Qara Yusif

 

Qara Yusif

Qara Yusif

Tayfa ittifaqının başçısı. XV əsrin əvvəllərində Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ başlandı. Oğuz türklərinin  Azərbaycan dövləti-Qaraqoyunlu dövləti tarix səhnəsinə çıxdı. Bu dövlətin qurucusu isə Azərbaycanın dövəltçilik tarixində parlaq iz qoymuş Kəmaləddin Qara Yusif Baharlı idi.

         Kəmaləddin Qara Yusif Baharlı Qaraqoyunlu tayfa ittifaqının banisi Bayram Xocanın nəvəsi və Qara Məhəmmədin oğludur.  Onun mənsub olduğu Qaraqoyunlu tayfa ittifaqı hələ VII əsrin əvvəllərindən digər oğuz tayfa ittifaqı olan Ağqoyunlularla birlikdə Böyük Qafqazın dağ  aşırımlıarından və Dərbənd keçidindən keçərək Azərbaycanın qərb bölgələrində-Göyçəgölü ətrafı ərazilərdə və Naxçıvanda, habelə Kiçik Asiyada  Van gölünün ətrafında məskunlaşmışdılar. Getdikcə güclənən qaraqoyunlular artıq XIV əsrin 70-ci illərindən etibarən Ərzincan, Sivas və Şərqi Anadolunun ətraf ərazilərini özləri üçün siyasi mərkəzə çevirmişdilər. XIV əsrin sonları-XV əsrin əvvəllərində Qaraqoyunlu tayfa ittifaqı hakimiyyət  uğrunda Ağqoyunlular, Cəlairilər və Teymurilərlə inadlı mübarizəyə başlamışdılar. Bu mübarizənin ən çətin və şərəfli anlarını isə məhz Qara Yusif yaşamışdır.

1389-cu ildə Qara Məhəmməd döyüşlərin birində xəyanət nəticəsində öldürüldükdən sonra tayfa ittifaqına rəhbərlik Qara Yusifə (1389-1420) keçir. Bu vaxt ölkəmizin siyasi vəziyyəti çox mürəkkəb idi. Azərbaycanın cənub torpaqları Cəlairilər dövlətinin tərkibinə daxil olsa da, ölkədə davam edən feodal hərc-mərcliyi, Əmir Teymurun və Toxtamış xanın yürüşləri Cəlairilərə bu torpaqlar üzərində tam hökmranlıq etməyə imkan vermirdi.  Öz siyasi niyyətlərini gizlətməyən Qara­qoyunluların Kiçik Asiya hakimlərini tabe etməyə və Azərbaycanda hakimiyyətə yiyələnməyə cəhd göstərməsi onları Əmir Teymur və Ağqoyunlu Qara Osman Yuluqla toqquşdurdu. Qara Yusif ağıllı adam idi. O, başa düşürdü ki, əlində kifayət qədər canlı qüvvə, döyüş fili, dövrünə görə mükəmməl hərbi texnika-daşatan, divardeşən və od yağıdran mancanaqlar olan Əmir Teymurla təkbaşına döyüşməklə qələbə qazanmaq mümkün deyil. Bu mübarizədə o,  Osmanlı sultanı İldırım  Bəyazid və keçmiş rəqibi Cəlairi sultan Əhmədlə müttəfiq oldu.  Qara Yusifin müsbət keyfiyyətləri onu İldırım Bəyazidlə yaxınlaşdırmışdı. Mənbələrin verdiyi məlumatlardan aydın olur ki, İldırım Bəyazidin Əmir Teymurla toqquşmasının səbəblərindən biri də Qara Yusifin təslim edilməsi tələbinin rədd edilməsi olmuşdu.

Əmir Teymurun elçilərini yola saldıqdan sonra İldırım Bəyazid Qara Yusifə bildirir ki, Teymur onu təslim etməyi tələb edir. Qara Yusif bildirir  ki, onun burada olması dostunun dövləti üçün təhlükə törədir. Bəlkə bu əraziləri tərk edib getsin. İldırım Bəyazid isə cavabında belə deyir: “Sən də, mən də, Əmir Teymur da türkük. Təəssüf ki, biz bir-birimizin üzərinə qılınc çəkirik. Mən Qara Yusif kimi əzmli və sözü bütöv bir türk oğlunun məhv edilməsinə yol verə bilmərəm. Nə qədər xətrin istəyir mənim torpaqlarımda öz tayfanla yaşaya bilərsən”.

