Maraqlı tarixi məlumatlar

Maraqlı tarixi məlumatlar

 

 

Vaterloo döyüşü zamanı ingilislər kvadratşəkilli müdafiə üsulundan istifadə etməklə Napoleonun hücumlarını dəf etmişdi. Bu üsula görə, ortada bir zabit dayanır, ön sırada dayananlar süngü, onların arxasındakılar isə tüfənglə döyüşürdü. Zabitin ətrafında kvadrat şəklində düzülmüş əsgərlərin üzü döyüş meydanına tərəf idi. Zabit kvadratın tam ortasında dayanaraq, eynilə tank komandiri kimi, əsgərlərinə döyüş əmrləri verirdi.



Maraqlı tarixi məlumatlar

 

 

1933-cü ilin yanvar ayında kommunistlərin ümumi tətillər təşkil edərək, bütün iqtisadiyyatı çökdürəcəyi və yaxud ölkədə vətəndaş savaşına səbəb olacağından ehtiyat edən Almaniya prezidenti Paul Hindenburq Nasist Partiyasının rəhbəri Adolf Hitleri baş nazir təyin etmişdi. O düşünürdü ki, Hitlerin Katolik Mərkəz Partiyası ilə birgə hökumət kabineti yaratması nəticəsində vəziyyət sabitləşəcək. Hindenburqun kommunistlərdən ehtiyatlanması gələcək hədəflərini reallaşdırmaqda Hitler üçün ortaq nöqtə və çox vacib məqam idi. Cəmiyyətdə kifayət qədər nüfuzu olan kommunistləri gözdən salmaq Hitlerin ilk işi idi. Növbəti seçki haqda qərarın verilməsindən sonra hər bir partiyanın seçki hazırlıqlarına başladığı bir vaxtda, 27 fevral gecəsi Reyxstaqda (Almaniya Qanunverici orqanının inzibati qərargahı) güclü yanğın olur. Yanğının nasistlər tərəfindən planlaşdırıldığı hamıya bəlli olsa da, bunu rəsmən sübut etmək mümkün olmamışdı. Sorğulamalar nəticəsində Marin van der Lubbe adlı psixoloji çatışmazlığı olan kommunist cinayəti öz boynuna alır. Lubbe təzyiqlərə davam gətirməyərək, çıxış yolunu etiraf etməkdə görmüş və digər partiya həmkarları ilə birgə sorğulanmışdır. Ertəsi gün Hitler prezident Hindenburqa Konstitusiyanın insan hüquq və azadlıqlarına aid məaddələrini ləğv etdirən qərar imzalatdırır. Sonrakı günlərdə isə Nasist və digər millətçi partiyalar istisna olmaqla, bütün partiyaların seçki hazırlıqlarına əngəl törədilmiş, Kommunist Partiyasının Reyxstaqdakı 181 millət vəkili və aparıcı partiya rəhbərləri həbs edilmişdi.[/b]



 

Maraqlı tarixi məlumatlar

 

 

 

Qalba, Oto, Vitelli və Vespasian bir ilin içində ard-arda imperator olduqlarına görə 69-cu il Roma tarixinə "4 imperator ili" kimi daxil olub.



Maraqlı tarixi məlumatlar

 

 

Almanlar II Dünya savaşında ikinci cəbhənin açılmasını istisna etmirdi. Buna görə də, Alman Ali Komandanlığı Norveçdən İspaniyayadək bütün Atlantika sahillərini, Cənubi Fransa və Balkan da daxil olmaqla, Şimali Afrikanı da gözlənən hücum üçün mühafizəyə almışdı. Bu zaman almanların əfsanəvi generalı Rommel də əsas hücumun Kale limanına ediləcəyinə inanıb, ən güclü müdafiəni burada qurmuş və ən çox əsgəri də bura cəmləmişdi. Bundan əlavə, La Havr ilə Dünkerk arasında 300 kilometrlik sahilə 11 diviziya yerləşdirilmiş, ikinci dərəcəli sayılan Normandiyada isə cəmi 4 diviziya yerləşdirilmişdi. Bu səhv almanlara baha başa gəlmişdi, çünki müttəfiq qoşunlar əsas zərbəni Normandiyadan vuracaqdı.

