AFİNA VƏ ARAXNA

AFİNA VƏ ARAXNA

 

AFİNA VƏ ARAXNA

Yunanıstanın paytaxtı Afina yunan ilahələrindən biri olan Afinanın şərəfinə adlandırılmışdır. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyirdi. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olundu. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstərməli idilər. 
Əvvəlcə Poseydon gəldi və akropola – şəhərin ən yüksək yeri nə öz üç dişli nizəsini sancdı. Həmin yerdən dəniz suyu fışqırdı. Sonra Afina gəlib nizəsini yerə vurdu və həmin yerdən o dəqiqə bir zeytun ağacı çıxdı. Hakimlər məsləhətləşib Afinanı qalib elan etdilər. O vaxtdan bu şəhər Afina adlanır.


Yunanıstanın qonşuluğunda yerləşən Lidiyada Araxna adlı bir qız yaşayırdı. O, toxuculuqda ustalığı ilə ad çıxarmışdı. Lidiyadan və Yunanıstandan qızlar, hətta ilahələr gəlib onun əl işlərinə heyranlıqla tamaşa edirdilər. Araxna duman kimi yüngül, hava kimi şəffaf saplardan gözəl parçalar toxuyur və öyünürdü ki, toxuculuqda onun tayı-bərabəri yoxdur. Bir dəfə Araxna dedi: 
– Qoy Afina özü mənimlə yarışa gəlsin. Mən ona qalib gələrəm. Afina həm də sənət və peşə ilahəsi sayılırdı. O, Araxnanın çağırışını eşitdi. Ağsaçlı, əli çəlikli qarı qiyafəsində onun qarşısına çıxdı: 
– Araxna, gəl sən mənim məsləhətimə qulaq as, öz sənətində ancaq insanlarla bəhsə gir, ilahəni yarışa çağırma. 
Araxna toxuduğu zərif parçanı əlindən yerə qoydu. Onun gözləri qəzəblə parladı. Qız acıqla qarıya cavab verdi: 
– Sən nə danışırsan, qarı?! Qocalıq ağlını əlindən alıb. Belə nəsihətləri, get, öz gəlinlərinə və qızlarına ver. Mən isə nə etdiyimi bilirəm. 
– Qocalıq təkcə gücsüzlük demək deyil, Araxna. Qocalıq həm də böyük təcrübə, müdriklik deməkdir. Təvazökar ol, itaət göstər, ilahəyə yalvar ki, təkəbbürlü sözlərinə görə günahından keçsin. O, səhvini anlayıb üzr istəyənləri bağışlayır.
– Yox, qarı, mən dediyimdən dönmərəm. Görürsən, Afina qorxusundan gəlmir. Deməli, mənimlə yarışa girməkdən çəkinir. 
Afina gördü ki, sözləri lovğa qıza təsir etmir. O öz görkəmini aldı və qəzəblə dilləndi: 
– Mən buradayam, Araxna. 
Araxnanın işlərinə tamaşa edən qızlar, qadınlar gözəl Afinanın qarşısında təzim etdilər, onu alqışladılar. Təkcə Araxna halını pozmadı. Hər səhər günəş üfüqdə görünəndə göyün üzü necə al rəngə boyanırsa, Afinanın da üzü qəzəbdən o rəngə düşdü. 
İnsanla ilahə arasında yarış başlandı. Afina ağ parça üzərində möhtəşəm Afina akropolunu və şəhərə hökmranlıq üstündə özünün Poseydonla yarışını təsvir edən səhnələrdən ibarət parça toxudu. Parçanın künclərində isə itaətkarlıqdan boyun qaçıran insanların ilahlar tərəfindən cəzalandırılması təsvir olunmuşdu. Sənət və müdriklik ilahəsi Afina bütün bunları zeytun yarpaqlarından hörülmüş çələnglə çərçivəyə aldı. 
Araxna isə öz parçasında ilahların adi insan ehtiraslarına uyduğunu əks etdirən həyat səhnələri təsvir etdi. Parçanın kənarlarını sarmaşıq və çiçək dəstələri ilə haşiyələdi. Araxnanın əl işi çox mükəmməl alınmışdı, gözəlliyinə görə Afinanın işindən geri qalmırdı, amma onun toxuduğu səhnələrdə ilahlara ehtiram yox idi, əksinə, istehza hiss olunurdu. Bu, Afinanı dəhşətli dərəcədə qəzəbləndirdi. O, Araxnanın parçasını əlindən alıb cırdı və üzünə çırpdı. 
Araxna bu biabırçılığa tab gətirmədi, iplərdən kəndir toxuyub özünü asdı. Afinanın qıza rəhmi gəldi, onu ölümdən qurtardı və dedi: 
– Yaşa, itaət göstərmək istəməyən təkəbbürlü qız! Amma sən ömrün boyu ipdən asılı qalacaqsan və ömrün boyu toxuyacaqsan. Bu cəzanı sənin bütün nəslin də çəkəcək. 
Afina sehrli bitkinin şirəsini Araxnanın üstünə çilədi. Həmin anda Araxna kiçildi, saçları töküldü və o, hörümçəyə çevrildi. O vaxtdan hörümçək – Araxna ipdən asılı qalıb və dinclik bilmədən toxuyur.
 
Arif Əliyev





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 6 aprel 2015 21:36
    tesekkurler,Alisoy..........

  2. 15 aprel 2015 22:14
    Çox gözəl yazılmış, maraqlı və ibratəmiz yunan əfsanəsidir. Hörmətli Arif müəllimə çəkdiyi zəhmət üçün böyük təşəkkürlər!!!

  3. 30 aprel 2017 11:40
    Bu bizim dərslik kitabında da var idi. what Çox maraqlıdır. Sağolun. request

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.