Janna Dark

Janna Dark
Yüzillik müharibə gedirdi. Fransanın iri feodalları arasındakı çəkişmələr ölkənin müdafiəsini təşkil etməyə imkan vermirdi. Bundan istifadə edən ingilislər hücuma keçərək 1415-ci ildə Azenkur şəhəri yaxınlığında qələbə qazandılar. Fransanın şimal hissəsini ingilislər tamamilə ələ keçirdilər. Bir tərəfdən də güclü feodallardan olan Burqundiya hersoqu ingilis kralının tərəfinə keçdi. Paris işğal edildi. Azyaşlı ingilis kralı VI Henrix Fransa kralı e'lan olundu. Fransa kralının oğlu VII Karl hakimiyyətdən kənar edildi. Müvəffəqiyyətdən ruhlanan ingilis orduları ölkənin cənubuna doğru irəliləyirdilər. Fransız qoşunlarının qalıqları isə Luara çayı sahilindəki qalalara sığınmışdı. Belə bir şəraitdə ingilislər Orlean şəhərini mühasirəyə aldı. Orlean əldən çıxardısa işğalçılar üçün cənuba yol açılardı. Fransanın taleyi Orleanda həll olunurdu. 1428-ci il idi. Bu zaman Fransanın şərqində Şampan əyaləti ilə Lotaringiyanın sərhədində yerləşən Domreli kəndindən bir qız peyda oldu. Janna adlı bu kəndli qızın dediyinə görə allah ona hökm edir ki, kralın yanına gedib orduya başçılıq edərək, Orlean üzərindən mühasirəni götürsün və Fransanın qanuni hökmdarı kimi Reymsdə Karla tac qoysun. Təbii ki, qıza inanmır, onun dediklərini sayıqlamalar hesab edir, onu ələ salırdılar. Qız isə inadından dönmür, dediklərini dəfələrlə təkrar edir və kralın yanına aparılmasını tələb edirdi. Bu elə bir dövr idi ki, kəndlilər feodalların özbaşınalığından, yadellilərin zülmündən cana gəlib nəzərlərini krala dikmişdilər. Güclü hökmdar vahid dövləti təcəssüm etdirir, vahid dövlət ağaların özbaşınalığını zəiflədirdi. Həm də hökmdarın güclənməsi, ölkənin müdafiənin güclənməsi demək idi. Bəli, Janna başqalarına bənzəmirdi. O, hər şeyi fərqindən duyur, bərk həyəcanlanırdı. Qızın eşitdiyi daxili səslər həqiqətən var idi: bu səslər əzab çəkmiş adamların naləsi, iztirab içində olan vətənin fəryadı, onun böyük və həssas qəlbinin harayı idi. Kənddə belə bir əfsanə yayıldı ki, Fransanı bir qadın bərbad edəcək (VII Karlın analığı kraliça İzabo), amma bir qız onu bu bəladan qurtaracaq. Həmin qız Lotaringiyadan, qədim palıd meşəsindən gələcək… Əfsanə haradan əmələ gəlmişdi, heç kəs bilmirdi.
Janna Dark
Nəhayət, Janna Vokulerin kapitanı Bodrikuru inandıra bildi. 1429-cu il fevralın 12-də Janna və onun müşaiyyətçiləri Şinona, kralın yanına yola düşdülər. Onun haqqında xəbər gedib krala çatmışdı. Kral onun gəlməsinə icazə vermişdi. Çarəsi nə idi? O, öz ölkəsinin sahibi deyildi. Ölkə yanğın, ehtiyac və aclıq içindəydi. Karl yalnız «Burne» kralı idi. O, Burne şəhəri daxil olmaqla Fransanın yalnız bir hissəsinin sahibi idi. Hətta, özününkilər də onu kral saymırdılar. Onun qanuni tacqoyma mərasimi olmamışdı, o, şahzadə olaraq qalmaqdaydı. Karl otaqda var-gəl edərək öz-özünə deyirdi: - Qız… xalq onu Qız adlandırır. Deyirlər Fransanı qız xilas edəcək. Qız!.. Nə olar. Axı niyə də bəxtini sınamasın? Bəlkə bu xoş əlaməti yuxarıdan, allahdandır. Yalnız cahil və lovğa adam kömək əlini rədd edər». Şinon sarayı