 
 
Maraqlı tarixi məlumatlar

 

Otrar fəlakətindən  sonra Çingiz xanın Xarəzm hökmdarından o işin baiskarı olan valini təslim etmək tələbi o zaman milyon kvadrat kilometrlik əraziyə hakim olan xarəzmşah Əlaəddində, Viskonsin universitetinin professoru Stiv Datçın ifadəsi ilə deyilsə, "Haiti prezidentinin ABŞ prezidentindən Floridanı istəməsinə bənzər" bir təəssürat oyatdı. Bu səbəbdən də, Əlaəddin Məhəmməd şah 2-ci seçimi edərək "xeyr" cavabını verdi, bu azmış kimi Çingiz xanın göndərdiyi heyəti də ağır təhqir etdi. Əlbəttə ki, Çingiz kimi hökmdar bunu həzm edə bilməzdi. Xanın əmri ilə 90 minlik moğol (monqol) ordusu şimaldan, 30 minlik ordu isə şərqdən Xarəzmə daxil oldu. Xarəzmşah Məhəmmədin qoşunu 400 min olsa da, düşmən üzərinə yağış damcıları kimi şığıyan və iti hücumlarla dəstəklənmiş qəfil basqın taktikasını tətbiq edən moğol ordusu qarşısında dayana bilməyib parçalandı. Şah biabırcasına vətənindən qaçıb salamat qaldı, ancaq Çingiz xan düşünürdü ki, o ölmədikcə Mərkəzi Asiyanı tam ələ keçirə bilməyəcək. Ona görə də 20 minlik ordunu ayıraraq, onun dalınca yolladı. Qalan ordu hissələri isə Mərkəzi Asiya şəhərlərinə divan tutmağa başladı...

Maraqlı tarixi məlumatlar

 

24 fevral 1525-ci ildə İtaliya savaşları (1521-1526) gedişində İspaniya və Müqəddəs Roma imperiyasının (Habsburqlar) birləşmiş qüvvələri ilə İtaliyada ağalıq etməyə çalışan Fransa ordusu arasında Paviya vuruşması baş vermişdir. Müttəfiq qoşunlara Karl de Lannoy və Antonio de Leyva, fransızlara isə Fransa kralı I Fransisk başçılıq edirdi. Fransa 23.500 əsgər və 53 topa, ispanlar isə 23.000 əsgər və 27 topa malik idi. Hər iki tərəfdə eyni xalqın nümayəndələri olan muzdlu əsgərlər də vurşurdu. Döyüş 4 saat davam etməsinə baxmayaraq, çox dəyişik və maraqlı məcrada davam etmişdi. İspanlar San Genesio kəndi tərəfdən lağım atmış, lakin ala-toran qaranlıqda fransızlarla qarşılaşmışlar. İspanlar bu hücumdan yararlanmadıqda fransızlar qaladan kənara çıxaraq böyük hücuma keçir. I Fransisk əsgərlərini hücuma atarkən, topları geri çəkməyi əmr edir. İspanlarla döyüşə gəlmiş muzdlu Landsket əsgərləri öldürülür. Meşə kənarındakı döyüşlərdə isə ispan piyadaları fransızlarla döyüşürdü. Alman lanskhetlərin başçısı ispan piyadalarının kömək çağırışı ilə hücuma keçərək fransızları geri oturdur. Artıq hücum növbəsi müttəfiqlərdə idi. I Fransisk son müdafiəyə hazırlaşır, ancaq səhər saat 8-də süvariləri müttəfiqlər tərəfindən məhv edildikdən sonra məğlub olacağını anlayır. Bu müddətdə komandir Frundsberq pulla tutduğu italiyalı əsgərlər döyüşdən qaçdığına görə hamısını öldürtdürür. Fransızlar hücuma tab gətirmir və məğlub olur. Bu döyüşlə fransızlar İtaliyadan geri çəkilir. Paviya döyüşündə ilk dəfə muşket silahların əhəmiyyəti öz sözünü demişdi. Muşketlərin döyüşdəki həlledici mövqeyi gələcəkdə piyada qoşunlarının yenilənməsinə və muşketyorlardan ibarət silahlı dəstənin yaradılmasına zəmin olmuşdu. Bu səbəbdən Paviya döyüşü savaş sənətinin orta əsrlərinə aid son və yeni dövrünə aid ilk döyüş sayılmaqdadır. 
I Fransisk əlində silah döyüşə davam etsə də, italiyalı bir əsgər tərəfindən əsir alınmış və İspaniya kralı V Karlın sarayında zindana salınmışdı. Fransa kralı I Fransisk İspaniyada əsir olarkən anası Osmanlı sultanı Süleyman Qanunidən onu azad etməsini xahiş edir. Sultan Süleyman xahişi qəbul edərək, fransızlarla yaxınlaşır və planladığı əməliyyatları həyata keçirir. 1526-cı ildə Moxaç döyüşündə böyük bir xristian ordusunun Osmanlılar tərəfindən məhv edilməsi Habsburqları qorxuya salır və Süleymanın təsiri ilə I Fransisk əsirlikdən xilas olur.


