Leyla Ələsgər qızı Məmmədbəyova

Leyla Ələsgər qızı Məmmədbəyova

Leyla Ələsgər qızı Məmmədbəyova

Azərbaycanın ilk qadın təyyarəçisi. Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1930-cu ildə orta məktəbi bitirdikdən sonra 1931-ci ildə Bakı Aviasiya məktəbinə daxil olmuş və 1932-ci ildə təyyarəçi ixtisası üzrə məzun olmuşdur. 1931-ci ildə təcrübəli mütəxəssis kimi Bakı aeroklubunda ilk dəfə U-2 təyyarəsi ilə havaya qalxmışdır. 1932-ci ildə L. Məmmədbəyova təhsilini davam etdirmək üçün aeroklubun rəhbərliyi tərəfindən xüsusi göstərişlə Moskvaya Mərkəzi Aviasiya məktəbinə ezam edilmiş və 1932-ci ildə həmin məktəbi təlimatçı-təyyarəçi ixtisası üzrə bitirmişdir. 17 mart 1933-cü ildə Moskva Tuşino aerodromunda ilk paraşüt tullanışını həyata keçirmiş, SSRİ məkanında qadın paraşütçüləri arasında ikinci yeri tutmuşdur.
Şöhrəti tezliklə bütün ölkəyə yayılan Leyla Məmmədbəyovanın şəkli Moskvada nəşr olunan "Oqonyok" jurnalının üz qabığında verilmiş, şəklin altında isə bu sözlər yazılmışdı: "Türk qadını Şərqin ilk təyyarəçi qadınıdır ". Şəxsi təyyarəsi olan bir ingilis qadını Leylanın Moskva səmasında uçması xəbərini eşidəndə və şəklini "Oqonyok" jurnalında görəndə gözlərinə inanmamışdı. O, şərqli qadının təyyarə sürməsini öz gözlərilə görmək üçün Moskvaya, Tuşino meydanına gəlmişdi. Bu zaman L. Məmmədbəyova "U-2" təyyarəsində səmada dövrə vurub yerə enirdi. Təyyarənin pərləri dayandı, qapı açıldı, əynində pilot paltarı olan iri qara gözlü bir qadın yerə düşəndə ingilis qadın heyrətlə demişdi: "Afərin! Bu, əsl inqilabdır!"
L. Məmmədbəyova 1933-1941-ci illərdə Bakı aeroklubunda təlimatçı-təyyarəçi, 1941-42-ci illərdə təyyarəçilər klubunun rəisi, 1942-47-ci illərdə planer-paraşütçü klubunun rəisi, 1947-49-cu illərdə Bakı aeroklubunda dəstə komandiri vəzifələrində çalışmışdır. 1941-ci ildə ona aviasiya mayoru rütbəsi verilmişdir.
Böyük Vətən müharibəsi illərində onun rəhbərlik etdiyi klubun 4000-ə yaxın paraşütçü-desant, yüzlərlə təyyarəçi məzunu olmuşdur. Səhhəti ilə əlaqədar olaraq L. Məmmədbəyova 1949-cu ildən etibarən təyyarəçilik fəaliyyətini dayandırmışdır. 1949-53-cü illərdə Azərbaycan SSR Sənaye Nazirliyinin alkoqolsuz içkilər zavodunun direktoru, 1954-cü ildən 1961-ci ilədək OADKYC-nin (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti) Bakı şöbəsinin sədr müavini vəzifələrində işləmişdir. 1961-ci ildə təqaüdə çıxmışdır.
Leyla Məmmədbəyova aviasiyadakı xidmətləri və ictimai fəaliyyətinə görə 1936-cı ildə SSRİ K/b/P MK-nin fərmanı ilə “Şərəf nişanı” ordeni, 1945-ci ildə “Qafqazın müdafiəsinə görə”, 1946-cı ildə “Əməkdə fərqlənməyə görə”, “Əmək rəşadətinə görə”, “Əmək veteranı” medalları ilə təltif olunmuş, çalışdığı idarənin rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlarla mükafatlandırılmışdır.

Mənbə:Azerbaycan Mülki Aviasiya Muzeyi


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.