Osman Qazi

Osman Qazi

Türk sultanları Osmanlı dövlətinin memarı

Uzun illər türk xalqlarını bir-birindən ayrı salmaq, onları öz söyköklərindən və tarixi keçmişlərindən uzaqlaşdırmaq məqsədilə ardıcıl siyasət yeridilmişdir. Azərbaycan xalqı 200 il Rusiya imperatorluğunun, 70 il isə sovetlər birliyinin tərkibində yaşamaq məcburiyyətində qalmış, bu illər ərzində saysız-hesabsız çətinliklərlə, müxtəlif qadağa və yasaqlarla üzləşmişdir. Bir vaxtlar öz soykökümüzü unutdurmaq üçün bizi “türk” əvəzinə, “tatar” adlandırmışlar. Ancaq bütün bunlara baxmayaraq Azərbaycan xalqı, həmçinin bütün türk xalqları öz milli mənliyini, dilini və dinini nəinki qoruyub saxlamış, hətta onları inkişaf etdirərək, zənginləşdirmişlər.
XX əsrin sonlarında dövlət müstəqilliklərini əldə edən türk xalqları öz aralarında dostluq və qardaşlıq münasibətlərini daha da genişləndirməyə başlamışlar. Kökləri, adət-ənənələri, tarixi keçmişi bir olan bu xalqlar qısa müddət ərzində elmi, mədəni, iqtisadi və siyasi əlaqələrin inkişaf etdirilməsi baxımından bir sıra müsbət nəticələrə nail ola bilmişlər. Lakin uzun illərin daşlaşmış buzunu əritmək, türk xalqlarının arzu olunan möhkəm birliyinə nail olmaq üçün hələ çox iş görülməlidir. Bunun üçün birgə yaşanmış keçmiş tariximizin qaranlıq səhifələrinə işıq salmaq lazımdır. Bu baxımdan, yeni açdığımız rubrika — “Türk sultanları” rubrikası, bizcə, oxucularımız üçün faydalı olacaq. Həmin rubrika altında türk dövlətlərinin təşəkkül tapıb möhkəmlənməsində xüsusi xidmətləri olan dövlət xadimləri, sərkərdə və mütəfəkkirlər haqqında materiallar veriləcəkdir. İlk söhbətimiz Osmanlı dövlətinin memarı və qurucusu, cəsur sərkərdə və müdrik dövlət adamı Osman Qazi haqqındadır.
Osman Qazi Osmanlı sultanlarının birincisidir və onun Osmanlı dövlətinin təşəkkül tapıb inkişaf etməsində böyük xidmətləri olub. Oğuzların Bozok qolunun Qayı boyundan olan Osman Qazi 1258-ci ildə Ərtoğrul Qazinin ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından İslam elmlərinə dərindən yiyələnməyə başlayıb və o dövrün mükəmməl əsgəri təlimlərini keçib. Atasının döyüş dostlarının xatirələrini dinləyərək onlardan nəticə çıxarıb və özü də gənc yaşlarından ağır döyüşlərdə iştirak edib. Qazandığı qələbələr gənc yaşlarından ona böyük şöhrət gətirib.

