UĞURLU XAN

UĞURLU XAN

UĞURLU XAN.
Cavad xan oğlu Uğurlu xanın hekayəti
___________________________________

Gəncə xanı Şahverdi xanın kiçik oğlu Cavad, 31 yaşını adlamasına baxmayaraq hələ də evlənməmişdi...
Əsli-nəcabətli bir nəsildən olan anası Şərəf Cahan Bəyimin, bacıları Xeyir-Nisə Bəyim və Xurşid Bəyimin, Azərbaycan qadınları üçün ənənəvi "səylərinə" baxmayaraq, dəliqanlı Cavadı evləndirə bilmirdilər.
Bütün yaxın və uzaq xanların, sultanların, ağaların, bəylərin qızlarının geniş çeşidli "kartotekası" heç bir fayda vermirdi.
Cavada heç kimi bəyəndirmək mümkün olmurdu ...
Bunun izahı isə, əslində sən demə çox sadə imiş, eynən lap sevgi dastanlarında olduğu kimi...

Xan oğlu Cavad artıq iki il imiş ki, adi bir sənətkar ailəsindən olan mələk üzlü Şükufəyə vurulmuşdu.
Şüküfənin böyük qardaşı Yusif, Cavad xanın ən yaxın dostu, sınanmış silahdaşı və sirdaşı idi.
Bu, sonralar Cavad xanın məhşur vəziri və silahdaşı olmuş Yusif bəy idi.
Gəncənin məhşur Yusifbəylilər nəslinin ilk Bəyi olacaqdı Cavad xanın dostu Yusif.
O, müasir Azərbaycan üçün əvəzsiz bir şəxsin, hələ də öz məmləkətində lazımınca dəyərləndirilməmiş böyük Nəsib bəy Yusifbəylinin ulu babası idi...

O vaxta hələ bir əsrdən çox vaxt var idi.., indi isə qayıdaq aşiq olmuş Cavad xanın hekayətinə.

İki ildir ən yaxın sirdaşına belə aça bilmədiyi gizli eşqi Cavadı içindən alışdırıb yandırırdı.
Nəhayət, bir gün Gəncəyə ata evinə qonaq gəlmiş böyük bacısı, Qarabağ xanı İbrahimxəlil xanın həyat yoldaşı olan Xurşid Bəyimə sirrini açıb söyləməyi qərara aldı Cavad.

Xurşid Bəyim çox sevindi, qardaşını qucaqlayıb öpdü, tez qaçıb anasını muştuluqladı.

İllərdir oğluna qız bəyəndirə bilməyən Şərəf Cahan Bəyim, oğlunun seçimi tam olaraq ürəyincə olmasa da, bu fürsəti əldən verməyərək, səhərisi gün elçilərini göndərdi.

1780-ci ilin yay aylarında Gəncənin Xan yaylaqlarında Cavad xanla Şüküfə xanıma əzəmətli toy çalındı.

Bu nigahdan Cavad xanın üç oğlu oldu: Uğurlu xan, Hüseynqulu xan və Əliqulu xan.

Cavad xanın ilk oğlu 1781-ci ildə dünyaya göz açdı.

Cavad xan oğluna döyüşdə şəhid olmuş igid əmisi Uğurlu xanın adını verdi.
Bu Ziyadoğluların sayca üçüncü "Uğurlu xanı" idi.
Birinci Uğurlu xan Ziyadi-Gəncəvi Cavad xanın ulu babası idi.
O, həm məhşur şair, həm də Qacar elinin Ziyadoğlu oymağının başçısı, Gəncə-Qarabağ bəylərbəyi idi.

Cavad xan oğlu Uğurlu xan böyüdükcə mükəmməl sаrаy təlim-tərbiyəsi aldı, zamanının ən qabaqçıl müəllimlərindən, alimlərindən təhsil аlmış oldu.
Elmlərə çox meyl edirdi, türk, fars və ərəb dillərində sərbəst danışıb-yazırdı.

Ox atıb-qılınc oynatmaqda, qurşaq tutub güləşməkdə, cıdır yarışlarında tayı-bərabəri yoxuydu. Savaşda qoçaqlığı və qorxmazlığıyla seçilərək, hər zaman həmyaşıdlarından bir baş üstün olardı.
Az yaşlarından Cavad xanın iştirak etdiyi bütün hərbi yürüşlərdə-döyüşlərdə daim atasının yanında, ürək tərəfində olardı.

1795-ci ildə cəmi 14 yaşında olmasına baxmayaraq, Cavad xanla bərabər Tiflis yürüşündə iştirak etdi, və göstərdiyi şücayətə görə ona Ağa Məhəmməd şah Qacar xüsusi bəxşiş verdi.

Uğurlu хаn 1801-ci ildə Məhəmməd хаnın qızı Şərəf Cahan(Nisə) Bəyimlə аilə qurdu.
Bu nigahdan Məhəmmədqulu хаn və Cаvаd хаn аdlı iki оğlu;
Böyük bəyim, Bədircаhаn bəyim, Nazənin bəyim, Telli bəyim аdlı qızlаrı var idi.

Uğurlu xanın qızı Bədircаhаn bəyim uşaqlıqdan şeir yazmağa meylli idi. Sonralar, o, İbrahimxəlil xanın oğlu, sonuncu Qarabağ xanı Mehdiqulu xanla ailə qurdu.

