Azərbaycan Atabəylər dövlətinin qadın qəhrəmanı-Mehrican Xatun

Azərbaycan Atabəylər dövlətinin qadın qəhrəmanı-Mehrican Xatun
Qəhrəmanlıq və cəsurluq ifadələri sanki Azərbaycan xanımlarının adı ilə qoşalaşıb. Tariximizin qədim dövrlərdən indiyədək səhifələrini vərəqlədikcə qarşımıza öz canını vətəni üçün fəda etməkdən çəkinməyən neçə qadın qəhrəmanlar çıxır.Bu gün onlardan biri olan Mehrican xatun haqqında sizlərə məlumat vermək istəyirəm.



 

Azərbaycan Atabəylər dövlətinin qadın qəhrəmanı-Mehrican Xatun

 


 


 

Kimdir o??
Mehrican Xatun İraq Səlcuq sultanı III Toğrulun (1177-1191) qızı Eldənizlər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbəyin(1210-1225) həyat yoldaşı olmuşdur. Atabəy Özbəyin dövlət işlərində ən yaxın köməkçisi və məsləhətcisi olan Mehrican xatun öz dövrünün gözəl biliyinə və idarəçilik bacarığına malik olmuşdur. O, dövlətin idarə olunması və siyasətlə bağlı məsələlərdə fəal mövqeyə malik idi.

 

 


 

İşğalçı ilə üz-üzə
XIII əsrin əvvəlləri Eldənizlər dövləti üçün heç də uğurlu olmadı. Gürcülər, monqollar və xarəzmşahların yürüşlərinə müqavimət göstərmək artıq içəridən zəifləmiş dövlət üçün asan deyildi. Xarəzmşah Cəlaləddin Azərbaycan sərhədlərinə çatdığı bir vaxtda  gürcülər Marağa üzərinə hücum çəkmiş , atabəy Özbək isə öz zəifliyi ucbatından dövləti qoruyub müdafıə edə bilmirdi. Özbək dövlət işlərindən tamamilə uzaqlaşdığına görə Azərbaycan Atabəyləri dövlətinin əsl sahibi onun arvadı - Məlikə Mehrican xatun idi. Cəlaləddin sərhədlərimizi keçərkən Özbək Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçmışdı. Mehrican xatun özünün nüfuzu hesabına Xoy, Salmas və Urmiyanı öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican xatun məhz 1225 ildə Təbriz hakimi Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdir.Təbriz yaxınlığında "qılınclar sınan və nizələr cingildəyən döyüşlər” gedirdi. Nəhayət Cəlaləddin mübarizənin mənasız olduğunu anladı. Mehrican xatunu Təbriz,Xoy hakimi kimi tanıdı. Ərindən fərqli olaraq Mehrican xatun Təbrizi tərk etmədi, xalqını başsız qoymadı. Onun mərdliyi və iti ağlı, möhkəm xasiyyəti Xarəzmşah Cəlaləddini geri addım atmağa məcbur etdi.
Vəzirin fitnəkarlığı
Lakin Cəlaləddinin vəziri Şərəf Əl-Mülk Xoy və Salmas ərazilərinə özü yiyələnmək istəyirdi . Bu səbəbdən fitnəkarlıqla məşğul idi. Məlikə guya "atabəy tərəfdarlarına hakimiyyət vəd edərək onları Sultana qarşı qızışdırır" deyə yalan məktublar yazırdı . Vəzir Mehrican xatuna  nifrət edir və müxtəlif yollarla ona böhtanlar atmağa çalışır, onun var-dövlətini, mülklərini və xəzinəsini ələ keçirməyə can atırdı. Vəzirin böhtanlarından yaxa qurtarmaq üçün Məlikə Xoyu tərk edərək Tala qalasında gizləndi (Tala qalası Urmiya gölünün şimal hissəsində Marqut dağının burnunda yerləşmişdir).Şərəf əl-Mülk bundan istifadə edərək tezliklə Xoya gələrək Mehrican Xatunun bütün var-dövlətini ələ keçirdi.
Vəzirin məğlubiyyəti
Mehrican Xatun iki dəfə vəzirin nifrətini yumşaltmağa cəhd göstərdi, lakin vəzir onun tamamilə tabe olmasını tələb edirdi. Belə olduqda Mehrican xatun kömək üçün Xilatdakı canişin hacib Hüsaməddin Əliyə müraciət etdi. Hüsaməddin Əlinin qoşunu  1227-ci ildə Mehrican xatunun qüvvələri ilə birləşərək Xoy və  qonşu qalaları, Mərənd və Naxçıvan  şəhərlərini tutdu.Şərəf əl-Mülk məğlub edildi. Tarixçi İbn əl-Əsirin yazdığına görə  Hüsaməddin Əlinin və Mehrican Xatunun qüvvələri hətda  Sultan Cəlaləddinin xəzinəsini ələ keçirib, vəzir Şərəf əl-Mülkün də yaxınlarını əsir alaraq Xilata qayıtdı. Gördüyünüz kimi özünəməxsus ağıl və bacarıqla Mehrican xatun öz xalqını yadelli işğalçıya qarşı mübarizəyə qaldıraraq düşmənə müqavimət göstərmiş və Azərbaycan torpaqlarının müstəqilliyini qorumağa cəhd göstərmişdir.


  

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 24 sentyabr 2015 22:18
    Əllərinizə sağlıq müəllimə....Azərbaycanın qəhrəman qadınlarını işıqlandırmaqla gənclərimizə örnəksiniz....Təşəkkürlər...

  2. 24 sentyabr 2015 22:23
    siz çox sağ olun ki, yazılarımızı bölüşməyə şərait yaratmısınız.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.