Şeyx Səfi məbədi

Şeyx Səfi məbədi

Yaxın Şərqin məşhur dini liderlərindən biri kimi tanınmış Şeyx Səfi 1252-ci ildə Ərdəbildə anadan olmuşdur. Onun tərəfdarları günü-gündən çoxalır, ölkədə böyük siyasi qüvvəyə çevrilirdilər.
1334-cü ildə dünyasını dəyişən Şeyx Səfi doğma Ərdəbil şəhərində dəfn olundu. Onun məzarının üzərində türbə tikildi, ətrafında məscidlər, karvansaralar, mədrəsələr salındı. Burada böyük bir mədəni mərkəz yarandı. Səfəvi şeyxlərindən bir çoxu burada dəfn olundu.
Şeyx Səfi nəslindən olan Şah İsmayıl 14 yaşında hakimiyyət başına gələrək Səfəvilər dövlətini yaratdı və Səfəvilər sülaləsinin əsasını qoydu. Yalnız hökmdar, sərkərdə kimi deyil, həm də böyük şair kimi tanınmış Şah İsmayıl Şeyx Səfinin yaratdığı kitabxananı daha da zənginləşdirdi. O, babasının türbəsinə bitişik möhtəşəm bina tikdirərək kitabxananı oraya köçürdü. Şah İsmayıl xaricdən gəlmiş səyyahları və dövlət xadimlərini bu kitabxanada qəbul edirdi.
Səfəvilər sülaləsinin hakimiyyəti 250 ildən çox davam etdi. Bu illər ərzində Şeyx Səfi məqbərəsi daim Səfəvi hökmdarlarının diqqət mərkəzində olmuşdu. Burada tikinti və bərpa işləri fasiləsiz olaraq davam edirdi. Şah İsmayılın oğlu I Şah Təhmasibin hakimiyyəti dövründə həmin məqbərə özünün indiki şəklini aldı. Təhmasibin əmri ilə məqbərəni bəzəyəcək iki eyni naxışlı iri xalça toxundu. Bu xalçalar incəsənət tarixinə “Şeyx Səfi xalçası” adı ilə daxil oldu.
Xalçaların bir küncündə dörd sətirlik yazı da toxunmuşdu. İlk iki sətirdə bir beyt, 3-cü sətirdə xalçaların toxunmasına nəzarət edən adamın adı (Maqsud Kəşani), sonuncu sətirdə isə xalçaların toxunduğu il qeyd olunmuşdu: Hicri tarixi ilə 946-cı il.
Bu gün Şeyx Səfi kompleksi Ərdəbilin ən görməli yerlərindən biridir. XIX əsrin əvvəllərində İran ruhanilərinin rəhbərlik etdiyi Şeyx Səfi kitabxanası Şərqdə ən zəngin kitabxanalardan biri sayılırdı. Burada minlərlə nadir əlyazma kitablar saxlanılırdı. Dünyanın müxtəlif ölkələrindən alimlər Ərdəbilə gələrək həftələrlə, aylarla kitabxanada araşdırmalar aparırdılar.
Burada olmuş rus şərqşünas alimləri kitabxananı ələ keçirmək üçün öz hökmdarlarına müraciət etmişdilər. 1828-ci ildə Ərdəbili tutan rus generalı Suxtelen Şeyx Səfi kitabxanasının Rusiyaya köçürülməsi barədə tapşırıq aldı. O, kitabxanadakı din xadimlərini məqbərədə toplayaraq dedi: – Rusiya çarı öz yeni təbəələri, onların dili və mədəniyyəti ilə yaxından tanış olmaq istəyir. Buna görə də Şeyx Səfi kitabxanasında saxlanılan əlyazmalar Peterburqa aparılası, ora da rus dilinə tərcümə olunasıdır. Bundan sonra bütün kitablar geriyə – Ərdəbilə qaytarılacaq.
Bunu deyib o, Şeyx Səfinin məzarı üstünə 800 qızıl onluq qoydu.
Ruhanilər başa düşürdülər ki, kitablar Rusiyaya aparılsa, bir daha geri qaytarılmayacaq. Lakin tamah din xadimlərinə güc gəldi və onlar kitabxananın daşınmasına icazə verdilər. Beləliklə, bir çox Azərbaycan şair və alimləri tərəfindən yaradılmış, ustad xəttatlar və miniatürçülər tərəfindən kitab halına salınmış nadir incilər Rusiyaya, oradan da dünyanın bir çox muzey və kitab xanalarına səpələndi.* *
I Şah Təhmasibin əmri ilə toxunmuş hər iki Ərdəbil xalçası 1843-cü ildə hələ ki Şeyx Səfi məqbərəsində idi. Bu faktı həmin il məqbərəni ziyarət edən britaniyalı səyyahlar təsdiq etmişdilər. Həmin vaxtdan təxminən 30 il sonra Ərdəbildə baş vermiş zəlzələ nəticəsində məqbərəyə ciddi ziyan dəyir və ehtimal ki, onun bərpa olunması üçün vəsait əldə etmək məqsədi ilə hər iki xalça satışa çıxarılır. Bu zaman xalça ticarəti ilə məşğul olan Ziqler (İngiltərə) şirkəti xalçaları əldə edir.
Xalçalar zədələndiyindən onlardan birinin hər iki kənarından kəsilərək digərinə tikilir. Beləliklə, bir “tam” və bir “yarımçıq” xalça qalır.
1892-ci ildə “tam” xalça Londonda satışa çıxarılır. Viktoriya və Albert Muzeyi Şeyx Səfi xalçasını 2000 funt sterlinqə satın alır.
İkinci xalça isə bir amerikalı kolleksionerə satılır. Həmin xalça 1953-cü ildə Los-Anceles İncəsənət Muzeyinə təhvil verilir. Viktoriya və Albert Muzeyindəki Şeyx Səfi xalçası nadir eksponat kimi şüşə örtük altında saxlanılır. Xalçanın rəngləri xarab olmasın deyə şüşənin altındakı işığı yalnız hər saatın 10 dəqiqəsi müddətinə yandırırlar.
Rafiq İsmayılov
Şeyx Səfi məbədi



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.