Ölkə təhsilini düzəltmək istəyənlər: DİQQƏT!

Ölkə təhsilini düzəltmək istəyənlər: DİQQƏT!

Dindirir əsr bizi ...

1. Məktəb nədir və o, hansı əsas vəzifəni yerinə yetirir?
Cəmiyyət qurumuş kötük deyil. O, daim dəyişən və inkişaf edən mürəkkəb bir orqanizmdir. Məktəb isə onun sifariş etdiyi insanı yetişdirən bir təşkilatdır. Orta əsrlərdə “beytül-təlim”-yəni “təlim evi” adlandırılan məktəb ən qədim zamanlardan bu günədək yetişməkdə olan gənc nəslə təcrübə və yenilikləri öyrətməklə məşğuldur. Təlim və tərbiyənin cəmiyyətin arzu və istəklərinə uyğun şəkildə təşkili əsrlər boyu məktəbin əsas vəzifəsi olmuşdur. Buna görə də məktəb cəmiyyətin həyatında həmişə önəmli rol oynamış və bundan sonra da oynayacaqdır. Təsadüfi deyil ki, müdriklər: “Məktəbi olmayan millətin, gələcəyi yoxdur!”- demişlər.
XX əsrin sonlarında milli-azadlıq mübarizəsinə qalxan xalqımız qəhrəman övladlarının qanı bahasına qalib gəlib, həqiqi dövlət suverenliyini bərpa etdi. İctimai mühit dəyişdi. Bu dəyişikliklər təhsilə verilən tələblərin də dəyişməsinə səbəb oldu. İslahatlar başlandı. “Kurikulum” adlanan yeni təlim proqramları meydana gəldi. Biliyə əsaslanan ənənəvi hafizə məktəbindən bacarıqlara əsaslanan yeni təfəkkür məktəbinə keçid istiqamətində addımlar atıldı. Dəyişən dünyanın tələblərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmiş yeni nəslin yetişdirilməsi Azərbaycan təhsilinin prioritetinə çevrildi. Bəzi mühafizəkar qüvvələrin müqaviməti səbəbindən bu proses arzu olunan sürətlə getməsə də, davam etməkdədir. Ona mane olmaq cəmiyyətin meyil və maraqları əleyhinə çıxmaq deməkdir. Bu isə tarixin çarxını geri fırlatmaq qədər cəfəng və təhlükəli bir avantüradır.

2. Məktəb öz vəzifələrini hansı üsul və vasitələrlə həyata keçirir?
Hər zaman olduğu kimi pedaqogikanın qarşısında duran 3 əsas suala cavab axtarmaqla... Bu suallar: Nə öyrətmək, nə üçün öyrətmək və necə öyrətməkdir?
İnkişaf etmiş ölkələr “Nə öyrətmək?” sualına cavab axtararkən, əvvəlcə dünyada gedən proseslərin yaxın 5-12 il ərzində inkişaf tendensiyalarını, dövlətlərin bu dövrdəki daxili və xarici siyasətinin prioritetlərini müəyyən edir, cəmiyytdə baş verə biləcək mümkün dəyişiklikləri proqnozlaşdırırlar. Sonra bu dəyişikliklərə uyğun keyfiyyətləri (kompetensiyaları) və onları necə ölçub-qiymətləndirəcəklərini (meyarları) müəyyənləşdirirlər. Bununla da nə öyrədəcəklərini və nə üçün öyrədəcəklərini özləri üçün aydınlaşdırırlar. “Necə öyrətmək?” məsələsini isə elmi-texniki tərəqqinin son nailiyyətlərinə əsaslanan üsul və vasitələrdən istifadə etməklə həyata keçirirlər. Məsələn: təlimdə interaktiv metodların tətbiqi, məktəblərin kompüterləşməsi, “ağıllı” lövhələrdən istifadə və s. İlk iki istiqamətdə görülən işlər nəzərə çarpmasa da, üçüncü istiqamətdə Respublikamızda ciddi addımlar atilmış, hətta “Təhsildə İnnovasiyalar Mərkəzi” adlanan xüsusi qurum da yaradılmışdır.

