Kovalyov Yuri Petroviç

                                                           Kovalyov Yuri Petroviç


Kovalyov Yuri Petroviç

 

     1965-ci ilin may ayının 29-da Göyçay rayonunda anadan olmuşdur.Ailəlikcə 1972-ci ildə Krasnodara,beş ildən sonra Bakiya köçüblər,1981-ci ildə Nizami rayonundakı 229 nömrəli orta məktəbi bitirib.1981-ci ildən 1982-ci ilin aprel ayına kimi Azərittifaqın reklam istehsalat kombinatında işləyib.1983-cü ildə ordu sıralarına çağırılıb.1985-ci ildə hərbi xidmətini başa vurubdur.

     1987-ci ildə Qırmızı Bayraqlı Qara Dəniz Donanmasının 109 nömrəli miçmanlar və praporşiklər məktəbinə daxil olub.Arzusu dənizçi olmaq idi.Qarabağın üzərindəki qara buludlar bir Azərbaycan vətəndaşı kimi Yurini də narahat etmiş,düşmənlə mübarizə aparmaq üçün 1990-cı ilin sentyabr ayının 15-də Dİn-in Xüsusi Təyinatlı Milis Dəstəsinin sıralarına daxil olub.

     1991-ci ilin oktyabr ayının 3-ü milis starşınası Yuri Kovalyov düşmən mövqelərinə növbəti və sonuncu kəşfiyyata yollanıb və Xocavənd (keçmiş Martuni rayonu) ərazisində qəhrəmancasına həlak olub.

     İki qızı qalıb.

                                    AZƏRBAYCAN ONUN VƏTƏNİYDİ

     Telefon kitabçamda bir nömrə var: 74-92-59.Hər dəfə kiyabçanı səhifələyəndə bu nömrə Yuradan mənə bir xatirə danışır,onun həmişəgülər,nurlu siması,göstərdiyi qəhrəmanlıqlar gözlərim önündə canlanır,qəlbimin dərinliyində süzülən iki kəlmə söz dodaqlarımda quruyub qalır:

     - Heyif,Yuradan...

     Yura Kovalyov ilə 1991-ci ilin aprel ayında tanış olmuşdum.O vaxtları respublikamızın ərazi bütövlüyünə qəsd edən erməni quldurlarının hücumlarını dəf edən DİN-in Xüsusi Təyinatlı Milis Dəstəsinin fəaliyyəti beynəlxalq miqyasda belə diqqət mərkəzində idi. "OMON”çular sözün həqiqi mənasında xalqımızın qəhrəmanlıq tarixinə biri-birindən şanlı səhifələr yazır,adları böyük izzət-ehtiramla dillərdə gəzirdi.Düşmən tərəfindən "Əsədovun bandası”adlandırılan XTMD-nin əməkdaşlarıqarı düşmənin rahatlığını əlindən alır,ən çətin yerlərdə təcavüzkarların burnunu əzir,torpaq tamahkarlarına ölümcül zərbələr endirirlər.

     1991-ci ilin aprel ayıda döyüş zonalarında fərqlənmiş bir qrup "OMON”çunu mükafatlandırmaq üçün daxili işlər nazirinin müavini Rəhim Quliyev və nazirliyin şöbə rəisi Həmid Cəfərov XTMD-yə gəlmişdilər.DİN-in mətbuat mərkəzinin əməkdaşı kimi mükafatların təqdim olunması mərasimində mən də iştirak edirdim.Mərasimdə çıxış edən Həmid Cəfərov 1991-ci il aprel ayının 3-də respublikanın xalq deputatlarından Aydın Məmmədovun,Tamerlan Qarayevin,Ramiz Fətəliyevin,bir sıra rəsmi şəxslərin və özünün vertolyot qəzasına uğramalarından söhbət açaraq vertolyotdakıların xilas olmasında "OMON”çu Yura Kovalyovun yüksək peşə səriştəliyi nümayiş etdirməsini xüsusilə qeyd etdi.Rəsmi hissədən sonra polkovnik Həmid Cəfərov xilaskarı Yura ilə xeyli söhbət etdilər.Ötən dəhşətli anları xatırladılar.Söhbət zamanı Yura ünvanına deyilən təriflər qarşısında təvazökarcasına susdu.Bircə onu dedi ki, "mən də azərbaycanlıyam,bu torpağın çörəyini yemişəmsə,suyunu içmişəmsə ona da xidmət etməliyəm”.

