Vəli Yusif Oğlu Axundov

Vəli Yusif Oğlu Axundov

Xalq arasında böyük nüfuz qazanan sovet Azərbaycanının səkkizinci Baş naziri - Vəli Yusif Oğlu Axundov + DOSYE

Təqdim etdiyimiz şəxs Sovet Azərbaycanının – 1958-ci ilin iyulundan 1959-cu ilin iyuluna kimi - Baş naziri olan Vəli Yusif Oğlu Axundovdur.
Azərbaycanın görkəmli ictimai, siyasi və dövlət xadimlərindən, ziyalılarından söz düşdükdə Vəli Axundovun adı xüsusi hörmətlə çəkilir. Vəli Yusif oğlu Axundov 1916-cı il mayın 14-də Bakı quberniyasının Saray kəndində fəhlə ailəsində anadan olmub. İlk təhsilini Saray kənd məktəbində alan Vəli 1929-cu ildə həmin məktəbi bitirib Biləcəri stansiyasındakı fabrik-zavod məktəbinə daxil olur. O, 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna qəbul olur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnir. O, təhsilini davam etdirmək və ali təhsil almaq məqsədi ilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxuyur, 1937-ci ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olur. V.Axundov institutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, “Tibbi kadrlar uğrunda” qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışır. 1941-ci ildə ATİ-ni müvəffəqiyyətlə bitirən V.Axundov orduya çağırılır.
V.Axundov 1941-1945-ci illər Böyük Vətən müharibəsində 20-ci atıcı diviziyanın tərkibində bir həkim kimi adi həkim-əsgərdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinədək yüksəlir, Rusiya, Belorusiya, Almaniya, Çexoslovakiya ərazisində gedən döyüşlərdə iştirak edir.
Vəli Yusif Oğlu Axundov
1946-cı ildə ordudan tərxis olunan V.Axundov ATİ-na qayıdıaraq tibb tarixi kafedrasının assistenti qəbul edilir və Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun elmi işçisi, direktoru olur. Lakin o, tezliklə Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilir.
V.Axundov 1946-1949-cu illərdə bu vəzifədə çalışmış, ilk gündən həmkarlar ittifaqı aparatının və onun rayon komitələrinin bacarıqlı, enerjili kadrlarla möhkəmləndirilməsi, tibb işçiləri arasında mədəni-kütləvi tədbirlərin yaxşılaşdırılması, respublika əhalisinin tibbi və sanitariya-profilaktik müalicəsinin yaxşılaşdırılması sahəsində fəal iştirak etmişdir.
V.Axundov 1949-1952-ci illərdə Azərbaycan SSR səhiyyə nazirinin müavini, 1952-1953-cü illərdə isə Bakı Vilayəti səhiyyə şöbəsinin müdiri olur. O, bu vəzifələrdə Bakı vilayətində səhiyyə işinin yaxşılaşdırılmasında özünü işi bilən, bacarıqlı bir rəhbər-təşkilatçı olduğnu göstərir.
1953-1954-cü illərdə V.Axundov Azərbaycan KP MK-da inzibati, ticarət-maliyyə və plan orqanları şöbəsi müdirinin müavini vəzifəsində işləyir.
V.Axundov 1954-1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini aparmışdır. O, Azərbaycanda səhiyyə işinin yaxşılaşdırılması, zəhmətkeşlərin səhhətinin qorunması, yeni-yeni tibb müəssisələrinin açılması, bacarıqlı tibb işçiləri ilə təmin edilməsi, xəstəxana və poliklinikaların müasir tibb avadanlıqları ilə təmin olunmaları üçün xeyli səy göstərir.
O, 1958-ci il fevralında Azərbaycan KP MK katiblərindən biri seçilir, bir qədərdən sonra - 1958-ci ilin iyulunda isə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsinə təyin edilir. O, bu məsul dövlət vəzifəsində 1959-cu ilin iyuluna qədər çalışır. V.Axundov bu vəzifələrdə özünü bacarıqlı, tələbkar, hazırlıqlı, istedadlı, işgüzar bir rəhbər işçi olduğunu göstərmiş və Azərbaycanın hərtərəfli inkişafı sahəsində xeyli əmək sərf etmişdir.
Getdikcə bir rəhbər işçi kimi inkişaf edən V.Y.Axundov işgüzarlığı, təvazökarlığı, özünə və tabeliyində olanlara yüksək tələbkarlığı və prinsipiallığı, kamil dünyagörüşlülüyü ona xalq arasında böyük nüfuz qazandırır.
Məhz bu keyfiyyətlərinə görə o, respublikada 1959-1969-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışır. V.Axundov birinci katib kimi Azərbaycanda sənayenin, kənd təsərrüfatının, elmin və mədəniyyətin bütün sahələrinin hərtərəfli inkişafına çalışmış və onun ittifaqda qabaqcıllar sırasında olması, qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahəsində xeyli iş görmüşdür. Onun dövründə Azərbaycan müharibədən sonra ən çox neft - 21,5 mln. ton istehsal etmiş, kənd təsərrüfatı məhsulları istehsalı çoxalmışdır. Bu, onun Azərbaycan KP qurultaylarında etdiyi hesabat məruzələrindən aydın görünür. 1966-cı il fevralın 24-26-da Bakıda Azərbaycan Kommunist Partiyasının XXVII qurultayı olmuşdur. Qurultayda hesabat məruzə ilə çıxış edən V.Axundov demişdir: “Respublikanın iqtisadiyyatının inkişafı uğrunda mubarizə aparmaq… həmişə başlıca vəzifələrdən biri olmuşdur və biridir. İqtisadiyyat xalqın maddi və mənəvi qüvvələrinin tərəqqisinin əsasıdır…
