Atropat

 Atropat


Qavqamel döyüşü-Əhəmənilərin süqutu

 

 

    Uğultu və silah cingiltisi çölü başına götürmüşdü. Bu adi, döyüşqabağı səs-küy idi. İki ordu Makedoniya və İran orduları üzbəüz dayanıb hücum əmri gözləyirdi. Eyni cür geyimə və silaha malik döyüşçülərdən ibarət nizamlı Makedoniya falanqası əzəmətli görünürdü. Iran ordusu daha rəngarəng idi. Bu orduda İran dövlətinin tabeliyində olan müxtəlif xalqların döyüşçüləri toplanmışdı. Hər xalqın öz geyimi, öz silahı vardı. Iran ordusunun sağ cinahına Midiya satrapı Atropat başçılıq edirdi. O, həm də İran ordusunun kəşfiyyat dəstələrinin başçısı idi.

     Öz döyüşçülərini nəzərdən keçirən Atropat onların döyüş əzmindən razı qalıb qeyri-ixtiyari İran şahı III Daranın durduğu səmtə baxdı. Iki il əvvəl İss çayı sahilindəki döyüşün qızğın çağında Dara döyüş meydanından qaçmışdı və İran ordusu özündən bir neçə dəfə az olan makedoniyalılara məğlub olmuşdu. Atropat bir qədər əvvəl Dara ilə olan söhbəti xatırladı. Sərkərdələri yanında toplayan Dara onlara əzmlə vuruşmağı, axıra kimi dəyanətli olmağı tapşırmışdı. Daranın bu sözləri bəzi sərkərdələrin dodaqaltı qımışmasına səbəb olmuşdu. Bu istehzalı təbəssümü anlamaq çətin deyildi. İssdəki döyüşdə ailəsini qoyub qaçmış adamın əzmkarlıqdan, dəyanətdən danışması inandırıcı səslənmirdi.

    Atropat öz dəstələrinin önündən keçərək bir daha onları nəzərdəm keçirib lazımi tapşırıqları verdi. Onun dəstələrində midiyalılarla bərabər, Araz çayından şimalda yaşayan tayfaların da (kadusi, sakasen, alban) döyüşçüləri var idi. Bu tayfalar İran dövlətinə tabe deyildilər və döyüşdə ancaq Atropat mütəffiqləri kimi iştirak edirdilər.

  ... Döyüş bir neçə saat idi ki, davam edirdi. Hər iki tərəf var qüvvəsi ilə vuruşurdu. Silah cingiltisindən, yaralıları bağırtısından qulaq tutulurdu.

    Birdən Atropat bu qarışıqlıqda ondan bir qədər aralıda vuruşan İsgəndsəri gördü. O, iyirmi beş yaşlı Makedoniya hökmdarını qırmızı plaşından  və dəbilqəsindəki ağ ləkədən tanımışdı. Atropat atının başını həmin tərəfə yönəldib irəli atıldı. Lakin onun qarşısını İsgəndərin iki mühafizəçisi kəsdi. Qızğın döyüş başladı. Mühafizəçiləri çətinlikə yarıb keçən Atropat bu dəfə İsgəndəri bir dəstə süvari ilə başqa istiqamətə çapdığını gördü. Atropat ancaq indi yaralı olduğunu hiss etdi. O, bayaq makedoniyalı süvarilərlə çarpışmada yaralanmışdı.

   Az sonra gələn xəbər İran ordusu içərisində ildırım sürəti ilə yayıldı: ««Dara döyüşdən qaçdı!». Qərargahdan gələn çapar da Atropatı taparaq bu xəbəri təsdiq etdi. Ordu içərisində ruh düşkünlüyü və çaxnaşma düşdü.  Arxa cərgədəkilər artıq dağılmışdılar. Ön xətdə döyüşənlər də bu xəbərdən sonra ruhdan düşüb geri çəkilir, bəziləri düşmənə təslim olurdu. Bütün bunlar Atropatın gözü qarşısında baş verirdi. «Hər şey bitdi!» - beynindən keçən bu fikri Atropatı sarsıtdı. Birdən o, başının gicəlləndiyini hiss etdi. Səndirləyən Atropatın yanında mühafizəçiləri olmasaydı, atdan  yıxılacaqdı. Huşunu itirən sərkərdə bu döyüşdə sonuncu əmrini verməyə macal tapdı: «Bizimkilərə çatdırın, döyüşü tərk etsinlər».

