Ənənəvi dərsliklər Kurikulum adı ilə

Ənənəvi dərsliklər Kurikulum adı ilə

Salam hörmətli Dostlar! Əvvəla, hər birinizin Müqəddəs Ramazan bayramlnlz mübarək! Mən, əziz dostum Təvəkkül Əliyevlə birlikdə hələ 2001-ci ildə (təhsilimizin "Kurikulum" adlanan yeni paradiqmasının qəbulundan 7 il əvvəl və bu paradiqmanın əksər tələblərinə indi də cavab verən) beynəlxalq ekspertlərin müsbət qiymətləndirdiyi ilk alternativ tarix dərsliyi komplektini (Orta əsrlər 7-ci sinif) hazırlayanlardan biri, "Test tərtibinin bəzi elmi pedaqoji prinsipləri", "Kiçik yaşlı məktəblilər üçün tarix dərslikləri və 9-10 yaşlı uşaqların inkişafının psixoloji xüsusiyyətləri" və s. kimi 10-dan artıq elmi-pedaqoji və publisistik məqaləni, o cümlədən "Qazilər marşı"nı yazmış, 2013-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş və hörmətli Kamran Əsədovun təbirincə desək, tarixi tədris etməyi və yazmağı öyrənməyə ehtiyacı olan (zira, müdriklər: “Yüz il yaşa, yüz il öyrən!”- deyiblər) "məğlublardan" biriyəm. Əziz dostlar, məni bu polemikaya qoşulmağa vadar edən səbəb, sosial şəbəkələrdə Roma Papasından daha çox katolik olmaq iddiasına düşənlərin guya, TN-də dərsliklərin ədalətli və obyektiv ekspertizasının keçirildiyi barədə gurultulu ibarələri və hörmətli Kamran Əsədovun dərsliyi keçməyən müəlliflər barədə qeyri-korrekt ifadələridir. Atalar: “Haqsızlığa susmaq, haqsızlığa şərik olmaq, onunla razılaşmaq deməkdir!”- deyiblər. Bu səbəbdən mən də müzakirələrə qoşulub, bəzi məqamları diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla, ekspertiza peşəkar və obyektiv keçirilibsə, onda nə üçün məğlub olan dərsliklərlə bağlı ekspert rəyləri müəlliflərə verilmir? Nə üçün onlara öz mövqelərini əsaslandırmaları üçün şərait yaradılmır və onların ekspertlərlə görüşü təmin edilmir? Bu, Azərbaycan Respublikası Konstitusiyasının: “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ vardır” (Maddə 50 b.1)-prinsipinə də ziddir. İkincisi, ortada olan dərsliklərin keyfiyyəti də ekspertlərin peşəkarlığına və obyektivliyinə kölgə salır. Tədris edən müəllimlər bilirlər ki, şagird nailiyyətlərini məzmun standartlarının tələblərinə uyğun ölçmək və qiymətləndirmək üçün ən yaxşı halda mövcud dərşliklərdən test tərtib etmək olur ki, bu da milyon manatlarla pul xərcləyib keçməkdə olduğumuz “Təfəkkür məktəbi”nin fəlsəfəsinə ziddir. Təsadüfi deyil ki, DİM-in sədri hörmətli M.Abbaszadə 04. 02. 2015-ci il tarixdə KİV-ə verdiyi müsahibələrin birində dərslikləri “dərdimiz” adlandıraraq, demişdi: “Müstəqillik dönəminə qədəm qoyan dövrlərdən bəri itirilmiş torpaqlarına, pozulmuş sərhədlərinə, qaçqın və köçkünlərinə, bir-birindən çətin və keçilməz ictimai-siyasi problemlərinə, hərbi, iqtisadi, sosial sahədə yaşanan həlli vacib məsələlərə başı qarışan məmləkətimizdə, necəsə, nəzər-diqqətdən yayınıb, bir qrup dərslik (əslində isə pul və şöhrət- A.A.) həvəskarının, əksər hallarda öz peşəsini, Azərbaycan ədəbi dilinin norma və qaydalarını belə, lazımi səviyyədə bilməyən bəzi orta məktəb müəllimlərinin, təhsilə aidiyyatı olmayan digər peşə adamlarının əlinə keçən dərsliklərimizdir. Balalarımızın gələcəyini, dil və təfəkkür səviyyəsini təmin edəcək bu kitabların ağır durumu ilə bağlı bu günə qədər yazılıb deyilənləri, aparılan yoxlamalar zamanı üzə çıxan qüsur və səhvləri üst-üstə yığsaq, samballı bir kitabın ərsəyə gələcəyinin şahidi olacağıq.” Məncə, TN-nin keçirdiyi ekspertizanın “peşəkarlığı və obyektivliyi” barədə gurultulu iddalara bundan yaxşı cavab yoxdur. Baxmayaraq ki, dediklərimizi isbat etmək üçün əlavə fakt və arqumentlər də gətirə bilərik. Ən böyük təəssüf doğuran isə bilirsiniz nədir? Vəzifəsi insanları zülmət və cəhalət girdabından çıxarıb doğru yola yönəltmək olan ziyalıların bir qisminin riyakar ziyankarlara çevrilib, ümummilli və ictimai maraqları merkantil maraqlara qurban verməsidir. Coox təəssüf və çox ayıb!!!
Aydın Allahverdiyev


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.