 

1820-ci ildə Meksika hökuməti əhali sıxlığı az olan Texas əyalətinə yerləşmək istəyən amerikalı köçərilərə qapı açmışdı. Lakin şimaldan gələn bu köçkünlər Meksikaya qarşı çıxışlar edərək, 1836-cı ildə öz müstəqilliklərini elan etmişdilər. Buna cavab olaraq, meksikalılar 189 nəfər köçkünün sığındığı Alamo qalasını mühasirəyə salıb, hər kəsi öldürdü. Qalanı müdafiə edən, amma əslində, torpaqların əsl sahibinə üsyan qaldırmaqdan başqa bir şey etməyən amerikan, ingilis və irlandiyalı köçkünlərin aqibəti "Alamo qalası dastanı" adı ilə ABŞ tarixində yer almışdı. Öldürülmüş soydaşlarının qisasını almaq istəyənlər böyük bir ordu ilə meksikalılara qarşı çıxmışdı. 23 fevral 1836-cı ildə başlayan Alamo döyüşü 10 günə yaxın davam edir. Texaslıların qisas istəkləri nə qədər güclü olsa da, Meksika prezidenti Antoni Lopez de Santanın şəxsən komandanlıq etdiyi ordu 400-600 nəfər arası itki verməklə döyüşü qələbə ilə başa çatdırmışdı.

Maraqlı tarixi məlumatlar

 

XVI əsrdə ispanların Florida yarımadasında bir neçə koloniyası vardı. Onlardan biri 1565-ci ildə əsası qoyulmuş San Auqustin şəhəridir ki, dəfələrlə hücuma məruz qalıb, yandırılsa da, hal-hazırda fasiləsiz olaraq, məskunlaşmış Amerika şəhərlərinin qədimlərdindən sayılır. İspaniya mirası uğrunda mübarizə vaxtı Cənubi Karolinada yaşayan ingilislər 1702 və 1704-cü illərdə Floridaya iki irimiqyaslı yürüş edərək, ispan koloniyalarını dağıtmışdı. Onlardan sonra yerli yamasi hinduları gəlmiş, yarımadanın oturaq əhalisini işçi qüvvəsinə çevirmişlər. XVIII əsrin ortalarında Florida seminol adlı başqa bir hindu tayfasının hücumuna məruz qalmışdı. Yeddiillik savaş başa çatdıqdan sonra 1763-cü ildə Florida yarımadası Böyük Britaniyanın idarəçiliyinə verilərkən, orada 3000 ispan yaşayırdı. Təbəəsi olduqları İspaniyanın əvvəlki cəh-cəlalının qalmadığını görən ispanlar yerli hindular və ingilislərin təkrarlanan hücumlarından qaçaraq, yarımadanı tərk etdilər. Florida 1783-cü ildə İspaniyaya qaytarılsa da, ispanlar orada məskunlaşmaq istəmir. Avropada gedən proseslərdə mövqeyi əvvəlki qədər güclü olmayan, yarımadada heç bir dayağının olmadığını görən və gələcək savaşlarda oranı əvəzsiz itirməkdən ehtiyatlanan İspaniya hökuməti 22 fevral 1819-cu ildə ABŞ-la Adams - Onis müqaviləsini imzalayaraq, Floridanı 5 milyon dollara satdı. Həmin dövrdə İspaniyanın kralı VII Ferdinand, ABŞ-ın prezidenti Con Adams idi. Həmin tarixdən etibarən Florida ABŞ-ın hakimiyyəti altındadır.