3. Təhsilin keyfiyyətini yaxşılaşdırmaq üçün vacib olan amillər hansıdır?
Yuxarıda qeyd etdiyim strateji məsələlərin həlli ilə yanaşı, təlimin bir sıra digər mühüm komponentlərinin də keyfiyyətinin yaxşılaşdırılması vacibdir. Bu komponentlərə müəllim, dərsliklər, əlavə informasiya resursları, texniki vasitələr, qiymətləndirmə meyarları, sosial-psixoloji mühit, fənn standartları və s. daxildir.
Müəllim təlimin sütunudur. Bütün proses, hətta fasilitator olmuş olsa belə, yenə müəllimin üzərində dayanır. Pedaqoji kadrların keyfiyyəti günün tələbləri səviyyəsində deyil. Pedaqoji təhsil müəsissələrinin məktəblərlə əlaqəsi zəifdir. Son dövrdə bu istiqamətdə müəyyən pozitiv irəliləyişlər olsa da, hələ görüləsi işlər çoxdur. Müəllim əməyinin dəyərləndirilməsində sovet dönəmindən qalan bərabərçilik prinsipi saxlanılır. Əməyin keyfiyyəti deyil, kəmiyyəti əsas götürülür. Ödənilən haqq tələb olunan işə uyğun deyil. Son dövrlərdə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması, onların imtahan yolu ilə işə qəbul edilməsi təqdirəlayiq yenilikdir. Lakin burada da (imtahanın təşkili, sualların keyfiyyəti, qiymətləndirmə və yerləşdirmədə) həllini gözləyən müəyyən problemlər mövcuddur. Daha yaxşı nəticə göstərən müəllimlərə daha çox dərs yükünün verilməsi üsulu isə zənnimizcə, doğru motivasiya deyil. Bu, təlimin keyfiyyətinə birmənalı mənfi təsir göstərəcəkdir. Maddi stimulun zəifliyi səbəbindən gənc oğlanlar pedaqoji ixtisasları həvəssiz seçirlər. Məktəblərdə kişi müəllimlərin azlığı gender balansını pozur və gənc nəslin xarakterində deformasiyalara səbəb olur. Bu isə torpaqları işğal altında olan bir ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər.
Dərsliklərin əksəriyyəti uzun illərdir ki, pedaqoji ictimaiyyəti qane etmir. Onlar ənənəvi üslubda yazıldığından müasir tələblərə demək olar ki, cavab vermirlər. Xüsusən də məzmun standartlarını reallaşdırmaq baxımından təlimdə ciddi çətinliklər yaradırlar. Müəllimlər təəssüf hissi ilə etiraf edirlər ki, mövcud dərsliklərdəki materiallardan bacarıq və vərdişlər formalaşdıran tapşırıqlar tərtib etmək, onlara dünyaya uşaq gətirməkdən qat-qat çətin gəlir.
Əlavə informasiya resurslarından isə danışmağa dəyməz. Onlar ya yoxdur, ya da ayrı-ayrı saytlarda dağınıq vəziyyətdədirlər. Olanların isə mötəbərliyi şübhəli, dili və məzmunu şagirdlərin yaş səviyyəsinə uyğun deyildir. Bu da şagirdlərə tədqiqat aparmaq və təqdimatlar hazırlamaq işində ciddi problemlər yaradır. Düşünürük ki, dövlətin təhsilə ayırdığı vəsaitin bir hissəsi təcili bu sahənin inkişafına yönəldilməlidir.
Məktəblərin maddi-texniki təchizatına gəlincə isə hörmətli Prezidentimizin bu barədə müvafiq sərəncamından sonra xeyli iş görülmüşdür. Lakin görülmüş işlərin keyfiyyəti arzu olunan səviyyədə deyil. Necə deyərlər, pul ayrılmış, menyu təsdiq olunmuş, lakin aşbazlar xörəkləri keyfiyyətsiz hazırlamışlar. Onu da qeyd edək ki, özəl məktəblərdə bu iş daha yaxşı həyata keçirilmişdir.