Osman Qazi

O illərdə Bizans imperiyası zəiflədiyindən onun nəzarəti altında olan Qərbi Anadoluda bir boşluq yaranmışdı. Bu özünü dinlərin yayılmasında, ictimai fikirdə göstərirdi. Ona görə də buraya sərbəst düşüncə sahibi olan adamlar — sərkərdələr, dərvişlər, şeyx və alimlər toplaşmışdılar. Osman Qazi Anadolunun islamlaşdırılıb türkləşməsində xüsusi xidmətləri olan Qaramanlı Şeyx Ədəbalının söhbətlərinin vurğunu idi. 1277-ci ildə də şeyx həzrətlərinin qonağı oldu. Onun şirin və maraqlı söhbətini dinləyəndən sonra gecə çox qəribə bir yuxu gördü. Gördü ki, Şeyx Ədəbalının qoynundan bir ay çıxıb onun qoynuna girdi. Sonra göbəyindən bir ağac boy atıb bütün aləmi tutdu. Bu ağacın kölgəsinə nəhəng dağlar, gurultu ilə axan çaylar sığınmışdı. Ətrafda qaynaşan adamlardan kimisi bağ-bağça, kimisi tarla suvarır, kimisi də çeşmələri axıdırdı.
Ertəsi gün gördüyü yuxunu xocasına danışanda Şeyx Ədəbalı sevinclə dedi: “Müjdə, ey Osman! Haqq-təala sənə və sənin övladına səltənət verdi. Bütün dünya övladının himayəsində olacaq. Qızım Bala Xatunu da sənə verirəm”.
Osman Qazi 19 yaşında ikən Şeyx Ədəbalının qızı Bala Xatunla evləndi və bu izdivacdan Orxan Qazi doğuldu. Elə həmin il Ərtoğrul Qazi dünyasını dəyişdi. O, cəsarəti, dərin zəkası, mərdliyi, İslam dininə möhkəm inamı və gözəl əxlaqı ilə qardaşlarından üstün olan Osman Qazinin özündən sonra bəyliyə başçılıq etməsini vəsiyyət etmişdi. Atası vəfat edəndən sonra o, elbəyi seçildi.
Osman Qazi bəyliyə başladığı zaman Türkiyə Səlcuqlu dövlətinin Bizans sərhədində yerləşən Qayı boyu Soğut qışlağı ilə Domaniç yaylağı ərazisinə hakim idi. Osman bəy qayıları qonşu Bizans təkfurları (yerli idarəçiləri) ilə dinc, sülh şəraitində yaşamağa çağırdı. Qonşulardan ən çox Biləcik təkfuru ilə mehriban münasibətlər qurulmuşdu. Uzun illərdən bəri yaylağa çıxarkən qayılar ağır əşyaları Biləcik təkfuruna etibar edər, əvəzində yaylaqdan enəndə onlara müxtəlif hədiyyələr — yağ, pendir, bal, yəhər—yüyən, keçə verərdilər. Əmanətlərin alınıb-verilməsi silahsız kişilər və qadınlar tərəfindən icra olunardı.
Yaylağa qalxıb-düşəndə İnəgöl təkfuru tez-tez yolları kəsir, köçə zərər vururdu. Osman bəyin nüfuzunun artması İnəgöl təkfuru Nikolanı bir az da qeyzləndirmişdi. O, Osman bəyə qarşı bizanslarla gizli ittifaq bağlamağa təşəbbüs etmişdi. Biləcik təkfuru onun bu niyyəti barədə Osman bəyə məlumat vermişdi. Təkfur Nikolanın Ermənibelində (Bazarköydə) canlı qüvvə topladığını dəqiqləşdirən Osman bəy Qayı ağsaqqalları və silahdaşları ilə məsləhətləşmə apardı. Yekdil qərar belə oldu ki, düşmən yerində oturdulmalıdır. Osmanlı tarixinə ilk müharibə kimi düşən Bazarköy döyüşü 1284-cü ildə başlandı. Osman bəy düşmənin Kolca qalasını aldı. Bunu həzm etməyən İnəgöl təkfuru Qaracahisar təfkuru ilə birləşdi. Ancaq onlar 1288-ci ildə Domaniç yaxınlığındakı döyüşdə ağır məğlubiyyətə uğradılar.
Osman qazinin bu qələbəsi Türkiyə Səlcuqlu sultanı II Qiyasəddin Məsud şah tərəfindən yüksək qiymətləndirildi. Şahın fərmanı ilə Osman Qaziyə bəylik rütbəsi verildi. Bundan başqa, ona istiqlal əlaməti olan bir bayraq, bir qızıl qılınc, gümüş yəhərli at, yüz min dirhəm pul, təbil və əsgərlərə paylamaq üçün silah göndərildi. İnönü və Əskişəhərin idarəçiliyi də Osman Qaziyə tapşırıldı.