qızı qəbul etməyə hazırlaşmışdı. Ə'yanların, ruhanilərin qərarı ilə onu burda sınaq gözləyirdi. Əgər allah tərəfindən göndərilibsə, qoy məclisdə kralın kim olduğunu özü tapsın. Küçədə vəcdə gəlmiş camaat onu saray qapılarınadək ötürdü. Cəngavərlər ona ürək-dirək verdilər. Qəbul salonunun qapıları açılanda gözləri qamaşdı. İçəridəki bər-bəzəkli ə'yanlara fikir vermədən irəlilədi və sadə geyimli arıq bir adamın qarşısında diz çökdü: - Salam, əziz şahzadə! Allah sizi xoşbəxt eləsin. – dedi. Hamı çaşıb qalmışdı. O, Karlı dilə tuturdu ki, heç nədən qorxmasın, ona inansın və qoşun versin, yerdə qalanlar onu narahat etməməlidir. O, Fransanı xilas etmək üçün gəlmişdir. Saray adamları gördülər ki, kralın üzü işıqlanıb. Bu günlər ərzində VII Karl ilk dəfə idi ki, gülümsünürdü.
Janna Dark
Sarayda keçirilmiş sınaqlar kifayət etmədi. Qərara gəldilər ki, onu Puatye şəhərinə göndərsinlər. Müqəddəs atalar onu yoxlarlar. Qoy onların hökmü son hökm olsun. «Müqəddəs atalar»ın uzun yoxlamadan sonra, kralın, xalqın təsiri altında gəldikləri qərar bu sözlərlə başlayırdı: «Kral və krallığın, habelə sülh və ədalət həsrətində olan zavallı xalqın ehtiyaclarını nəzərə alaraq biz qızı uzaqlaşdırmağı və rədd etməyi lazım bilmirik…» Bu, qızın həsrətini çəkdiyi həmin icazə idi ki, onsuz Jannanın cəsarətli planı heç vaxt həyata keçməzdi. Janna yürüşə hazırlaşırdı. Tanıyanlar da, tanımayanlar da bu işdə ona kömək göstərirdilər. Kralın əmri ilə ona ağ rəngdə dəmir geyim hazırlandı. Bir qədim qılıncın pasını təmizləyib, ona qın düzəltdilər. Heç kəs Jannanı komandir təyin etməmişdi. Amma o hiss edirdi ki, rolu nədən ibarət olacaq. O, xalq rəhbərinə çevrilirdi və böyük bayrağa ehtiyacı vardı. Şotland rəssamı Pauf ağ qumaş parça üzərinə xeyir-dua verən Allah şəklini çəkdi. Janna bu şəkli «Sülh» sözü ilə adlandırdı. Parçanın arxasında sülhün rəmzi olaraq göyərçin şəkli təsvir olundu. Janna deyirdi: «Mən bu qılıncımı sevirəm, ancaq bayrağımı qat-qat ondan çox istəyirəm». Qılınc müharibə, ölüm carçısı idi. Jannanın ağ bayrağı isə sülhü, həyatı təcəssüm edirdi. Janna yeni ordunun hazırlanmasında fəal surətdə iştirak etdi. Qız hərbi intizama böyük əhəmiyyət verirdi. O, özünün dəmir xarakteri ilə buna nail oldu. Yürüşdən qabaq Janna ingilis qoşun başçılarına qısa müraciətnamə diktə etdi. Məktubun əsas məzmunu bundan ibarət idi ki, sülh müharibədən yaxşıdır. Təklif olunurdu ki, xoşluqla çıxıb, öz evlərinə getsinlər. Əgər getməsələr bilsinlər ki, qılınc qaldıran qılıncla da öldürüləcəkdir. Nəhayət, yürüşə hazır olan ordu 1429-cu il aprelin 27-də Bluadan Orleana yola düşdü. Janna sərkərdələrdən tələb etdi ki, onu birbaşa Orleanı mühasirəyə salmış ingilis qoşunlarının komandanı Talbotun mövqeləri üzərinə aparsınlar. Lakin kapitanlar Orleanın müdafiəsinə başçılıq edən qraf Dünüanın təlimatına əsasən ordunu Luaranın sol sahili ilə apardılar. Lakin Orleana yaxınlaşanda gördülər ki, bu qədər qoşunu və yükləri çayın sağ sahilinə keçirmək mümkün olmayacaq. Janna qraf Dünüanı təhdid edəndə müdrik sərkərdə etiraf etməli