İldırım Bəyazid  məğlub edildikdən sonra Misirə üz tutan müttəfiqlər Əmir Teymurun tələbi ilə Sultan Fərəc tərəfindən həbs olunsalar da, onlara toxunulmamışdı. Əslində bu tədbir Qara Yusifin və Sultan Əhmədin həyatını qorumaq zərurətindən irəli gəlmiş, onlar bir növ “fəxri qonaq” kimi saxlanmışlar. Əmir Teymur 1405-ci ildə vəfat edərkən dərhal onlar həbsdən azad olunmuşdular.

Layiqli rəqib. Dövrün tarixçi-salnaməçiləri Qara Yusif-Əmir Teymur qarşı­durması haqqında qiymətli məlumatlar vermişlər. Əmir Teymur nə qədər tədbirli və uzaq­görən olsa  da, Qara Yusifi tamamilə məğlub edərək aradan götür­məyə müvəffəq olmamışdı. Öz igid türkmən süvariləri ilə Kiçik Asiyanın, Ərəb İraqının bu başından vurub o başından çıxan Qara Yusif daim Teymur üçün təhlükə mənbəyi olaraq qalmışdı. Hətta bir dəfə Qara Yusif Teymurun bütün ilxısını ələ keçirərək onun ordusunu miniksiz qoymuşdu. Bu hadisə belə olmuşdu. Əmir Teymurun başı Malatya şəhərinin mühasirəsinə qarışdığı zaman Qara Yusif ilxının nəzarətsiz qalmasından istifadə edərək onu uzaq dağlara sürmüşdü. Bundan xəbər tutan fateh  onun bu cəsarətindən həm heyrətlənmiş, həm də bərk qəzəblənmişdi. O, böyük oğlu Şahruxu güclü dəstə ilə Qara Yusifin ardınca göndərmişdi. Dağlarda vuruşmaq təcrübəsi ol­ma­yan Teymurilər çoxlu itki verirlər. Onları yalnız Teymuri sərkərdələrinin qılınc vurmaq təcrübəsi xilas edir. Teymurilər ilxının bir hissəsini  çox çətinliklə geri qaytar­salar da, Teymurun sevimili atı olan Qızıl Çaxmağı ələ keçirə bilmirlər.  Qara Yusif onu minərək aradan çıxmağa müvəffəq olur.

Hələ Dəməşqdə əsirlikdə olarkən Qara Yusif başa düşürdü ki, Cəlairilər Azərbaycanda öz hakimiyyətlərini saxlamaq iqtidarında deyildirlər. Ona görə də Sultan Əhmədlə bir anlaşma bağlayır; onlar əbədi dostluğa and içərək azadlığa çıxdıqdan sonra Sultan Əhmədin Bağdada, Qara Yusifin isə Təbrizə yiyələnməsi haqqında razılığa gəlirlər. Özlüyündə isə sultan Əhməd bu vədinə əməl etmək fikrində deyildi. Qara Yusif dəfələrlə onu təhlükələrdən xilas etsə də, o, özünü bir hökmdar kimi tutur, müttəfiqinə adi bir tayfa ittifaqının başçısı kimi baxırdı. Lakin hələlik bunu büruzə vermək vaxtı deyildi.

Azərbaycan taxtı uğrunda. Teymurun vəfatından sonra Qara Yusif əsil məq­sə­dini həyata  keçirməyə başlayır. Arxasını möhkəmləndirmək məqsədi ilə ilk növbədə Van ərazisində Hilat, Muş və Xnus hakimi Məlik Şəmsəddinlə ittifaq yaradır. İlk zərbəni isə Teymurilərin müttəfiqi Ağqoyunlu Qara Osmana vurur.  1406-cı ilin yazında baş vermiş bu qarşıdurma zamanı Qara Yusif Ağqoyunlularla döyüşə girməyə tələsməmişdi. O, Qara Osmana belə bir məzmunda məktub göndərmişdi: “Bizim hər ikimiz türkmənik. Bundan sonra bir-birimizə qarşı vuruşmamalı, artıq bir-birimizi əzməməliyik. Bizlərdən hər birimiz düşmənlərimiz olan Rum (Bizans-Ə.Q.) və Cağataylarla (teymurilərlə-Ə.Q.) vuruşmalıyıq. Sən Şam və Ruma qarşı, mən də Cağataya qarşı vuruşmalıyıq”.  Bu sözlər  eyni soy-kökə mənsub qüvvələrin döyüşmək əvəzinə birləşməsini ürəkdən arzu edən bir türk oğlunun daha bir keyfiyyətini üzə çıxarır. Lakin Qara Yusifin bu səyinə baxmayaraq tərəflər arasında döyüş baş vermişdi.