   İranda Əhəmənilərin hökmranlığına son qoymuş bu döyüş Miladdan öncə 331-ci il oktyabr ayının 1-də Qavqamel yaxınlığında baş vermişdi.

 

 

 

 

                                              

Atropat


Nə olacaqsa, qoy mənə olsun!

 

 

   Atropat özünə gələndə onu iki atın arasında xərəkdə aparırdılar. Atropat yerində dikələrək ətrafına baxıb öz döyüşçülərinin əhatəsində olduğunu gördü. Dərindən köks ötürərək yenidən xərəyə uzanıb ağır fikrə daldı.

    Kirin Midiya hökmdarı Astiaqı devirib İranda fars dövləti yaratdığı vaxtdan 2 əsrdən çox keçmişdi. Midiya və Manna Əhəməni sülaləsinin hakimiyyəti altında idi. Doğrudur ki, sülalə özünü Midiya dövlətinin varisi hesab etdiyindən yerli əhaliyə qarşı münasibət pis olmamışdı. Hətta yerli əsilzadələrdən bəziləri mühüm dövlət vəzifələrinə də təyin edilirdilər. Atropat da onlardan biri idi. Farslar bu ölkənin bir çox adət ənənələrini, mədəniyyətini qəbul etmişdilər. Yerli əhali isə bu illər ərzində yaşadıqları dövlətin qayda- qanunlarına alışmışdılar. Həm farslar, həm midiyalılar oda sitayiş edir, ulu Hörmüzə inanırdılar.

     « İndi yadelli işğalçı gəlmişdi – Makedoniyalı İsgəndər. Özü də, adət-ənənəsi də bizə yad olan bir xalq. Indi bunlardan nə gözləyək? ..Ailəmi şimala göndərəcəm, sadiq tərəfdarlarımlın yanına . Bəs xalq? Onu bu bəladan nə cür qurtarım? Isgəndərə açıq döyüşdə qalib gəlmək çətin işdir. Uğur həmişə onun tərəfindədir. Qüvvəmiz də onunkindən azdır. Düzdür , xalqı səfərbər edib mübarizəyə qaldırmaq olar. Kişilərimiz döyüş ruhunu saxlayıb. Axırıncı döyüş də bunu sübut etdi. Ailələri, ev-eşikləri üçün daha əzmlə vuruşacaqlar. Bəs  birdən məğlub olsaq... İsgəndər bunun acığını bütün xalqdan alacaq. Deyirlər, yunan şəhərlərindən biri ona tabe olmadığı üçün şəhərin əhalisini qul kimi satdırıb. Yox, tələsmək olmaz. Hər şey İsgəndərin hərəkətlərindən asılı olacaq. Döyüşə isə həmişə hazır olmaq lazımdır».

    Atropat yolda ikən fikrini dəyişib satraplığın mərkəzi Ekbatana deyil, Qazaka şəhərinə getməyi qərara aldı. Qazaka zərdüştlüyün mərkəzi idi, baş məbəd – atəşgah da burada yerləşirdi. O, müqəddəs ocağa getməklə xalqın ona olan inamının daha da, artacağına, ətrafənda daha sıx birləşəcəyinə inanırdı. Bu yerin əhalisi də Atropata doğma idi. Qədim Manna dövlətinin ərazisi olmuş bu yerin əhalisini mannalılara qaynayıb-qarışmış midiyalılar təşkil edirdi. Ekbatan isə Midiya satrablığının mərkəzi olmaqla bərabər, həm də İran dövlətin paytaxtlarından biri idi. Burada yaşayan əhali içərisində başqa xalqlar çoxluq təşkil edirdi. Bu qarışıq zamanda onlara etibar etmək olmazdı. Digər tərəfdən də məğlub olmuş Dara bu şəhərə gələ bilərdi. Atropat isə dövləti fəlakət qarşısında qoymuş bu aciz hökmdarla görüşmək istəmirdi.