     Həmin görüşdə adını eşitdiyim,özünü görmədiyim igid Yura ilə mən də tanış oldum.

     Yura ilə sonrakı görüşlərimiz ancaq Qarabağda,sərhəd rayonlarımızda,döyüş zonalarında oldu.Sabaha böyük inam bəsləyən bu şir cüssəli "OMON”çu ilə görüşmək adama xoş təsir bağışlayırdı: onun vətənə,doğma torpağa bağlılığına həsəd aparırdım.

     Yura ilk dəfə ezam olduğu yerlərdə yerli sakinlərlə tezcə münasibət yaradırdı.Adama elə gəlirdi ki,bu kəndlərdə,bu dağların qoynunda yaşamışdır.Təbiət aşiqi idi.Pişik çevikliyi ilə dağlara dırmaşmaqdan,meşəliklərin dərinliyinə getməkdən,buz kimi soyuq bulaqlarda yuyunmaqdan doymazdı.

     Yura Azərbaycanda yaşamağı ilə fəxr edirdi.Respublikamızın səmalarını qara buludlar örtəndə,doğma torpaqlarımızda cəzasızlıqdan azğınlaşmış erməni yapaqlıları,millətci dəstələri pozucu fəaliyyətə başlayanda Yura özünü bu torpağın doğma oğlu kimi "qaynar nöqtələrə” verdi.Vətənini qoyub qaçan rusdilli əhalinin nümayəndələri ilə barışa bilmədi.Azərbaycanın dar günündə düşmən hiyləsinə uyaraq onilliklər boyu yaşadıqları torpağı tərk edənləri lənətlədi.

     Az bir müddətdə "OMON”çu Yuranın adı dillərdə gəzdi,o,əfsanəvi bir döyüşçü kimi döyüş zonalarında tanındı.Quldur yuvasına çevrilmiş Çaykənd düşməndən təmizlənərkən Yuranın neçə-neçə qəhrəmanlıqlarının şahidi oldum. "OMON”çular kəndə girərkən artıq Yura kəndin o biri başında döyüş yoldaşlarını gözləyirdi.Özü də "əliboş” yox.Böyür-başı öldürülmüş,əli-qolu bağlı quldurlarla dolu idi.

     Çaykənd döyüşlərindən sonra Yura ilə Goranboyun Mənəşid,Buzluq,Erkəç,Todan kəndlərində görüşdük.Bizim qüvvələrin qərargahı Toqdan kəndi idi.Mənəşid,Erkəç,Buzluq uğrunda qızğın döyüşlər gedir,kəndlər əldən-ələ keçirdi.Erməni quldurları heç bir vəçlə mövqelərini əldən vermək istəmirdilər.Erməni yaraqlılarını geri oturtmaq üçün "OMON”çular bütün qüvvələrini səfərbər edirdilər,hər döyüş əməliyyatından sonra hamı Yuranın şücaətindən danışırdı.Daxili işlər naziri,general Məhəmməd Əsədovun,nazir müavini,polkovnik Ramiz Məmmədovun Yuraya böyük rəğbəti var idi.Bir ayaqları döyüş zonalarında olan M.Əsədovu,R.Məmmədovu Yura tez-tez müşayiət edərdi.

     Goranboyun Toqdan kəndində olarkən Yura ilə münasibətlərimiz daha da genişlənmişdi.Boş vaxtlarımızı bir yerdə keçirirdik.Döyüşlər səngiyəndə Toqdanın gözoxşayan təbiətini seyr edərək söhbətləşir,şirin,kövrək xatirələrin qoynunda "dünyanın düz vaxtı”na qayıdırdıq.Yura çox da xoş keçməyən uşaqlığından danışır,bir həmdəm kimi mənə ürək açırdı...

