Dəyirman bir şey deyil çağçağı baş ağrıdır!

Dəyirman bir şey deyil çağçağı baş ağrıdır!

Əsrlər boyu xalqların dünya siyasətində yeri onların sayı və ərazisinin ölçüsü ilə deyil, iqtisadi gücü və mədəni səviyyəsi ilə müəyyən olunmuşdur. Görkəmli mütəfəkkir A.Bakıxanov hələ XIX əsrin əvvələrində yazırdı ki, “Avropanın Asiya qarşısında üstünlüyü, bir çoxlarının düşündüyü kimi, tale və təsadüfdə deyil, maarifdədir.” Siyasət dünyasının korifeylərindən sayılan H.Əliyev isə “Təhsil millətin gələcəyidir!”- deyirdi. Elə bu səbəbdən, 90-cı illərin əvvələrində müstəqillik əldə etdikdən dərhal sonra ölkəmizdə təhsil dövlət siyasətinin prioritetinə çevrildi.
Bilik verməklə yanaşı, yetişməkdə olan gənc nəslə faydalı bacarıq və vərdişlər aşılamaq bütün ölkələrdə təlim prosesinin başlıca məqsədlərini təşkil edir. Bəs, onda nə üçün müxtəlif ölkələrdə (yaxud məktəblərdə) təlimin keyfiyyəti və mütəxəssislərin hazırlıq səviyyəsi fərqli olur? Bu, təkcə əhalinin həyat səviyyəsindən, ailə mühitinin, pedaqoji kadrların və təlim texnologiyalarının keyfiyyətindən, təhsilin idarə edilməsi mexanizminin optimallığından, məktəblərin maddi-texniki təchizat səviyyəsindən deyil, həm də dəqiq və ədalətli qiymətləndirmə meyarlarının mövcudluğundan və dərsliklərin keyfiyyətindən asılıdır.
Dərsliklər milli, sosial və dövlətçilik maraqlarına xidmət edən təlim prosesinin mühüm komponentini təşkil edir. İnsanın ifrat millətçi, əslini, kökünü, keçmişini danan, yaxud unudan bir manqurt və ya öz xalqını ürəkdən sevən, həm də humanist və beynəlmiləlçi bir şəxs kimi yetişməsində sosial fənn dərslikləri xüsusi yer tuturlar. Təcrübə göstərir ki, biliyin daha cox dərsliklərdən alındığı dövlətlərdə ictimai şüur üzərində dərsliyin “hökmranlığı” mövcud olur və bu səbəbdən cəmiyyətin gələcəyi bir çox hallarda dərsliklərdə təbliğ edilən ideyalardan birbaşa asılı olur. Necə deyərlər, dərsliklər əsasında bütöv nəsillər yetişir. Bu baxımdan tarix dərslikləri daim yeniləşən, cəmiyyətin tələblərinə uyğunlaşmağı bacaran, faydalı və yaradıcı şəxsiyyət yetişdirilməsidə əhəmiyyətli rol oynayırlar. Digər ictimai fənn dərslikləri ilə birlikdə onlar həm də bu yolla ictimai şüurun hansı istiqamətdə formalaşmasını müəyyən edirlər.
XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış böyuk polyak pedaqoqu Yanuş Korçak təlimin məqsədlərini mövcud təhsil mühiti ilə bağlayır və bu mühitin dörd əsas tipini ayıraraq göstərirdi ki,
- doqmatik təhsil mühitində təlimin məqsədləri passiv və asılı şəxsiyyətin;
- karyera təhsil mühitində aktiv, lakin asılı şəxsiyyətin;
- rahat təhsil mühitində müstəqil, lakin passiv şəxsiyyətin;
- yaradıcı təhsil mühitində isə müstəqil, həm də fəal şəxsiyyətin yetişdirilməsinə xidmət edir.
Müstəqilliyimizin əldə olunmasına qədərki dövrdə ölkəmizdə doqmatik təhsil mühiti üstünlük təşkil etmişdir. Bunun əsas səbəbi Azərbaycanın totalitar sovet cəmiyyətinin bir hissəsi olması və təhsilin də bu sistemin maraqlarına xidmət etməsində idi. Sərt piramidal idarəetmə strukturuna malik bu sistemə funksionerlər daha çox lazım olduğundan, təşəbbüskarlıq təhükəli sayılır, qeyri-standart düşüncə “təftişçilik” kimi qiymətləndirilirdi. Təhsildə sovet ideyalarını təbliğ edən müəllimin və dərsliyin amirliyi mövcud idi.
Respublikamız müstəqillik qazandıqdan sonra ictimai mühit dəyişdi. 90-cı illərin ortalarından ölkədə bütün sahələrdə ciddi islahatlar keçirildi. Bazar iqtisadiyyatının azad sahibkarlıq, rəqabət və sair elementləri həyatımıza daxil oldu. Demokratik cəmiyyət formalaşmağa başladı. Yeni şərait təhsilin qarşısında yeni tələblər qoydu. Amirliyə əsaslanan köhnə doqmatik təhsil mühiti artıq cəmiyyətin tələblərini ödəmirdi. Təhsil mühiti dəyişməyə başladı. Biliklərlə yanaşı qabiliyyətlərin də inkişaf etdirilməsi və qiymətləndirilməsi təhsilin prioritetinə çevrildi. Təfəkkür məktəbinin yaradılması günün tələbi kimi ortaya çıxdı. Yeni dərslikərə, proqramlara, təlim texnologiyalarına və s. ehtiyac yarandı. O zaman mövcud olan təcrübəsizlik və stereotiplər problemlərin sürətli həllinə mane olurdu. Lakin ortada cəmiyyətin tələbi, hakimiyyətin iradəsi var idi. Dəyişikliklər başlandı. 