oldu ki, savadsız kəndli qızı haqlıdır. Bu məsələ ətraflı düşünülməyib. Dünüa təkid edirdi ki, Janna ordunu qoyub şəhərə daxil olsun. Yalnız inandırıcı surətdə sübut edəndə ki, o Orleana hava, su kimi lazımdır, onda Janna razılıq verdi. Aprelin 29-da qaş qaralanda Janna Orleana daxil oldu. Bütün şəhər əhli onu qarşılamağa çıxmışdı. Ağ atın belində, ağ dəmir geyimdə, əlində ağ bayraqla Janna əsrarəngiz görünürdü. Sanki, şəhəri xilas etmək üçün göylərdən indi yerə enmişdi. Minlərlə adam onun atına, paltarına toxunmaq istəyirdi. Bəli, o möcüzəydi və bu möcüzə də Orleanı xilas etməliydi! İndi kimin buna şübhəsi ola bilərdi. Səhərisi Janna özü düşmənlə danışmaq istədi. Sent-Antuan istehkamına çıxaraq ingilis kapitanlarını səslədi. Janna tələb etdi ki, Orleandan rədd olub getsinlər. Qarşı tərəfdən cavab gəldi: - Özün rədd ol, fahişə! Nə qədər səni tutub yandırmamışıq, get inəklərini otar. - Onsuz da tezliklə buradan gedəcəksiniz, - deyə qız ağlaya-ağlaya qışqırdı. Bütün igidliyinə baxmayaraq Janna qadın olaraq qalırdı, qəlbinə dəyəndə ağlayırdı. Mayın 2-də qız ingilis qalalarının yerləşməsi ilə tanış oldu. Ertəsi gün ordu gəlib çıxdı. Dünüa xəbər gətirdi ki, Con Fastolfun başçılığı ilə ingilislərə əlavə qüvvə gəlir. Kapitanlar qərara gəlmişdilər ki, Jannanı hərbi işlərə qarışdırmasınlar. Qoy o, büt olaraq qalsın. Qara camaat bu işdən kənar edilməlidir. Qələbə qazanılsa, bunu əsilzadə zadəganlar etməlidirlər. Dünüa bu fikrə tərəfdar idi, amma Jannanı da yaxşı müşahidə etmişdi. Bilirdi ki, qızı belə asanlıqla kənarlaşdırmaq mümkün olmayacaq. Səhərisi Janna qəflətən, top səsinə yuxudan ayıldı. Bu nədir, yoxsa döyüşü onsuz başlayıblar. Artıq iki saat idi ki, döyüş gedirdi. Kapitanlar qızdan və şəhər yığma qoşunundan xəbərsiz Sen-Lu qalasına hücum etmişdilər. Hazırlıqsız hücum nəticə verməmişdi. İndi fransızlar başıpozuq halda döyüş meydanından qaçırdılar. Bu vaxt Janna əlində bayraq onların yolunu kəsdi. - Dayanın düşmənə arxa çevirməyin! İrəli! Budur, sarsılmış kapitanların gözləri önündə möcüzə baş verir. Yorğun, düşməndən qaçan əsgərlər qızın ardınca geriyə dönürlər. İndi onlar heç nədən qorxmurlar. Deyəsən, o tilsimlənib, ətrafa səpələnən oxların heç biri ona dəymir. Onun sehrbazlığı qorxmazlığındadır. İngilislər bunu gözləmirdilər. Çox sürətlə qalaya hərəkət edən Jannanın qarşısında duruş gətirmədilər. Jannanın bayrağı Sen-Lu qalasının üstündə dalğalanırdı. Qalaya köməyə tələsən Tolbot bayrağı görəndə başa düşdü ki, gecikib. Sen-Lunun alınması o demək idi ki, mühasirə həlqəsi yarılıb. Həmin gün 1929-cu il mayın 4-ü belə qurtardı. Bu böyük gündü və o, haqlı olaraq Jannaya məxsus idi.
Janna Dark