     Yura Kovalyov Göyçayda anadan olmuşdur.Üç yaşında olarkən atası onları atmış,anası Larisa Pavlovna ilə Krasnodara gəlmiş,orada beş il qaldıqdan sonra Bakıya gələrək burada yaşamışlar.Bakının Nizami rayonundakı 229 nömrəli məktəbdə Yura təhsilini davam etdirmiş,orta təhsillə yanaşı idmana da böyük maraq göstərmişdi.11 yaşında olarkən idman ustası,Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnmişdi.Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yura öz çevikliyi ilə yoldaşları arasında fərqlənirdi.Yura iki dəfə Bakı çempionu olmuşdu.Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qorumuşdu.Pribaltika hərbi Dairəsindəki desant qoşunlarında xidmət günlərində də idman Yuranın hər an köməyinə çatmış,onun döyüş qabiliyyətinin yüksəlməsinə nəzərə çarpacaq dərəcədə təsir göstərmişdi.Hərbi xidmətdən sonra da Yura taleyini futbola bağlamış,XTMD-yə gələnə qədər Qırmızı Bayraqlı Xəzər Donanmasının futbol komandasının rəhbərlərindən biri olmuşdu.

     Gəncliyini futbolda keçirən Yuranın qəlbində hərbçi olmaq arzusu döyünmüş,lakin ailə vəziyyəti,kişisiz evin çətinlikləri Yuranı bu fikrindən daşındırmışdı.Milisdə işləmək isə heç vaxt ağlına gəlməmişdi.Daxili işlər orqanlarında işləmək ona dəfələrlə təklif olunsa da,razılıq verməmişdi.Azərbaycanın başı üstünü təhlükə alanda isə doğma torpaqlarımızın düşmən tapdağında qalmaması üçün öz yerini ancaq Xüsusi Təyinatlı Milis Dəstəsində görmüş,bu dəstəyə daxil olaraq ömrünü erməni quldurları ilə mübarizəyə bağlamışdı.

     Ədalət naminə deməliyəm ki,Yuranın hər döyüş günü,hər əməliyyatı Vətənə sədaqət rəmzi idi.Çoxlarına qəribə gəlirdi rus Yuranın Azərbaycana bağlılığı,bu torpaq üçün canından keçməyə hazır olmağı,Ağdamda Yuranın XTMD-yə gəlməyi ilə maraqlanan,daha doğrusu,buna təəccüb edən jurnalistlərə cəsur "OMON”çu cavab vermişdi ki, "axı nə üçün mənim rus olub,Azərbaycan torpağını qorumağım,XTMD-də xidmət etməyim çoxlarına qəribə gəlir.Niyə unudurlar ki,mən Bakı rusuyam,Bakıda böyümüşəm.Azərbaycanlı uşaqlarla dostluq,yoldaşlıq etmişəm.Bir rus balası kimi mənə heç kim fərq qoymayıb.Aramızda bir dəfə də olsun belə millət söhbəti olmayıb.Demək,məni də bu torpağın övladı sayıblar.Belə olan halda,Azərbaycanda müharibə getdiyi bir vaxtda mən nə üçün kənarda qalmalıyam,nə üçün mən Azərbaycanın düşməni ilə mübarizə aparmamalıyam?”

     Yuranın rus olması xarici jurnalistləri də təəccübləndirirdi.Yura Kovalyov Şuşanın Qaladərəsi kəndində - jurnalist Salatın Əskərovanın həlak olduğu yerdə Azərbaycan jurnalistlərini müşayiət edərkən gözlənilmədən bura Ermənistan vertolyotu enmiş,vertolyotdakı xarici müxbirlər "OMON”çu ilə görüşmək istəmişlər.Bu an Yura Kovalyov özünü təqdim etmişdi.Xarici jurnalistlər Yuraya inanmaq istəməmişlər.İnana bilməmişlər ki,rus balası Azərbaycan "OMON”unda xidmət edir.Xarici jurnalistlər Yuranı suala tutmuşlar:

 - Siz russunuzmu?

     Yura heyrətlə verilən bu suala iftixarla cavab vermişdi:

 - Bəli mən rusam,Azərbaycan isə vətənimdir.

     Yura cəbhə xəttindən anasına göndərdiyi şəklin arxasına  "Qarabağ mənim vətənimdir,iftixarımdır,sevincimdir,kədərimdir” kəlmələrini yazmış,ən ağır anlarında,ən şad günlərində doğma Azərbaycandan,Qarabağ torpağından,bu torpağın qayğısından özünü ayrı salmamışdı.Yura ömrünün son gününədək vətəni Azərbaycana beləcə sədaqətlə xidmət etdi,mənfur düşmənlə son damla qanına qədər mübarizə apardı.