90-cı illərin ortalarında milli maraqlarımıza xidmət edən mövzuların əks olunduğu yeni proqramlar, dərsliklər çap olundu. Qüsurlu olsalar da məhz həmin proqram və dərsliklər ictimai şüurda hürriyyət və istiqlal məfkurəsini möhkəmləndirməyə başladılar. Respublikamızın iqtisadi inkişafını təmin etmək üçün keçən əsrin sonlarında “açıq qapı” siyasətinə keçildi. Bu, həm də inkişaf etmiş ölkələrin qabaqcıl iş təcrübəsinin ölkəmizə daxil olmasına səbəb oldu. Proqram və dərsliklərimiz təkmilləşməyə başladı. Beynəlxalq standartlra uyğun dərslikləri qiymətləndirmə meyarları hazırlandı. Dərslikləri Qiymətləndirmə Şurası yaradıldı. Dərsliyə verilən tələblər ciddiləşdi. Dərsliklərin hazırlanması və qəbulu tender əsasında həyata keçirilməyə başlandı. Yaradılan rəqabət mühiti onların dili, məzmunu, dizaynı və digər keyfiyyətlərinin əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşmasına səbəb oldu. Dərsliklərin məlumat yükü də optimallaşdı. Paralel olaraq, həm də yeni müəlliflər nəsli yetişməyə başladı. Lakin hələ 2002-ci ildə (bir sıra postsovet respublikalarında xeyli əvvəl) ilk cəhd edilməsinə baxmayaraq, variativ dərsliklərə keçilməməsi, qeyd olunan pozitiv meyillərin tədricən boğulmasına səbəb oldu. “Variativ dərsliklərə keçilməsi xalqımızın birliyini poza bilər!”- deyə hay-küy salan mühafizəkarların müqaviməti, sonda dərsliklər üzərində onların inhisarının yaranması ilə nəticələndi. 2008-ci ildən təlimdə vahid dövlət standartlarının (Kurikulumun) tətbiqinə başlansa da, təəssüf ki, vahid dərslik siyasətindən yenə imtina edilmədi. Halbuki, bu siyasət indi də 1) differensial təlimə mane olur, 2) əzbərçiliyə zəmin yaradır (dərslikdən götürülmüş əhəmiyyətsiz bir söz və ya cümlə üzərində qurulan test tapşırıqları ilə şagird və abituriyentlərin qiymətləndirilməsi), 3) hafizə yönümlü məktəbdən təfəkkür məktəbinə keçidi ləngidir, 4) yeni formada təqdim olunsalar da, əslində köhnə dərslikləri təkrar edən biliklər qüvvədə olan məzmun standartlarını reallaşdırmağa imkan vermir. Lakin təəssüf ki, müəllimlərin bir qismi belə dərslikləri bəyənirlər. Çünki əksəriyyətini qadınlar təşkil edən müəllimlərimizi ailə qayğıları daha çox məşğul etdiyindən, onların bir çoxunun yeni biliklər əldə etməyə nə vaxtı, nə də həvəsləri var. Digər tərəfdən, bizdə məktəblərin reytinqi cəmiyyətə fayda verən məzunlarının sayı ilə deyil, ali və orta ixtisas məktəblərinə daxil olan şagirdlərinin sayı ilə ölçüldüyündən, müəllimlər də təlimdə bacarıqların inkişafına deyil, imtahana düşən biliklərin əzbərlədilməsinə üstünlük verirlər.
Məktəblərdə kurikulum standartlarının tətbiqi III nəsil dərsliklərə ehtiyac yaratdı. Orta ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün bu dərsliklər artıq istifadəyə verilmişdir. Bunlar ilk nəsil dərsliklərlə müqayisədə daha təkmil olsalar da, dil, məzmun və tərtibatları ilə bağlı yenə xeyli qüsurları var. Müəllimlərin əksəriyyəti yeni dərsliklərdən narazıdırlar. Burada təəccüblü və qərəzli heç nə yoxdur. Kurikulum əsasında işləyən müəllimlər təlim zamanı dərsliklərin standartları qarşılama səviyyəsini müəyyən edir, onların təlimə yararlığını qiymətləndirirlər. Deməli, müəllimlərin rəy və təklifləri faydalıdır. Bu səbəbdən dərsliklərin ictimai ekspertzası, həm də qaçılmazdır. Yaxşı olardı ki, TN-nin dərsliklərdəki problemlərlə bağlı Respublika müəllimləri ilə silsilə müzakirələr keçirəydi. Bu, həm də perspektivdə təmayül sinifləri və əngəlli uşaqlar üçün hazırlanacaq IV nəsil dərslikləri üçün faydalı zəmin yaradardı.

Aydın Allahverdiyev
Hamlet Əliyev
Dəyirman bir şey deyil çağçağı baş ağrıdır!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.