Şagird nailiyyətlərini qiymətləndirmə meyarları dəqiq deyildir. DİM-in hazırladığı bəzi nümunələr istisna olmaqla, indiyədək nə bacarıqlara uyğun standart tapşırıq qəlibləri, nə də onların qiymətləndirilməsinin dəqiq və ədalətli meyarları işlənib hazırlanmışdır. Bakı şəhər Təhsil İdarəsinin formativ qiymətləndirmə ilə bağlı 29-30 iyun tarixdə keçirdiyi beynəlxalq seminar da göstərdi ki, bu istiqamətdə işlər hələ başa çatmamışdır. Vaxt isə sürətlə keçir. Artıq bir neçə ildən sonra yeni konsepsiya ilə təlim-tərbiyə almış gənclər tam hüquqlu vətəndaş kimi aramıza qatılacaqlar. Onlar daxil olduqları cəmiyyətə adaptasiya oluna biləcəklərmi? Onu inkişaf etdirə biləcəklərmi? Bizim həll edə bilməyib onlara miras qoyduğumuz problemləri həll edə biləcəklərmi? Açığı, bunula bağlı xeyli tərəddüdlərimiz var.
Məktəblərdə ənənəvi sosial-psixoloji mühit “Məktəblinin dostu” adlı layihənin tətbiqindən sonra dəyişməkdədir. Layihə ümumən uğurlu saylsa da, bir sıra natamamlıq və qüsurlara malikdir. Beləki, bu layihənin tətbiqindən sonra şagirdlərə qarşı müəllim zorakılığı azalmış, problemli uşaqlara diqqət xeyli artmışdır. Bir sıra kreativ layihələrlə çıxış edən bu qruplar şagirdlərin asudə vaxtının səmərəli təşkilində də əhəmiyyətli rol oynayırlar. Lakin əksəriyyəti subay gənclərdən ibarət olan layihə iştirakçılarının bir çoxunun xüsusi pedaqoji təhsili və təcrübəsi yoxdur. Bu səbəbdən bəzən təlim-tərbiyə prosesinə etdikləri yersiz müdaxilələrlə müəllim nüfuzunu aşağı salır, təcrübəli pedaqoqların haqlı narazılığına səbəb olurlar. Düşünürük ki, onların funksional səlahiyyətləri dəqiqləşdirilməli, pedaqoji kollektivlə əlaqələri möhkəmlənməli, “məktəblinin dostları”, “Məktəbin dostu”na çevrilməlidirlər.
4. Fənn standartları nədir və onlara riayət olunması vacibdirmi?
Əvvəldə izah etdiyim kimi, fənn standartları dövlətin cəmiyyət adından məktəbə verdiyi sifarişlərdir. Başqa sözlə, satandartlar- cəmiyyətin yetişməkdə olan gənc nəsildə görmək istədiyi faydalı keyfiyyətlərin minimum parametrləridir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır. Konstitusiyanın 42-ci maddəsinin V bəndində yazılır ki, dövlət minimum təhsil standartlarını müəyyən edir. Deməli, hər bir fənn üzrə dövlətin müəyyən etdiyi standartlar, əslində icrası vacib olan normativ hüquqi aktlar sırasına daxildir və onların pozulması Azərbaycan Respublikası Konstitusiyasının müvaviq maddəsi ilə (maddə 80) məsuliyyətə səbəb olmalıdır.
