Şifahi tarix

Şifahi tarix

 

Şifahi tarix ( Oral history ) – problem və nümunələr
 
 
" Şifahi Tarix – Oral History  Özbəkistan – Azərbaycan təcrübə mübadiləsi " mövzusunda Daşkənd şəhərində təşkil olunmuş Beynəlxalq Konfransda iştirak etmək və təcrübə mübadiləsi aparmaq üçün 2013-cü ilin mart ayının 26 -28 – də  Babək Məmmədov, Nizami müəllim Heydərov və Esmira Musayeva  Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun dəvəti ilə Özbəkistanda olmuş və orada səmərəli və işgüzar görüşlər keçirmişlər. İştirakçılar həm də Səmərqənd şəhərində olmuş, tarixi abidələr olan Əmir Teymur məqbərəsini, Registanı, Uluqbəy məqbərəsini, Müqəddəs Daniyalın məqbərəsini  və görməli yerləri ziyarət etmişlər.
Müəllim və şagirdlərə Şifahi tarıxin nə olduğunun aydın təsəvvür etmək üçün qısaca izah verim. Şifahi tarix müasir dövrün kəşfi deyil. Hələ qədimdə səsyazan texnika olmasa da tarixçilər Şifahi tarixin metodlarından istifadə edərək öz əsərlərini yazmışlar. Deməli Şifahi tarix texnologiyasından tarix elmində həmişə istifadə etmişlər. Məsələn : Fukidid " Pelopennes müharibəsinin tarixi” əsərini yazanda şıfahi mənbələrdən, yəni müharibədə iştirak etmiş şəxslərin xatirələrindən geniş istifadə etmişdir. Belə nümunələri çox göstərmək olar.
XX əsrdə müəyyən fasilədən sonra tarix elminin mühüm kanallarından biri kimi şifahi tarix mənbələrinə qayıdılır. Bunun da bir neçə səbəbi var idi. Əvvəla, artıq dərk edilmişdir ki, tarixi şəxsiyyətlər deyil, kütlələr yaradır, ikincisi " yaxın " keçmişə qayıtmaq problemi aktuallaşdı. Bu isə şifahi tarixin özünəməxsus vəzifələri, metod və imkanları ilə müstəqil elmi istiqamət kimi inkişafına gətirib çıxardı. Şifahi tarixin əsas tədqiqat obyekti bu hadisələrin bilavasitə iştirakçısı olmuş sıravi adamların xatirələri olur.
İndi tədqiqatçılar Şifahi tarixin qarşısında duran vəzifələri konkret müəyyənləşdirmişlər. Sifahi tarix ( Oral history ) – hazırda yaşayan insanların xatirələrinin toplanması yolu ilə tarixi tədqiqatın metodu və mənbəyidir. Belə hesab edilir ki, bu yolla toplanmış, xüsusilə sadə insanların məlumatları həm müasir , həm də gələcək tarixçilər üçün çox qiymətli mənbədir. Müxtəlif ölkələrdə Şifahi tarix müstəqil elm sahəsi kimi geniş yayımış və həmin ölkələrdə müəyyən tarixi problemləri dərindən öyrənmək üçün bu metoddan istifadə edirlər. Məsələn belə ölkələrdən ABŞ-ı, İsraili, Braziliya, Meksika, Avstraliya, Cənubi Afrika, Rusiya və digərlərini göstərmək olar.
Şifahi tarix ( Oral history ) aşağıdakı metodlar vasitəsilə işlənilir :
-          Xatirələr, anket sorğusu;
-          İntervyü;
-          Şayələr;
-          Hadisələr ( Çernobıl ,repressiya ) və s;
-          Şifahi yaddaş;
 