İndi qarşıda duran əsas vəzifə Turel qalasını ələ keçirmək idi. Lakin yenə də qraf Dünüa və kapitanlar əməliyyatın əsl planını Jannadan gizlətdilər. Ona təklif olundu ki, yığma qoşunla Tolbotun əsas qüvvələri yerləşən Sen-Loraks qalasına hücum etsin. Beləliklə, ingilislərin əsas qüvvələrini Janna öz üzərinə çəkəcək, əsil-nəcabətli cəngavərlər isə Tureli çox rahat, maneəsiz ələ keçirəcək və Orleanın mühasirəsini məhz onlar aradan qaldıracaqlar. Əhsən?! Jannaya təbiət fitri xüsusiyyətlər bəxş etmişdi. Sadəlövh və ürəyiaçıq olan bu qızı aldatmaq qeyri-mümkün idi. Ətrafdakılara elə gəlirdi ki, bu allahın möcüzəsidir. İndi də qız zadəganların ikibaşlı oyun oynadıqlarını başa düşdü. Mayın 6-da Janna öz qüvvələri ilə Turel üzərinə hücuma keçdi. Sent-Ogusten təpələrinin arxasında Tureli müşahidə edən Janna bu nəticəyə gəldi ki, dünənki fikri doğru olub. Ayrı-ayrılıqda bu istehkamları almaq mümkün olmayacaqdır. Birgə hərəkət etmək lazımdır. Zadəganlar narazı qalsalar da döyüşdə iştirak etməyə məcbur oldular. Turel qalası qarşısında adamları ruhlandırmaq üçün Janna nərdivanı çiyninə alaraq: - Kim məni istəyirsə, ardımca gəlsin, - dedi və nərdivanı qalaya dirədi. Bu an ox sağ çiyinliklə dəmir geyimin arasındakı boş yerə dəydi. Qız köməyə gələn əsgərlərin qolları üstə düşdü. O, dilxorluqdan ağlayırdı. Axı qələbə lap yaxında idi. Əl atıb oxun qırığından yapışır, dartıb yaranın içərisindən çıxarır. Yaranın üstünü sarıyıb qanı saxlayırlar. Janna əmr edir ki, yaraq-əsləhəni ona geyindirsinlər. Dünüa xahiş edir ki, bu günlük kifayətdir. Bu nədir, şeypur çalınır. Geri çəkilmək siqnalı verilir. Janna şeypurçunun üzərinə atılır, əsgərlərə müraciət edir: - Heç nədən qorxmayın, ingilislər sizin üstələyə bilməzlər. Yenidən hücum başlayır. Axşam üstüdür. İngilislərin müqaviməti zəifləyirdi. Turel ələ keçirildi. Jannanın bayrağı qalanın üstündə dalğalanırdı. Orlean hücum edənləri alqışlayırdı. Bu, mayın 7-dən 8-nə keçən gecə şanlı Orlean şəhərində susmaq bilməyən zənglərin səsi idi. Zadəganların VII Karla yazdıqları məktubda Janna haqqında bir cümlə yazılmışdır: «Bir sıra döyüşlərdə qız da iştirak etmişdir». Əsl-nəcabətli cəngavərlərdən olan de Lare Dünüaya yaxınlaşdı: - Monselyor, deyə bilməzsiniz, Orleanın mühasirəsi neçə gün davam etmişdir? - Əlbəttə messir, deyə bilirəm: cəmi iki yüz gün. - Bəs qızın gəlməsinin neçənci günü mühasirə götürüldü? - Doqquzuncu günü. Onun daha sualı yox idi. Janna əsrlərin yaddaşına Orlean qızı kimi daxil oldu. Orlean qələbəsi bütün Fransanı hərəkətə gətirdi. Fransız xalqı başını qaldırırdı. Düşmənin məğlubedilməzliyi haqqında söz-söhbəti alt-üst olmuşdu. Qələbəni möhkəmləndirmək üçün Lauranın orta axarını təhlükəsizlişdirmək Menq, Bojanski, Jarjo şəhərlərini təmizləmək gərəkdi. Yeni ordunu yaratmaq o qədər də çətin olmadı. Fransanın hər yerindən Jannanın yanına axışıb gəlirdilər. Mayın axırlarında onların sayı on iki min idi. Yeni ordu həqiqətən xalq ordusu idi. Bu ordu nə uğrunda mübarizə aparacağını bilirdi. Jarjoya yaxınlaşan Janna şəhərin kapitanı qraf Seffolka qalanı tərk edib getməyi təklif etdi. Kömək gəlməsinə ümidini itirməyən qraf iki həftə vaxt istədi. Janna şəhərə hücum əmrini verdi. Fransızlar şəhər divarı üzərinə qalxanda qraf Seffolkun carçısı təslim olmaq haqqında xəbər gətirdi. Artıq gec idi. Bununla da o, ölümün pəncəsindən qurtardı. Qüllədən atılan daş onu nərdivanın son pilləsində haqlamış və o, səntirləyərək