4. Dərslik nədir? O, təlimdə hansı rolu oynayır?
Dərslik- hələlik məktəblərimizdə hər bir fənn üzrə məzmun standartlarını reallaşdırmağa imkan verən əsas resursdur. Çünki, digər resurslar yox dərəcəsindədir. Bu səbəbdən o, müəllimdən sonra təlimin ikinci, ən vacib komponenti olaraq qalmaqdadır. Dərsliklər əsasında bütöv nəsillər yetişir. Necə deyərlər, nə töksək dərsliklərdə “aşımıza”, o da çıxacaq sonralar “qaşığımıza”. Dövlət standartlarını nəzərə almadan hazırlanan dərsliklər sosial sifarişi yerinə yetirmək gücündə deyillər. Bu səbəbdən onlar gələcəyimizi şikəst edəcək qədər təhlükəlidirlər. Təhlükəni hiss edən cəmiyyətimizin dərsliklərdəki qüsurlara həssaslığı da bununla bağlıdır və anlaşılandır. Təəssüf ki, müstəqillik əldə etdyimiz dövrdən indiyədək dərsliklərimizin əksəriyyəti nə pedaqoji ictimaiyyəti, nə şagirdləri, nə də onların valideyinlərini qane edir.
6. Bəs nə üçün uzun illərdir dərsliklərimiz dərdimizə çevrilib?
Bunun bir sıra obyektiv və subyektiv səbəbləri vardır.
a. Dərslik yazmaq təcrübəsinin azlığı. Orta məktəb dərslikləri, xüsusən də sosial fənn dərslikləri ideologiyaya xidmət etdiklərindən müstəqilliyə qədərki dövrdə onlar yerli mütəxəssislər tərəfindən deyil, Mərkəzin nümayəndələri tərəfindən yazılır, sonra tərcümə ediıb Respublikaya göndərilirdi. Təəssüf ki, müstəqilliyimizin əldə edilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, ölkəmizdə yeni təfəkkürlü dərslik müəlliflərinin yetişdirilməsi istiqamətində çox az iş görülmüşdür. Zənnimizcə, Təhsil Nazirliyin maraqlı tərəflərlə birlikdə bu vacib istiqamətə diqqəti artırmalıdır.
b. Elmi resursların azlığı. Tarix fənnindən bəzi məzmun standartlarının tələblərinə uyğun mövzularla bağlı fundamental elmi araşdırmaların olmaması, yaxud bu araşdırmaların zəif olması. Məsələn: Fərqli tarixi dövrlərdə ayrı-ayrı dövlətlərin Azərbaycanla bağlı geosiyasi maraqlarındakı dəyişikliklər, bu dəyişikliklərin səbəb və nəticələri, iqlim dəyişiklikləri və onun insanların həyatına təsiri və s. mövzular dediklərimizə misal ola bilər. Zənnimizcə, MEA-nın müvafiq strukturları elmi-tədqiqat mövzularını müəyyənləşdirərkən qeyd olunan dövlət standartlarının tələblərini nəzərə alsaydılar, gələcəkdə bu çətinliklərin aradan qaldırılmasına xeyli yardım etmiş olardılar.
c. Dərslik siyasətində variativliyin olmaması və müəllif komandaları arasında rəqabət mühitinin formal xarakter daşıması. Hələ 15 il bundan əvvəl Respublikamızda variativ dərsliklərin yazılması istiqamətində ilk cəhd edilmişdi. Lakin təəssüf ki, “bulanıq suda balıq tutmaq” sevdasında olan bəzi mühafizəkar qüvvələrin “Bu, milli birliyimizə xələl gətirər!”, “Bu, şagird nailiyyətlərinin qiymətləndirilməsində problemlər yaradar!” və s. kimi cəfəng iddiaları səbəbindən təşəbbüs baş tutmamış, dərsliklərin yazılması və nəşri bir növ həmin qüvvələrin inhisarına keçmişdi. Son dövrlərdə TN-yi “Ümumi təhsil sistemində dərslik siyasəti” adlı çox maraqlı və zənnimçə, həm də mütərəqqi bir sənəd hazırlamışdır. Ancaq nədənsə onu geniş ictimai müzakirəyə çıxarmağa və tətbiq etməyə tələsmir. Görəsən, nə üçün? Bu sual pedaqoji ictimaiyyətın yaradıcı kəsimini hələ də düşündürür.
