Kürdan sülh müqaviləsi

Kürdan sülh müqaviləsi

 

Kürdan sülh müqaviləsi Nadir şahla Osmanlı imperiyası arasında Tehrandan şimal-qərbdə yerləşən Soucbulaq ərazisində bağlanmışdır.
Osmanlı dövləti ilə Səfəvi dövləti arasında bağlanan 1639-cu il Qəsri-Şirin müqaviləsindən (№1) 1720-ci illərin əvvəllərinədək olan dövr nisbətən sakit keçdi. 1720-ci illərdə Səfəvi dövlətinin böhranı, Rusiyanın Xəzərsahili torpaqlarda işğalçı siyasəti (№№7, 8) Osmanlı dövlətini də fəallaşdırdı. 1723-1727-ci illərdə Osmanlı dövlətinin hərbi əməliyyatları 1727-ci ilin oktyabrında Həmədan müqaviləsi ilə nəticələndi. 1730-1732-ci ilin əvvəllərindəki döyüşlər 1732-ci il yanvarın 10-da Kirmanşah müqaviləsi (№13.1) ilə başa çatmışdı. Lakin II Təhmasib tərəfindən bağlanan bu müqaviləni qəbul etməyən Nadir 1732-ci ilin sonunda hərbi əməliyyatları yenidən bərpa etmiş, 1733-cü ilin dekabrında Bağdadda müqavilə (№13.2) imzalanmışdı. Bu müqaviləyə görə son on ildə (1723-1733) Osmanlı dövlətinin tutduğu torpaqlar geri qaytarılmalı, sərhədlər 1639-cu il müqaviləsinə əsasən müəyyən edilməli idi. Osmanlı dövləti bu müqaviləni təsdiq etməkdən imtina etdiyinə görə, 1734-cü ilin ortalarından müharibə davam etdirildi. 1736-cı ildə Səfəvi III Abbası (1732-1736) devirərək hakimiyyətə gələn Nadir şah 1736-cı il oktyabrın 17-də Osmanlı dövləti ilə İstanbul müqaviləsi bağladı. İki dövlət arasında sülh bu dəfə də uzun çəkmədi. 1743-cü ilin ortalarında Nadir osmanlılarla müharibəyə başladı. Bu müharibənin sonunda 1746-cı il sentyabrın 4-də tərəflər arasında Kürdanda (Tehrandan şimal-qərbdə Soucbulaq bölgəsində) müqavilə imzalandı. Müqavilənin preambulasında 1639-cu il müqaviləsinin şərtləri, о cümlədən sərhədlər təsdiq olunurdu. Hər iki tərəf digər tərəfdə narazılıq oyada bilən və sülh bağlanmasına zidd gələn hər şeydən imtina etməyi üzərinə götürürdü. I maddə ilə Osmanlı hakimiyyət orqanları bütün İran zəvvarlarına kömək göstərməyi və onların Bağdad və Suriya vasitəsilə Мəkkə yolunda təhlükəsizliyini təmin etməyi üzərinə götürürdü. II maddədə hər üç ildən bir qarşılıqlı səfirlər mübadiləsi nəzərdə tutulurdu. III maddəyə görə hər iki tərəfin bütün əsirləri azad edilməli və onlara vətənə qayıtmağa icazə verilməli idi; əsirlərin alınması və satılması qeyri-qanuni elan edilirdi. Əsas maddələrə Əlavələrdə hər iki tərəfin sərhədboyu əyalətlərinin qubernatorlarının dostluq münasibətlərinə zidd olan hərəkətlərdən imtina etməsi elan olunurdu. Bundan başqa deyilirdi ki, İran xalqı Səfəvilər dövründə qəbul edilmiş "layiqsiz” təlimdən (şiəlik nəzərdə tutulurdu) əl çəkir, həqiqi müsəlmanlığın – sünniliyin prinsiplərini qəbul edir və ona görə bundan sonra mömin xəlifələrə (yəni, Əbubəkr, Ömər və Osmana) hörmətlə yanaşmalıdır. Müqaviləyə görə iranlılar gələcəkdə Мəkkə, Mədinə və islam ölkələrinə Türkiyədən və digər müsəlman ölkələrindən olan zəvvarlarla eyni əsasda gedə bilərdilər. Onlar həmçinin Mesopotamiyadakı müqəddəs şəhərlərə (Kərbəla və Nəcəf) də gedə bilərdilər. Əgər bu zəvvarlar özlərilə ticarət üçün mallar aparmırlarsa, qubernator və Bağdad hakim dairələri onlardan hər hansı vergi və yığmalar almamalı idi. İran ərazisindəki Türkiyə zəvvarlarına da eyni imtiyazlar verilirdi. Müqaviləni Osmanlı sultanı Mahmudun (1730-1754) adından Bağdad və Bəsrə hakimi Əhməd paşa, İrandakı keçmiş səfir Nazif əfəndi və Nadir şah adından onun vəziri Həsən Əli xan imzalamışdılar.
 
Mənbə: 
1. İsmail Hakkı Uzunçaşırlı. Osmanlı tarihi. III с. Анкара, 1988
2. Motamen el-Molk. Recnefi des traits de L’Empire Persan avec les pays etrangers. Teheran, 1908, с. 174-195
3. Новая история Ирана. Хрестоматия. М., 1988, s.44-45.
4. Иванов М.С. Очерк истории Ирана. М., 1952 5. Сотавов Н.А. Северный Кавказ в русско-иранских и русско-турецких отношениях в XVIII в. М., 1991.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.