xəndəyə yaxınlaşdı. Lakin tez özünü ələ alaraq bayrağı götürmüş və əsgərləri haylayaraq irəli cummuşdu. Şəhərin ələ keçirilməsi o demək idi ki, Orleandan şərqə doğru bütün Orta Luara ingilislərdən azad edilmişdi. İyunun 15-də Jannanın qoşunu Bojanski ətrafında idi. Şəhər qarnizonu yüngül şərtlərlə qalanı təhvil verib getdi. Elə bu vaxt Jannaya xəbər gətirdilər ki, Pate kəndi tərəfdən böyük qoşun gəlir. Bu əfsanəvi Con Fastolf idi. Nəhayət ki, cəlib çıxmışdı. Janna ordusunun formal komandanı hersoq Alansonski ondan soruşdu: - Biz döyüşəcəyikmi Janna. - Sizin yaxşı mahmızınız varmı? – Qız suala sualla cavab verdi - Siz nə danışırsınız, Janna? Doğrudanmı biz qaçmalı olacağıq. Qız gülümsündü: - Xeyr, biz ingilisləri izləməli olacağıq. Döyüş iyunun 18-də baş verdi. İngilis ordusunu Janna qəflətən hərəkət edən zaman yaxaladı. Onlar qoşunu döyüş meydanındı düzməyə vaxt tapmadılar. Talbot əsir alındı. Con Fastolf öz müşayiətçiləri ilə birlikdə əkildi. Janna döyüş meydanındakı qırğını saxlaya bilmədi. Bu cəngavər müharibələrinin «şanlı» ənənələrindən biri idi. Budur, əsir alınmış ingilis kostyumundan xoşu gələn fransız cəngavəri onu nizə ilə ölümcül yaralayır. Janna əlüstü ingilisin yanına qaçıb əlindən gələn köməyi etməyə çalışdı. O, için-için ağlayırdı. Sadə kəndli qızı qəddarlıqla heç cürə barışa bilmirdi. Pate ətrafındakı qələbə Orlean döyüşü kimi geniş əks-səda yaratdı. Bu vaxta qədər «Burne kralı»na nifrət bəsləyən bəzi iri feodallar belə indi tərəddüd etməyə başladılar. İndi Janna qarşısına qoyduğu əsas məqsədi yerinə yetirməli idi. Təcili kralı Reymsə aparmaq və tacqoyma mərasimini keçirmək lazım idi. İyunun 27-də ön dəstələr Jyendən hərəkətə başladılar. Artıq azadlıq ordusunun tərkibində otuz minədək adam var idi. Jyendən Reymsə qədər 300 km-lik yol cəmi iyirmi gün çəkdi. Yolda Trua, Şalon və digər şəhərlər ələ keçirildi. Bir çox şəhərlər könüllü təslim olurdu. İyulun 16-da azadlıq ordusu Reymsə daxil oldu. 17-də Reyms kilsəsində təntənəli tacqoyma mərasimi keçirildi. Kral Valua VII Karl adı altında Fransanın qanuni hökmdarı oldu. O, öz borcunu yerinə yetirmişdi. Orleanı mühasirədən çıxarmış və VII Karlı Reymsə gətirmişdir. Amma paytaxt hələ düşmən əlində ikən o gedə bilərdimi? Bu xəyanət olardı. Parisə getmək lazımdır. Belə bir anda saray sülhdən danışmağa başladı. Həyat ona bir həqiqəti öyrətmişdir. Sülhü, azadlığı, istiqlaliyyəti amansız döyüşlərdə qazanmalısan. Düşmən heç vaxt könüllü çıxıb getməz. Qız qorxaqlara dəfələrlə deyirdi: «Biz nizələrimizin ucunda düşmənə sülh aparırıq». Qəribə müharibə gedirdi. Böyük məsafələr qət edilir, lakin döyüşlər olmurdu. Hamı bir-birinə kələk gəlməyə çalışırdı. Avqustun 23-də Janna Krala bircə kəlmə demədən, şuradan icazə almadan qoşun başçısına müraciət etdi:- Hazırlaşın mən Parisi görmək istəyirəm. İki gündən sonra onlar Parisdən iki kilometr kənarda yerləşən Sen-Denidə idilər. Parisə hücum sentyabrın 8-nə təyin edildi. Həmin gün xristian bayramı idi. Buna baxmayaraq, Janna hücum əmri verdi. Döyüşün qızğın çağında Janna necə