BİR İGİDİN HƏYATI...

BİR İGİDİN HƏYATI...

Baba Allah səni rəhmət eləsin.
BİR İGİDİN HƏYATI...
(Mart Soyqırımı və Xalq Qəhrəmanı Əlixan Rəhimovun igidliyi barədə)
Mart Soyqırımı heç də 26.02.1992 tarixində baş vermiş Xocalı Soyqırımından geri qalmırdı. Mart soyqırımı və ya Mart hadisələri - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğındır. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan isə itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Azərbaycan prezidenti Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.

Əlixan Rəhimov və silahdaşlarının igidliyi
Azərbaycan və eləcə də Cəlilabadın tanınmış və görkəmli şəxsiyyətlərindən biri də Xalq Qəhrəmanı Əlixan Rəhimovdur.
1888-ci ildə Ərdəbil şəhərinin Bənövşədərə kəndində dünyaya göz açmış bu qəhrəman yeniyetmə yaşlarında ikən Arazın şimalına doğru mühacirət etmiş və 1905-1932-ci illər ərzində Bakı şəhərində yaşamışdır.
Əlixan əminin Azərbaycan tarixində iz qoyduğu ən önəmli hadisə onun 1918-ci ilin mart soyqırımında İçərişəhər və Bakının ətraf kəndlərində erməni və rus cəlladlarına qarşı mərdliklə mübarizə aparmasından ibarətdir.
O, 30 yaşında ikən bir neçə igid silahdaşları ilə birlikdə erməni və rus hərbi birləşmələrinin Bakı və digər şəhər və kəndlərimizdə törətdikləri cinayətlər qarşısında müqavimət göstərmiş, onlarca günahsız insanı ölümdən qorumuşdur.
Əlixan Rəhimov Bakı faciəsi zamanı özünümüdafiə dəstələri yaradıb xalqı düşmən təcavüzündən qoruyan igid oğullarımızdan biridir. Tarixi sənədlərə əsasən, o dostu və silahdaşı, Bakı sakini Dadaş Rzazadə ilə birlikdə şəhərin şimal-qərb ətrafını və İçərişəhəri mərdliklə qorumuşdur. Onun həmin hadisələrdə göstərdiyi igidlik və rəşadətləri təsdiq edən sənəd-sübutlar bu günədək Azərbaycan Respublikası Əlyazmalar İnstittunun Arxivlərində qorunub saxlanır.
İndiyədək onun haqqında ölkədə nəşr olunan “Xalq qəzeti”, “Vətən səsi”, “Xalq ordusu”, “Körpü”, “Həməşərə”, “Doğru yol” və digər mətbu orqanlarda müxtəlif yazılar getmişdir. Hələ 1994-cü ildə Azərbaycan Televiziyasından (“Az.Tv) efirə gedən “Yaddaş” filmində də bununla bağlı geniş sujet göstərilmişdir.
Qeyd etmək lazımdır ki, 7 oğul və 5 qız atası olan bu dəyərli qəhrəmanımız 1930-cu illərdə Cəlilabad şəhərinə köçmüş və ömrünün sonunadək (1968) bu şəhərin keçmiş Nizami Gəncəvi (indiki Əlixan Rəhimov) küçəsində məskunlaşmışdır.
Müstəqillik illərində Azərbaycan Dövləti tərəfindən Xalq qəhrəmanı Əlixan Rəhimovun Azərbaycan xalqı qarşısındakı xidmətləri qiymətləndirilərək yaşadığı küçəyə (keçmiş Nizami Gəncəvi küçəsinə) onun adı verilmişdir. Həmçinin, yaşadığı evin qapısında onun xatirəsini əziz tutan və yaşadan xüsusi bir lövhə də yerləşdirilmişdir.

Təklifim:
Əlixan əminin xatirəsinin əbədiləşdirilməsi üçün yaşadığı küçəyə onun adının verilməsi, eləcə də yaşadığı evin qapısında xüsusi xatirə lövhəsinin yerləşdirilməsi olduqca dəyərli və təqdirəlayiq bir addımdır.
Lakin düşünürəm ki, belə bir igid və qəhrəman insanın xatirəsini əbədiləşdirmək üçün ən azından Cəlilabad şəhərində onun büstünün qoyulması daha yaxşı və daha münasib olardı. Bunu isə hal-hazırda Cəlilabad şəhərinin Şəhidlər Xiyabanında həyata keçirmək daha münasibdir. Belə ki, Şəhidlər Xiyabanında yenidənqurma və təmir-abadlıq işləri apararaq onun sağ və sol tərəflərində 20 Yanvar Faciəsi və Mart Soyqırımı guşələrini yaratmaq, Xiyabanın Mart Soyqırımı guşəsində isə Xalq Qəhrəmanı Əlixan Rəhimovun büstünü qoymaq daha münasib və təqdirəlayiq addım olardı. Bununla da Mart Soyqırımı və eləcə də digər milli matəm günlərində uşaq, yeniyetmə və gənc nəslimiz onun ziyarətinə gələrək vətənpərvərlik, insanlıq, mərdlik və igidlik dəyərlərini xatırlamış olarlar. Şübhəsiz, bu sahədə görüləcək işlər və ayrılan xərclər əslində Azərbaycan Dövlətçiliyi və vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edəcəkdir.

İlqar İsmayılzadə


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.