Beynəlxalq tarixşünaslıq şifahi tarixin tarix elminə gətirdiyi yeniliyi cox dəqiq müəyyənləşdirmişdir. Bu :
-          tarix üçün yeni məlumatdır;
-          tarixi təcrübəyə münasibətdə "niyə, nə üçün " sualına cavabdır;
-          subyektiv və ya subyektlərarası fikirlərə istinad etmək, rəyi soruşulanın potensialını
gücləndirmək;
-          elmlərarası yanaşma;
-          akademik dairələr ilə ictimaiyyət arasında münasibətləri təmin etməkdir.
 Mənə elə gəlir ki, Şifahi tarixin mahiyyəti barədə kifayət qədər danışdıq. Amma, azərbaycanlılar üçün burda kiçik, lakin çox böyük mahiyyəti olan bir nyüansı da yaddan çıxarmaq olmaz. Bizdə yaxın keçmişdə elə hadisələr olub ki, orda iştirak edən nəsillər zamanın hökmü ilə həyatını başa vurur. Repressiya, Çernobıl faciəsinin iştirakçıları, Ermənistandan, Qarabağdan olan köçkün və qaçqınlar, Qarabağ müharibəsinin iştirakçıları, Müstəqillik hərəkatının iştirakçıları və sair. Nə qədər ki, zaman bizi qabaqlamıyıb onların xatirələrini toplayıb yazmalı və gələcək nəsillər üçün, tarixçılər üçün qoruyub saxlamaq lazımdır. Yoxsa yenə həqiqət rəsmi tarix əsərləri içərisində əriyib yoxa çıxacaqdır. Əbəs yerə şifahi tarixə "xalq tarixi”, " gündəlik tarix” də demirlər. " Elin sözü əvvəl axır düz olur ". Bu mənim sözüm deyil, xalqın sözüdür.
Daşkəndə təcrübə mübadiləsi zamanı əyani olaraq gördük ki, Özbəkistanda son onillikdə Şifahi tarix metodu ilə xeylı mövzular işlənmiş və çoxlu kitablar, əyani vəsaitlər nəşr edilmişdir. Oxucular maraqlana bilər ki, bəs Azərbaycanda Şifahi tarix ilə əlaqədar bir təcrübə, bir nümunə vardırmı ? İndi bir az da bu barədə danışaq.
Şifahi tarix -  Qadın şifahi tarixi adı altında  2001-2002-ci ildə Azərbaycan Açıq Cəmiyyət İnstitutu – Soros fondunun Qadın Şəbəkə proqramı tərəfindən yayılmağa başladı. Günlərin bir günü mənimlə " Səlahiyyətli Təhsil " Proqramında çalışan Olqa Rzayeva xahiş etdi ki, onun yazdığı bir kitabçanı rus dilindən azərbaycan dilinə tərcümə edim. Bu " 1990 –cı il 20 yanvar faciəsi azərbaycan qadınlarının gözü ilə " kitabçası idi. Faciənin canlı şahidlərinin intervyüsü əsasında təşkil edilmiş bu kitabçanı həyəcansız tərcümə etmək mümkün deyildi. Sizi inandırıram ki, hal – hazırda onu oxuyan 10 nəfərin onu da mən dediyim bu fikri təsdiq edər. O dəqiqə ağlıma gələn bir fikri oxucularla bölüşmək istəyirəm. Öz – özümə dedim imkanım olsaydı bu broşuranı ingilis dilinə tərcümə edib dünyanın adlı –sanlı institutlarının kitabxanalarına yollayardım. Soruşa bilərsiniz niyə ? Beynəlxalq aləmdə rəsmi tarixə inam o qədər də yoxdu. Bu sözlərimlə hörmətli tarixçi alimlərimizi aşağılamaq istəmirəm. Lakin, istəsək və ya istəməsək də, xoşumuza gəlib gəlməməyiindən asılı olmayaraq bu fikir mövcuddur. Canlı şahidlərin ifadələrindən ibarət olan bu kitabı oxuyan hər bir şəxsin hadisələr gözü qarşısında canlanacaq və bu hadisələrin doğruluğuna onların heç bir şəkki-şübhəsi qalmayacaqdır. Onsuz da informasiya sahəsində biz ermənilərə daim uduzuruq. İnformasiya mübadiləsi zamanı xaricə biz bu qəbildən olan ədəbiyyatı, yazıları göndərməliyik. 
Digər bir kitab Lalə Sarıyevanın işlədiyi " XX əsrdə Azərbaycanın sosial – siyasi və mədəni həyatının əksi kimi – qadınların xatirəsi ”. 1994 – cü ildə qələmə alınmış bu broşura XX əsrin  30 -40 illərində dünyaya gəlmiş, Bakıda yaşayan qadınların intervyüsinə əsaslanaraq yazılmışdır. Özlərinin xatirələri ilə bu qadınlar Azərbaycanın tarixinin bütöv bir görünməyən tərəfini işıqlandırmış, onun sosial və mədəni sahəsini, adət və ənənələrini canlandırmışlar.
Şifahi tarix sahəsində digər işlənmiş layihə -"Almaniya Xalq Universitetləri Assosasiyası (DVV – internasional ) Cənubi Qafqaz və Türkiyə nümayəndəliyi nəzdində fəaliyyət göstərən " Demokratiyanı öyrənilməsi " Qeyri hökumət təşkilatı tərəfindən 2010 – 2011-ci ildə işlənmişdir. Layihənin mövzusu " Əfqanıstan müharibəsi – bir nəslin tarixçəsı " sənədli filmidir. Film sayta bir neçə ay bundan əvvəl qoyulmuşdur. Orda həmin filmi izləyə bilərsiniz
Daşkənddən gələndən sonra bir ay əvvəl 20-25 nəfər institut və orta məktəb müəllimlərinin iştirakı ilə Şifahi tarix mövzusunda Bakıda təlim keçirilmiş, may ayının 25- də isə " Şifahi Tarix – nəsillərarası dialoq " adlı konfrans təşkil olunmuşdur.
Hörmətli müəllim və şagirdlər mövzu barəsində kifayət qədər Sizə məlumat verildi. Siz də öz fikirlərinizi sayta göndərə bilərsiniz. Sizin hansı sahədə olan fikir və ideyalarınız bizi maraqlandırır?: Şifahi tarix metod və məlumatlarından tarix dərslərində necə istıfadə etmək olar. Qeydə alınmış məlumatlardan daha haralarda istifadə etmək olar ? Mənə elə gəlir ki, bu suallar ilə biz növbəti söhbətin mövzusunu müəyyən etdik. Sizi müzakirəyə dəvət edirəm.
 
 
 
 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.