d. İki kitabdan ibarət olan dərslik komplektinin hazırlanması üçün ayrılan vaxtın həddən artıq az olması. Azərbaycanda bu prosesə reallıqda 8 aydan az vaxt ayrılır. Dərslik komplektinin yoxlanması və qiymətləndirilməsi isə təqribən 4 aya başa çatır. Halbuki, dünya təcrübəsində bu işləri görmək üçün ən azı 2,3-2,5 il tələb olunur.
e. Dərsliyi qiymətləndirmə meyarlarının natamamlığı və qeyri-dəqiqliyi. Məsələn: Qiymətləndirmə meyarlarının 1.1. bəndinə görə əgər, dərslikdə fənn kurikulumunun bütün məzmun standartlarının reallaşma səviyyəsi təmin olunarsa o, 10 balla qiymətləndirilir. Belə çıxır ki, müsabiqəyə təqdim olunmuş 8-ci sinif “Ümumi tarix” dərsliyində 5 əsas məzmun xəttindən biri və ya 12 alt standartdan dördü reallaşmadıqda belə, ekspertlər bu dərsliyə qeyd olunan meyar üzrə müəyyən bal verə bilərlər. Əslində isə bu absurddur. Çünki, həm dövlət, həm də qeyri-dövlət sektoru özünün kadrlara olan təlabatını, onların standartlara uyğunluğunu ölçməklə təmin edir və bu məqsədlə müxtəlif səviyyəli imtahanlar keçirir. Nəticələri standartlara uyğun olmayan kadrlar təlabatı ödəmədiklərindən, işsiz qalırlar. Bu isə dövlətin vergi ödəyicilərindən alıb təhsilə ayırdığı milyonların havaya sovrulması deməkdir. Ona görə də standartları pozmaqla yazılmış dərsliklərin müsabiqəyə qəbul olunması yolverilməzdir. Yaxud, yenə orada, 1.2. bəndində: “Təlim materiallarının və faktların elmiliyi, dəqiqliyi və etibarlılığının gözlənilməsi tələb olunur. Bu tələb 10 balla qiymətləndirilir. Lakin aydın deyil: a) faktlar dərslikdəki təlim materiallarına daxil olduqları halda, niyə onlardan ayrı nəzərdən keçirilir ? b) Elmiliklə dəqiqlik və etibarlılıq (əslində isə mötəbərlik) arasında hansı fərqlər var? Subyektivliyin qarşısını almaq üçün nədən bu anlayışların mənası sənəddə rəsmən açıqlanmayıb? c) 10 bal bu üç meyar arasında necə bölünür? d) Bir dərslikdə ən azı neçə elmi səhv və ya mənbəyi göstərilməyən şübhəli, yaxud mübahisəli məlumat (?) olmalıdır ki, o, 10 bal almasın? e) Niyə bu bənddə “təlim materiallarının müasirliyi” adlı meyar nəzərdə tutulmamışdır? və s.
f. Dərsliyin ekspertizasında iştirak edən qurumların qiymətləndirməni vahid üsul və meyarlar əsasında aparmaması. Məsələn: DİM-n ekspertlərinin dərslikləri qiymətləndirmə üsul və meyarları TN-də olduğu kimi deyil və yaxud, əksinə... Bu da qiymətləndirmədə obyektivliyə xələl gətirir.
Dərslikləri Qiymətləndirmə Şurasının TN-dən asılı bir qurum olması. Bunu TN-nin hazırladığı “Ümumi təhsil sistemində dərslik siyasəti” adlı sənəddən də görmək olur. Burada yazılır: “ 5.1. Dərsliklərin qiymətləndirilməsi üçün Təhsil Nazirliyinin nəzdində büdcədən maliyyələşdirilmədən Dərslikləri Qiymətləndirmə Şurası fəaliyyət göstərir.
