Zəncirdə Qalan “əsir” dostum

Zəncirdə Qalan “əsir” dostum

 

 
İlhamə Məmmədova – 1905.az saytında Tarixi hekayə müsabiqəsində iştirak edir. Hekayə ilə tanış olaq və müəllifə uğurlar diləyək....
 
 

Zəncirdə Qalan "əsir” dostum

Qızmar avqust günlərindən birinin sonu yaxınlaşırdı. Günəş ağır-ağır nəfəs alaraq dağların arxasına enirdi. İşdən yorğun qayıdıb həyətdəki tənək ağacının altında qoyulmuş skamyada oturub dincəlməyə çalışırdım. Gözlərimi yumsam da beynimdə bir-birinə qarışan fikirlər mənə rahatlıq vermirdi. Ağrılı-acılı qaçqınlıq həyatı, atamın şəhid olması və əmimin itkin düşməsi, vaxtsız üzərimə götürdüyüm böyük ailənin bitib-tükənməyən qayğıları, uzun illərin yurd-yuva həsrəti, qəfil solan çiçəyə bənzəyən uşaqlıq illərim gözümün qabağında vərəq-vərəq canlanaraq sanki daş olub ürəyimi sıxırdı. Bununla yanaşı, nənəmin illər uzunu şəhid balalarına ağlayaraq dediyi ağılar, ağlayıb yorulduqdan sonra sanki kimi isə günahlandıraraq dodaqaltı, öz-özünə danışırmış kimi anlaşılmaz şıkayətləri və ən nəhayət kəndimizi tərk edərkən yaddan çıxıb zəncirdə qalan vəfalı dostum Alabaşın hayqırığa bənzəyən boğuq səslə köməyə çağırırmış kimi hürməsi gah yaxında, gah da uzaqlarda eşidilir, arada bir gurultuya çevrilərək qulağımı dəlirdi. Bütün bunların səbəbi olan acı hadisədən – kəndimizin işğal olunmasından keçən 21 il ərzində illər uzunu qızarmış köz kimi ürəyimi yandıran vicdan ağrısı isə bunları üstələyərək daha betər əzab verirdi. Bu vicdan ağrısı sevimli dostumun-Alabaşın hayqırığa bənzəyən "imdad" zingiltisi idi.  Mən niyə həmin gün Alabaşı zəncirdən açmadım?
Bu fikirlər içərisində çapalayarkən qəfildən qulağıma Alabaşın səsinə oxşar küçük zingiltisi gəldi. Bir anlıq duruxdum. Səsin haradan gəldiyini müəyyənləşdirməyə çalışdım. Səs həyət qapısının arxasından gəlirdi. Eyni zamanda kiçik bir uşaq da "Alabaş”, "Alabaş”, "bura gəl” , "yanıma gəl”- deyə onu əzizləyirdi. Cəld yerimdən qalxdım. Ayaqqablarımı ayağıma taxıb həyət qapısına tərəf yüyürdüm. Qapını açanda kiçik oğlumun balaca bir itlə oynadığını gördüm. Oğlum mənə tərəf dönərək: "Ata, bax, Alabaş, gör necə dəcəldi. Bir yerdə durmur” dedi. Və tezcə əlavə etdi: "Ata, olar, olar, Alabaşı saxlayaq?” Mən isə sanki elektrik cərəyanı vurmuş kimi yerimdəcə donmuşdum. Dilim ağzımda qurumuşdu. Bu küçük necə də mənim Alabaşıma oxşayır. Xatirələr məni 21 il əvvələ apardı. Onda biz hələ öz kəndimizdə yaşayırdıq. Hamımız bir həyətdə, qayğısız. Bu günkü kimi isti yay günləri bir-birini əvəz edirdi. Kəndimiz demək olar ki, hər gün ermənilər tərəfindən güclü atəşə tutulurdu. Düşmən müasir silahlarla silahlanaraq qonşu rayonlarımızı işğal edir, əhalisini amansız işğəncələrə məruz qoyaraq zorla yurd-yuvasından qovurdu. Heç kimə rəhm etmir, qadınları, uşaqları görünməmiş dəhşətlərlə qətlə yetirirdilər. İnsanlığa sığmayan bu müsibətlər kənddə hamının gündəlik müzakirəsinə çevrilmişdi. Lakin bütün bunlara baxmayaraq heç kim ev-eşiyini, min bir əziyyətlə qurduğu güzəranını tərk etmək fikrində deyildi. Əli silah tutanlar o cümlədən atamla əmim də ön cəbhədə vuruşurdu. Kənd qorxu altında yaşasa da, hamı öz işində-gücündə, gündəlik qayğıları ilə baş-başa idi. El-obaya bağlılıq, yurd-yuva sevgisi , torpağa bağlılıq bu qorxu hissinə qalib gəlir, insanların qəlbində "ümid çırağının” işartılarına çevrilirdi. Ağrılı-acılı günlərin bitəcəyini gözlədiyimiz