Qara Yusif bağladığı anlaşmaya sadiq qalaraq Bağdadın azad edilməsində Sul­tan Əhmədə yaxından kömək göstərir. Sonra onlar Təbrizə yürüş edirlər. Yolda Qara Yusif Sultan Əhmədin davranışından onun bağladığı müqaviləyə sadiq olmayacağını hiss edir. Qara Yusif xəyalında deyirdi: “Azərbaycan torpaqlarını bir daha bu Cəlairi tö­rə­məsinin ixtiyarına buraxmaq olmaz. Onun oğlu Tahir Əlincə qalasını 14 il müddətində Teymurdan mərdliklə qorumuş əmir Altun kimi igid bir sərkərdəyə xəyanət etdi, Azərbaycanın basılmazlıq rəmzi olan Əlincənin  süqutuna bais oldu. Məhz bunların yarıtmaz siyasətinin və idarəçiliyinin nəticəsidir ki, Azərbaycan torpaqları yağı tapdağı altında qaldı. Daha bəsdir, bu torpağı onun əsil sahibləri özləri idarə etməlidirlər”.

Qara Yusifin şübhələri özünü doğrultdu. Sultan Əhməd  dəfələrlə olduğu kimi, bu dəfə də öz müttəfiqinə xəyanət etdi; Təbriz də daxil olmaqla Azərbaycanın cənub torpaqlarının idarəsini Qara Yusifə verməkdən boyun qaçırdı. Təbriz əhalisinin  rəğbət bəslədiyi Qara Yusif əlverişli məqmadan faydalanaraq, Sultan Əhmədin şəhərdən qovulmasına nail  oldu. O, yenidən  Bağdada qaçdı.

1406-cı ilin payızında Təbriz yaxınlığında Şənbi-Qazan deyilən yerdə Qaraqoyunlu və Teymuri qüvvələri üz-üzə gəldilər. Əmir Teymurun nəvəsi Əbubəkr bu döyüşdə öz rəqiblərini həmişəlik aradan götürəcəyinə ümid edirdi. Döyüşün birinci günü hər iki tərəfin bir-birini yoxlaması və bir-birinə ox yağdırması ilə başa çatdı. Döyüşün ikinci günü Əbubəkrin qaraqoyunlu qüvvələri üzərinə hücum cəhdi heç bir nəticə vermədi. Bu zaman Qara Yusif orta əsrlərin türk cəngavərlik qanunlarına uyğun olaraq nahaq qan tökməmək üçün  Əbubəkri təkbətək döyüşə çağırdı. Lakin o, bundan imtina etdi. Mükəmməl bir hərb adam olan Qara Yusif az sonra döyüşü uddu. Əbubəkr üzərində qələbə Qara Yusifin şöhrətini artırmaqla yanaşı, onun sonrakı qələbələri üçün zəmin yaratdı.

1408-ci ilin aprelində Səridrud adlı yerdə Qara Yusifin qüvvələri ilə  Əbubəkrin qüvvələri arasında yeni döyüş oldu. Bu döyüş də Qaraqoyunluların qələbəsi ilə başa çatdı. Əbubəkrin atası Miranşah öldürüldü. Teymurilər Azərbaycan tərk etdilər. Bununla da Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu. Azərbaycanın cənub torpaqları Qaraqoyunluların hakimiyyəti altına keçdi.

Qara Yusifin həm siyasət, həm də hərb meydanlarındakı uğuru Sultan Əhmədi qorxuya saldı. O, Qara Yusiflə bağladığı anlaşmanın şərtini  bir daha pozdu və onun üzərinə hücuma hazırlaşdı. Sultan Əhməd Qara Yusifin əsas qüvvələrinin Ağqoyunlu tayfa ittifaqı ilə mübarizəyə cəlb olunmasından istifadə edərək Təbrizi ələ keçirdi. Bundan xəbər tutan Qara Yusif ləngimədən Təbrizə yürüş etdi.