yaralandığını hiss etmədi, ox ombasına dəymişdi. Qız gözünü qıyıb oxu çıxardı. Yaradan qan fışqırdı. Birtəhər qanaxmanı dayandırdılar. Şeypur səsləndi. Bu səs Tureldə də ona maneçilik törətmişdi. Hersoq Alaxonski döyüşü dayandırmaq üçün Jannanı dilə tutdu. Təzədən at belinə qalxan Janna ucadan söylədi: «Mən şəhəri almamış qayıtmayacam». Səhərisi gün hücum üçün hər şey hazır idi. Bu zaman kralın əmri gəldi. Qoşun Sen- Deniyə qayıtmalı idi. Qız quruyub qaldı. Əmri isə yerinə yetirməmək olmazdı. O, artıq çoxlarına maneçilik törədirdi. İngilislərə də, fransız əsilzadələrinə də, feodallara da, hətta kralın özünə də. Hakim təbəqə ondan yaxa qurtarmağın yollarını arayırdı. Əyanları narahat edən xalqın onda öz xilaskarını görməsi idi. Ona görə də Jannanı sarayda saxlayır, onun kənara çıxmasına imkan vermirdilər. Əsas döyüşlər Kompyen ətrafında gedirdi. Belə anda Jannanı sarayda saxlamaq mümkün idimi? 1430-cu ilin aprelində, bir yaz səhəri Janna casusları aldadaraq kiçik bir dəstə ilə kralla vidalaşmadan Kompyenə yola düşdü. Qızın müharibə meydanına qayıtması xəbəri sürətlə ətrafa yayıldı. Çoxdan idi ki, xalq içərisində görünmürdü. Mayın 14-də Janna Kompyenə daxil oldu. Şəhər onu təntənə ilə qarşıladı. Bir müddətdən sonra şəhər burqundiyalılar tərəfindən tamamilə mühasirəyə alındı. Mühasirəyə düşənlər tez-tez şəhərdən çıxıb burqundiyalılara hücum edirdi. Belə hücumların birində Janna yanındakı cəngavərlərin qəfil şəhərə sarı çəkildiklərini gördü. Janna qalaya sarı döndü. Birdən nə gördüsə, damarlarından axan qanı dondu. Çay üzərindəki körpünü qaldırırdılar. Daha şəhərə girmək mümkün deyildi. Janna burqundiyalılara əsir düşdü. «Mavr artıq öz işini görmüşdür» Burqund əsirinin taleyi müəyyənləşincə yarım il keçdi. Sevimli kralı, bütün əldə etdiyilə Jannaya borclu olan VII Karl onu əsirlikdən xilas etmək üçün cəhd də belə göstərmədi. Fransa naminə ölümdən qurtardığı və hakimiyyət başına qoyduğu adamlar indi ona etinasız yanaşırdılar. Tutulan günün səhərisi Ruanın baş inkvizitoru qızın küfr üstündə şübhə altına alınmasıyla əlaqədar olaraq iddia irəli sürdü. Paris universitetinin ilahiyyatçıları Tor ata ilə tamamilə həmrəy idi. Onu xüsusi kilsə məhkəməsi mühakimə etməli idi. Altı aydan sonra onun qorxduğu hadisə baş verdi. Burqundiya hersoqu xeyirxah Filipp Jannanı 40 min franka ingilislərə satdı. Hökumət komissarları həmin gün cadugəri öldürmək istəyən ingilis kapitanlarının qarşısını çətinliklə aldılar. İstintaq 1431-ci il fevralın 21-də başlandı. Məhkəmənin heyəti ancaq ingilispərəst ruhanilərdən ibarət idi. «Müqəddəs atalar» qərara gəlmişdilər ki, məhkəmə nümunəvi olsun. Məhkəmənin sədri yepiskop Pyer qıza müraciət etdi: - And iç ki, ancaq doğru cavab verəcəksən. - Mən bilmirəm nə barədə soruşacaqsınız. Özüm haqqında həvəslə danışaram. Amma elə şeylər var ki, yalnız allaha və krala aiddir. O barədə susacağam. O, məhkəməyə meydan oxuyurdu. Qaçmaq cəhdi ilə bağlı suala: - Mən qaçmaq istədiyimi inkar etmirəm. Hər bir dustaq bu arzuyla yaşayır, - dedi. «Atalar» əsəbiləşmişdilər. Xeyr, əzizlərim, indi