Azərbaycan sənayesi irəliyə doğru böyük addım atmışdır. 7 il ərzində… 61 iri müəssisə tikilib işə salınmışdır. Bunların içərisində Əli Bayramlı Dövlət rayon elektrik stansiyası, Bakı Şin zavodu, Superfosfat zavodu, Komvol kombinatı, Mingəçevir pambıq-parça fabriki, Azərbaycan elektrik avadanlığı zavodu, məişətdə işlədilən elektrik soyuducuları zavodu və başqa müəssisələr vardır.
… Respublikanın yeni sənaye mərkəzləri olan Sumqayıt, Kirovabad, Mingəçevir və Əli Bayramlıda tikinti işləri geniş miqyas almışdır…
Son illər ərzində bol neft verə bilən bir sıra yeni yataqlar: Sənqəçal-dəniz, Düvannı-dəniz, Kürsəngi, Cənubi Bankə yataqları və s. kəşf edilib…
Vəli Yusif Oğlu Axundov
İkinci Zaqafqaziya musiqi baharı, bədii kollektivlərin, ayrı-ayrı incəsənət xadimlərinin xarici ölkələrdəki qastrolları, Azərbaycan rəssamlarının Moskvada, Pribaltika respublikalarında, bir sıra ərəb ölkələrində təşkil edilmiş sərgiləri, Azərbaycan mədəniyyətinin qardaş respublikalarda və sosialist ölkələrində keçirilən həftələri və ongünlükləri, Moskva, Leninqrad teatrlarında və… başqa şəhərlərin teatrlarında Azərbaycan müəlliflərinin pyeslərinin, baletlərinin və operettalarının tamaşaya qoyulması, Azərbaycan bəstəkarlarının simfonik əsərlərinin xarici ölkələrdə ifa edilməsi – bunların hamısı Azərbaycan… mədəniyyətinin öz inkişafında nə kimi böyük nailiyyətlərə çatdığını parlaq surətdə göstərir”.
V.Axundov hansı vəzifədə - istər həkim, nazir və ya katib vəzifələrində işləməsindən asılı olmayaraq, elmi işdən, biliyinin artırılmasından əl çəkməmiş, onun zənginləşməsinə çalışmışdır. Məhz buna görə də V.Axundov 1956-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş və SSRİ Ali Attestasiya Komissiyası ona tibb elmləri namizədi, 1964-cü ildə isə tibb elmləri doktoru elmi dərəcəsi vermişdir. 1969-cu il iyulun 14-də Azərbaycan KP MK plenumu çağırılmışdır. Plenumda əsasən təşkilat məsələsinə baxılmışdır. Plenumun qərarında yazılır: “1. Səhhətinin vəziyyətini və Azərbaycan SSR Elmlər Akademiyasının vitse prezidenti seçilməsi ilə əlaqədar Azərbaycan KP MK birinci katibi və MK bürosunun üzvü vəzifəsindən azad edilməsi haqqında V.Y.Axundovun xahişi yerinə yetirilsin”. 1969-cu il iyulun 14-də birinci katib vəzifəsindən azad edilmişdir. H.Əliyevin sədrliyi ilə keçirilən Azərbaycan KP MK bürosunun iclasında V.Y.Axundovun birinci katib olarkən istifadə etdiyi tibbi və məişət xidmətləri özündə saxlanılmışdır. V.Axundov 1969-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.
1969-1972-ci illərdə V.Axundov Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş və akademiyanın səhiyyə sahəsinə rəhbərlik etmişdir.
V.Axundov 1972-1986-cı illərdə Q.M.Musabəyov adına Virusrologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun direktoru olmuşdur. Onun bilavasitə rəhbərliyi altında institutda insan sağlamlığı ilə xarici mühit amillərinin münasibəti qanunauyğunluqlarının öyrənilməsi, ictimai gigiyena, tibbi kibernetika, qida məhsullarında nestisidlərin sirkulyasiyası, Bakının neft rayonlarının sanitariya-epidemiologiyası və digər sahələrdə elmi işlər aparmış, müəyyən elmi nəticələr əldə edilmiş, virusologiya, mikrobiologiya və gigiyena elmləri sahələrində bir sıra namizədlik, doktorluq dissertasiyası yazılmış və mütəxəssislər hazırlanmışdır.
V.Axundov ictimai və siyasi fəaliyyət göstərdiyi dövrdə dəfələrlə AKP, Sov. İKP MK, Azərbaycan AKP MK bürosunun üzvü, Azərbaycan, SSRİ Ali sovetlərinin, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin üzvü olmuşdur. O, plenumların, konfransların, qurultayların, sessiyaların iclasında, müşavirələrdə iştirak etmişdir.
V.Axundov Lenin ordeni, II dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və müxtəlif medallarla təltif olunmuşdur.
V.Axundov 1986-cı il avqustun 22-də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.
Vəli Yusif Oğlu Axundov

Yazı tarix elmləri doktoru, professor Musa Qasımlının və Cavid Hüseynovun həmmüəllifi olduqları “Azərbaycanın baş nazirləri” kitabından götürülüb.


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.