ümid çırağının işartılarından bizim evə də düşürdü. Və bu çırağın işığında nənəm hanada toxuduğu xalçasını əlvan çiçəklərlə bəzəyir, babam qışa heyvanlar üçün ot biçib tayalara vurur, anam hər gün sacda istu yuxalar bişirir, qonşular bir yerə yığılıb gülüb-danışırdı. Biz uşaqlar da özümüzə məxsus düşündüyümüz oyunları oynayır, hərdən də böyüklərə ev işlərində əl yetirirdik. Mən həm ailənin böyük uşağı olduğum üçün , həm də atam və əmim ön cəbhədə düşmənə qarşı vuruşduğundan, kişi işlərində babama kömək edirdim. Bir gün həyatıma sevinc qatan hadisə oldu. Babam mənə qulağı kəsik bir çoban iti gətirmişdi. Dağdakı çoban dostu bağışlamışdı. O gündən babamın bu hədiyyəsi mənim yaxın dostuma çevrildi. Daha uşaqlarla da az oynayırdım. Bütün meylimi Alabaşa salmışdım. Babam onu bu cür adlandırmışdı. Onun qayğısına qalır, əlimə keçəni qabağına tökürdüm. İstəyirdim Alabaş tez böyüsün. Alabaş isə böyüdükcə məndən başqa hamının üstünə cumurdu. Nənəm inadla mənə onu zəncirləməyi tapşırdı. "Həyətə gəlib-gedən, qonşular var” dedi. Bu aralarda isə kəndimizdə böyük bir həyəcan yaşanırdı. Cəbhədən gələn acı xəbərlərin ardı-arası kəsilmirdi. Ermənilər daha da azğınlaşmışdı.
Və həmin dəhşətli gün. Rayonumuzun işğal olduğu gün təkcə mənim deyil, eləcə də qubadlılı hər kəsin həyat kitabının qara səhifəsinə çevrildi. Ağır texnika və saysız canlı qüvvə ilə hücuma keçən düşmənin hücumlarına davam gətirməyən və çoxlu itki verən könüllü dəstələrdən hamılıqla kəndi tərk etmək göstərişi aldıq. Gecənin qaranlığında heç paltarlarımızı belə doğru-dürüst geymədən, hər kəs bir-birindən xəbərsiz  naməlum istiqamətə üz tutduq. Arxaya dönüb baxmağa belə macal tapmadan ev-eşiyimizi, yurd-yuvamızı qoyub qaçdıq. Heyvanlarımız örüşdə, nənəmin toxuyub bitirməyə macal tapmadığı xalçası hanada, anamın kündələyərək bişirməyə hazırlaşdığı yuxalar ocağın başında, Alabaşım isə zəncirdə qaldı.  Babam yolda keçindi. O dəhşətli gündə atam şəhid oldu. Hələ ailə qurmamış, toyuna hazırlıq görülən əmimdən isə bu günə qədər heç bir xəbər yoxdur.  Daha sonra kiçik bacımı da itirdik. Dalbadal yaşanan bu acı hadisələrin və itkilərin ağırlığı içində mənə ən çox təsir edən isə Alabaşı zəncirdən aça bilməməyim oldu. Bəlkə də uşaq olduğum, itkiləri, hadisələri olduğu kimi dərk edə bilmədiyim üçün belə düşünürdüm. Bir gündə yaşadığım, heç vaxt geri qaytara bilməyəcəyim itkilərimdən Alabaşımı xilas etməyə macal tapmadığım o gündən bəri vicdan ağrısına çevrilərək içimi sızladırdı. O müdhiş gündən bəri yaşım artdıqca həmin ağrı da sanki mənimlə birlikdə böyüyərək daha da ağırlaşmışdı.
21 ildir məni daxildən didib-parçalayan bu vicdan ağrısından xilas olmağa çalışsam da heç cürə sakitlik tapa bilmirdim. Birdən-birə qapımızın önündə bu balaca küçüyü gördükdə isə uzun illər mənə rahatlıq verməyən zəncirdə qalmış əsir dostumun vicdan ağrısı yavaş-yavaş əriməyə, öz yerini inanılmaz bir arxayınçılığa verməyə başladı. 20 il sonra əsirlikdəki uşaqlıq dostumun qayıtması vaxtilə qəlbimdə közərən ümid çırağını qəfildən alışdırdı. Səbirsizliklə gözlədiyim həmin günün – tezliklə yenidən vətən torpaqlarına qayıdacağımız günün uzaqda olmayacağına inamımı daha da artırdı.
1905.az



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 fevral 2015 11:57
    Uğurlar diləyirəm.....Xeyirlisi, inşallah!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.