
Pərən-pərən olmuş alman torpaqlqrını birləşdirməyə çalışan Prussiya 1866-cı ildə Sadova döyüşündə Avstriya ordularına qalib gəlib, vahid və güclü Almaniyanın yaradılması istiqamətində əhəmiyyətli bir addım atdı. O zaman leypsiqli professor Oskar Peşel bu qələbənin səbəblərindən bəhs edərkən yazmışdı: “Xalq təhsili müharibədə həlledici rol oynayır... Prussların avstriyalılar üzərində qələbəsi, əslində prussiyalı müəllimin avstriyalı müəllim üzərində qələbəsidir.” XIX əsrdə səsləndirilmiş bu fikir, üstündən 150 il keçməsinə baxmayaraq, yenə də aktualdır. Bu gün Azərbaycan müəllimi də məkrli və təhlükəli düşmənlə savaşdadır. Bu savaşda silahımız təkcə düşmənin başını əzən “yumruğumuz” deyil, həm də onun qəlbini deşən iti sözümüz olmalıdır. Bunun üçün hamımız səfərbər olmalı, bacardığımızı etməliyik. Soruşmamalıyıq ki, Vətən bizə nə edib? Hər kəs özündən soruşmalıdır ki, o, Vətən üçün nə edib? Ana Vətən çağırır! Harayına yetişməyə hazır ol!
Qazilər marşı
[Vətən, xoşbəxtəm ki, sonda qoynuna sığınıb,
müqəddəs torpağını bir ovuc artıra biləcəm!
Türkiyə Cümhuriyyətinin böyük şairi Arif Nihat Asyaya nəzirə
Millətim dikələcək! Vulkan olub püskürəcək!
Qəzəbindən dağ başında qayalar da titrəyəcək!
Aydınların söz qılıncı, cəsurların zərbəsiylə
Zülmün qanlı caynaqları bircə-bircə kəsiləcək!
Al silahı, qalx ayağa, nə haqla yatmaqdasan?!
Babəkin haqq uğrunda vuruşduğu yaşdasan!
--
Şər atlanmış, el qovulmuş yurdundan...
Suvarmışdır bu torpağı igidlərim qanıynan.
Vətən oğlu, sən də atlan, əz ilanı başından!
Yaz adını dastanlara, öyünəlim onuynan.
Unutma ki, bu dağların yoğrulduğu daşdansan...
Şəhidlərin Vətən ücün can verdiyi yaşdasan!
--
Dəliqanlım, çırp üzünə zalimlərin zülmünü!
Haqq güclüdür, söylə sən də cəsarətlə sözünü!
Keç sıraya, zəif bilmə aslan balam, özünü
Yenə bilməz heç kəs elin dağ oynadan gücünü.
İnamınla, imanınla zirvədəsən, başdasan...
İsmayılın əldə qılınc tac qoyduğu yaşdasan!
--
Haydı oğul, tarix yazan igidləri oyandır!
Bayandur xan, Həsən padşah, Rəsulzadə babandır!
Bu torpaqlar Azərbaycan, o torpaqlar Turandır...
“Qisas!”- deyə hayqıran Xocalındır, Şuşandır.
Zülm ərşdə, haqq döyüşdə, sən nədən təlaşdasan?..
Etibarın Qarabağda vuruşduğu yaşdasan!
--
Qoy yaltaqlar haqqı danıb yalanların söyləsin!
Qorxaqlar da qaçıb gedib hərəmlərdə gizlənsin!
Qazilərim ağ atlansın, cəngi səsi səslənsin...
Ərənlərin nərəsindən yerlər, göylər titrəsin.
Sən bürclərdə dalğalanan Üç rəngli qumaşdansan!
Qızım, sən də qəhrəmanlar doğuracaq yaşdasan!
--
“Qalx!” əmrini verdiyi gün komandan...
Al bayrağı, keç irəli, el də gəlsin arxandan.
Əz düşməni, qov yurdundan, yuvandan!
Sana salam, yol gözləyən Laçından.
El səngərdə, əl tətikdə sən də bu savaşdasan!
Mübarizin yağılardan öc aldığı yaşdasan!
Aydın Allahverdiyev

Rəylərin sayı:.