Janna Puatyedəki Janna deyildi. Ötən iki il ona çox şey öyrətmişdi. O bilirdi ki, nəinki öz həyatı, həm də öz vətəninin şərəfi uğrunda mübarizə aparır. Buyurun, nə qədər istəsəniz suallar verə bilərsiniz, cənab ilahiyyatçılar. - Bayrağına mövcud şəkli çəkməyi sənə kim əmr etmişdi? - Allahın göstərişlərindən savayı heç nə etməmişəm. Hücuma keçəndə bayrağı özüm götürürdüm ki, heç kəsi öldürməyim və hələ bir dəfə də olsun adam öldürməmişəm. - Allah ingilislərə nifrət edlirmi? - Allahın onlara nifrət etməsi barədə heç nə məlum deyil. Amma əminəm ki, burda ölənlərdən başqa bütün ingilislər Fransadan qovulacaqlar. - Məgər ata-anadan icazəsiz evdən getmək böyük günah deyilmidir? - Borc məni bu yola çağırdı. Yüz atam-anam olsaydı, yenə də çıxıb gedərdim. «Müqəddəs atalar» çaşıb qalmışdı. Onu daha çətin vəziyyətə salmaq lazımdır, - deyə düşündülər. - De görək milad günü Parisə hücum etmək yaxşı haldımı? - Milad bayramına riayət etmək, şübhəsiz, yaxşıdır. Amma bu bayramları hər kəs öz vicdanında əziz saxlasa, daha yaxşı olar. - Əsgərləri döyüşə ruhlandırmaq üçün hansı cadugərlik üsullarından istifadə etmisən? - Mən onlara «İrəli!» demişəm və birinci özüm qabağa atılmışam. - Niyə kasıblar yanına gəlib, müqəddəs adam kimi sənə ehtiram bəsləmişlər? - Kasıblar ona görə xətrimi istəyirdilər ki, onlarla mehriban idim və əlimdən gələn köməyi edirdim. - Nə üçün Peymsdə tocqoyma mərasimi vaxtı başqa sərkərdələrin bayraqlarından fərqli olaraq, sənin bayrağına üstünlük verirdilər. - Bu bayraq zəhmət və hünər bayrağı olduğuna görə şərəf də onundur, - deyə Janna qürurla cavab verdi. Kilsə xadimləri hiss edirdilər ki, 19 yaşında olan qız onlardan güclüdür.O, öz haqq işi ilə güclü idi. Bilirdi ki, orada, azadlıqda gördüyü işi burada, məhkəmədə başa çatdırmalıdır. Lakin hansı məhkəmədə. Bu, nəticəsi əvvəlcədən bəlli olan məhkəmə idi. Burada ədalətdən əsər-əlamət yox idi. Elə bu məhkəmə də ona hökm verdi. O, cadugərdir və mütləq cəzalandırılmalıdır. 1431-ci il mayın 30-da Ruan şəhərinin Köhnə Bazar meydanında eşafot qurulmuşdu. Eşafotun ortasında dirəyə yazılı lövhə vurulmuşdu: «Janna adlı bu qız mürtəd, ifritə… qaniçən, şeytanın nökəri, təfriqəçi və kafirdir».
Janna Dark
Ölümü çox sakit qarşıladı. Çünki mənən o qalib idi. Qara tüstü onu bürüyüncə, xalqına son salamını göndərirdi. Bir az keçməmiş, 1466-cı ildə Fransa məhkəməsi ona bəraət qazandıracaq, 1920-ci ildə Jannanı odda yandıran katolik kilsəsi onu müqəddəslər sırasına daxil edəcək, 1979-cu ildən Fransada hər il mayın ikinci bazar günü Janna Dark günü kimi qeyd ediləcək. Bunlar sonra olacaq. Tarix ona öz qiymətini verdi. Zamanın sınağından çıxmış Janna Dark azadlıq simvoluna çevrildi.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 30 noyabr 2011 20:58
    Mukemmel bir meqaledir. Nizami muallim ele bil kinoya baxirdim yazilar mene sanki film kadrlarini lap duzu desem ele bir canli olaraq Jannanin yanindaydim. Teshekkur edirem bu Janna haqqinda oxuduqum en qozel meqaledir. Ardi qelsin Nizami muallim .....