     …1991-ci il,oktyabr ayının 3-ü Yuranın idarə etdiyi "UAZ” Xocavənd rayonu (keçmiş Martuni) ərazisindən Ağdama tərəf irəliləyərək növbəti əməliyyatdan qayıdırdı.Daha üç "OMON”çu – Sergey Barınin,Andrey Kudenin,Aleksandr Abramov da Yura ilə idilər.Ağdama tərəf irəliləyən "UAZ”dakı cəsur döyüşçülərin uğurlu əməliyyatdan sonar qəlbləri sevinclə dolu idi.Lakin,onlar bilmirdilər ki,qarı düşmən neçə gündür ki,onları pusur,onlar bilmirdilər ki,bu gün Yuranın başı üçün qoyulmuş 100 min manat pul sahibinə çatacaq,oktyabrın 3-ü kədər dolu faciəli tarixə çevriləcək.

     "UAZ” qəfildən atəşə tutuldu.Açılan ilk atəşlərdən Yuranı al-qan götürdü.Düşmən "yüzminlik”hədəfi aramız atəşə tutdu.Bütün varlığı ilə doğma Azərbaycanına bağlı olan Yura Qarabağ torpağında dünyasını dəyişdi.Sergey Barınin ağır yara aldı.Törətdiyi vəhşilikdən doymayan quldurlar Yuranın meyidini ələ keçirtmək üçün idarə olunmadığından yarğana yuvarlanmış "UAZ”a tərəf irəliləməyə başladılar.Maşında kimsənin sağ qalmasına inanmayan ermənilər maşına çathaçatda hənirti eşitdilər.Bu an sağ qalmış iki "OMON”çu canavar xislətli quldurlarla yenidən ölüm-dirim mübarizəsinə atıldılar.Atdıqları qumbaralar ətrafda süküt yaratdı.Qəfil partlayışdan özlərini itirmiş ermənilər qaçmağa başladılar.Üç erməni qulduru isə "OMON”çulardan yaxa qurtara bilməyib Yura ölən yerdə canlarını tapşırdılar.Bir azdan hərbçilər hadisə yerinə gəldilər Sergeyi xəstəxanaya çatdırdılar.Lakin,onu həyata qaytarmaq mümkün olmadı.

     Yuranın ölmünü doğma Azərbaycanımızda bir şəhid ailəsini artırdı.Kovalyovlar ailəsinə əbədi kədər gətirdi.İki gül balanın – Yuliyana və Rekinanın ata həsrətli gözləri yollara dikildi; hər dəfə telefon zəng çalanda atadan bir soraq gözlədilər.

     Yuranın ölümü XTMD üçün ağır itki oldu.Bu cəngavər "OMON”çunun yeri burada hər an görünür.Yura tək XTMD üçün deyil,Azərbaycan Respublikası DİN,Azərbaycan xalqı üçün böyük itki idi.Bu itkinin ağırlığı isə təbii olaraq ən çox Yuranın anasının – sinəsi oğul dağlı Larisa Pavlovnanın üzərindədir.İgid oğul itirmiş ananın göz yaşları bu günə kimi qurumaq bilmir.Larisa Pavlovna Yuralı günlərini xatırlamaqla təskinlik tapır,dərdini ona həmdəm olanlarla bölüşdürür:

     - Yura anadan olarkən yaşamağına ümidimiz yox idi.Həddən artıq zəif idi.Elə bil ölü doğulmuşdu.Körpədə heç bir tərpəniş,qığıltı yox idi.Birdən "ma-a-a”səsini eşidəndə təəccüblə donub yerimizdə qaldıq.Həkimlər gülüşüb dedilər ki,bu uşaq xoşbəxt gündə dünyaya gəlib,igid bir oğlan olacaq.Lakin tale o igid balama,Yuraya xoşbəxt tale qismət etmədi.Erməni millətçilərinin Qarabağ iddiası başlayandan Yuranın bütün rahatlığı əlindən alındı.Fikri,xəyalı Qarabağda idi.Düşmənə qarşı mübarizəyə can atırdı.Elə bu istəklə də XTMD-yə daxil oldu,həftələrlə üzünü görmürdük.Azbir vaxtda ad-san çıxartmışdı.Adı dillərdə gəzirdi.Yaşı çox olmasa da,müstəqil qərarlar çıxarır,ən məsuliyyətli tapşırıqları icra edirdi.Yoldaşlarının dediyinə görə yaxşı kəşfiyyatçı idi.Döyüş yerlərindəki mövqeni az bir vaxtda öyrənməyi bacarır,düşmən qüvvələrinin yerini müəyyənləşdirməkdə xüsusi səriştəsi vardı.

     Döyüşdən Bakıya qayıdanda evdə oturmağa qərarı çatmırdı.Qarabağ onu özünə çəkirdi.Yuraya "bir-iki gün evdə qal”deyəndə.onun əsəbləri tarıma çəkilirdi,sanki bu sözlərlə Yuranı təhqir etmiş olurdun.Axırıncı dəfə evə gələndə mən bu sözləri yenə də ona demişdim.Yura isə artıq mənim bu  ana yanğısı ilə dediyim sözlərlə sakitliklə qulaq asa bilmədi.Əsəbiliklə dedi ki, "Məgər sən ana deyilsən?Orada körpə uşaqları o vəhşilər məhv edir.Günahsız adamların qanı tökülür.Onlara kim kömək etməlidir ki?!Bəsdir,bəsdir,bəsdir mənə evdə otur dediyin.Onları,o alçaq düşmənləri axırıncısına qədər məhv etməyincə mən rahatlıq tapa bilməyəcəyəm,mənim evim-eşiyimdöyüş meydanları olacaq!!!”

     Yuranın anası ilə bu söhbəti igid "OMON”çunun Bakıya axırıncı gəlişində olmuşdu.Sentyabrın 13-ü Yura Bakıdan çıxmış,həlak olduğu gündən iki gün əvvəl axırıncı dəfə evə zəng vurub  hal-əhval etmişdi.

     …Telefon kitabçamda bir nömrə var: 74-91-59.Hər dəfə kitabçanı səhifələyəndə bu nömrə,bu cansız rəqəmlər Yuradan mənə min bir xatirə danışır,onun həmişəgülər nurlu siması,göstərdiyi qəhrəmanlıqlar gözlərim önündə canlanır.

     Bu nömrəni Yura mənə Toqdanda vermişdi.Erməni quldurlarının atıb qaçdığı silahların,texnikanın şəklini çəkmək üçün xahişimlə Yura ilə Erkəç kəndinə tərəf gedirdik.Qəfildən atəş açıldı.Yura bir göz qırpımında məni bir əli ilə təhlükəsiz yerə itələdi.Güllələr başımızın üstündən vıyıltı ilə ötürdü.Yura dilində ənənəvi rus söyüşü avtomatı sinəsinə sıxdı.Atəş gələn yeri gülləyə tutdu.Elə oradaca Yuranın şəklini çəkdim.Yura Bakıdakı telefon nömrəsini verdi ki,şəkli ona çatdırım.Bakıda olarkən hər dəfə bu nömrəyə zəng edərkən Yuranın cəbhə xəttində olduğunu dedilər.Yuranın özünə verə bilmədiyim həmin şəkil özünün sağlığında "Mübariz keşikdə”,ölümdən sonar isə "Azərbaycan gəncləri” qazetində dərc olundu.

     74-91-59.Bu telefon nömrəsindən indi Yuranın səsi gəlmir,o bir daha bizə cavab verməyəcək.Bu telefon nömrəsi əbədi olaraq şəhidlik zirvəsinə calanıb.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 iyul 2014 22:27
    Goycaydan??ilk defedi ewidrirem.

    --------------------

  2. 5 iyul 2014 09:51
    ALLAH REHMET ELESIN.Tewekkurler bu meqaleye gore onlari-esl veten ogullarini unutdurmamadiginiz ucun

  3. 7 avqust 2014 19:11
    dunen Ictimai Tv cox etrafli wekilde haziramiwdi.Men de burdan gormuwdum deye 4qulagla qulag asdim.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.