Oğuz dövləti-Qaraqoyunlu. 1410-cu il avqustun 30-da Təbriz yaxınlığındakı Əsəd kəndindəki döyüşdə Sultan Əhməd məğlub edilərək əsir götürüldü.  Əhdinə sadiq, sözündən dönməyən bir şəxs olan Qara Yusif  Sultan Əhmədi dəfələrlə etdiyi xəyanətlərə baxmayaraq bağışlamışdı. Uzaqgörən və ağıllı siyasətçi olan Qara Yusif onun bu xüsusiyyətini nəzərə alaraq oğlu Pirbudağı Sultan Əhmədə oğulluğa vermişdi. Bu tədbir o dövrün siyasit xəttinə uyğun gələn uğurlu bir siyasət idi. Çünki Orta əsrlərdə Şərqdə olan adətə görə yalnız hökmdar nəslinə mənsub olan şəxs qanuni hökmdar sayılırdı. Niyyəti Azərbaycanda siyasi hakimiyyəti ələ keçirib müstəqil dövlət qurmaq olan Qara Yusif gələcək planlarının reallaşdırılması üçün məhz belə bir addım atmışdı. Hadisələrin sonrakı gedişi də onun bu siyasətinin düzgün olduğunu təsdiq etdi.

Qara Yusif bu dəfə də mərhəmət və alicənablıq göstərərək sultan Əhmədi  bağışlamaq istəyirdi. O, Məşvərət məclisinin iclasında bu məsələni müzakirə edərək bildirdi ki, nəinki Azərbaycan taxtından, hətta qanuni hökmdarı olduğu İraq taxtından məhrum edilmiş sultan Əhməd daha təhlükəli deyildir. Onun dinc şəraitdə ömrünü başa vurmasına da çox az vaxt qalmışdır. Məsləhətdir ki, onu bağışlayq. Lakin ona kömək etmiş Cəlairi əmirləri bundan narazı qaldılar. Hakimiyyətini hələ möhkəmləndirməmiş Qara Yusif onların bu  təkidi  qarşısında geri çəkilməli oldu və  Əhmədi edam etməyə razılıq verdi.  Beləliklə, 1410-cu ildə mərkəzi Təbriz şəhəri  olan Qaraqoyunlu dövləti yarandı.

Qara Yusif vicdanlı, alicənab olmaqla yanaşı, həm də təssübkeş bir türk oğlu idi. Onun bu xüsusiyyəti digər Azərbaycan hökmdarı I İbrahimlə olan münasibətlərdə üzə çıxmışdı. Belə ki, Qara Yusifin yeni dövlət yaratması faktından narahat olan I İbrahim gürcü çarı II Kostantinin təhriki ilə ona qarşı bir ittifaq yaratdı. Onlar birləşərək Qara Yusifin üzərinə hücum etdilər. 1412-ci il dekabrın 19-da Kür çayı sahilində baş vermiş döyüşdə Qara Yusif qalib gələrək Şirvanşahı oğlanları, IIKonstanin, Şəki hakimi Seydi Əhmədlə birlikdə əsir alır və özü ilə Təbrizə aparır. Əsirlikdə olarkən I İbrahimə və onun ətrafına qarşı heç bir hörmətsizlik göstərilməmiş, yalnız Konstantin 300 nəfər gürcü aznauru (feodalı) ilə birlikdə edam olunmuşdu. Tələb olunan miqdarda bac ver­dik­dən sonra Qara Yusifin əmri ilə I İbrahimə hökmdar kimi ehtiram olunmuş, onu öz taxtı ilə yanaşı qoyulmuş taxtda əyləşdirmişdi. I İbrahim Qara Yusifdən asılılığı qəbul edən müqavilə imzaladıqdan sonra Şirvana yola salınmışdı.