Osman Qazinin uğurları onun düşmənlərini bərk narahat edirdi: Qaracahisar və Yarhisar təkfurları onun əleyhinə ittifaq bağlamışdılar. Bu ittifaqdan xəbər tutan Osman Qazi Qaracahisarı alır və sonra Quzey Sakarya vadisinə istiqamət götürür. Tezliklə Tarakçı və Göynük ətrafını da ələ keçirir.
Bizans-Rum təkfurları Osman Qaziyə açıq döyüşdə qalib gəlməyin mümkün olmadığını gördükdə hiyləyə əl atırlar. Uzun illərin dostluğuna xain çıxan Biləcik təkfuru da Osman Qaziyə təşkil edilən sui-qəsddə iştiraka razılıq verir. Onlar Osman Qazini Yarhisar təkfurunun qızı ilə Biləcik təkfurunun toyuna dəvət edirlər. Məqsəd həmin toyda Osman Qazini öldürmək idi. Sui-qəsd barədə Osman Qaziyə onun dostu Harmanqaya bəyi Mühal xəbər çatdırır. Osman Qazi məcburən müəyyən tədbirlər görməli olur. Toy hədiyyəsi olaraq Biləcik təkfuruna bir sürü quzu göndərir. Toydan sonra yaylağa qalxacaqlarını bildirərək əvvəllər olduğu kimi dəyərli əşyaların qadınlar tərəfindən qalaya aparılmasına icazə verilməsini və toyun açıq havada keçirilməsini xahiş edir. Osman Qazinin hər iki xahişi qəbul olunur və toy mağarı Çakırpinarda qurulur. Qadın paltarı geymiş döyüşçülər qalaya qiymətli əşyalar əvəzinə silah aparırlar. Hamı toya getdiyindən qalada ancaq növbətçilər qalmışdı. Türk döyüşçüləri çox asanlıqla onları zərərsizləşdirib qalanı ələ keçirirlər.
Toyda isə Osman Qazi ona qurğu quran xainlərin bir qismini öldürür, qalanlarını əsir götürür. Gözəlliyi dillər əzbəri olan gəlinə — Holofira Nülufər adı verərək onun kəbinini oğlu Orxan Qaziyə kəsdirir. Ertəsi gün Yarhisar qalası alınır. Osman Qazinin sərkərdələrindən Turqut Alp isə İnəgölü fəth edir.
Osman Qazi Bizans hüdudlarında bir-birinin ardınca uğurlu əməliyyatlar apardığı bir vaxtda Anadoluda monqollara qarşı üsyan oldu. Monqollar üsyanı yatırdılar və Səlcuqlu sultanı Ələddin şahı əsir alaraq İrana apardılar. Səlcuqlu taxtı boş qaldı və onun bütün torpaqları İlxanilərin əlinə keçir. Monqol zülmündən qaçan minlərlə səlcuqlu əmiri və döyüşçüləri Osman Qaziyə pənah gətirirlər. Nəticədə 1281-ci ildən başlayaraq ərazisini ilbəil genişləndirən Osman Qazi daha da qüvvətlənir.
Səlcuqlu sultanlığı süqut etdikdən sonra yaranmış boşluqdan istifadə edən bəzi türk bəyləri öz müstəqilliklərini elan edirdilər. Osman Qazi də 1299-cu ildə belə bir addım atdı və dövlət qurumlarını yaratmağa başladı. Qaracahisarda Osman Qazinin adına Cümə xütbəsi, Əskişəhərdə isə Bayram xütbəsi oxundu. 1301-ci ildə Yurdhisar və Yenişəhər qalaları fəth edildi. Osman Qazi Yenişəhəri mərkəz elan etdi. Burada dövlət idarələri üçün binalar, iqtisadi və sosial obyektlər tikdirdi. Beləliklə, Osman Qazi 1299-cu ildə Səlcuqlu Sultanlığının Bizansla sərhədində Osmanlı dövlətinin əsasını qoydu.
Osmanlı dövlətinin öz ərazisini durmadan genişləndirərək möhkəmləndirilməsi Bizans kayseri II Andronikos Roleolokosu daha sərt addım atmağa vadar etdi. O, şərqdən yaxınlaşan bu təhlükəni yerli təkfurların gücü ilə aradan qaldırmağın mümkün olmadığını anlayaraq təcrübəli sərkərdəsi Musalonu Osman Qazinin üstünə göndərdi. 1301-ci ildə Qoyunhisar qalası yaxınlığında qoşunlar üz-üzə gəldi və həmin döyüşdə Osman Qazi qələbə qazandı. Bu qələbədən sonra Qoyunhisar, Mərmərəcik, Qəstel, Kətə və Ulubad qalaları fəth edildi.