5.2. Təhsil Nazirliyi Dərslikləri Qiymətləndirmə Şurasının sədrini təyin edir və Şuranın Əsasnaməsini təsdiqləyir. DQŞ üzvləri sədr tərəfindən yüksək ixtisaslı mütəxəssislərdən seçilir.”
g. Tender şərtlərinin sərtliyi. Dərsliyin ölçülərinin, səhifələrin sayının, şriftin ölçülərinin sərt reqlamentləşdirilməsi müəllif və dizaynerlərin kreativ imkanlarını boğur. Məsələn, orta ümumtəhsil məktəblərinin tam orta təhsil pilləsi üçün nəzərdə tutulmuş X siniflər üçün Ümumi tarix dərsliyi Ən qədim zamanlardan – XVI əsrin sonlarına qədərki dövrü (VI-VII siniflər) əhatə edir. Lakin nədənsə bu dərsliyin də həcmi (çap vərəqinin sayı və ölçüləri) əvvəlki dərsliklər qədər nəzərdə tutulmuşdur. Bu şagirdin bilik və bacarıqlarının sadədən mürəkkəbə doğru inkişaf etdirilməsinə və yeni təlim konsepsiyasının həyata keçirilməsinə mane olur. Bu cür yanaşma şagirdlərin bilik və bacarıqlarını sadədən mürəkkəbə doğru inkişaf etdirməyə imkan vermir və prinsipcə konsentrik təlim konsepsiyası ilə ziddiyyət təşkil edir. Bununla bağlı tender şərtlərinin bir qədər yumşaldılmasına, müəllif və dizaynerlərə daha geniş variasiya imkanlarının yaradılmasına ehtiyac var.
h. Həm müəlliflər, həm də ekspertlər arasında sovet dövrünün stereotiplərilə düşünənlərin mövcudluğu. Bu bəla ilə mübarizə aparmaq üçün dünya təcrübəsi öyrənilməli və yayılmalı, dərsliklərdə variativliyə keçilməlidir. Qalib gəlib-gəlməməsindən asılı olmayaraq, dövlət standartlarını pozmayan və minimum keçid balının 50%-dən çoxunu toplamış bütün dərsliklərin geniş ictimai müzakirəyə çıxarılması zənnimizcə, ekspertlərin məsuliyyətini artırar, şəffaflığı təmin edər, rəqabət mühitini sağlamlaşdırar və qısa zamanda dərsliklərin keyfiyyətinin yaxşılaşmasına səbəb olardı.
7. Dərslik dərdimizin çarəsi varmı? Bunun üçün hansı addımların atılması vacibdir? Var. Bunun üçün ilk növbədə yuxarıda qeyd etdiyim problemlər aradan qaldırılmalı və təcili variativ dərsliklər üçün “yaşıl işıq” yandırılmalıdır.
8. Bəs, variativ dərsliklərin faydası nədədir?
İqtisadi:
• Yaranan azad rəqabət mühitində dərsliklərin maya dəyəri ucuzlaşar;
• bu sahədə piratçılığa zərbə vurular;
• ölkədə nəşriyyat işi canlanar;
• yeni iş yerləri açılar;
• dövlət büdcəsinin gəlirləri artardı.
İctimai:
• Ekspertizadan keçmiş dərsliklərdən birini seçmək hüququnun müəllimlərə və valideyinlərə verilməsi onların məsuliyyətini artar;
• Dərsliklərlə bağlı cəmiyyətdə mövcud narazılığı azaldar;
• Təhsil Nazirliyini bəzi hallarda haqsız olan hücumlardan qoruyar;
• Cəmiyyətdə müəllimin laxlamaqda olan nüfuzunu yüksəldən əlavə amil olardı.
Pedaqoji:
• Qısa zamanda yeni, istedadlı dərslik müəlliflərinin yetişməsinə səbəb olar;
• Dərsliklərin həm məzmunu, həm də keyfiyyəti xeyli yaxşılaşardı.

Aydın Allahverdiyev .............."Milli kimlik" Araşdırma Mərkəzi.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.