Azərbaycan Qaraqoyunlu dövlətinin qurucusu ləyaqətli dövlət adamı olan Qara Yusif tarixdə çox mürəkkəb və ziddiyyətli bir həyat yolu keçmiş, zəfərlərdən ruhlanmış, məğlubiyyətlərdən dərs almışdı. Qara Yusif həm də dövrünün görkəmli hərbçisi idi. Onun bu keyfiyyətini hətta o zamanın döyüşkən hərbçiləri olan teymurilər də etiraf edirdilər. Qara Yusif  düşmən üzərinə hücum etməzdən əvvəl, Çingiz xan və Əmir Teymur kimi onun hərbi qüvvələrinin üstün və zəif cəhətlərini diqqətlə öyrənər, bundan sonra əməliyyat planı qurardı. Döyüş zamanı xəndəklər qazıdraraq ordunu qəfil ox yağışlarından qoruyardı. Ordunun həm silah-sursat, geyim, həm də ərzaqla yaxşı təmin olunmasını daim diqqətdə saxlayardı. Həmişə əsgərlərlə hərbi təlim keçər, onların hərb üsullarına mükəmməl yiyələnmələrinə çalışardı.  Qara Yusif Əmir  o dövrün Əmir Teymura qarşı vuruşan yeganə hökmdarı idi ki, fateh onu  onu məğlub edə bilməmişdi. Eyni zamanda yeni bir dövlətin əsasını qoyması, öz torpaqlarını Teymurilərdən  azad etməsi Qara Yusifin həqiqətən böyük bir tarixi şəxsiyyət olduğunu sübut edir.

Qara Yusif dövlət idarəçiliyi sahəsində də qabiliyyətli bir hökmdar idi. Bütün Azərbaycan dövlətlərinə xas olan Məşvərət məclisi onun sarayında da fəaliyyət göstərirdi. Bu şuranın rəyi olmadan Qara Yusif heç bir addım atmazdı. Bəzi hökmdarlardan fərqli olaraq qan tökməyə, zülm etməyə meyilli deyildi.  Qətiyyəti, inadkarlığı və təmkinliliyi ilə  dövrünün digər hökmdarlarından fərqlənirdi. Qara Yusifin əxlaq və din barəsində də bilikli bir şəxsiyyət olduğunu dövrün qaynaqları təsdiq edir.  Azərbaycan tarixçi-salnaməçisi Həsən bəy Rumlu onun haqqında belə yazır: “Qara Yusif müharibə meydanında qaniçən bir aslan, əyləncə məclisində isə gövhər saçan bir bulud idi. Ədalət və mərhəməti ilə tanınmış, əxlaq yolunda hər kəsdən üstün idi. Zalımları cəzalandırmış, məzlumların rifahına çalışmış, iqtisadiyyatın inkişafına fikir vermiş, ölkənin  qüvvətlənməsinə səy göstərmişdi”.

Qara Yusifin dostluğu. Azərbaycan hökmdarının şəxsi keyfiyyətlərindən birini də dostluğa çox sədaqətli olması təşkil edirdi. İran İraqına hakim təyin etdiyi yaxın dostu və silahdaşı əmir Bistm Cakirin müstəqillik xəyalına düşməsi onu çox narahat edirdi. Bistm Cakiri hərbi qüvvə ilə məğlbu etmək onun üçün elə də çətin deyildi. Lakin o, öz dostunu zorla yox, xoşluqla öz yoluna qaytarmaq istəyirdi. Ətrafındakılar onu bu yumşaqlığına görə qınadıqda Qara Yusif onlara belə cəvaba verir:

-Siz düz deyirsiniz.  Bistam Cakirin  mənə göstərdiyi xidməti onsuz da yüksək qiymətləndirmişəm, onu əmir ül-ümarə ( baş komandan-Ə.Q.) eləmişəm. İran İraqına hakim təyin etmişəm. İndii o, mənə qarşı çıxır, xəyanət eləyir. Xainin bircə cəzası var. Ancaq mən Bistam Cakir kimi bir əmirlə üz-üzə gəlmək yox, həmişəki kimi yanaşı olmaq istərdim. Ona görə də onunla dil tapmağa bir də cəhd edəcəyəm.

