə haqqı olan insan və allah qarşısında veriləe andın pozulması kimi hesab etmək olar. İndi siz baxın. Mən sizə yazdığım kimi bu yaramazın boş sözlərinə etibar edib, özünüzün təmiz adını ləkələməyin. Sonda sizdən xahiş edirəm ki, tezliklə mənim məktubuma cavab yazasınız.

 

                            Air ayı, 23 tarixi. Fərmanə padşah elçisi Şamaş Balat-Suikbi  təqdim edəcək».

 

 

 

     Aşşurbanipalın Babil əhlinə müraciəti və şəhərin gələcəkdə də müstəqilliyinin saxlanılması vədi, Babil padşahlığı ilə bütün gələcək münasibətləri tarixində həlledici əhəmiyyətə malik idi. Şəhərlər Şamaş-Şumukinə xəyanət edərək, Aşurbanipalın tərəfinə keçdilər.

    Assuriya diplomatiyası ilə tanıhlıq üçün padşah müvəkkillərinin gizli məlumatları qiymətli iənbə hesab olunur. Bütün şəhərlərdə «dünya padşahı» nın öz adamları var idi. Adətən bu adamlar siyahıda özlərini padşah qulları və ya xidmətçiləri kimi yazdırırdılar. Assuriya müvəkkilləri sərhəd ərazilərdə, qonşu dövlətlərdə baş verən bütün hadisələri izləyirdilər. Müharibəyə hazırlıq, qoşunların hərəkəti, bağlanmış müqavilələr, elçilər qəbulu və digər dövlətlərə göndərilməsi, sui-qəsd, üsyanlar, qalaların tikilməsi, satqınlar, sürülərin qaçırılmaçı, məhsul yığımı və digər mühüm hadisələr barəsində padşaha məlumat verirdilər.

    Aşşurbanipal diplomatik dayaq yaratmaq məqsədilə, ordunun başında Babilə gəldi. Assuriyalılar  Elamlıların  Babillilərlə  birləşməsinə mane oldular. Şamaş-Şumukin məğlub olaraq, Babilə qayıtdı. Mühasirədə olan babillilərin vəziyyəti ümidsiz idi. Onlara köməyə tələsən Elam ordusu, yoldaca məhv edilmişdi.

     B.e.ə. 648-ci ildə üç illik mühasirədən sonra Babil yandırıldı. Şamaş- Şumukin öz sarayının yandırılmasını əmr edərək, əsir düşməmək üçün, özünü odun içərisinə atır. Babil «padşah» Aşşurbanipal tərəfindən –Kandalan adlanan bir şəxs qoyulur.

     Şamaş-Şumukinin ölümündən sonra, bir çox babillilər viran edilmiş şəhərdən, Elama qaçdılar. Aşşurbanipal hərbi əməliyyatların aparmağın mümkünsüzlüyünü görərək, yuxarı Elamı idarə edənlər arasında çəkişmələri  qızışdırır. O, ona sərf etməyən hökmdarları aradan götürərək, onların yerinə öz tərəfdarlarını qoyurdu. Nəhayət, səfirlik təchiz edir.

    Assuriya səfirləri Elama çatan kimi, qaçqınların təhvil verilməsini tələb etdilər. Elam padşahı İndabiqas Assuriyalılarla danışıqlara girir. Ancaq onların şərtlərinin yerinə yetirilməsinə razı olmur. Tezliklə, İndabiqas öz ordu başçısı Ummalxaldeş tərəfindən öldürülür. Ummalxaldeş təntənəli surətdə özünü Elam padşahı elan edir. Ancaq Ummalxaldeş, Aşşurbanipalın etimadını doğrultmadığı üçün tezliklə, taxtdan salınır. Elam bərbad vəziyyətə düşür.