    Atropat şimallı müttəfiqlərinə minnətdarlığını bildirib onları vətənlərinə yola saldı. Bu tayfaların başçıları lazım olduqları zaman gələcəklərinə söz verib ondan ayrıldılar.

    Qazaka şəhərinin əhalisi Midiya satrapının gəlməsi xəbərini eşidib küçələrə çıxmışdı. Atropatın zənni düz çıxmışdı. Bu çətin vaxtda onun müqəddəs şəhərə gəlməsi xalqın ona olan etimadını artırmışdı. Hər yerdən alqış səsləri eşidilirdi. Atını ağır- ağır sürən Atropat onu alqışlayanlarla bərabər sifətində sual ifadəsi olan adamlar da görürdü. O, atın baş məbədin qarşısına sürdü. Baş kahin atdan düşmüş Atropatın qarşısına gələrək onu salamlayıb məbədə dəvət etdi. Məbədin daxilində əbədi yanan od sanki Vətənin təhlükədə olduğunu hiss edib həmişəkindən daha güclü yanırdı. Alovun dilləri yüksələrək məbədin bacasından yuxarı qalxırdı. Atropat baş kahinin müşayiəti ilə pilləkanları qalxıb məbədə daxil oldu. Müqəddəs ocağın yanında diz çöküb dua etdi:«Günəş kimi əbədi olan ulu Hörmüz. Bu yolda xalqımıza dözüm və dəyanət ver!»

  ...Daradan yenə məktub gəlmişdi. Atropat Daranın əvvəlki məktublarından nə istədiyini bildiyindən məktubu könülsüz açıb oxudu. Məktubda Dara Atropatı müttəfiqləri ilə birlikdə ona qoşulub İsgəndərə qarşı vuruşmağa çağırırdı. Atropat öz-özünə:«İki dəfə ordusunu qoyub qaçmış sərkərdənin başçılığı altında kim vuruşmaq istəyər?!» - deyərək məktubu axıra qədər oxumayıb atdı. O, Daranın şərəfsizliklə həyatını bitirəcəyinə əmin idi. Atropatı indi İsgəndər maraqlandırırdı. Isgəndərin fəaliyyətini diqqətlə izləyən Atropatı onun ziddiyətli insan olduğunu anlamışdı.

    Az müddətdən sonra xəbər gəldi ki, Dara öz əyanları tərəfindən öldürülüb. Daranın daban-dabana izləyən İsgəndər Ekbatana gəlmişdi. Burada o, İranın satraplığına məktub göndərərək hüzuruna çağırmışdı. Atropat da belə bir məktub almışdı. Bu çağırışonu çətin seçim qarşısında qoymuşdu. Atropat İsgəndərlə görüşdə onu nə gözlədiyini bilmirdi. Getməmək İsgəndəri döyüşə çağırmağa bərabər idi. Bu isə xalq üçün fəlakətlə nəticələnə bilərdi. Əyanları da ona getməməyi məsləhət bilirdilər. Dərindən düşünüb hər şeyi götür-qoy edən Atropat «Nə olacaqsa, qoy mənə olsun!» deyərək getməyə qərar verdi. Ailəsi ilə vidalaşıb Ekbatana yola düşdü.

 

 

Mən oturduğum taxtın nədən düzəldiyini unutmuram


    İsgəndərin əmri ilə Ekbatana gəlmiş satraplar sarayın geniş salonunda dayanıb ölkənin yeni sahibini gözləyirdilər. Sərkərdələrin əhatəsində gülə-gülə salona daxil olan İsgəndər gözləyənlərin yanından keçərkən Atropatın qarşısında ayaq saxlayıb diqqətlə ona baxdı. Dodaqlarındakı təbəssüm birdən-birə yox oldu – Qavqameldə ona hücum edən sərkərdəni tanımışdı. Isgəndərin sərt baxışları altında Atropat sakit dayanıb gözlərini ondan qaçırmadı. Bircə baxışı ilə qarşısındakını titrəməyə məcbur edən İsgəndər bu adamın gözlərində heç bir təşviş və qorxu görmədi. Bir söz deməyib ondan aralandı və hökmdar taxtına əyləşdi. Salonun mərkəzinə çıxan saray xadimi İsgəndərin fərmanını oxudu. Fərmana görə bütün satraplar vəzifələrindən kənar edilir, bəziləri həbs edilirdi.,onların yerini isə İsgəndərin təyin etdiyi şəxslər tuturdu. Atropatın yerinə Oksodat adlı əyan təyin edilirdi. Bununla belə, Kiçik Midiyanın keçmiş satrapına istədiyi yerdə yaşamağa icazə verilirdi