  2. 1 dekabr 2011 12:02
    cox gozel meqaledi,cox sag olun

  3. 1 dekabr 2011 20:18
    ela muellim
    gozel meqledi/amma menim muellimim daha yaxsidiiiiii

  4. 1 dekabr 2011 20:53
    Eziz ve hormetli Azer, muellimine bu qeder ehtiram besleyir ve qiymetlendirmeyi bacarirsansa sene ve muellimine ehsen.

  5. 1 dekabr 2011 21:40
    cox hormetli Nizami m meqaleye gore cox sagolun..Sizin yazidan cox tesirlendim..Siz fransann o dovrki veziyytini simasini gosterdiniz..hadiseler cox etrafli tehlil olunur.bilirem ki, bele meqael yalniz coxlu sayda menbeleri tanidiqdan sonra yazila biler..Bir daha siz teshekkur edirem.Size bir sualim var sizde hesab edirsinizmi ki, Janna ness bir muqeddes bir guc var yoxsa sadece bir tesaduflik idi?

  6. 1 dekabr 2011 23:09
    Hormetli Fuad muellim diqqetinize ve semimi sozlerinize gore cox sag olun. Bir sheyi duz qeyd edirsiniz ki,bu meqaleni yazmaq ucun men bir sira menbelerden istifade etmishem.Calishmisham ki,populyar,yeni hem ushagin,hem de muellimin basha dushduyu dilde oxuculara catdirim.Sizin kimi bir hemkari ve oxucunu keshv etdiyime cox shadam. Qaldi sizin sualiniza. Defelerle uzr isteyirem,gorunur meqalenin tesirinden cixa bilmemisiniz ve yaxud da cox emosional oxucusunuz. Tevazokarliqdan uzaq olsun,deyesen men de meqaleni tesirli yazmisham. Amma meqalede sizin suala cavab var.Gorun orda ne yaziram :"Qizin eshitdiyi daxili sesler var idi,bu sesler ezab cekmish adamlarin nalesi,iztirab icinde olan vetenin feryadi,onun boyuk ve hessas qelbinin harayi idi." Tarixci kimi men size deyim ki,orta esrlerde ekser cixishlar ve usyanlar dini perde altinda gedirdi.Cunki xalqin basha dushduyu dil bu idi.Mene ele gelir ki,sualiniza etrafli cavab verdim. Sizin kimi oxucu tapdigima gore cox shadam. Bu gun Kolumb haqqinda da meqaleni sayta qoyduq.Bu meqale haqqinda da Sizin teesuratiniz maraqli olardi.Hormetle.

  7. 4 dekabr 2011 22:22
    Nizami m.cox soqolun xosh sozlerinize gore..Ancaq sualimi yeqin duzgun catdirmadim.. Elmdede bele bir fikir yayilib ki guya Janna Allah terefinden gonderilib..men shexsen sizin fikrini bu mesele baresinde oyrenmek isterdim..Bir daha size teshekkur edirem!!!

  8. 5 dekabr 2011 23:17
    Fuad muellim men sizi cox gozel basha dushmushem. Bir coxlari bele hesab edir ki, Jannada fovqeltebii quvve vardir, o goylerden yere enmishdir. Her bir zaman oz tarixi shexsiyyetini yetishdirir.Tarixi shexsiyyet odur ki,zamanin ne teleb etdiyini basha dushur ve kutleni oz arxasinca apara bilir.Insanlar ise hemishe bu adamlarda fovqel quvve axtarir.Janna Dark zamanin yatishdirdiyi adam idi ve onda hec bir fovqeltebii quvve yox idi.Eger ele olsaydi onda niye onu odda yandira bildiler?

  9. 6 dekabr 2011 23:15
    Cox saqolun Nizami m deyerli fikirlerinize gore bax ele bunu eshitmek isteyirdim..

  10. 11 yanvar 2012 16:46
    chox saqolun Nizami muellim maraqli melumatlarla zengin meqale ucun

  11. 5 fevral 2012 13:50
    cox maraqli idi tesekkur edirem

  12. 19 fevral 2012 10:44
    sagolun maraqlidi

  13. 19 iyul 2012 00:31
    Cox maraqli ve tesirli idi,tesekkur edirem!

  14. 31 avqust 2012 16:36
    maraqlidir janna-d-arki sevirem cunku o merd ve cesur idi

  15. 11 aprel 2013 23:06
    men janna haqqinda kitab oxumuwam genc tarixci kimi bu qadinin vurgunuyam ne qeder tarixi wexsiyyetler var Jannasa menimcun Tarixin mucemmesidir
    onda qeyri adi bacariqlar olub hee o kralin yaninda olandada maraqli dioloqlara rast gelmek olur.
    filmise lap superdi ve burda yazilan geyim ve saireni orda gormek olar

  16. 12 aprel 2013 12:17
    CoX MARAQLI MEQALEDI.

  17. 21 aprel 2013 22:14
    bu sexsin haqqinda oxumaq maraqli idi tarixde bele qadinlarin olmasi ve onlar haqqinda melumatlari olmasi butun qadinlarin ne qeder guclu, ne qeder derrakeli, ne qeder agilli, ne qeder savadli, ne qeder zerif olmasi bele melumatlarda, bele tarixde bele hadiselerde qadinlarin guclu bir mexluq olmasi eks etdirilir.bu melumata gore coooox sag olun.

  18. 5 noyabr 2013 19:56
    kim yazibsa tesekuler

    oooo JANNA DARK

  19. 23 noyabr 2013 21:29
    maarqldir.janna dark.cox maarql ixeber yazmisan

  20. 3 dekabr 2013 16:58
    Janna darki tanimirdim sshenizde tanidim cox sagolun cox marsqli idi.


    Janna darkini tnimirdim sahenizde tanidim cox maraqli idi cox sagolun.

    --------------------

  21. 4 dekabr 2013 21:03
    maraqsiz hec ewitmemiwdinki janna Dark haqqinda?sef elemiremse 8ci sinif orta esrler tarixinde qisa melumat var bu barede :)

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.