     Ummalxaldeşin taxtdan salınmasından sonra, Assuriyalılar tərəfindən Elam taxtına yeni padşah Tammarit qoyulur. Tammarit bir müddət Assuriya padşahının əmirlərini yerinə yetirir. Sonra qəflətən Aşşurbanipala qarşı sui-qəsd təşkil edir. Elamda olan Assuriya qoşun hissəsini qırır. Bu Assuriya və Elam arasında hərbi əməliyyətların başlanması üçün səbəb olur. Bu müharibədə Elam padşahı öldürülür. Siyasi arenada yenidən Ummalxaldeş görünür. O, Madakt şəhərini və Bet-İmbi qalasını tutur. Bununla da onun qələbəsi bitir.

    Təxminən e.ə.639-cu ildə Suz şəhəri yenidən Assuriyalılar tərəfindən tutulur. Şəhər varvarcasına dağılır. Elam padşahlarının cəsədləri qəbirdən çıxardılaraq tullanılır. Elam allahlarının heykəlləri qarət olunur. Babildə elamlılar tərəfindən neçə əsrlər yığılmış müxtəlif qiymətli əşyalar Babilə qaytarılır.

    Elam şəhərinin Assuriyalılar tərəfindən tutulması hələ ölkənin tam alınması demək deyildi. Müharibə davam edirdi. Assuriya əleyhinə düşmən qüvvələri Babil padşahı Habu-Bel-Şumat ətrafında birləşir. Aşşurbanipal yenidən Assuriya padşahı ilə birləqmək istəyən Ummalxaldeşə, təhlükəli Babillini tutmaq əmri verir. Sonda qiyamçı hərəkat yatırılır. Habu-Bel-Şumat özünü öldürür. Bütün bunlardan sonra Elam özünün siyasi müstəqilliyini itirərək, Assuriya padşahlığının tərkibinə qatılır.

    Aşşurbanipalın nəzərləri Ururtu, Şimal dövlətləri tərəfinə çevrilir. Burada onu dəmir və mis mədənləri, soxlu mal-qara və şimalı cənubla, qərbi isə şərqnən birləşdirən ticarət yolları cəlb edirdi. Van padşahlığına Assuriya kəşfiyyatçıları və diplomatları göndərilmişdi. Onlar Urartu padşahını və onun müttəfiqlərini hər bir hərəkətini izləyirdilər. Assuriya casusu Unahhir-Belin məktublarının birində, padşaha erməni şəhərlərinin hökmdarlarının hərəkətləri barədə belə yazır:»Mən Ermənistana aid bütün məlumatları yığmaq üçün, ona xüsusi müvəkkil göndərdim.O, artıq qayıdıb və aşağıdakıları xəbər verir. Bizə qarşı düşmən münasibət bəsləyən adamlar hal-hazırda Xarda şəhərində yığışıblar. Onlar baş verənləri diqqətlə izləyirlər. Turuşpiyə qədər olan bütün şəhərlərdə silahlı dəstələr yerləşdirilib. Mənim hökmdarım  mənə silahlı dəstə göndər və Şurub şəhərini məhsul biçini zamanı işğal etməyimə icazə ver».

    Digər Assuriyalı bir diplomatik nümayəndə Urartu padşahlığı haqqında belə xəbər verir ki, Andiya və Zakariya ölkəsinin səfirləri gəlmişdir. Onlar çox vacib bir iş üçün buraya gəlmişlər. Onlar bu ölkənin sakinlərinə bildirmişlər ki, Assuriya padşahı Urartu əleyhinə müharibəyə hazırlaşır. Məhz bu səbəbə görə, onlar Urartuya hərbi ittifaqa girməyi tövsiyə edirlər. Daha sonra göstərilir ki, hərbi iclasda ordu başçılarından biri, Aşşur padşahını öldürməyi belə təklif edir.