    Atropat geri qayıdarkən yol boyu İsgəndərin hərəkətləri haqqında düşünürdü. Oksodatın təyinatı onda acı iztehza doğururdu:«Dara gülün dərmişdi, sən İsgəndər gülabını çəkəcəksən. Dayan, hələ Oksodat kimi adamlarla başın çox ağrıyacaq». Atropat Oksodatı yaxşı tanıyırdı. Daranın hakimiyyəti dövründə bu adam dövlətdə yüksək vəzifə tuturdu. Lakin qanunsuz hərəkətlərinə görə Dara tərəfindən həbs edilmişdi. İsgəndər  isə onun Daranın düşməni olduğunu zənn edib yenidən vəzifəyə qaytarmışdı.Vəzifədən kənar edildiyinə baxmayaraq, Atropat Qavqameldən sonra başladığı işləri davam etdirirdi. Abadlıq işləri adı altında bütün şəhərlərin qala divarları təmir edilib möhkəmləndirilir, yenidən inşa edilirdi. Dağ keçidlərində və yolların kəsişdiyi yerlərdə güclü dəstələr yerləşdirilirdi. Atropat qoşunun sayını da artırırdı. Böyük ordu saxlamaq üçün imkanı olmadığından o, könüllü gələnlərə hərbi təlim keçdikdən sonra evlərinə buraxıb yenilərini toplayırdı. Beləliklə, Atropat lazımi anda döyüşə yaxşı hazırlıqlı güclü ordu çıxara biləcəkdi. Atropat şimallı tayfalarla da daim əlaqə saxlayırdı. Bu görülən tədbirlər xalqda İran dövləti dağıldıqdan sonra yaranmış təşvişi və qorxu hisslərini aradn qaldırmışdı. Əhalinin Atropata olan inamı artmışdı.

    İki il sonra, yəni Miladdan öncə 328-ci ildə İsgəndər yenə də Atropatı öz yanına çağırtdırdı. Atropat bu dəfə nə üçün çağırıldığını təxmini anlayırdı. Iki il ərzində Oksodat fərasətsiz adam olduğunu bir daha göstərmişdi. Bu səbəbdən İsgəndər onu vəzifəsindən kənar edib qovmuşdu. Atropatın çağırılması da bununla bağlı idi. Isgəndər Atropatın gördüyü işlərdən xəbərdar olmamış deyildi. Işğal etdiyi ərazidə möhkəmlənmək istəyən İsgəndər xalq içərisində böyük nüfuzu və hörməti olan bu adamı özünə yaxınlaşdırmağın faydalı olacağını anlayırdı.

    Bu dəfə Atropatla səmimi görüşən İsgəndər onu əvvəlki vəzifəsinə qaytardığını bildirdi.  Atropata təyin olunması haqda fərmanı təqdim edib, ona işində düzgün və ədalətli olmağı tapşırdı. Atropat etimada görə təşəkkür edib:«Mən oturduğum taxtın nədən düzəldiyini heç vaxt unutmaram» - cavabını verdi. Bu sözün öz mənası var idi. Iş burasında idi ki, İran dövlətində satraplar həm də hakim qanunu görə edam edilir, dərisi soyularaq yeni təyin edilmiş hakimin taxtı üzərinə çəkilirdi.

    Vəzifəyə təyin edildiyi gündən Atropat dərhal fəaliyyətə başlayıb, az vaxt ərzində Midiyada qayda-qanunu bərpa etdi.