Qara Yusif Bistam Cakirin iqamətgahının yerləşdiyi Sultaniyyə şəhərinə elçilər göndərir.  Lakin Bistam Cagir elçiləri şəhərə buraxmır. Səbri tükənmiş Qara Yusif güclü qoşunla Sultaniyyəyə yürüş edərək, şəhəri mühasirəyə alır. Lakin dostluğa olan  sədaqət onu qan tökməkdən çəkindirir. Bu dəfə də səbr və təmkin göstərir. Bunu onun Bistam Cakirə yazdığı məktubda da aydın görmək olar. Tarixin yaddaşında qalmış  məktubun məzmunu belədir: “Məni özünə qardaş adlandırmış əmir ül-ümarə Bistam Cakir bəy! Mən sənə qonaq gəlmişəm, sənsə darvazaları mənim üzümə bağlamısan. El adətimizdə qonağın üzünə qapı bağlamaq qəbahət sayılır. Bir də axı sənə qonaq gələn qardaşın adlandırdığın Qara Yusifdir, səni  ev sahibi etmiş adamdır. Allah şeytana lənət eləsin söylə, qardaşım, darvazaları aç. And olsun bir olan Allaha, mən yenə də sənə qardaş olub qalaram. ”

Bistam Cakir bu məktuba da etinasızlıq göstərir. Sonradan ələ keçirlərək  Qara Yusifin yanına gətirilərkən onun qarşısında diz çökmüş Bistam Cakirə belə deyir:

-Qalx, əmir ül-ümarə, qalx ayağa! Sənin kimi nər kişiyə diz üstdə olmaq yaraşmır. Mən əllərimi qardaş  adlandırdığım, ancaq xain, satqın çıxmış adamın qanına bulaya bilmərəm,  get,  cəzanı bir olan Allah versin.

Qara Yusif  qısa müddətdə olduqca qüdrətli bir Azərbaycan dövləti yaratmışdı.  Artıq imperatorluğa çevrilmiş bu dövləti qorumaq üçün bütün səy və bacarığını əsirgəməmişdi. Uzun illərin gərgin və həyəcanlı günləri, şiddətli çarpışmalar onun səhətini zəiflətmişdi. Hərbi səfərlərin birində ağır xəstələnmiş Azərbaycan hökmdarını xilas etmək mümkün olmadı. Qara Yusif 1420-ci il noyabrın 13-də Səidabad kəndi yaxınlığında (Cənubi Azərbaycan) vəfat etdi.

 

 

Qara Yusif

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 29 dekabr 2011 19:21
    Qara Yusifin ozel simalarini acib bize gosterdiyine gore sene minnetdaram.Mene ele gelir ki,saytin bir vezifesi de tarixin ve tarixi shexsiyyetlerin ictimaiyyete melum olmayan ozelliklerini onlara catdirmaqdir.Onda sayt daha celbedici ve maraqli olar.

  2. 1 aprel 2012 18:13

  3. 21 sentyabr 2012 16:28
    SFVLR DVLT OXUDUM OX MARAQLIDIR UZUN HSNN HAKMYTD MARAQLIDIR

    SEFEVLER DOVLLET OXUDUM COX MARALDR UZUN HESENN HAKMYETDE MARAQLDR TESEKKURLER TARR.INFO COX SAQOL

  4. 26 dekabr 2012 18:21
    sorry! amma beyenmedim feel

  5. 8 yanvar 2013 14:29
    ibrahimi tutan bu du

  6. 5 mart 2013 17:52
    YOX BEYENMEDIM

  7. 17 mart 2013 10:59
    COXLU BILIK ELDE ETDIM.TESEKKURLER

  8. 11 may 2013 07:57
    ÇOX BƏYƏNDİM. Hər bir azərbaycanlı bilməlidir həm şanlı, həm də ağrılı-acılı, mübarizələrlə dolu tarixini, tanımalıdır o tarixi yaradan şəxsiyyətləri. Ürəyində Vətən məhəbbəti, Vətən yanğısı olanlar tariximizi bilir və təbliğ edir, ona məhəbbət oyadır. Sayt bu böyük amala xidmət edir. Allah qüvvət versin onu yaradana.

  9. 10 yanvar 2014 14:47
    cox beyendim cox sey oyrendim smile

    cox beyendim cox sey elde etdim

  10. 26 may 2014 07:09
    cox sagolun.cox komek oldu

    --------------------

  11. 23 avqust 2014 20:26
    Cox beyendim.Tesekkurler winked winked winked

  12. 6 noyabr 2014 15:29
    vaxdim olanda girib burdan kanspekt weklinde yazib gotrecem.Lazimlidi.xususen de III qrup abuturiyentlerine.

    --------------------

  13. 3 yanvar 2015 14:58
    bu dərsi yenicə qurtarmışıq

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.