   Assuriya və Ururtu arasındakı mübarizə bir neçə yüzilliklər davam etmişdir. Ancaq bu mübarizə nəticəsiz qaldı. Assuriyanın onlara qarşı qəsbkarlıq siyasətinə, Ururtuluların məğlubiyyətinə, Assuriya diplomatiyasının fərasətinə baxmayaraq belə, Ururtu dövləti öz müstəqilliyini saxlayaraq, özünün güclü düşmənindən belə bir qədər çox yaşadı.

    Aşşurbanipal öz yazılarında özünü qayğıkeş hökmdar, bütün elmlərə, incəsənətə və sənətə yiyələnmiş müdrik və maraqlı adam kimi təsəvvür edir. Lakin salnaməçilərin təsdiq etməsinə baxmayaraq, o, heç vaxt hərbi yürüşlərdə şəxsən iştirak etməyib. Aşşurbanipal o dövr üçün çox nadir sayılan mövhumatçılığıynan fərqlənirdi. O, daim düşmən ruhların hiyləsindən və ya allahların onu sevməməsindən qorxaraq yaşayırdı.

   O yaxşı təhsil almışdı. Özünün Nineviyadakı sarayında böyük bir kitabxana düzəltmişdi. Burada mixi yazı ilə yazılmış 20 mindən çox lövhəcik, bilik və ədəbiyyatın özünəməxsus ensiklopediyası toplanmışdı. Aşşurbanipal hər zaman kitabxana kitablarının artırılmasına çalışır, kitablar üçün mövzuları belə özü seçirdi.

    Aşşurbanipalın ömrünün son illəri haqqında məlumat çox azdır. (Onun haqqında yazılmış salnamələr e.ə. 636-cı ildə qurtarır). Belə ehtimal olunur ki, təqribən e.ə.636-cı ildə o, ya, hakimiyyətdən uzaqlaşdırılır, ya da özü hakimiyyətdən imtina edərək, ömrünün son günlərini Şimali Mesopatamiyada olan Xarran şəhərində keçirdir.

   Aşşurbanipalın hakimiyyət illərində, Assuriya Yaxın və Orta Şərqin bir çox ölkələrini tutmaqla, özünün qüdrətli və möhtəşəm dövrünün yaşamışdır. Assuriya padşahlığının sərhədləri Urartu şəhərlərindən başlayaraq, Nubiyaya qədər, Kipr və Kilikiyadan tutmuş Elamın şərq sərhədlərinə qədər böyük bir ərazini əhatə etmişdi. Assuriya şəhərlərinin böyüklüyü sarayın gözəlliyi, tikililərin möhtəşəmliliyi, nə vaxtsa Qədim Şərq ölkələrində görə bildiyimizdən də mükəmməl idi. Assuriya padşahı şəhərdə arabada gəzirdi. Arabalara at yerinə dörd əsir qoşulurdu. Küçələrə  məğlubedilmiş hökmdarlar salınmış qəfəslər qoyulmuşdu.

   Bunula belə düşmən ittifaqlarının günü-gündən çoxalması və onlarla mübarizə, fasiləsiz müharibələr Assuriyanı zəiflədirdi. Şimal və şərqdən müxtəlif xalqların basqınları səbəbindən, Assuriyanın vəziyyəti çox ağır idi. Assuriya bu təzyiqə dözmədi. Şərqlə beynəlxalq münasibətlərdə özünün rəhbər rolunu itirdi. Və tezliklə yeni qəsbkarlar üçün qurban oldu.

    Aşşurbanipal təqribən e.ə.630-cu ildə vəfat edir. Məhz elə bu zamandan etibarən yeni dövrün hesablanması aparılır. Bu dövr Assuriya dövlətinin dağılmasına doğru gedən çəkişmələrlə xarakterikdir.

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 16 aprel 2012 10:23
    Maraqlidir, minnetdaram.

  2. 30 iyul 2014 12:30
    yaa məncə bu məlumat süperrdi . Çünki bununla 6 - cı sinif şagirdlər bu melumatdan mektebde de istifade ede biler . 

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.