MİSİR EHRAMLARI

MİSİR EHRAMLARI

 

MİSİR EHRAMLARI

Dünyanın yeddi möcüzəsindən müasir dövrümüzə qədər gəlib çıxmış yeganə möcüzə Misir ehramlarıdır. 
Qədim Misirdə ölkəni idarə edən fironları dəfn etmək üçün ehramlar tikirdilər. Bu ehramlar pilləvari piramida şəklində olurdu. Hər bir ehram yalnız bir fironun dəfn olunması üçün nəzərdə tutulurdu. 
Deyilənə görə, fironun ruhunun ilahların yanına pillələrlə qalxa bilməsi üçün piramidanı pilləli etmişlər. 
Ehramlara Misirin müxtəlif yerlərində rast gəlmək olar. Lakin ən böyük və məşhur ehramlar müasir Misirin paytaxtı Qahirə yaxınlığındakı Cizədə yerləşir. Bu ehramların çox maraqlı və müəmmalı yaranma tarixi vardır. Misirin ən məşhur və ən böyük ehramı Xeops ehramıdır. Məhz bu ehram dünyanın yeddi möcüzəsindən biri sayılır. 
Xeops ehramı təxminən e.ə. XXVI əsrdə firon Xeopsun şərəfinə tikilmişdir. Onun inşasına 20 il vaxt sərf olunduğu güman edilir. Tarix elminin atası sayılan Herodot yazırdı ki, Xeops ehramının tikintisində 100 000 qul çalışmışdır. Piramidanın hündürlüyü 140 metr, özüldə hər tərəfinin uzunluğu 230 metrdir. Üçbucaq formalı tərəflərinin ümumi sahəsi isə 85500 kvadrat metrdir. Bu ehram qədim dünyanın ən böyük tikilisi sayılır.

MİSİR EHRAMLARI

 


Ehram daş bloklardan tikilmişdir. Hər blokun çəkisi orta hesabla 2,5 ton, ən ağırı isə 15 tondur. Hesablamalara görə, Xeops ehramının ümumi çəkisi 6,25 mln tona bərabərdir. 
Bu ağırlıqda daşları necə yonmuş, necə daşımışlar? Yükqaldıran kranlar olmadan onları ehramın yuxarı hissələrinə necə qaldırmışlar? Alimlər bu suallara indiyə qədər birmənalı cavab tapa bilməmişlər. Bəzilərinin fikrincə, qədim Misirdə elm və texnika, xüsusilə həndəsə, astronomiya və fizika yüksək inkişaf mərhələsinə çatmışdı.
Bununla yanaşı, qədim Misir fironlarının və kahinlərinin yad planetdən gəlməsi ilə bağlı müəmmalı fikirlər də mövcuddur. 
Əvvəllər elə hesab olunurdu ki, ehramların tikintisində yalnız qul əməyindən istifadə olunmuşdur. Lakin sonradan arxeoloqlar Cizə yaxınlığında qədimdə mövcud olmuş kiçik bir qəsəbə aşkar etdilər. Məlum oldu ki, bu, muzdlu inşaatçılar və sənətkarlar qəsəbəsidir. Görünür, qədim Misirdə, doğrudan da, inşaatçılıq sənəti yüksək səviyyədə imiş. 
Ehramın içində çoxlu miqdarda labirintşəkilli dəhlizlər, salonlar var. Buraya ehramın şimal tərəfində, 15 metr yüksəklikdə yerləşən girişdən daxil olmaq mümkündür. Vəfat edən fironu qiymətli əşyaları ilə birlikdə salonlardan birində saxlayırdılar. Onun bədəni mumiyalanırdı.Mumiya meyitin xeyli müddət çürümədən qalmasına imkan verirdi. Bir çoxları fironun qızıl əşyalarını oğurlamaq üçün cənazənin saxlanıldığı otağı tapmağa cəhd edirdi. Lakin bu heç də asan deyildi. Otağın yerini dəqiq bilməyən hər kəs ehrama daxil olarkən labirintə düşür, həftələrlə, aylarla buradan çıxa bilməyib acından ölürdü. 
Misir ehramları və orada saxlanılan mumiyalarla bağlı müəmmalar zaman-zaman bütün dünya ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. 
1984-cü ildə firon Xefrenin tabutu çoxsaylı turistlərin müşahidəsi altında ehramdan çıxarılırdı. Bu zaman qəribə bir hadisə baş verdi. Tədqiqatçılar və turistlər öskürəkdən boğulur, ayaq üstə dayana bilmirdilər. Hesab olunur ki, məşhur şir-insan heykəli olan Sfinks də məhz bu fironun əmri ilə tikilmişdir. Sonradan özünə gələn turistlər birağızdan deyirdilər ki, mumiyanın saxlandığı otağa keçdikdə nəfəs yolları qıcıqlanmış, gözləri yaşarmış, qəfil zəifləmişlər. Ehrama giriş elə həmin gün bağlanmış, mütəxəssislər içəridə araşdırmalara başlamışdılar. Lakin tədqiqatlar heç bir nəticə verməmişdir.

MİSİR EHRAMLARI

 


Daha bir qəribə hadisə Mikerin ehramı ilə bağlı baş vermişdi. Fironun cənazəsi ehramdan çıxarılıb İngiltərəyə yollansa da, onun oraya gedib çatması mümkün olmamışdı. Cənazəni aparan gəmi dənizdə batmışdı. Deyilənə görə, Mikerin ehramının lənəti elə güclü idi ki, onun için də uzun müddət qalan insanlar tezliklə müəmmalı şəkildə vəfat edirdilər. 
Ən müəmmalı hadisələr isə 1922-ci ildə Tutanxamonun ehramı aşkar olunduqdan sonra baş vermişdir. Bu tapıntı arxeologiya elmi tarixində ən böyük hadisələrdən biri hesab olunurdu. Lakin ekspedisiya qrupunun rəhbəri Hovard Karter və ona maddi dəstək verən lord Karnarvon tədqiqat prosesində həkimlərin təyin edə bilmədiyi naməlum bir xəstəlikdən öldülər.
Növbəti bir neçə il ərzində Tutanxamon ehramını tədqiq edən daha iyirmi iki nəfər səbəbi bilinməyən xəstəlikdən öldü. 
Sonralar Tutanxamon ehramının təqdiqatı zamanı divarda heroqliflərlə həkk olunmuş bir yazı aşkar olundu: 
"Fironun rahatlığını pozan hər kəsi tezliklə ölüm gözləyir!” 
Bütün bunlar göstərir ki, müasir elmin inkişaf səviyyəsi nə qədər yüksək olsa da, hələ ki qədim dünyanın bütün sirlərini açmağa imkan vermir. Bu müəmmalar hələ də öz tədqiqatçılarını gözləyir.
Svetlana Quliyeva




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 4 aprel 2015 19:36
    Təşəkkür edirem. Maraqlı məlumat idi

  2. 7 aprel 2015 13:51
    Təşəkkürlər maraqlı idi winked

    --------------------

  3. 7 aprel 2015 17:31
    heee maraqli id tesekurler

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.