     Bir il sonra İsgəndər Hindistana yürüş etdi.O, ölkəni tərk etdikdən sonra Midiya ərazisi istisna olmaqla İranda hərc-mərclik başladı. Isgəndərin satrap təyin etdiyi makedoniyalılar varlanmaq məqsədi ilə əhalini talan edir, özbaşına vergilər artırırdılar. Hər yanda özbaşınalıq hökm sürürdü. Iş o yerə çatmışdı ki, Qarpal adli bir əyan xəzinədəki pulları götürüb qaçmışdı.

    Atropat idarə etdiyi ərazini nəzarətdə saxlamaq üçün gecə-gündüz çalışırdı. Böyük səylər hesabına qayda-qanun qorunub saxlanılmış, yolların təhlükəsizliyi təmin edilmişdi. Əraziyə qarət məqsədi ilə hücum edən yunanların hərbi dəstələrinin qarşısı alınmışdı. Atropat Arazdan şimalda olan müttəfiqlərini də unutmurdu. Bu dövrdə Albaniya ərazisinə şimaldan Kimmer tayfalarının hücumları başlanmışdı. Atropat müttəfiqlik borcunu yerinə yetirərək öz qoşunu ilə Kürv çayı ətrafına gəlmişdi. Burada o, qoşunu yerli tayfalar hesabına qüvvət-

ləndirib kimmerlərlə döyüşə başladı. Döyüşdə kimmerlər məğlub edilib,onlardan xeyli sayda əsir götürülmüşdü. Bu qələbə alban tayfaları arasında Atropatın nüfuzunu daha da artırdı

 

 

 

Atropat


Mən İsgəndərlə Dara uğrunda vuruşmurdum

 

   İranda vəziyyət gündən-günə ağırlaşırdı. Satrapların hərəkətlərinə qarşı ölkə daxilində çıxışlar başlamışdı. Xalqın narazılığından istifadə edib öz hakimiyyətini bərpa etmək istəyən əyanları əhalini üsyana təhrik edirdilər.Çox keçmədi ki, İranda üsyan başladı. Üsyana əslən midiyalı  olan Bariaks adlı şəxs başçılıq edirdi.

    Hadisələri diqqətlə izləyən və onun nə ilə qurtaracağını başa düşən Atropat üsyanı yatırmaq qərarına gəldi. O, Bariaksın arxasında hansı qüvvənin dayandığını və bunun nə ilə nəticələnəcəyini başa düşürdü. Atropatın göndərdiyi qoşunla birinci toqquşmada üsyançılar darmadağın edildi. Bariaks isə özü əsir götürüldü. Atropatın üsyanı yatırması əhali arasında birmənalı qarşılanmadı, çünki bəzi adamlar Bariaksa xilaskar kimi baxırdılar. Atropat bunu başa düşüb adlı-sanlı şəxslərin iştirakı ilə Bariaksa məhkəmə qurdu.

    Məhkəmə Qazakada baş məbəddə qurulmuşdu. Atropat müqəddəs yeri ona görə seçmişdi ki, burada heç kim yalan danışmasın, hamı öz fikrini açıq bildirsin. Qolu bağlı məhkəməyə gətirilən Bariaks hay-küy salıb hamını xəyanətdə günahlandırmağa başladı. Atropat onun sözünü kəsməyib axıra qədər dinlədi. Bariaks sözünü qurtardıqdan sonra Atropat ayağa durub bir əlini göyə o biri əlini müqəddəs alova doğru uzadaraq:«Qoy Ulu Hörmüz şahid olsun! Müqəddəs ocaq da! Siz, burada əyləşənlərdə söylədiklərimə  şahid olun!» - deyərək üzünü Bariaksa çevirib aramla nitqinə başladı:

   - Bəli, sən onu doğru dedin, mən İsgəndərə qarşı vuruşmuşam. Lakin sən anlamırsan ki, mən İsgəndərlə Daranın uğrunda deyil, yaşadığım dövlətə və xalqıma görə vuruşurdum. Indi o dövlət yoxdur. Xalqım və İsgəndər isə var. Mən İsgəndərin qüvvəsinə bələd olduğumdan sənin ağılsız hərəkətlərinin qarşısını aldım. Mən bunu xalqı qırğından qurtarmaq üçün etdim. Sən hətta qalib gəlsəydin belə, bundan xalqımıza heç bir xeyir gəlməyəcəkdi. Çünki sən İran dövlətini bərpa etməyini istəyirdin. Bu ad altında olan dövlətdə isə həmişə farslar hakin olacaqlar. Səni bu işə təhrik etmiş farslar səni aradan götürüb öz hakimiyyətlərini quracaqdılar. Xalqımız yenidən cırlaşmış, fərasətsiz bir fars sülaləsinin hakimiyyəti altına düşəcəkdi. Mən isə xalqımızı azad görmək istəyirəm! Qoy indi burada əyləşənlər xalqımıza kimin xəyanət etdiyin söyləsinlər».

   Toplaşanlar Atropatın qarşısına gələrək ona baş əyib məbəddən çıxdılar. Bu o demək idi ki, onlar Atropatın dediklərini təsdiq edirdilər. Hamıdan axırda məbədi Atropat dediklərini təsdiq edirdilər. Hamıdan axırda məbədi Atropat tərk etdi. Məbəddə təkcə diz üstə oturub ağlayan Bariaks qaldı...

    Miladdan öncə 324-cü ildə İsgəndər üç il davam etmiş yürüşünü başa vurub geri döndü. İran ərazisini gəzən İsgəndər bu müddətdə dövləti idarə edənlərə layiq olduqları qiyməti verdi. Bir çox hakim və satraplar həbs olunub edam edildi. Isgəndər Midiya satraplığına da gəlmişdi. O. Atropat gördüyü işləri yüksək qiymətləndirdi. Atropat İsgəndərin Hindistan

yürüşündən sonra öz vəzifəsində qalan yeganə satrap idi. O da İsgəndəri böyük fatehə layiq hörmətlə qarşılayıb ona məşhur Midiya atları və Kimmer tayfaları ilə döyüşdə əsir götürdüyü döyüşçü qadınları hədiyyə etdi.

    Kimmer tayfalarında o zaman anaxaqanlıq (matriarxat) mövcud olduğundan qadınlar həm döyüşçü, həm də kahin idilər. Bu hədiyyə sonrakı dövrlərdə Azərbaycan ərazisində amazonkaların yaşamaları haqqında əfsanənin yaranmasına səbəb olmuşdu.

     Bu görüşdə İsgəndər Atropata makedoniyalılarla qohum olmağı təklif etmişdi. Atropat bu təklifdən öz xeyrinə istifadə etməyi qərara aldı. O ğz qızını makedoniyalılar arasnda İsgəndərdən sonra ən hörmətli şəxs sayılan Perdikkiyə ərə verdi. Atropat öz seçimində yanılmadığı az sonra məlum oldu.

    Bir il sonra, Miladdan öncə 323-cü ildə İsgəndər vəfat etdi. Dövləti idarə etmək Perdikkiyə tapşırıldı. Bu, Atropatın nüfuzunu daha da artırdı. Isgəndərin sərkərdələri (diadoxlar) onun yaratdığı imperiyanı öz aralarında bölüşürdülər. Lakin Atropatın idarə etdiyi əraziyə heç kim iddia etmədi. Bu məsələdə Perdikki ilə qohumluğun müəyyən təsiri olsa da, Atropatın öz nüfuzu və şəxsiyyəti də az rol oynamırdı. Sonrakı hadisələr bunu daha da aydın göstərdi. Miladdan öncə 321-ci ildə Perdikki həlak olduqdan sonra sərkərdələr yenidən satraplıqları bölərkən kiçik Midiya, yəni Atropatın satraplığı onun öz idarəçiliyində qaldı. Bu isə həmin ərazinin müstəqil tanınması demək idi. Az sonra Atropat rəsmi şəkildə öz ərazisinin müstəqilliyini elan etdi.