Maraqlı tarixi məlumatlar

 

 
İspaniyanın müsəlmanlar tərəfindən fəth edilməsini asanlaşdıran ilk amil daxili idarəçiliyin sərt qaydaları idi. İspaniyanı idarə edən vestqotlar xalqı ağır vergilərlə istismar edirdilər. Əhali içərisində ən böyük sıxıntını yəhudilər çəkirdi. Vestqotlar xristianlığı qəbul etdikdən sonra 616-cı ildə qanun çıxararaq yəhudiləri də xristian olmağa məcbur etdi. Qəbul etməyənlər işgəncəyə məruz qalmış, malları müsadirə edilmişdi. Vestqot kralı Eqika 694-cü ildə yəhudilərin üsyana hazırlaşdığını xəbər aldıqda bütün yəhudilərin kölələşdirilməsini və xristianların yanında işlədilmələrini əmr etmişdi. Bu səbəblərə görə İspaniyada vestqot hakimiyyətinə qarşı böyük müxalifət kütləsi formalaşdı. Vestqot krallığının zəifləməsi və zülm edilən ispan-romalı əhalinin durumu boğazın o biri tayında yaşayan ərəblərin buranı fəth etməsinə uyğun şərtlər yaratmışdı. Mərakeşi fəth etmiş Musa bin Nusayr, köməkçiləri Tariq ibn Ziyad və Kont Yuilan bu mücadilənin qalibləri olacaqdı.
 
 
Maraqlı tarixi məlumatlar

 

17 fevral 1600-cü ildə böyük italyan filosofu, astronom və riyaziyyatçı Cordano Bruno kilsə tərəfindən dinsizlikdə günahlandırılaraq, Romanın Kampo dei Fiori meydanında ("Güllər bağçası") qalanmış tonqalda diri-diri yandırılmışdır. Yandırılmaqdan əlavə, Brunonun əsərləri qadağan olunmuş kitablar siyahısına da salınmışdır. 1871-ci ildə İtaliyanın birləşdirilməsindən sonra azadlıq düşüncəsinin ideya bələdçisi kimi dəyərləndirilən həmin əsərlər yenidən çevrilərək, nəşr olunmuşdur. 1887-ci ildə isə Ettori Ferrarinin rəhbərliyi ilə Brunonun yandırıldığı yerdəcə böyük heykəli qoyulmuşdur. Bu abidə yalnız Brunoya deyil, həm də tarix boyu kilsə tərəfindən öldürülmüş bütün ziyalıların xatirəsinə simvolik hörmət əlaməti daşıyır. 1624-cü ildə daha bir alim, teoloq Mark Antoni de Dominis də həmin meydanda yandırılmışdı.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 1 mart 2013 21:53
    Feysbuk sehifesinde Tarix bilgileri adli qrupun hazirladiqi materiallar esasinda verilmishdir Fursetden istifade ederek qrup uzvlerine teshekkur edirik !

  2. 2 mart 2013 20:16
    Sagol admin tesekkurler

  3. 3 mart 2013 12:12
    cox sagolun maraqli idi

  4. 3 yanvar 2015 21:56
    çox dəyərli məlumatlardır

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.