Osman Qazinin qələbələrindən qorxuya düşən Bizans kayseri çıxış yolunu İlxanilərlə qohumluq əlaqəsi qurmaqda görürdü. O, qızı Mariyanı İlxanilər hökmdarı Qazan Xana, onun ölümündən sonra isə Olcaytu Xana nişanladı. Kayser güman edirdi ki, bu qohumluq itirilmiş Bizans torpaqlarını geri qaytarmağa kömək edəcək. Ancaq Osman Qazi heç nəyə məhəl qoymadan yürüşlərini davam etdirirdi. O, 1307-ci ildə Yalovaya hücuma keçərək dənizə çıxdı. 1308-ci ildə isə Mərmərə dənizindəki Əmralı adasını fəth etdi. Bununla da Bizansın Bursa ilə dəniz əlaqələri nəzarət altına alındı.
Osman Qazi Bizans torpaqlarını ancaq qılınc gücünə fəth etmirdi. O, çox müdrik dövlət xadimi idi. Onun təsis etdiyi adil idarəçilik təkfurların zülmündən, vergilərin ağırlığından cana doymuş xristian əhalinin, Rum sərkərdələrinin Osmanlı dövlətinə axınını sür- ətləndirdi. 1313-cü ildə Harmonqaya təkfuru Koçə Mihal Osman Qazinin idarəçiliyini qəbul etdi. Bu proses getdikcə sürətlənirdi.
Gənclik illərindən çoxsaylı ağır döyüşlərdə iştirakı, gərgin dövlət quruculuğu fəaliyyəti Osman Qazini 60 yaşında əməlli-başlı yormuşdu və podaqra xəstəliyinə tutulmuşdu. Ona görə də o, ən ağır döyüşlərə oğlu Orxan Qazini göndərirdi. 1321-ci ildə Orxan Qazi Mudanyanı ələ keçirdi. Sonra Ağyazı, Ayanköy, Qaramürsəl, Bolu, Kandıra, Ermənibazarı, Dəvəhisar fəth edildi. Bursa 1326-cı ildə təslim oldu. Osman Qazi beləcə oğuzların Qayı boyunun 400 çadırlı obasını nəhəng Osmanlı dövlətinə çevirə bildi. Tarixi mənbələrdə göstərilir ki, Ərtoğrul Qazi rəhmətə gedəndə bəyliyin torpaqları cəmi 4800 kvadratkilometr idi. Osman Qazi 43 illik hakimiyyəti dövründə bu torpaqların ümumi sahəsini 16000 kvadratkilometrə çatdıra bilmişdi.
Osman Qazinin oğlu Orxan bəyə yazdığı vəsiyyətnaməsi onun İslam dininə sonsuz sevgi və sayğısını, türk millətinin gələcəyinə möhkəm inamını, insan haqlarına olan könül bağlılığını çox aydın göstərir. Vəsiyyətnamədə deyilir: “Allah-təalanın əmrlərinə müxalif bir iş eləməyəsən! Bilmədiyini şəriət ülamələrindən soruşub anlayasan. Yaxşıca bilmədiyin bir işə başlamayasan! Sənə itaət edənləri xoş tutasan! Əsgərinə inamı, yaxşılığı əskik etməyəsən. Zalım olma! Aləmi ədalətlə şənləndir və Allah üçün cihadı tərk etməyərək məni şad et! Ülaməyə riayət elə ki, şəriət işləri qaydasında olsun! Harda bir elm adamı görsən ona rəğbət et və qayğı göstər! Əsgərinə və malına qürrələnib şəriət əhlindən uzaqlaşma. Bizim məsləkimiz Allah yoludur. Bu məqsədimiz Allahın dinini yaymaqdır. Yoxsa quru qovğa və cahangirlik davası deyildir. Sənə də bunlar yaraşır. Daima hər kəsə yaxşılıq et. Məmləkət işlərini nöqsansız gör! Hamınızı Allah-təalaya əmanət edirəm!”
Osman Qazi

Osmanlı sultanları Osman Qazinin bu vəsiyyətnaməsində irəli sürülən prinsiplərə sözsüz əməl etdilər və onu 600 il dövlətin dəyişməyən Anayasası kimi qorudular.
1326-cü ilin avqustunda Osman Qazi vəfat etdi və özünün vəsiyyət etdiyi kimi, Bursadakı Gümüşlü türbəsində dəfn olundu. O, azsaylı döyüşçüləri ilə Bizans ordusunu və təkfurlarını məğlub edərək böyük qələbələr qazanan müdrik dövlət başçısı və cəsur sərkərdə idi. Səlnaməçilər yazırlar ki, türk və İslam tarixinin ən möhtəşəm dövrü osmanlıların hakimiyyətdə olduğu illərdir. Onlar milli və islami məfkurələrini uca tutaraq, siyasi istiqlal və sosial ədalət prinsiplərinə arxalanaraq üç qitənin ortasında, Ağ dəniz hövzəsində dünyanın ən qüdrətli dövlətini qurdular.
Əlipənah BAYRAMOV



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.