    Atropat yaratdığı dövlət şərqdə yunan-makedoniya istilasından azad olan ilk dövlət oldu. Isgəndərin sərkərdələri Atropatın müstəqilliyinə diş qıcasalar da, müharibəyə başlamağa cəsarət etmədilər.onlar bütün xalqın inamını qazanmış,azad tayfalardan ibarət müttəfiqləri olan, mahir siyasətçi və güclü şəxsiyyət sayılan Atropat qarşılaşmaqdan çəkindilər.Dünya tarixində bu dövlət Atropat Mididiyası və daha çox Atropatena adı ilə tanındı. Atropatena dövləti iki əsrdən çox mövcud olmuş və o vaxtki dünyanın ən güclü dövlətlərinin hücumlarına qarşı dayana bilmişdi. Atropatın havadarlığı nəticəsində Şimali Azərbaycan ərazisində iki dövlət – Albaniya dövləti yaranmışdı.

    Atropat dünyada ölkələr fəth edən müzəffər sərkərdələrdən olmamışdir. Onun adı çətin vəziyyətdə xalqı öz ətrafında birləşdirmiş, çevik və ağıllı siyasətlə müstəqil dövlət yaratmış, xalqını əsarətdən müstəqilliyə aparmış bacarıqlı insan kimi tarixin yaddaşına həkk olundu.

     Atropatın adı ilə Atropatena deyilən ərazi sonrakı dövrlərdə müxtəlif adlar altında mövcud oldu. VII əsrdən etibarən isə bu ərazi Azərbaycan adlanmğa başladı

Atropat


 

 

 

Məqalə "Tarixi yaradanlar" kitabından götürülmüşdür




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 8 dekabr 2011 19:12
    ela meqaledi bir anliq adam ozunu o dovrde hiss eledi.bu hansisa eserden bir hissedirmi?yoxsa oz yaradiciliqinizdir?

    meqalenin sonuna baxmamisam .yazmisiz hardan goturduyunuzu ,gordum

  2. 8 dekabr 2011 23:19
    beli selcan xanum oxuduqunuza sevindim heqiqeten cox gozel yaziblare bu meqaleni men sadece onu cap etdirib sayta teqdim etdim ki virtual alemde oxusunlar

  3. 9 dekabr 2011 18:24
    Meqaleni oxudum. Yaxshi tesir bagishladi.Xususile " Bariaks usyani" meselesi.Tarixde birmenali izah edilmeyen bu tarixi hadisenin sherhi duzgun verilse bele,yene mubahiseli olaraq qalir.Teesuf ki, muellifin adi yoxdur.Uzvu oldugum "Azerbaycan Tarix Muellimleri" Ictimai Birliyinin muellimleri shagirdler ucun heyata kecirdiyi "Tarixi shex- siyyetler" seriyasindan hecmce cox da genish olmayan,lakin derin mezmunlu kitabcalar neshr etdirdiler.Bunlar " Makedoniya- li Iskender","Attila","Qay Yuli Sezar","Teymurleng"ve s haqqinda idi.Tebii ki, o meqaleler sayta qoyulsa shagirdler faydalanar,muellimler elave bilik menbeyi elde ederler.Sayt vasitesile men hemin muelliflere muraciet edirem.Gelin ushaqlar ucun xeyixahligimizi esirgemeyek.

  4. 31 oktyabr 2014 00:49
    Hamlet muellim, heqiqeten de cox maraqlidir.Boyuk maraqla oxudum.Sag olun.

  5. 3 dekabr 2014 21:54
    goren onlar o taxtin ustunde nece otururmuslar ?
    belay men olsam hec vaxt oturmaram no

  6. 16 oktyabr 2015 21:54
    dogurdan da cox maraqlidir smile

  7. 17 oktyabr 2015 20:54
    Cox Maraqli idi.Teşekkürler.men tarix fakültesinde oxudugumdan Men tarix kitablari oxuyuram.sizi inandirim ki Atropat haqda ele qeliz,murekkeb mezmunlu melumatlar oxumusdum ki ,inanın ki başa düşmekte cetinlik çekmiştim.ancaq bu meqale cox anlasiqli xarakter dasiyir.cooox sağ olun ki bele melumatlarcun...

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.