Bu nigah Azərbaycan xalqına Xurşidbanu Natəvanı bəxş etdi.
Yeri gəlmişkən Xurşid adını ona ata nənəsinin, Cavad xanın doğma bacısı, bir az əvvəl haqqında bəhs etdiyimiz Xurşid Bəyimin şərəfinə qoymuşdular.

Bunlar hamısı neçə illər sonra baş verəcəkdi, indi isə Azərbaycanın başını qara bıuludlar almışdı..

1804-cü ilin ilk günləri idi və yağı düşmən Gəncə qalasını bir aydan çox idi ki mühasirəyə almışdı...

Uğurlu xanın 1804-cü il yanvarın 4-də Gəncənin ruslar tərəfindən işğal olunan vaxt harada olmasıyla bağlı tarixi ədəbiyyatda hələ də yekdil mövqe mövcud deyil...

Bir versiyaya görə, Uğurlu xan hücum zamanı Gəncədə deyilmiş. Qala mühasirəyə düşməzdən bir müddət əvvəl Cavad xanın tapşırığına əsasən kiçik qardaşıyla birgə Təbrizə hərbi yardım dalıyca yola salındığı söylənilir.
Hətta, belə bir məlumat da mövcuddur ki, Uğurlu xan işğaldan bir neçə gün sonra Gəncəyə qayıdıb şəhərin xarabalıqlarında dolaşarkən ilk olaraq Mirzə Şəfi Vazehin qardaşı Əbdül Əliyə rast gəlir və bir müddət onun evində gizlənir. Xatırladaq ki, Mirzə Şəfi Vazehin atası Kərbəlayi Sadiq Cavad xanın sarayında baş memar işləyirdi və Gəncəyin işğalından bir müddət sonra xiffətdən dünyasını dəyişib...

Lakin, bu versiya, yəni Uğurlu xanın hücum zamanı Gəncədən uzaqda olmas faktını heç bir tarixi mənbə təsdiqləmir...

Əksinə, bir çox mənbələr onu göstərir ki, Uğurlu xan Gəncənin Ərk Qalasının 1 aydan artıq sürən mühasirəsi zamanı qalada olmuş və hücum vaxtı qalanın müdafiəçiləri sırasında şir kimi döyüşürmüş...

Lakin qalanın tezliklə süqut edəcəyini görən Cavad xan, Uğurlu xana, azyaşlı qardaşı Əliqulu xanı da götürüb yeraltı yollarla Gəncəni tərk etməyi əmr edir.

Atasının sözündən çıxa bilməyən Uğurlu xan ürəriyindən qara qanlar axa-axa beləcə Gəncəni tərk etməli olur...

Bu versiyanı yetərli dərəcədə rus arxiv materialları da təsdiqləmiş olurlar.
Belə ki, Sisiyanov Gəncənin işğalından dərhal sonra Samux bəyi Şirin-bəyə məktub yazıb hədə-qorxu gələrək itaətə çağırmaqla bərabər, onu Cavad xanın oğullarına sığınacaq verməkdə suçlayır və dərhal onları təhvil verilmələrini tələb edir. Lakin Şirin bəy cavabında bu faktı inkar edir.

Rus tarixcisi Dubrovin(1886) yazır ki, "Xanın iki oğlu hücum vaxtı kəndir vasitəsilə qala divarlarından düşərək yoxa çıxdılar."( düzdür bu "kəndir" versiyası bir az inandırıcı deyil)

Uğurlu xanın Gəncədən gizlin yollarla çıxaraq Qarabağ xanı İbrahimxəlil xanın yanında müvəqqəti sığınacaq alması haqda da məlumatlar tarixi mənbələrdə yer almışdır.
Bu məlumata Sisianovun Rus İmperatoruna göndədiyi məruzədə də rast gəlmək olar.

O hadisələrin canlı şahidi olan şair Əbdulrəhman Ağa Dilbazoğlunun şeirindən də bu versiyanın təsdiqini tapırıq:

======

Bir gecə yol buldular, rusilər aşdı qalədən,
Su yerinə ol zaman qanlar axdı qalədən,
Ol Uğurluxan ilə xanlar ki qaçdı qalədən,
Xan gördü onlar səlamət çıxdı, keçdi qalədən,

Keçdi onlar qalədən sağu-səlamət getdilər:
Çəkdilər hərçənd yüz çövrü məlamət, getdilər,
Çıxdılar rusun içindən, bir əlamət, getdilər
Üz tutub İran deyü şahi-vilayət getdilər.

======

İstənilən halda, bir şey aydındır.
Uğurlu xanın, atası Cavad xan və qardaşı Hüseynqulu xanla bir yerdə qala divarlarında vuruşaraq şəhid olmaması çox güman ki, atasının ona verdiyi əmrlə bağlı idi.

Çünki, Uğurlu xan Cavad xanın Gəncə xanlığına təyin etdiyi varisi idi və o, Qalanın süqutuna və məğlubiyyətə baxmayaraq işğalçılara qarşı sona kimi mübarizəni davam etdirməli idi.

Və tarix sübut etdi ki, Cavad xan seçimində heç yanılmamışdı.

Uğurlu xan, zamanın və mövcud şəraitin verdiyi imkanlardan da artıq dərəcədə mücadilə etmiş oldu. İyirmi iki ildən artıq bir müddətdə yorulmadan işğalçılarla mübarizə apardı və iki dəfə ata-baba yurdunu qısa müddətlik də olsa düşməndən azad etməyi və Gəncə xanlığının bayrağını qaldırmağı bacardı.

Ardı var...

I Hissənin sonu.(ixtisarlarla)



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.