Qələbə əzmi, yoxsa "Qədər nizəsi"?

Qələbə əzmi, yoxsa "Qədər nizəsi"?

Qələbə əzmi, yoxsa "Qədər nizəsi"?
Müharibə... Nədir bu?...Ölüm! Qarət! Dağıntı! Fəlakət! Nə doğurur müharibəni?.. Qana susamış kinli kralların tərsliyi, yoxsa şöhrətə can atan lovğa siyasətçilərin sərvət və hakimiyyət hərisliyi?... Deyirlər, müharibə- siyasətdir, daha doğrusu, siyasətin zorakı üsul və vasitələrlə davam etdirilməsidir. Məncə müharibə sözün bitdiyi məkan, haqqın tapdalandığı zamandır. Adətən siyasətçilər müharibələri iştirakçı tərəflərin güddükləri məqsədə görə, "ədalətli” və ya "ədalətsiz” olmaqla iki qrupa bölürlər. Onlar Vətənin və insanların azadlığı, cəmiyyətin tərəqqisi uğrunda aparılan müharibələri "ədalətli”, qarətçilik və işğalçılıq məqsədi güdən müharibələri isə ədalətsiz hesab edirlər. Bəyəm onlar bilmirlərmi ki, bütün müharibələr ölüm, qarət, dağıntı və fəlakətlərlə müşaiyət olunur?! Yəqin ki, bilirlər. Bəs, onda nə üçün onları "ədalətli” və ya "ədalətsiz” adlandırıb fərqləndirməyə çalışırlar?...
Hələ e.ə.VII əsrdə Midiya hökmdarı Kiaksar isbat etmişdi ki, ordunun mütəhərrikliyi döyüşdə qələbəni təmin edir. Ondan sonra gələn fatehlər; Makedoniyalı Filipp xəyanətdən, oğlu Aleksandr (İsgəndər) ordunun fərqli düzülüş qaydasından istifadə etməklə böyük qələbələr əldə etmişdilər. Sonralar Karfagenli Hannibal ağıllı taktikanın, Napoleon hərbi texnikadan səmərəli istifadə etmək bacarığının, Suvorov ciddi intizam və təlimlərin, Mustafa Kamal Atatürk isə əqidə və inamın qələbənin rəhni olduğunu sübut etmiş, dünya hərb sənətini zənginləşdirmişdilər. Bunların hansının daha vacib olduğunu müəyyən etməyi sizin öhdənizə buraxır və aşağıdakı kiçik yazını mühakimənizə təqdim edirəm.
1097-ci ilin payızı idi. Suriyadakı zəngin Antioxiya şəhəri səlibçi orduları tərəfindən mühasirəyə alınmışdı. Lakin şəhərə sahiblik üstündə sərkərdələr arasında gedən mübahisə onun ələ keçirilməsini ləngidirdi. Nəhayət, ağır döyüşlərdən sonra səlibçi dəstələri qala müdafiəçilərinin müqavimətini qırıb şəhərə daxil ola bildilər. Əhalinin çoxu qılıncdan keçirildi, əmlakları isə talan olundu. Lakin çox keçmədən Antioxiya yaxınlaşan türk orduları tərəfindən mühasirəyə alındı. Səlibçilərin viran etdiyi şəhərdə ərzaq və su çatışmırdı. Vəziyyət getdikcə pisləşirdi. Mühasirədəkilərin çoxu sağ qalacağına artıq ümidini itirmişdi. Bu çətin günlərdə Pyer adlı yoxsul bir kəndli səlibçi sərkərdəsi Tuluzlu Raymundun yanına gələrək, möcüzəli yuxular gördüyünü və bu yuxularda apostol Andreyin dəfələrlə ona Müqəddəs Pyotr kilsəsində çox qiymətli və müqəddəs bir əşyanın basdırıldığı yeri göstərdiyini deyir. Pyerin iddiasına görə bu əşya çarmıxa çəkilmiş İsanın bədəninə romalı əsgərin sancdığı nizənin ucluğu olmalı idi. O deyirdi ki, həmin nizəyə yiyələnənlər talelərinə hakim olub heç vaxt məğlubiyyət acısını dadmayacaqlar. Pyerin təkidi ilə kilsəyə gəlib onun göstərdiyi yeri qazmağa başlayan səlibçilər, az sonra doğrudan da döşəmənin altından nizə ucluğuna bənzəyən paslı bir dəmir parçası tapırlar. Bu tapıntı səlibçiləri ruhlandırır. Onlar cəsarətlə döyüşə atılaraq mühasirəni yarıb xilas olurlar. Döyüşdən sonra Raymundun rəqibi Tarentli Boyemund Pyerin tapdığı əşyanın müqəddəsliyinə şübhə edərək; - "Qoy xəsis qraf və onu əhatə edən axmaqlar özlərini deyil, paslı dəmir parçasını qalib saysınlar. Biz inadla savaşmış və özümüz qalib gəlmişik. Bundan sonra da Müqəddəs İsa naminə döyüşəcək və qalib gələcəyik!” deyir.
P.S. Hal-hazırda həmin nizələrin üç (?) məlum nüsxəsindən biri Ermənistan Respublikasında, Üçkilsə (yeni adı Vaqarşapat) monastrında saxlanılır və onun saxta olduğu açıq-aydın bilinir. Sizcə bu artefakt ermənilərin nəyinə lazımdır?
Qələbə əzmi, yoxsa "Qədər nizəsi"?
Qələbə əzmi, yoxsa "Qədər nizəsi"?



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.