100 yaşlı Türk məzarlığı

100 yaşlı Türk məzarlığı

Sözlərimə Məhəmməd Əmin Rəsulzadənin bir ifadəsi ilə başlamaq istəyirəm: “Azərbaycanın hər tərəfində şairin təsvir etdiyi sarmaşıklı bir məzar taparsınız ki , qızlar, gəlinlər tərəfindən ziyarət halına gətirilən bu məzar, qardaş harayına çatan türk məzarıdır”.

1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı şərq orduları qrupuna daxil olan Hərbi birliklər, Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılıb və tamamilə müsəlmanlardan ibarət idi. Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında 12-14 min Osmanlı əsgərindən ibarət olaraq yola çıxdı. Bu orduya Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min olmuşdur. Bolşevik-daşnak qüvvələrinin hücumlarının genişlənməsinə yol verməmək üçün 5-ci Qafqaz Diviziyasının 13-cü piyada alayı Kürdəmir ətrafına yönəldilər. Qafqaz hərəkatı başlanandan sonra Nuru Paşa ordunu quzey və güney qruplarına böldü. Güney qrupu öz istiqamətini Göyçay, Yevlax, Ucar, Kürdəmir, Hacıqabul və Ələt istiqamətində davam etmişdir. 22-31 iyul 1918-ci il tarixləri arasında bu ərazilərdə yaşanan müharibə və döyüşlərdə Kürdəmir bölgəsindən Bakı istiqamətinə doğru icra edilən hərəkat əsasında Sabirabad rayon Qəzli kəndi ətrafında Şəhid olan 3 türk əsgərinin cəsədlərindən ikisi yerli sakinlərin yardımı ilə Qəzli kəndinin içərisindən keçən Kür çayının sol sahilində dəfn edildi. Digər yaralı əsgəri kəndə gətirdilər. Lakin Rus-Erməni Bolşevik qüvvələri bundan xəbər tuturlar. Kəndə girərək yaralı türk əsgərini silah gücünə sakinlərin əlindən alaraq özləri ilə aparırlar. Türk əsgərin silahı çox qızdığından yararsız idi. Bolşevik Rus-Erməni qüvvələri yaralı əsgəri amansızcasına qətlə yetirdilər. Cəsədi yerli sakinlərə vermək istəmirdilər. Türk olan yerli əhali ağsaqqalları ilə və kənd sakinləri topladıqları qızılla türk əsgərinin cəsədini onlardan geri alaraq kəndin mərkəzində dəfn edirlər.

O gündən başlayaraq bu məzarlıqlar yerli sakinlər tərəfindən mühafizə olunub qorunur. Qızlar, gəlinlər məzarlığa gedərək nəzir niyazlar qoyardılar. Digər məlumatlara görə bu məzarlıq üstünə o dövrlərdə qızdırmalı uşaqları aparandan sonra qızdırmaları yoxa çıxarmış. Kəndin mərkəzində olan türk məzarı inanclara görə sarılıq xəstəliyinin də çarəsi imiş. Qəbrin üzərində qurbanlar kəsilir, nəzirlər qoyulurdu.

Kürün sahilindəki iki məzar Kür daşqınları nəticəsində su altında qaldı. Kəndin mərkəzindəki məzar isə günümüzə qədər qorunub saxlanmaqdadır. Ötən ilin fevralında bu məzarlıq Türk səfirliyi tərəfindən bərpa olunaraq 27 iyul tarixində xalqa təhvil verildi.

Türk yurdu olaraq biz hər zaman şəhidlərə sahib çıxdıq. Digər iki şəhidin simvolik məzar daşları mərkəzdəki şəhidin yanına qoyuldu.

Bu məzarlığın bugünkü halına gəlməsində, şair publisist-araşdırmaçı Ağazal Əkbərin xidmətləri böyükdür. O, kəndin bir neçə yaşlı nümayəndələrindən məlumatlar toplamış və bu haqda Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət etmişdir. Bunun sayəsində Türkiyə səfirliyinin nümayəndələri Qəzli kəndinə gəlmiş, buradakı türk məzarlığı haqqında məlumatları təsdiqləmişlər. 25 fevral 2017-ci il tarixindən şəhid məzarlığı olaraq inşaası başa çatdırılmışdır. Bugünkü gənclər olaraq bu qəbirləri göz bəbəyimiz kimi qoruyub gələcək nəsillərə ötürürük və müqəddəs ziyarətgah kimi bugün də ziyarət olunmaqdadır.
Yazı “Carçı” Araşdırma Mərkəzinin “Türk şəhidlərinin məzarlarını ziyarət edək” aksiyasına dəstək üçün yazılıb

Ramid Məmməd Aknçı
Biz hər zaman şəhidlərə Türk yurdu olaraq sahib çıxdıq!


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.