“Dərslik” portalının yaradılması

“Dərslik”  portalının yaradılması

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə elektron "Dərslik”  portalının yaradılması  məqsədilə əmr imzalayıb. Əmrdə bildirilir ki, portal "Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” prezidentin 2012-ci il 19 aprel tarixli 611 nömrəli fərmanına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılmış ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin mərhələsi kimi yaradılır.
 
Əmrə əsasən, ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi nəticəsində formalaşmış yekun rəylər ölkədə tətbiq edilən dərslik siyasətinə görə yalnız 4 ildən bir yeni hazırlanacaq dərsliklərdə  nəzərə alına bilər.
 
Dərsliklərin daim təkmilləşdirilməsinin vacibliyini  nəzərə alaraq yeni dərsliklər çap olunanadək,  Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə  elektron "Dərslik”  portalının  yaradılması bir neçə mərhələ üzrə  həyata keçiriləcək. Belə ki, TQDK tərəfindən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin aparılmış elmi-metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər və müəllimlərə dərsliklərlə işləməkdə metodiki  köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar  bu  portalda  yerləşdiriləcək.
 
Portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəlliflərinin, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlərin mütəmadi olaraq aydınlıq gətirməsi təşkil ediləcək.
 
Tədris prosesində yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış və ilk dəfə nəşr olunmuş dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər portalda hissə-hissə onlar keçildikcə yerləşdiriləcək. Həmin materiallarla bağlı portala qeydlər, təkliflər daxil olarsa, onlar mütəmadi olaraq müzakirələrə çıxarılsın və bu barədə portalda məlumat veriləcək.
 
Elektron portal istifadəçiləri anonim olmamalı, bunun üçün "Dərslik” portalının istifadəçiləri qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin seriyası və PİN kodunu müvafiq sahələrə daxil etməlidirlər. Bu  məlumatların həqiqiliyinin yoxlanılması "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçiriləcək. Elektron "Dərslik” portalını  TQDK tərəfindən təyin edilmiş moderator idarə edəcək. Elektron "Dərslik” portalı”ndakı sorğuları cavablandırmaq və metodiki materiallar hazırlamaq  üçün müqavilə əsasında mütəxəssislər cəlb ediləcək. 
 
Dərsliklərin hazırlanması, ekspertizası ilə əlaqədar olaraq beynəlxalq təcrübəyə dair metodiki material hazırlanacaq və çap ediləcək. Bu əmrdən irəli gələn işlərin həyata keçirilməsinin proqram təminatı və texniki-təşkilati hissəsi İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinə (Ç. Xəlilov), məzmunla bağlı hissəsi Ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinə  (A. Batıyeva), metodiki  materialın çapı isə Maddi-texniki təminat sektoruna (F. Zeynalov) tapşırılıb.
 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 noyabr 2013 10:06
    Maraqlıdır

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.